Bu gün peşəsindən asılı olmayaraq hamı “yazır”

 

Müzahim İsmayılzadə:“Bu gün gənc yazarların yaradıcılığında ədəbi hadisə yaradacaq əsərlə tanış olmamışam”

 

Müsahibimiz yazıçı-publisist Müzahim İsmayılzadədir. Müzahim İsmayılzadə 1958-ci il dekabr ayının 5-i Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Orta təhsilini tamamladıqdan sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra İsmayıllı rayonunda 3 saylı orta məktəbdə və Tarix diyarşünaslıq muzeyində çalışıb. 1984-1989-cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində, sonralar isə “Ədəbiyyat qəzeti”, “Həyat”, “Xalq qəzeti”, “Respublika” qəzetlərində məsul vəzifələrində çalışıb. Yazıçı-publisist Müzahim İsmayılzadə redaksiyamızın qonağı olub. Müzahim müəllimlə olan səmimi və xoş söhbətimizi siz oxuculara təqdim edirik.

- Müzahim müəllim, bu gün yaradıcılığınızda hansı mövzulara müraciət edirsiniz?

- Qeyd edim ki, mən ədəbiyyata şeirlə gəlmişəm. Orta məktəbin V sinfində oxuduğum zaman uşaqlar üçün bir hekayə yazdım. Hekayəni, çap olunması üçün “Azərbaycan pioneri” adlı qəzetə göndərdim. Çox böyük həyəcanla onun cavabını gözlədim. Bir müddət keçdikdən sonra cavab gəldi ki, sizin hekayəniz bədii cəhətdən zəif olduğu üçün çapa məsləhət görülmür. Daha sonra mənim hekayəm həmin qəzetdə başqa bir adla, başqa imza ilə çap olundu. Mən hekayəni diqqətlə oxudum. Hekayədə nə dəyişiklik, nə də əlavələr olunmamışdı. İlk anda mən tutuldum. Ancaq içimdə bir inam var idi ki, mənim hekayəm heç də məktubda yazıldığı kimi bədii cəhətdən zəif deyilmiş. Həmin bu eşqlə hiss etdim ki, mən söz adamıyam. Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olduqdan sonra hiss edirdim ki, söz işığı ilə yol gedən söz adamıyam. Sonralar şeir kitablarım çap olunmağa başladı. 90-cı illərin hadisələrinə qədər nəsrə müraciət etmirdim. Bu hadisələrdən sonra mən nəsr əsərlərinə müraciət etməyə başladım.

Bizim xalq şair ruhlu bir xalqdır. O zaman elə düşünürdük ki, şair olmaq böyüklük deməkdir. Lakin hamının şeir yazması da o qədər vacib deyil. Düzdür, tariximizə nəzər salsaq, söz də qılınc qədər kəsərlidir. Lakin hamının sözü ələ alıb ondan “qılınc” kimi istifadə etməsi faciədir. Mən onun tərəfində deyiləm ki, Azərbaycan xalqı şair xalq olsun. Bu gün peşəsindən asılı olmayaraq hamı “yazır”. Türk hər zaman əlində qılıncla at belində olub. Əsrlər boyu dünyaya meydan oxuyan dövlətlərə meydan oxuyub. Məsələn, Koroğlu bir əlində sazı ilə yanaşı, o biri əlində Misri qılıncını tutub. Misri qılınc ilə etmədiklərini sazla edib.

Son dövrdə “Qara işıq - P.S Dərdimi də götürüb gedəcəyəm uzaqlara” adlı şeir kitabımın üzərində çalışıram. Bu kitab son zamanlar yazdığım şeirlər toplusundan ibarətdir. Yenicə çapdan çıxmış “Sunami” romanım yüz minlərlə soydaşımızın öz ata-baba ocaqlarından deportasiya olmalarından bəhs edir.

- Əsərlərinizdə bədiiliyə, yaxud, realizmə daha çox üstünlük verirsiniz?

- Təbii ki, əsərdə bədiiliyin olmaması mümkün deyil. Realizmin də eləcə. Əsasən də bədii obrazlar əks olmasa, ədəbiyyat da olmaz. Ancaq bədiiliklə yanaşı, nəsr əsərlərim və şeirlərim də publisistik xarakter daşıyır. Hər hansı bir məqaləmdə, bədii əsərlərimdə, şeirlərimdə də istənilən informasiyanı almaq olar. Bu da mənim uzun illər jurnalistika ilə məşğul olmağımdan irəli gəlir.

- Publisist olaraq, bu gün Azərbaycan ədəbiyyatında bədiiliyi görürsünüzmü?

