Füzulidə yeni zavod və heyvandarlıq kompleksi inşa edilir

1994-cü ilin yanvarında Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev adına parkda rayon ictimaiyyətinin iştirakı ilə mərasim keçirilib. Mərasimdə çıxış edənlər müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin üzləşdiyi problemlərdən, Ermənistanın apardığı qəsbkarlıq müharibəsindən danışıblar.

Bildirilib ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda aparılan qanlı döyüşlər nəticəsində rayonun 1382 kvadratkilometr ərazisinin 600 kvadratkilometri, yəni 21 kənd və Horadiz qəsəbəsi işğaldan azad edilib. 1996-cı ildən etibarən həmin ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış 4 mindən artıq ev bərpa edilib. Qeyd olunub ki, təkcə son 10 ildə Prezident İlham Əliyev Füzuli rayonuna 4 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar imzalayıb. Bu dövrdə aparılan geniş tikinti-quruculuq və bərpa işləri nəticəsində Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilib. Şəhərdə ulu öndərin adını daşıyan park salınıb, parkın ərazisində Heydər Əliyev Mərkəzi tikilib. Mədəniyyət sarayı, Gənclər Mərkəzi, Muğam Mərkəzi, Şahmat Məktəbi, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının inzibati binası, dəmiryolunun Horadiz stansiyasında sərnişin vağzalı istifadəyə verilib, istirahət guşələri yaradılıb. Prezidentin sərəncamına əsasən rayonun 8 yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolu, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər yolu yenidən qurulub. Mərasimdə çıxış edənlər məmnunluq hissi ilə vurğulayıblar ki, hazırda ölkə başçısının sərəncamına uyğun olaraq Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun yenidən qurulması, Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpası, Bayraq meydanının, respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə “Qəhrəmanlar” parkının, 31 Mart soyqırımı qurbanlarının abidə kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq bağçasının, veteranlar evinin, tikiş fabrikinin, boulinq idman zalının, Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir.

Diqqətə çatdırılıb ki, Horadiz şəhəri ilə yanaşı, rayonun kəndlərində də abadlıq və tikinti işləri aparılıb, soyuducu anbar kompleksi, quş əti istehsalı müəssisəsi, Su Elektrik Stansiyası istifadəyə verilib, 24 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Hazırda Qazaxlar kəndində 180 şagird yerlik orta məktəb binası, Əhmədbəyli kəndində gimnaziya üçün bina, Qarabağ kəndində heyvandarlıq kompleksi, Üçüncü Zobucuq qəsəbəsində çörək zavodu tikilir.

Füzuli rayonuna göstərilən dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, vaxtı ilə bu yerləri tərk etmiş 116 min nəfər əhalinin 70 minə yaxını geri qayıdıb.

Cavidan

Palitra.-2014.-8 yanvar.-S.13.