“Xaricdə
təhsil alan hər gənc “kiçik səfir” rolunu
oynayır”
İspaniyada oxuyan tələbə
Fatma Qurbanzadə: “Universitetdə doktorantura pilləsi üzrə təhsil alan yeganə azərbaycanlı mənəm”
Müsahibimiz bir tədris proqramının, 10-dan çox elmi məqalənin müəllifi, Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının müəllimi, həmçinin Pedaqoji fakültədə tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmış və hazırda xaricdə təhsilini davam etdirən Fatma Qurbanzadədir.
- Bu ildən etibarən İspaniyada təhsil alacaqsınız. Bu ölkədəki universiteti təsadüfən seçdiniz, yoxsa başqa səbəblər var?
- İspaniyaya böyük marağım olub. İspaniya bütün dünya ölkələrindən çoxlu sayda turist qəbul edən ən gözəl dəniz kurortları ölkəsidir. İspaniyada universitetləri “Centro” adlandırırlar. Qanunlara görə, ancaq bu məktəblər ali təhsil verə bilər. Bu mənada İspaniya mühafizəkar ölkə kimi qeyd olunur. İspan universitetləri 3 kateqoriyaya bölünür: dövlət, özəl və bütün dünya üçün bir dənə nadir ali məktəb növü və ya kilsə himayəsində olan – dini (ruhani) ali məktəb. Təhsil aldığım universitet İspaniyanın şimalındakı Basklar ölkəsinin (País de Vasco/Euskadi) əhali etibariylə ən böyük şəhəridir və Biskay vilayətinin (Vizcaya/Bizkaia) mərkəzində yerləşir. Universitetin Dil və ədəbiyyat fakültəsi isə Alava vilayətinin paytaxtı olan Vitoria-Gasteiz şəhərində yerləşir. Demək olar ki, şəhər tamamilə universitet tələbələri ilə əhatə olunub. Gəzdiyiniz hər küçədə, getdiyiniz hər bir yerdə siz mütləq País de Vasco Universitetinin tələbələrinə rast gəlirsiniz. Tədqiqat sahəsində böyük uğurlar əldə etmiş universitet hər fakültəyə uyğun maddi-texniki baza və güclü struktur ilə təchiz olunub. Bu isə mənim kimi tədqiqatçı gənclərin işini bir xeyli asanlaşdırır.
-Bir qədər də ixtisasınız haqqında məlumat verərdiniz.
- Bildiyiniz kimi, Azərbaycan Dillər Universitetinin doktorantıyam. İxtisasım müqayisəli tarixi
və müqayisəli
tipoloji dilçilikdir.
Tədqiqat universitetində isə
bu ixtisas Hind-Avropa dillərinin müqayisəli tipoloji quruluşunu öyrənən
bölmə adlanır.
Amma araşdırmam təkcə
Hind-Avropa dilləri ailəsinə aid olan dilləri əhatə etmir. Dil çox mürəkkəb
və sirli hadisədir. İnsanın ən mühüm əlaməti, onu bütün digər canlılardan fərqləndirən
yeganə məziyyəti
dildir. Ölkəmiz öz müstəqilliyini
yenidən bərpa etdikdən sonra bütün sahələrdə
olduğu kimi dilçilik elmində də gözəçarpan
dərəcədə yeniliklər
baş qaldırdı.
Zəngin adət-ənənələri olan xalqımız artıq bir sıra təhsil ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi
ilə yanaşı, təhsil və tədrisin təşkilinə,
elmi-tədqiqat işlərinin
daha da yüksəlməsinə,
beynəlxalq əlaqələrin,
ideya-siyasi tərbiyə
işlərinin təşkilinə
daha çox diqqət yetirməyə başladı. Dilçilik elmi
qədim tarixə malik olsa da,
onun yeni-yeni sahələri bu gün də yaranmaqdadır. Psixodilçilik, koqnitiv dilçilik, neyrodilçilik, linqvosemiotik
istiqamətlər son illərin
dilçiyində yaranmış
sahələrdir. Tipoloji dilçilik
və universarilər dilçiliyini də bura əlavə etsək, bugünkü dilçiliyin nə qədər geniş diapozona malik olduğunu açıq görə bilərik.
Bu da mənim
üçün geniş
tədqiqat imkanı yaradır.
-Ümumiyyətlə,
dilçilik elmində
nə kimi yeniliklər var? Gələcək perspektivdə
siz nə kimi nailiyyətlərə
nail ola bilərsiniz ?
