“Xaricdə təhsil alan tələbələrimiz Azərbaycanın xaricə açılan pəncərəsidir”

 

Samir Orucov: “Biz Azərbaycanla bağlı bütün reallıqları təhsil aldığımız ölkədə insanlara çatdırmaqla, ölkəmizin həqiqət carçısına çevrilmiş oluruq

 

Qəzetimizin xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi davam edir. Müsahibimiz Mehmet Akif Ersoy Universitetinin İktisadi İdari Bilimler fakültəsinin Menecment bölümünün II kurs tələbəsi, “Zəngin Azərbaycan Uğrunda Mübarizə” İctimai Birliyinin sədr müavini, AzeDer-in Burdur təmsilçisi Samir Orucovdur:

- Mən 2007-ci ildə liseyi bitirdikdən sonraCaspian Plazada Real Express poçt xidmətində ofis meneceri vəzifəsində çalışmışam. 2008-ci ildə isə ARDNŞ-in tərkibində Mənzil Kommunal Xidmətləri Departamentində operator vəzifəsində çalışmağa başladım. 2012-ci ildə isə Türkiyədə oxumaq qərarına gəldim. Beləliklə, Türkiyə Cümhuriyyətinin Burdur şəhərində Mehmet Akif Ersoy Universitetinin İktisadi İdari Bilimler fakültəsinin Menecment bölümünün 1 kurs tələbəsi adını qazandım. Hazırda ikinci ildir ki, Türkiyədə təhsil alıram. Mehmet Akif Ersoy Universiteti, 2006-cı ildə Burdur vilayətində qurulmuş bir universitetdir. Mehmet Akif Ersoy Universiteti dəyişməyə və inkişafa davam etməkdədir. İnstitutlarının sayı getdikcə artmaqdadır. Son illər İqtisadiyyat və İdarəetmə fakültəsi, Təhsil Elmləri İnstitutu, Bədən tərbiyəsi və idmanBucaq Zeliha Tolunay Tətbiqi TexnologiyaAdministratorluq İnstitutları universitetə birləşdiriliblər. Oxuduğum bu ali təhsil ocağında ilk xarici tələbələr bizik. Universitetdə təhsil şəraiti qənaətbəxşdir. Universitetin rahat otaqları, kitabxanası, idman zalı, yeməkxanası var. Təhsil almaqla yanaşı, universitetin sosial həyatında yaxından iştirak etmək, başqa ölkələrdən olan tələbə yoldaşlarımla zaman keçirmək, onların mədəniyyətini, dünyagörüşlərini analiz edib dəyərləndirməyi sevirəm. Tələbələr üçün hər şərait var. Dünyanın 150-dən çox kitabxanasına online giriş, ən yeni elmi məqalələrlə tanış olmaq imkanımız var. Bundan əlavə müasir yataqxanaAvropa standartlarına tam cavab verən yeməkxanamız mövcuddur. Burada tələbələr özlərini evlərindəki kimi hiss edirlər.

- Gənclərin diaspor fəaliyyəti ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiz?

- Bu bir faktdır ki, ölkəmiz son illər ərzində böyük tərəqqiyə nail olub və Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə olur. Ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında gənc nəsil fəal iştirak edir. Minlərlə gəncimiz beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir, idmançıların, yaradıcı gənclərin uğurları nəticəsində Azərbaycanın bayrağı xarici dövlətlərdə yüksəlib, ölkə himni səsləndirilib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha da yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar əldə edilib. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında aparıcı rol oynayır, lobbiçilik fəaliyyətinə fəal qatılır. İlk xarici millətdən olan tələbələr bizik. Ona görə də bizim üzərimizə daha böyük yük düşür. Bir azərbaycanlı kimi ölkəmizi tanıtmaq, bu istiqamətdə tədbirlər təşkil etmək mühüm əhəmiyyət kəsb edir. Cari ildə bir sıra tədbirlər reallaşdırmışıq ki, bunlardan biri 3 mart 2014-cü ildə təşkil olunan Zeliha Tolunay Universitetində erməni iddiaları və Xocalı faciəsi adlı konfrans olub. Bundan başqa, Burdurda Azərbaycan-Türkiyə münasibətləri: dünəndən bu günə” adlı tədbir təşkil olunub. Onu da qeyd edim ki, təhsil aldığım universitetdə bir çox dərnəyin üzvüyəm və Türk Dünyası Araşdırmaları Topluluğunun rəhbəriyəm. Ümumiyyətlə, 1 ildir ki, diaspor fəaliyyəti ilə məşğul oluram. Bundan sonra da bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm. Ümumiyyətlə, xaricdə təhsil alan tələbələrimizi Azərbaycanın xaricə açılan pəncərəsi kimi dəyərləndirmək olar. Biz Azərbaycanla bağlı bütün reallıqları təhsil aldığımız ölkədə insanlara çatdırmaqla ölkəmizin həqiqət carçısına çevrilmiş oluruq.

