Gənc Tamaşaçılar
Teatrı beynəlxalq festivalda
Belarusun Brest şəhərində keçirilən XIX “Belaya Veja” beynəlxalq teatr festivalı başa çatıb. Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, quruluşçu rejissoru İsa Əsədov olan tamaşada əsas rolu Əməkdar Artist Şövqi Hüseynov canlandırıb.
Özünün şanslarını əldən vermiş, indi isə bütün varlığı ilə ona çatmaq üçün çarpışan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən danışan, dinamika və mürəkkəb fiziki elementlər əsasında qurulmuş tamaşa, istedadlı aktyor Şövqi Hüseynovun peşəkar ifasında daha böyük marağına səbəb olub.
Festivalda dünyanın 13 ölkəsindən 24 teatr kollektivinin 10 dildə təqdim etdiyi 28 tamaşa nümayiş olunub. Azərbaycanla yanaşı festivalda Belarus, Rusiya, Ukrayna, Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya, Qazaxıstan, Gürcüstan və dünyanın digər ölkələrinin mono, kukla, meydan, pantomima teatrları iştirak edib.
Brestdə 1996-cı ildən keçirilən bu beynəlxalq teatr festivalının məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan milli teatrlarının sənətini nümayiş etdirməkdir.
Festival haqqında yazan Brestin nüfuzlu qəzetlərindən olan “Brestskaya qazeta”da seçilən və daha çox tamaşaçı marağına səbəb olan səhnə əsərlərinin siyahısında Şövqi Hüseynovun ifa etdiyi “Sözsüz” tamaşasına da xüsusi yer verilib.
Tural
Palitra. -
2014.- 23 sentyabr.- S.13.