“Dövlət tərəfindən uşaq və gənclərə həmişə qayğı göstərilib”

 

Mayis Əliyev: “Uşaqları onların sevdiyi vasitələrlə inkişaf etdirmək lazımdır”

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində “Sosial hüquqların araşdırılması” İctimai Birliyi tərəfindən də mütəmadi olaraq layihələr həyata keçirilir. Birliyin sədri Mayis Əliyevin bu işlərlə bağlı qəzetimizə verdiyi müsahibəsini təqdim edirik. Xatırladaq ki, bu təşkilat 11 may 2012-ci ildə yaradılıb, 29 iyul 2012-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

- Uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə dövlət tərəfindən nə dərəcədə diqqət göstərilir?

- Dövlət tərəfindən uşaq və gənclərə həmişə qayğı göstərilib və hazırda bu məsələ dövlətin prioritet istiqamətlərinə çevrilib. Bunun bariz nümunəsi kimi “Gənclər siyasəti haqqında” qanunun, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsini göstərmək olar. Həmin normativ aktlar uşaqların və gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, onların sosial təminatlarının gücləndirilməsi və məişət problemlərinin həll edilməsinə, bütövlükdə onların inkişafına yönəlmiş infrastrukturların yaradılmasına istiqamətlənib.

-Bəs, vətəndaş cəmiyyəti bu sahəyə necə diqqət ayırır?

- Göstərilən sahəyə vətəndaş cəmiyyəti institutlarının, əsasən də QHT-lərin diqqəti son dövrlər daha çox artıb. Artıq QHT-lər dövlət orqanları tərəfindən sosial sifarişlər əsasında irimiqyaslı sosial layihələr həyata keçirirlər ki, rəhbərlik etdiyim təşkilat da, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansına üzv olaraq bir neçə ildir ki, bu sahədə fəaliyyət göstərir.

-Uşaq və yeniyetmələrin intellektual inkişafına necə dəstək olursunuz?

- “Sosial hüquqların araşdırılması” İctimai Birliyini təşkilat olaraq öncə uşaqların, gənc və yeniyetmələrin intellektual inkişafı xüsusi ilə maraqlandırır. Biz bunu öz xüsusi metodlarımız ilə həyata keçiririk. Belə ki, Tovuz rayonunda Günərzi Qayğı Mərkəzi ilə bağlı layihəni həyata keçirməklə orada olan uşaqların müxtəlif məntiqli oyunlar vasitəsi ilə zehni inkişafını sürətləndiririk. Uşaqların əqli inkişafını sürətləndirmək üçün məhz oyun vasitəsinin seçilməsi təsadüfi deyil. Çünki uşaqları onların sevdiyi vasitələr ilə inkişaf etdirmək lazımdır. Eyni zamanda biz məşğələ zamanı valideynləri də məcbur edirik ki, məşğələdə bizim mütəxəssisləri izləsinlər. Çünki uşaq ilə təkcə məşğələ zamanı deyil, eyni zamanda evdə də məşğul olmaq lazımdır.

- Günərzi Qayğı Mərkəzində uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı üçün nələr edilir?

- Tovuz rayonu üzrə Günərzi Qayğı Mərkəzinə cəlb olunmuş uşaqların funksional bacarıqlarının tamya qismən bərpa olunması üçün metodoloji tədbirlər komanda şəklində təşkil edilib. Günərzi Qayğı Mərkəzində məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan ibarət iki qrup yaradılıb. Uşaqların qavrayış, emosionalfiziki inkişafı, sosial uyğunlaşması üçün müvafiq məşğələlər təşkil edilib, gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək üçün interaktiv dərslər keçirilir. Mərkəzə cəlb edilmiş uşaqlar maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilir, asudə vaxtları səmərəli təşkil edilirev tapşırıqlarının hazırlanmasına köməklik göstərilir. Hədəf qrupuna daxil olan uşaqlarda ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, çatışmazlıqların korreksiyası üzrə məşğələlər keçirilir.

- Bu gün uşaqların əsas hansı psixoloji dəstəyə ehtiyacı var?

- Məlumdur ki, ailədə yaranan mənfi situasiya uşaqlarda dərin iz buraxır. Məhz belə izləri aradan qaldırmaq üçün uşaqların psixoloji dəstəyə ehtiyacı olur. Ancaq belə məqamlarda təkcə uşaq ilə deyil, valideynlərə də psixoloji dəstək lazımdır. Çünki uşaq ilə birbaşa hər gün valideyn ünsiyyətdə olur. Biz təşkilat olaraq uşağın rifahı üçün bütün ailəni nəzərdən keçirir, diqqət mərkəzində saxlayırıq.

- Uşaq və gənclərin sosial olaraq hansı ehtiyacları ödənilməlidir?

- Uşaq və gənclərin əsas ehtiyacı azadlıqdır. Bu, o azadlıq ki, onları valideynləri dinləsin və hörmət etsin. Çünki milli mentaliteti nəzərə alsaq bizdə uşaqları, xüsusi ilə qız uşaqlarını bir sıra azadlıqlardan məhdudlaşdırırıq. Müəyyən çərçivə daxilində uşaq, gənc və yeniyetmələrə azadlıq vermək, onların problemini dinləmək və hörmət eləmək lazımdır. Eyni zamanda onların sosial ehtiyaclarının ödənilməsi başlıca məsələlərdən biri olaraq qalmaqdadır.

