“Tələbələrimiz diasporla birgə Qarabağ həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırırlar”

Ümid Həsənov: “Ukrayna ilə isti münasibətlərin nəticəsidir ki, burada 2 mindən çox tələbəmiz var”

“Xeyli sayda gəncimiz dövlətin dəstəyi ilə bilik və istedadını daha geniş müstəvidə ortaya qoymaq üçün dünyaya çıxır”

“Palitra”nın xaricdə təhsil alan gənclərlə bağlı rubrikasının budəfəki qonağı Ümid Həsənovdur. Ümid Ukraynanın aparıcı universitetlərindən birində təhsil alır. O, xaricdə uğurlu təhsilini davam etdirməklə yanaşı aktiv ictimai və diaspor işləri ilə də məşğul olur. Ümid Həsənovla olan müsahibəni oxuculara təqdim edirik.

- Ümid, öncə özünüz barədə məlumat verərdiniz.

-Mən - Həsənov Ümid 1995-ci ildə Bakı şəhərində doğulmuşam və 2012-ci ildə Bakının Suraxanı rayonu Ə.A.Eyvazov adına 275 saylı orta məktəbi bitirmişəm. Elə həmin ildəTəhsil Nazirliyinin icazəsi əsasında Ukraynanın Kiyev şəhərində yerləşən V.Qetman adına Kiyev Milli Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat və menecment fakültəsinə qəbul oldum.

Onu da bildirim ki, xaricdə təhsil almaq bir çox gəncdə olduğu kimi, mənim üçün də uşaqlıq arzularından biri idi. Daim ona can atırdım ki, xarici ölkələrdən birində təhsil alıb, uğurlara imza atım və Azərbaycanımızı dünyada layiqincə təmsil edim.

-Bu arzunuzu reallaşdırmaqda ilk olaraq sizə kimlər dəstək oldular?

- Səmimi şəkildə bildirirəm ki, ən böyük istəyim vətənə və millətə yararlı bir gənc olmaqdır. Belə tərbiyə olunmuşam və təbii ki, bu yolda da mənə ilk olaraq ailəm dəstək oldu. Valideynlərim və mən bu seçim haqqında çox düşünürdük. Mənim xaricdə təhsil almaq istəyimi daha da artıran 2012-ci il avqustun 18-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu- ASAİF-in X ənənəvi yay forumunda iştirakım oldu.Tədbirdə 40 ölkədən 500-dən çox tələbə var idi və onlarla ünsiyyətdə olduqdan sonra çox şey öyrənə bildim. Beləcə, xaricdə təhsilin nə demək olduğunu, çətinlikləri, təhsil almağa getməmişdən öncə nələri öyrənməliydimsəməlumatlandım.

-Bəs niyə məhz Ukraynanı seçdiniz?      

-Orta təhsilimin böyük hissəsini rus dilində aldığım üçün mənim üçün Ukrayna daha cəlbedici göründü.Seçdiyim universitet haqqında məlumat topladıqda isə seçimimdə yanılmadığıma əmin oldum. Məhz bu universitetdə dünyanın bir çox ölkəsindən təhsil almağa gələn tələbələr bir qrupda cəmləşərək hamısıda eyni şərtlər altında təhsil alırlar. Tez bir zamanda universitetdən gələn dəvət məktubundan sonra Təhsil Nazirliyinin icazəsi əsasında Kiyev şəhərində 5 fəndən-rus dili, ədəbiyyat, riyaziyyat, coğrafiya və ingilis dilindən imtahan verdikdən sonra bu universitetə qəbul oldum. Hazırda haqqında danışdığım V.Qetman adına Kiyev Milli İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat və menecment fakültəsində 2-ci kursda təhsil alıram və qrupumuzda 22 ölkədən olan tələbə var.

-Universitetinizin tarixi, buradakı tədris sistemi və s. barədə bir qədər ətraflı məlumat verərdiniz.

-Vadim Getman adına Kiyev Dövlət İqtisad Universiteti 100 illik tarixə malik olan ali təhsil ocağıdır. Bu gün on minlərlə yüksək dərəcəli iqtisadiyyatçı yetişdirmiş universitet olan bu tədris mərkəzi Ukraynada ən böyük iqtisadiyyat ocağı da sayılır. Bura Ukraynada yeganə universitetdirki, bu təhsil ocağında elektron jurnal nəzarəti var və hər həftənin 5-ci günü məlumatlar və tələbənin topladığı ballar yenilənir.Bu hal bir çox tələbəni sevindirməsə də, məni məsuliyyətlə oxumağa dahada həvəsləndirir.

