Bakı Avro-2020-nin oyunlarına ev sahibliyi hüququ qazandı

 

Bakı, Münhen, RomaSankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı da qəbul edəcəklər

Azərbaycan daha bir möhtəşəm yarışı təşkil etmək hüququna yiyələnib. Ölkəmizin paytaxtı Bakı final mərhələsi 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək.

Bu qərarı UEFA-nın İcraiyyə Komitəsi dünən keçirilən yığıncağında verib. İsveçrənin Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində keçirilən iclasda AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib. AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirin nəticələrinə əsasən turnir Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.

Bunlardan 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları baş tutacaq.

Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma “Uemblistadionunda keçiriləcək. Avro-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olunmayacaq. AFFA prezidenti Rövnəq, Abdullayevin qərardan sonrakl açıqlamasını təqdim edirik: "2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı şəhərinin Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz Prezident İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bir daha ölkəmizin futbolsevərlərini və möhtərəm Prezidenti bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".

 

Anar Miriyev

 

Palitra. - 2014.-  20 sentyabr.- S. 2.