-Siz bu istiqamətdə hansı layihələr həyata keçirirsiz?

- “Sosial hüquqların araşdırılması” İctimai Birliyi bu istiqamətdə “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi” və “Tovuz rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Günərzi Mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihələr həyata keçirir. Bundan əlavə təşkilatımızın nəzdində “Hüquq klinikası” fəaliyyət göstərir ki, istənilən şəxs ora müraciət edib hüquqi maariflənə bilər.

-“Hüquq klinikası”nda gənclərin hüquqi olaraq maariflənməsi işi aparılırmı?

- “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Aztəminatlı əhalinin sosial hüquqlarının müdafiəsi ilə bağlı hüquqi məsləhət xidmətinin təşkili” adlı layihəsini həyata keçirib. Əsas məqsəd aztəminatlı əhalinin sosial hüquqlarla bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarət olan layihə çərçivəsində sosial məsələlər üzrə hüquq klinikasınada aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi həyata keçirilir. 4 ay müddətində layihə çərçivəsində həm də gənc hüquqşünas kadrlar üçün “Aztəminatlı əhalinin pozulmuş sosial hüquqlarının məhkəmə qaydasında müdafiəsinin prosessual formaları” mövzusunda silsilə təlimlər təşkil edilib. Təlimlərdə slaydlar vasitəsilə iddia ərizəsinin tərtibi ilə bağlı qanunvericiliyin tələbələrini, müxtəlif iddia ərizələrinin formalarını və məhkəməyə müraciətetmə qaydaları izah edilib.

-Bu istiqamətdə regionlarda da hər hansı işlər görürsüzmü?

- SHAİB Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi “Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi” layihəsini həyata keçirib.

Layihənin məqsədi regionlarda yaşayan əhalinin həssas təbəqələrinin (əlillər, işsiz gənclər, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr, cəzaçəkmə yerlərindən azad olunaraq sosial adaptasiyaya ehtiyacı olan şəxslər, təhsildən kənarda qalmış qadınlar, ahıllar, sosial müdafiəyə ehtiyacı olan şəxslər və s.) sosial hüquq və həmin hüquqların həyata keçirilməsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri barədə maarifləndirilməsi, hüquqi biliklərinin artırılması nəticəsində onların hüquq mədəniyyəti səviyyəsinin yüksəldilməsi, regionlarda sosial hüquqların reallaşdırılması ilə bağlı mövcud problemlərin öyrənilərək ümumiləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilməsindən ibarətdir.

Layihə çərçivəsində sosial qanunvericiliyi özündə əhatə edən normativ-hüquqi aktlar CD formasında hazırlanaraq regionlarda əhalinin həssas qruplarına və QHT-yə paylanılıb. Sosial hüquqların monitorinqi məqsədi ilə regionlarda əhalinin həssas təbəqələri arasında sosioloji sorğu keçirilib. İctimai müzakirələrin və sosioloji sorğunun nəticələrinin təhlili və ümumiləşdirilməsi əsasında “Regionlarda yaşayan insanların sosial hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələr” hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilib. 4 ay müddətində 3 rayonda - Qazax rayonun Yuxarı Salahlı və Daş Salahlı, Tovuz rayonun Əhmədabad və Şamlıq və Gədəbəy rayonunun Slavyanka və Nəriman kəndlərində həyata keçirilib.

-Təhsillə bağlı hər hansı tədbirləriniz olubmu?

- Biz “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sistemi ilə bağlı xarici təcrübənin öyrənilməsi və inkişafı” adlı layihənin tərəfdaşı olmuşuq. Əsas məqsəd Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində inklüziv təhsilin inkişafı üzrə fəaliyyətin təşkil edilməsindən, inklüziv təhsil üzrə mütəxəssis hazırlığının genişləndirilməsindən və inklüziv təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsindən ibarət olan layihənin icra planına uyğun olaraq Azərbaycan Müəllimlər İnstitutunun Salyan, Cəlilabad, Şəki və Zaqatala filiallarında “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil xidmətləri və inklüziv təhsilin metodları” mövzusunda təlimlər keçirilib. Təlimlərdə həm həmin filialların tələbələri, həm də sağlamlıq imkanları məhdud uşaqların valideynləri iştirak ediblər.

-Uşaqların fiziki və mənəvi inkişafının yüksəltmək üçün hansı işlərin görülməsinə ehtiyac var?

- Bu məsələdə mən diqqəti xüsusi olaraq əlilliyi olan uşaqlara yönəltmək istəyirəm. Əlilliyi olan uşaqlar üçün xüsusi məkan, yer ayrılmalıdır. Bu ona görədir ki, onlar da digər uşaqlar kimi rahat hərəkət edə bilsinlər. Cəmiyyətdə olan maneələr onlara psixoloji təsir göstərir. Heç olmasa bizim gözəl parklarımızı inşa edərkən, məhz bu tip uşaqları da nəzərə almaq lazımdır. Belə ki, pandusların ölçülərini düzgün seçməli, əlil arabalarının hərəkətini məhdudlaşdıran maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə vətəndaşlarına eyni qaydada şamil olunur və hamı qanun qarşısında bərabərdir.

 

Fuad Hüseynzadə

 

Palitra. - 2014.-  24 sentyabr.- S. 11.