“ Bahçeşehir Universitetinin
dünyanın 17 ölkəsində fəaliyyət göstərən
korpusları var”
Rüfət Hüseynov: “Bahçeşehir Universitetini
seçməyimdə akademik heyətin
“ağır”lığı qərarıma təsir edən
amillərdən ən əsası oldu”
Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rüfət Hüseynovdur. Rüfət aktiv gənc olmaqla yanaşı oxuduğu ixtisas üzrə peşəkar kadr kimi də formalaşıb. O, hazırda fəaliyyətini Qafqaz Universitetinin Biznesin idarə edilməsi kafedrasında müəllim olaraq davam etdirir. Bu savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
- Hüseynov Rüfət Xaliq oğlu, 1988-ci il 18 dekabrda Bakı şəhərində dünyaya gəlmişəm. 1995-2006-cı illərdə 67 saylı orta məktəbi bitirmişəm və elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi və təşkili fakültəsinə daxil olmuşam. Təhsilimi uğurlu davam etdirərək 2011-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən Bahçeşehir Universitetində təhsil almağı yüksək təqaüdlə qazanmışam. Buna qədər orta məktəb illərində bir çox olimpiadalarda iştirak edib, müxtəlif yerlər tutmuşam. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş, Azərbaycan orta məktəblərində bir ilk olan “Əvəzsiz illər” qəzetinin baş redaktoru olmuşam. Məktəb illəri xatirələrindən də söz açsaq, məktəbimizdə keçirilən Məktəb Hökumət İdarəetmə Sistemində məktəbimizin baş naziri olmuşam.
-Türkiyədə xeyli sayda gəncimiz ali təhsil alır. Sizdə bu ölkəyə olan maraq İstanbulda ali təhsilinizi davam etdirməyə sövq etdi?
-Türkiyədə təhsil almaq əsas məqsədlərimdən biri idi. Ümumiyyətlə, bu ölkənin bizə nə qədər yaxın olması və Türkiyə təhsil sisteminin hansı səviyyədə olması barədə söz açmaq istəməzdim. Çünki bunları hər kəs gözəl bilir. Hələ 11-ci sinifdə Türkiyədə ali təhsil almaq kimi bir şansım yaranmışdı. TQDK-nın Türkiyə universitetinə qəbul üçün keçirdiyi imtahanda Ankara Universitetini qazanmışdım. Lakin ailəm icazə vermədiyi üçün bu şansı dəyərləndirə bilmədim. Türkiyədə magistr ali təhsilini qazandıqda isə ailəm və dostlarım gələcək karyerama müsbət yöndə təsir göstərəcəyinə inanaraq oxumağıma dəstək oldular. Buna görə ən çox valideynlərimə təşəkkür edirəm.
-Oxuduğunuz
ali məktəb barədə söz açardınız. Buradakı təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi?
-Bahçeşehir
Universiteti Türkiyənin
özəl universitetləri
içərisində ilk 4-lükdə yer alan
universitetdir. Akademik heyəti çox
zəngindir və bu universiteti seçməyimdə akademik
heyətin “ağır”lığı
qərarıma təsir
edən amillərdən
ən əsası oldu. Avropa və Amerikanın
nüfuzlu universitetlərindən
PHD – fəlsəfə doktorluğu
qazanmış təcrübəli
müəllimlərdən dərs
almaq, bilik, bacarıq və akademik təcrübə baxımından çox önəmlidir. Bahçeşehir Universitetinin dünyanın
17 ölkəsində fəaliyyət
göstərən korpusları
var. Bu da tələbələrin
daha asanlıqla GNO yüksək tutaraq digər ölkələrdə
olan korpuslarında təhsil almalarına imkan yaradır.
-Hazırkı karyera və təhsil fəaliyyətiniz
nə yerdədir?
-Hazırda akademik olaraq karyeramı Qafqaz Universitetinin Biznesin idarə edilməsi kafedrasında müəllim
olaraq davam etdirirəm. Hazırda doktorantura üzrə
Qafqaz Universitetində
oxuyuram.
-Ümumilikdə
ölkədə gənclərimiz,
tələbələr üçün
yaradılan şərait
sizi qane edirmi?
-Mən sizə ali
təhsil barədə
fikrimi bildirə bilərəm. Ölkəmiz gəncdir, alimlərimizin
sayı kifayət qədər deyil. Bunun səbəbi isə təhsil və tədris ədəbiyyatlarımızın Azərbaycan dilində az olmasıdır.
Tələbələrimiz ədəbiyyat axtarışında
böyük çətinliklərlə
üzləşir və
xarici ədəbiyyatlara
müraciət etmək
məcburiyyətində qalırlar.
Yeni qəbul edilən “Alimlərin motivasiya proqramı” gələcəkdə
hazırkı ehtiyacların
qarşılanması üçün
planlanıb və həyata keçirilməyə
başlanıb. Artıq
bu proqramın nəticəsi kimi deyə bilərik ki, Azərbaycanın dünya universitetləri reytinqləri içərisində
700-lükdə 3 universiteti yer alıb (
651: Qafqaz Universiteti,
700+: Bakı Dövlət
Universiteti, Xəzər
Universiteti). Bu proses uğurla davam edərsə, gələcək
5 il içərisində
təhsilimizin keyfiyyəti
daha da artacaq
ki, biz gənclər olaraq buna inanırıq.
- Azərbaycanda sizin ixtisasınız üzrə hazırkı
durum
sizi qane edirmi?
