“Ədəbiyyat məcmuəsi”nin xüsusi
buraxılışı çapdan
çıxıb
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Əsərləri”- “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı çapdan çıxıb. Bu barədə “Palitra”ya AMEA Nizami adına Ədəbiyyat İnstitunun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürov məlumat verib. 1946-cı ildən nəşr edilən, sayca 24-cü cild olan elmi nəşrin xüsusi buraxılışı Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunub.
Xüsusi buraxılış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxəsrlik Azərbaycan ədəbiyyatı və nəhəng ədəbi simaları barədə dəyərli fikirləri ilə açılır. Sonra “AMEA-nın Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqında” AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı verilir.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Nizami adına Ədəbiyyat İnstitutu” tarixi oçerki elmi nəşrdə ilk yer alan məqalədir. Burada ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirən institutun şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri barədə müfəssəl məlumat verilir. Tarixi oçerk səciyyəli bu məqalə ingilis və rus dillərinə də tərcümə edilib ki, bundan xaricidilli oxucular da yararlana bilərlər. İkinci məqalə “Nizami adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və müasirləşmə yollarında (1933-3013)” (müəlliflər akademik İsa Həbibbəyli və filologiya üzrə elmlər doktoru Asif Rüstəmlidir) adlanır. Tarixi qaynaqlar əsasında qələmə alınmış bu tədqiqat işində institutun keçdiyi şərəfli yola nəzər salınır, bu elmi-tədqiqat müəssisəsində çalışmış görkəmli ədəbiyyatşünas alimlərin həyat yolundan bəhs edilir, onların yaradıcılığı barədə müfəssəl məlumat verilir.
18 çap vərəqi həcmində nəşr olunmuş “Əsərlər”də yer alan məqalələr “Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları” və “Elmin yollarında” adlı iki bölmədə paylanıb. Birinci bölmədə 15, ikincidə isə 26 ədəbiyyatşünas alim haqqında bioqrafik oçerklər verilib ki, bu materiallar yığcam olsa da, əhatəlidir. Bu materialların hazırlanmasında institutun elmi əməkdaşlarının əksəriyyəti iştirak edib.
“Nizami adına Ədəbiyyat İnstitutunun elmi nəşrləri” məqaləsində AMEA-nın müxbir üzvü Teymur Kərimli “Ədəbiyyat məcmuəsi” nəşrinin tarixinə nəzər salır, institutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeni yaradılan “Ədəbi əlaqələr” və “Poetika. izm” jurnalları haqqında məlumat verir.
Xüsusi buraxılışın sonunda AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi üzrə elmi-tədqiqat institutlarının 2013-cü il üzrə reytinq cədvəli verilib ki, bu cədvəldə Ədəbiyyat İnstitutunun yeri ön sıralardadır.
Qeyd edək ki, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş elmi jurnalın məsul katibi filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov, nəşriyyat redaktoru Töhfə Talıbovadır.
Tural
Palitra.-2014.-9 yanvar.-S.7.