-Ukraynadakı ali təhsil sistemi bizim təhsil sistemindən nə ilə fərqlənir?

- Ən əvvəl, texnoloji yeniliklərin təhsilə tətbiqi və bunun təhsilin keyfiyyətini inkişaf etdirdiyini xüsusi vurğulamaq istəyirəm. Buradaəllimlər mühazirələri vərəqdən oxumurlar, elektron formada (Power Point vasitəsi ilə) hazırlanmış mühazirələr vizual olaraq tələbələrə göstərilməklə yanaşı, onlara izah edilir. Yəni, professorlar diqtə etmir, izah edirlər.Elektron kitabxanalar, professorlarla internet vasitəsi ilə mütəmadi əlaqə, onlayn kurslar və s. də əlbəttə ki, təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir.Tələbələrə tam müstəqillik verilməsi də zənnimcə, təhsil sisteminin əhəmiyyətligöstəricilərindəndir. Tələbə istədiyi vaxt mühazirənin ortasında professorun sözünü saxlayıb sual verir və sualına ətraflı cavab alır. Burada tələbənin fikrinə hər zaman hörmət və həssaslıqla yanaşılır.Ukrayna təhsil sisteminin digər maraqlı cəhəti burada tələbələrə individual olaraq yanaşılmaqdır. Professorlar əgər tələbənin güclü və zəif cəhətlərini ona çatdırırsa, bunu əsla üçüncü bir şəxsin yanında etmirlər. Hətta imtahan qiymətləri hər şəxsin xüsusi şifrəli internet səhifəsində çap olunur. Bütün bunlar bizdə də tətbiq olunsa, əla olar.

-Bəs Ukraynada azərbaycanlı tələbələr çoxdurmu?

- Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı günbəgün çoxalır. Ukraynadakı ali təhsil müəssisələrində iki mindən artıq azərbaycanlı tələbə təhsil alır.Düşünürəm ki, bu yüksək rəqəmin ərsəyə gəlməsinin əsas səbəblərindən biri Ukrayna ilə Azərbaycan arasında olan isti münasibətlərdir. Birdəki, burada azərbaycanlı tələbələr üçün təhsil haqqı nisbətən aşağıdır. Bu səbəbdən Ukraynada ali təhsil almağa böyük maraq göstərilir. Belə ki, xarici tələbələr üçün illik təhsil haqqı təxminən 1,5-3,5 min dollar təşkil edir. Halbuki Avropada, məsələn Bolqarıstanda minimal təhsil haqqı ildə 6,5 min dollara bərabərdir. Bununla yanaşı, Ukrayna ali təhsil müəssisələrinin təqdim etdiyi diplomlar Azərbaycanda, bütün MDB və Avropa İttifaqı ölkələrində tanınır. Çünki hələ 2005-ci ildə Ukrayna Boloniya prosesinə qoşulub.

-Bir qədər də özünüzün Ukraynadakı təhsil uğurlarınızdan, ictimai diaspor işlərindəki fəaliyyətinizdən söz açardınız...

- Mən bu ölkəyə ayaq basandan Ukraynada təhsilim uğurlarla başladı. Elə təhsil almağa başladığım ilin sentyabr ayında yaxın dostum Elməddinin sayəsində indi mənə çox doğma olan Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB)ilə tanış oldum. Tez bir zamanda UAGB-nın aktiv üzvlərindən birinə çevrildim. Ukraynanın dörd bir yanında ölkəmizin tanıdılması üçün keçirilən tədbirləri, diaspor və lobbiçilik fəaliyyətini hər zaman dəstəkləyən UAGB, həmin tədbirlərin keyfiyyət və məhsuldarlığının artırılması üçün bu gün Ukraynanın hər bir vilayətində nümayəndələr vasitəsi ilə təmsil olunmaqdadır.

-Tələbələrimizi də buə cəlb edirsizmi? Ümumiyyətlə, onların aktivliyini qənaətbəsaymaq olarmı?