-Mən biznesin idarə edilməsi üzrə təhsil almışam. Ölkəmizdə bu ixtisas üzrə boşluqlar dövlətimizin xaricdə
təhsil proqramlarından
məzun olmuş,
Erasmus proqramları çərçivəsində
Avropa və Amerikada elmi araşdırmalar aparan müəllimlərimiz vasitəsilə
aradan qaldırılır.
Buna görə gələcəyə böyük
ümidlə baxmaq olar və yerli
şirkətlərimizin işçilərinin
peşəkar ixtisas artırması üçün
bu proqram üzrə universitetlərə
müraciət edərək
təhsil almaları əyani sübutdur.
-Təhsilinizi uğurlu davam etdirdiyinizi dediniz. Bəs ictimai-diaspor işlərində
necə aktivsinizmi?
-Bəli, bir sıra tədbirlərdə
aktivlik göstərməyə
çalışıram. Tələbəlik illərimdə, demək olar ki, Azərbaycanın
İstanbuldakı Konsulluğunun
təşkil etdiyi bütün tədbirlərdə
iştirak etmişəm.
Bunlara misal olaraq ümummilli liderimiz Heydər Əliyevin 90 və 91-ci il yubileyləri,
Həmrəylik Günü,
Xocalı soyqırımı,
Novruz bayramı və s. tədbirləri göstərmək olar.
-Bəs digər azərbaycanlı
tələbələr necə,
aktiv idilərmi? Ümumiyyətlə, soydaşlarımızın
oradakı fəaliyyəti
barədə də söz açardınız...
-Tələbələrimiz
kifayət qədər
aktivdirlər. Gənclərimizin
aktivliyinin, xarici vətəndaşlarla qurduqları
ünsiyyətlərdən, təbliğatlardan da şahidi ola
bilərik. Vətənpərvərlik mövzusunda keçirilən
tədbirlərdə əksər
tələbələrimiz aktiv
iştirak edirlər.
Türkiyə elə bir ölkədir ki, burada Azərbaycanı qardaş ölkə kimi tanımayan vətəndaş, demək
olar ki, yoxdur. Bu, vətəndaşlarımız
üçün böyük
bir fürsətdir.
Ona görə ki, onların özlərini sərbəst, Azərbaycanda
yaşayırmış kimi
hiss etmələri, insanları
ilə çox asan dil tapa
bilmələri mümkündür.
Bu şəraitin banisi, sözsüz ki, ümummilli liderimiz Heydər Əliyev olub və buna görə
daim ona minnətdar olacağıq.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
- Ötən illərə nisbətən,
ilbəil ölkəmizdəki
gənclərimizin də
aktivliyi artır. Əvvəllər keçiriləcək sosial tədbirlər haqqında məlumatı çətinliklə alırdıqsa,
artıq QHT-lərin sosial şəbəkələrdən
aktiv şəkildə
istifadə edərək
keçiriləcək tədbirlər
haqqında məlumat verməsi gənclərimizin
sosiallaşması və
təhsillərini inkişaf
etdirməsi baxımından
böyük, çox
böyük rol oynayır.
-Son illərdə
ali təhsil
ocaqlarında oxuyan tələbələrimizin xarici
ölkələrdə təhsillərini
davam etdirməsi halları çoxalıb.
Bununla bağlı dövlət proqramları da həyata keçirilir.
Bunu necə dəyərləndirərdiniz?
-Bazar iqtisadiyyatı dövründə
bazar payı böyük olan, iqtisadi baxımdan güclü, maliyyə və idarəçilik baxımından düzgün
idarə olunan şirkətin uğurlu şirkət hesab edildiyini nəzərə alsaq, uğurlu gənc modelini ixtisaslaşmış beynəlxalq
təhsil, düzgün
ünsiyyət qurma bacarığı, kritik qərar vermə, punktuallıq, iqtisadi baxımdan şəxsi iqtisadi idarəetmə qabiliyyəti, xarici dil biliyi və
s. təşkil edir.
Bunu dərk edən gənclər kadr bazarında daha asanlıqla iş tapmaq üçün bu modelə uyğunlaşmağa
çalışırlar. Bunun
üçün bəzi
gənclərimiz təhsilləri
üçün çox
gərəkli olan ədəbiyyatları, beynəlxalq
kompüter proqramları
və s. çətinliklə
belə olsa əldə edib, ölkəmizdə təhsillərini
davam etdirir. Bu çox böyük
iradə tələb edir. Bəzi gənclərimiz isə xaricdə təhsil alaraq bu model üzərindən
özlərini inkişaf
etdirirlər.
Dövlətimizin bu modelə biganə qalmayaraq xaricdə təhsil almaq arzusunda olan gənclərimizə şans yaratması yüksək səviyyədə
təqdirə layiq görüləcək bir
haldır. Sevindirici məqamdır ki,
hazırda özəl
və dövlət sektorunda yüksək vəzifələrdə çalışan
gənclərimizin əksəriyyəti
bu proqramın məzunlarıdırlar.
-Gələcək
planlarınız barədə
də söz açardınız.
- Düzü, öncədən
planlar haqqında danışmağı sevmirəm.
Həyat
məqsədim hədəfə
çatdıqca dostlarım
və sevdiklərimlə
uğurumu paylaşmaqdır.
Sizə təşəkkürümü bildirirəm və kollektivinizə uğurlar arzulayıb, rəhbərliyinizə
minnətdarlığımı çatdırıram ki, gənclərə belə
önəm verib fəaliyyətlərini ictimaiyyətə
çatdırırsınız.
Tural Tağıyev
Palitra. -
2014.- 23 sentyabr.- S. 6.