- Gənclərimizin xaricdə təhsil alması ölkəmizə nə verəcək?

- “Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 18 ildir ki, həyata keçirilməkdədir. Bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Cari ildə də dövlət proqramı çərçivəsində bu tədris ili üçün 500-ə yaxın gənc xaricdə təhsil almaq məqsədilə seçilib. Bu proqram çərçivəsində artıq 714 nəfər məzun olub. Tələbələr xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər. Prezident İlham Əliyev "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı təsdiq etməklə, gənclərə müstəsna diqqət və qayğısını nümayiş etdirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil alması nəzərdə tutuldu. Bu gün artıq proqram çərçivəsində dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, yeni sənaye və xidmət müəssisələri yarandıqca, peşəkar gənc kadrlara ehtiyac çoxalır. Ona görə bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər.

- Bugünlərdə sizin Burdur təmsilçisi olduğunuz AzeDer-in fəaliyyətə başlamasının bir illiyi İstanbulda qeyd edildi. Bununla bağlı nə deyərdiniz?

- Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) fəaliyyətə başlamasının bir illiyi münasibətilə İstanbulda təşkil olunmuş mərasimdə Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, adamları, elm, təhsil və mədəniyyət sahələrinin təmsilçiləri, qardaş ölkədə təhsil alan tələbələrimiz, ölkə ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Təşkilatın missiyası azərbaycanlı gənclərin şəxsi karyera qazanmasına dəstək vermək, onların bilik, təcrübə və fikirlərini xarici ölkə gəncləri ilə paylaşmaq, gənclərimizin sosial həyatını inkişaf etdirən layihələr həyata keçirmək kimi mühüm istiqamətlərdir. AzeDer-in bir illik fəaliyyəti və məqsədlərini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, gənclər və təhsil islahatlarından bəhs etdi. TBMM-nin deputatı Mustafa Kabakcı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Təhsil Nazirliyinin sektor müdiri İlham Nağıyev, ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Nəcibə Nəsibova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışlarında AzeDer-in bir illik fəaliyyətini yüksək dəyərləndirdirlər. Qeyd olundu ki, təşkilat Azərbaycan və Türkiyə gənclərinin daha da yaxınlaşması istiqamətində də səmərəli fəaliyyət göstərir. Bildirildi ki, Azərbaycan özünün uğurlu gənclər siyasəti ilə dünya ictimaiyyətinə yeni bir inkişaf modeli təqdim edib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda əsaslı təhsil islahatları aparılır, beynəlxalq standartlara cavab verən yeni-yeni təhsil müəssisələri yaradılır, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları təmin edilir.

- Yay tətili başa çatdı və yeni dərs ilinə başlamısınız. Bakıdan hansı təəssüratlarla döndünüz?

- Tətildə Bakıya gəlişim məndə çox gözəl təəssüratlar oyatdı. Hər tətildə Vətənə döndükdə paytaxtımızı daha da gözəlləşmiş, yenilənmiş görürəm. Şəhərdə çox gözəl mənzələrin şahidi oluram. Bu gün böyük məmnuniyyətlə xarici qonaqları ölkəmizə dəvət etmək olar. Çünki hazırda Bakı dünyanın gözəl şəhərlərindən heçgeri qalmır.

- Qarşıda hansı planlarınız var?

- Yeni bir layihə həyata keçirməyi nəzərdə tutmuşam. Layihə “Yüz ilin yalanı-1905-2015” adlanır. 15 gün sonra Türkiyədə Türk dünyası birlik platformu ilə bərabər ərsəyə gələn layihəyə start veriləcək.

 

Nigar Abdullayeva

 

Palitra. - 2014.- 30 sentyabr.- S. 7.