-Təbii ki, tələbələrimiz daim aktivlikləri ilə seçilirlər. Onlar UAGB-nin köməkliyi ilə universitetlərdəki mədəniyyət günlərində, festivallarda Azərbaycanı layiqincə təmsil edirlər. Ən vacibi isə diaspor fəaliyyətidir. Çünki Azərbaycanın yaralı yeri olan Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə lazımi səviyyədə daha çox diaspor fəaliyyəti və tələbələrin yardımı əsasında dolğun çatdırmaq olar. Buradakı tələbələrimiz diaspor ilə bərabər bu yolda əmin addımlarla irəliləyir və Qarabağ həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırırlar. Müəyyən aksiyalar, tədbirlər keçirilir, yeri gələndə digər millətlərə məxsus olan tədbirlərdə də aktiv iştirak edib, öz təbliğatımızı aparırıq.

-Xaricdə təhsil alan tələbə kimi ölkə hüdudlarından kənarda olan şəraitdən bəhs etdiniz. Bəs ölkə daxilində gənclərimizə yaradılan şərait sizi qane edirmi?

- Çox vacib bir məsələyə toxundunuz. Əlbəttə, ölkədən kənarda aktiv olmaq, təhsil almaq çox vacibdir. Amma bütün bu işlərə zəmin yaradan amillər ökənin daxilində formalaşmalıdır. Əgər Azərbaycanda gənclər üçün ideal şəraitlər yaradılmasaydı, bu gün sayı on minlərlə hesbalanan gəncimiz xaricdə təhsil ala bilməzdi. Azərbaycanda gənclərin ictimai və siyasi həyatda aktiv fəaliyyət göstərməsi üçün də yetərincə şərait yaradılıb. Dövlətimizin gənclərdən istədiyi isə uğurlu təhsil alıb, vətən üçün xeyirli vətəndaş, yaxşı mütəxəssis olmaqdır. “2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərə göstərilən qayğının bariz nümunəsidir. Bizim ölkənin iqtisadi cəhətdən inanılmaz sürətlə inkişafı artıq bir sıra sahələrdə də inkişafa təkan verib ki, bunlardan biri də təhsildir. Təhsilin əsas özəyini isə gənclər təşkil edir. Ümumiyyətlə, təhsil sırf gənclərə bağlı sahədir, desəm, yanılmaram. Bu mənada zəncirvari olaraq iqtisadiyyatla bərabər təhsilimiz də, gənclərimiz də inkişaf etməkdədir. Bütün bunlara isə yalnız və yalnız dövlətin uğurlu siyasəti nəticəsində nail oluruq. Artıq 90-cı illərin əvvəllərində olduğu kimi, barmaqla sayılacaq qədər gənc dünyanın aparıcı universitetlərinə üz tutmur. Bu gün xeyli sayda gənc dövlətin birbaşa dəstəyi ilə öz bilik və istedadını daha geniş müstəvidə ortaya qoymaq üçün dünyaya çıxır və nəinki təhsil alır, həm də lazım gəldikdə xarici ölkələrdə qalıb Azərbaycanı təbliğ edir.

Mən təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmaq istəyirəm.Çünki tətillər zamanı belə, Bakı, vətənim üçün çox darıxıram. Bundan əlavə, mənim üçün ən vacib məsələlərdən biri Azərbaycanımıza layiqli övlad olmaq və savadlı kadr kimi yetişib dövlətimizin gələcəkdə daha çox uğurlar qazanması üçün fəaliyyət göstərməkdir. Hər bir xaricdə təhsil alan gəncimizə də məsləhət görərdim ki, onlar təcrübələrini ölkəmizdə keçsinlər, təhsillərini bitirdikdən sonra vətənə qayıdıb bildiklərini gənclərimizə öyrətsinlər. Biznes sahəsi üzrə bitirən yerli biznesə qoşulsun, humanitar fənlər üzrə bitirənlər isə müvafiq sahələrdə çalışıb ölkəyə xeyir versinlər. Düşünürəm ki, əksər hallarda bu, elə belə də olur. Çünki Azərbaycanda gənclərə təkcə təhsil üçün deyil, təhsildən sonrakı fəaliyyət üçün də münbit şərait yaradılır. Baxmayaraq ki, xaricdə təhsil alıram, mən Azərbaycana çox bağlıyam.

Tural Tağıyev

Palitra.-2014.-8 yanvar.-S.6.