- Bir neçə il bundan əvvəl yazıçı Mir Cəlal Paşayev haqqında xatirələr kitabı hazırladıq. Kitabın redaktorluğunu öz üzərimə götürmüşdüm. Mir Cəlal müəllim “Bir gəncin manifesti” adlı gözəl bir əsər yazıb. Gəncə Pedaqoji Texnikumunu bitirdikdən sonra təyinat ilə bir müddət Gədəbəy rayonunda müəllim vəzifəsində çalışıb. Mir Cəlal Paşayevin sonrakı əsərlərində bədii tərənnümləri var. Mir Cəlal müəllim bədii obrazları, həyatı, yağışın yağmasını, qara buludun gəlməsini, küləyin onu qovmasını elə ustalıqla tərənnüm edib ki, indi belə bədii tərənnümlər yoxdur. Bundan əlavə bədiilikdə dilin şirinliyi və gözəlliyi var. Mən deyərdim ki, Azərbaycan ədəbiyyatında dilimizi qoruyan, onun şirinliyini oxucuya çatdıran Mir Cəlal PaşayevXalq yazıçısı İlyas Əfəndiyev kimi yazıçılar əvəzolunmaz örnəkdirlər. Bəlkə də tələbat başqadır. Yazıçının sözdil üslubu olmalıdır.

Mir Cəlal Gədəbəyli ziyalılarının gözü ilə” adlı kitabın çapından sonra onun haqqında sənədli filmin ssenarisi üzərində çalışıram. Yeni yazdığım şeirmüasir mövzuda olan hekayələrim də dövrü mətbuatda çap olunur.

- Gənc yazarların bu gün Azərbaycan ədəbiyyatına olan diqqətini necə görürsünüz?

- Mən gənc yazarların əsərləri ilə bütövlükdə olmasa da qismən tanışam. Düşünürəm ki, gənclik böyük bir qüvvədir. Onun qarşısını selala bilməz. Ancaq gənclik təkcə fiziki gücünə arxalanmamalıdır. Gənclik güclüdür. Orta nəsildən də, yaşlı nəsildən də. Lakin biləyin, dizin güclü olmağı bütövlükdə güclü olmaq deyil.

Bu gün gənc yazarların yaradıcılığında ədəbi hadisə yaradacaq əsərlə tanış olmamışam. Bu gün gəncliyin o dərəcədə imkanları var ki, öz potensiallarından daha artıq istifadə edə bilərlər. Bizim gənclik dövrümüzdə Azərbaycan SSRİ kimi qapalı bir dövlətin tərkibində idi. Kənardan informasiya almaq, kənara informasiya ötürmək, xarici ölkələrə, kapitalist ölkələrinə səfər etmək qəti qadağan idi.

Bu gün isə xoşbəxt bir dövlətdə yaşayırıq ki, gənclərimiz dünyanın müxtəlif ölkələrində ali dərəcəli universitetlərdə təhsil alırlar. Həmçinin, ölkəmizdə fəaliyyət göstərən dövlət universitetlərində də yüksək dərəcəli ispan, alman, italyan, fransız, ərəb dillərində təhsil prosesi aparılır. Güclü, istedadlı və savadlı mütəxəssislərimiz yetişir. Onların bu gün istifadə edə biləcək mənbələri daha çoxdur.

İndiki gənclər dünya ədəbiyyatından öncə klassik Azərbaycan ədəbiyyatını dərindən öyrənməlidirlər. Nizami, Nəsimi, Füzuli, Xətai, M. P. Vaqif, Ə. Haqverdiyev, N. B. Vəzirov, Mirzə Cəlil, Sabir, S. Vurğun... xalqımızın əvəzolunmaz mənəvi sərvətidir. Bu sərvəti dəyərləndirmək və qədrini bilmək lazımdır.

Ulu öndər Heydər Əliyevin bir sözü yadıma düşdü: “Gənclər millətin gələcəyidir”. Bu gün gənclərimiz dövlətin və dövlətçiliyin inkişafında əsas rol oynamalıdırlar. Bunun üçünsə gəncliyimiz hərtərəfli inkişaf etməlidir.

- Qəzetimizin oxucularına ürək sözləriniz...

- “Palitra” qəzeti oxuduğumçox saylı qəzetlər arasında imici olan qəzetlərdən biridir. Kollektivinizə yaradıcılıq uğurları, ən başlıcası, söz qədər ömür arzulayıram.

 

Xəyalə GÜNƏŞ

 

Palitra. - 2014.-  24 sentyabr.- S. 13.