-Dilçilik o qədər çevik və müasir bir elmdir ki, onun həm dəqiq, həm də humanitar elmlərlə birgə addımlamağına heç nə mane ola bilmir. Müxtəlif zamanlarda dilçilik elmi ilə məşğul olmuş alimlər bu elmin dərinliklərinə qədər enmiş və müasir dövrə qədər gəlib çatan elmə dəyərli töhfələr veriblər. Bu gün dilçilik sahəsində müxtəlif dillərdə sonsuz sayda elmi-nəzəri ədəbiyyat mövcüddur. Digər bir tərəfdən, böyük və zəngin tarixi ənənələri olan Şərq və Qərb dilçiliyində meydana gəlmiş, konkret olaraq yunan, roman, ərəb, alman, rus, ingilis və yapon dillərində yazılmış fundamental dilçilik əsərlərini oxumaq və həzm edə bilmək o qədər də asan deyil. Bütün sahələrdə qloballaşma iri addımlarla irəlilədiyi kimi, dilçilikdə də bu, aydın hiss olunmaqdadır. İndi yaxşı dilçi olmaq da o qədər asan deyil. Əgər bir müddət öncə dilçi olmaq filoloji sahə üzrə təhsil almaq və bunu əxz etməklə məhdudlaşırdısa, indi yaxşı dilçi olmaq üçün dünyanın beş-altı dilində sərbəst danışmaq labüddür. Çünki digər sahələrdə olduğu kimi, dilçilik elmi də innovativ ideyaları, yeni kəşfləri və tədqiq olunmağı sevir və buna daim açıqdır. Zənnimcə, dil, həmçinin də elm təkcə sərhədlərlə məhdudlaşmamalıdır. İxtisasında əsl mütəxəssis olmaq istəyən tədqiqatçı sərhədləri aşmalıdır. Yeni informasiyalar qəbul edib, bunu öz araşdırma obyekti kimi istifadə etməlidir. Müxtəlif dilləri mənimsəməklə əslində, tədqiqatçı müxtəlif mədəniyyətləri, fərqli dil qruplarını və dil vasitələrini də mənimsəyir. Bunun isə onun işinə yararlı tərəfləri daha çoxdur. Amma təəssüf ki, hazırda çox az sayda dilçi alim, tədqiqatçı buna nail ola bilir. Bu da, sözsüz, dilçilik sahəsində vəziyyətin o qədər də ürəkaçan olmaması deməkdir. Bu öhdəlik isə, düşünürəm ki, gənclərin üzərinə düşür. Bunun üçün isə məhz biz gənclər üçün yaradılan bütün şəraitlərdən lazımınca istifadə etmək lazımdır.
-İspaniyada yeni dərs metoduna, tədris sisteminə alışa
bilirsinizmi?
-İspanlar
istiqanlı xalqdır. Demək olar
ki, İspaniyada bütün ölkələrdən
tələbələr təhsil
alır. Azərbaycanlılar kimi ispanlar da
təhsilə böyük
önəm verirlər.
Bakalavr, magistr pillələri öz yerində, doktorantura pilləsi onlar üçün daha vacibdir. Çünki düşünürlər ki, istənilən ixtisas sahibi öz peşəsinin mütəxəssisi olmalıdır.
Universitetdə ilk günümdə, müəllimlər məhz
doktorantura üzrə
təhsil almaq üçün gələn
tələbələrə xüsusi rəğbət
bəslədiklərini etiraf
etdilər. Vurğuladılar ki, bu pillədə
oxuyan demək olar ki, hər
bir gənc həm təhsil alır, həm də ki çalışır.
Hətta
bəziləri təhsilini
davam etdirmək üçün işdən
də ayrılmalı
olurlar. Təhsili belə şərtlərdə
davam etdirmək istəyi mütləq təqdirəlayiq görülməlidir.
Qalibi olduğum Avropa Birliyi ölkələrinin (The European Union`s scholarships
and academic cooperation) dəstəklədiyi
qrant müsabiqəsində
universitetdə doktorantura
pilləsi üzrə
təhsil alan yeganə azərbaycanlı
mənəm. Təbii ki,
bu da mənə
ayrıca məsuliyyət
və şərəf
verir. Qrupumuzda məndən başqa
Gürcüstan, Polşa,
Tunis, İtaliya, Almaniya
və Koreyadan olan gənclər də təhsil alırlar. Bəzən
özümü xalqlar
arenasında hiss edirəm.
Çünki istənilən halda
biz öz davranışımız,
mədəniyyətimiz, hadisələrə
yanaşma tərzimizlə
öz xalqımızı
təmsil edirik. Bunun üçün də həmişə diqqətli
olmaq lazımdır.
-İspaniyada təhsil almağa yenicə başlasanız da, yəqin ki, gələcəklə
bağlı bəzi planlar qurmusunuz...
- Gələcək üçün planlar çoxdur. Amma hər şeydən öncə əsas məqsəd azərbaycanlı gənc olaraq məhz təhsil aldığım müddətdə ölkəmizi layiqincə təmsil etməkdir. Xaricdə təhsil alan hər bir gənc “kiçik səfir” rolunu oynayır. Xalqını, millətini başqa xalqların necə tanıması və qiymət verməsi, zənnimcə, məhz ondan asılıdır. Prezident İlham Əliyev bizlər haqda söz açarkən vurğulayıb : "Gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Mən çox şadam ki, Azərbaycan gəncləri çox fəaldırlar, vətənpərvərdirlər. Gənclər bu gün və xüsusilə gələcəkdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən edəcəklər". Bizim öhdəmizə düşən əsas vəzifə də istənilən sahədə olmağımızdan asılı olmayaraq, öz peşəmizdə çox çalışmaq, ixtisasımızın mütəxəssisi olmaq və heç vaxt bir azərbaycanlı olduğumuzu unutmamaqdır. Məhz bu halda biz, Prezidentimizin qeyd etdiyi kimi, gələcəkdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməkdə, xalqımızın xoş və firavan həyatını təmin etməkdə yardımçı ola bilərik.
Tural Tağıyev
Palitra. -
2014.- 26 sentyabr.- S. 6.