Milli kimliyin formalaşmasında milli dəyərlər əhəmiyyətlidir”

Cavid Əliyev: “Milli-mənəvi dəyərlər gələcək

nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir”

 

Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlərimiz nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Bu gün milli özünüdərk problemi həm də ona görə aktualdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız öz milli-mənəvi köklərinə qayıtmağa, öz milli mentalitetinə adekvat olan həyat tərzi qurmağa çalışır. Lakin buna nail olmaq üçün ilk növbədə əsrlərdən və nəsillərdən bizə miras qalmış milli sərvətlərimizi qoruyub saxlamağı və onları dəyərləndirməyi bacarmalıyıq. Bu baxımdan vətəndaş cəmiyyətinin də üzərinə böyük məsuliyyət düşür. Bir çox qeyri-hökumət təşkilatları kimi “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi də bu missiyanı həyata keçirir. “Gənclərin Mədəni İnkişafına Dəstək” İcitmai Birliyinin sədri Cavid Əliyev ilə görüşüb milli-mənəvi dəyərlərin təbliği istiqamətində gördükləri işlərdən danışdıq.

-Təmsil etdiyiniz QHT nə vaxt yaradılıb və fəaliyyət istiqamətləri hansılardır?

-Təşkilatımız 29 iyul 2010-cu ildə yaradılıb və 6 avqust 2010-cu ildə qeydiyyatdan keçib. Adından da göründüyü kimi, məqsəd Azərbaycan gənclərinin mədəni inkişafına dəstək olmaq, gənclərin milli-mənəvi dəyərləri əsas tutaraq xarici mədəniyyətlər haqqında biliklərini artırmaq və mədəni dəyərlərin formalaşmasında gənclərin iştirakının təmin olunmasıdır. Ümumiyyətlə, cəmiyyətin inkişafı orda formalaşan mədəni dəyərlərdən çox asılıdır və gənclər cəmiyyətin aparıcı qüvvəsi olduğu üçün onların mədəni dəyərlərin formalaşmasında rolları əvəzsizdir. Məhz buna görə də, bizim təşkilat gənclərin bu prosesə cəlb olunması məqsədi ilə yaranıb.

- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?

- Biz mədəniyyətin tarixini araşdırdıqda görürük ki, insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Cəmiyyətin formalaşdırdığı və təbiətin hər bir xalqa bəetdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Müasir mədəniyyətin formalaşmasında yaradıcı və qurucu hər cür fəaliyyət təşviq edilməli, yeni yanaşmaların kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsinə mühüm əhəmiyyət verilməlidir. Qloballaşan dünyada mədəniyyətlər arasında inteqrasiya və mədəniyyətlərin təsirlərə məruz qalması müşahidə edilir və müasir dünyanın dəyərlərinə zidd olan dəyərlər demək olar ki, sıradan çıxır. Ümumiyyətlə, dünyada iqdisadi, siyasi və sosial tərəqqi mədəni yanaşmadan olduqca çox asılıdır və bu sahədə olan tərəqqi ümumi siyasəti müəyyən edir.

-Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

-Təşkilatımız yarandığı gündən gənclərin mədəni inkişafı sahəsində silsilə layihələr icra edib. Bu layihələrə misal olaraq “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hissini gücləndirmək” layihəsini xüsusi ilə vurğulamaq istəyirəm. Bu layihə çərçivəsində Oğuz və Qəbələ rayonlarında gəncləri əhatə edən maarifləndirmə kampaniyasında Sağlam Həyat Uğrunda devizi əsas götürülərək yürüş təşkil edilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Digər layihəmizdə isə qloballaşan dünyada əsas dəyər sayılan tolerantlıq və ayrıseçkilik əleyinə təbliğat sosial şəbəkələr yolu ilə gənclərin maariflənməsi istiqamətində icra edilib və layihədə milli dəyərlərlə ümumdünya dəyərləri uyğunlaşdırılıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin Məşğulluğu üzrə Təlim Agentliyi” layihəsində də gənclərin işlə təmin edilməsində əsas sayılan bilik və bacarıqların inkişafı sahəsində fəaliyyətlər icra edilib.

Ümumiyyətlə, təşkilatımızın icra etdiyi layihələrdə əsas hədəf gənclərin milli mənəvi dəyərlərə hörmət etməsini aşılamaq, onların bu prosesdə iştiraklarını təmin etməkdir.

-Hazırda, bu istiqamətdə hansı işlər görürsünüz?

-Hal-hazırda gənclərin milli-mənəvi dəyərlərin formalaşmasında rollarının artırılması istiqamətində mühüm layihə icra edirik. Nəzərə alsaq ki, müasir gənclik sosial şəbəkələrdən və elektron mediadan daha çox istifadə edirlər. Layihələrimiz də daha geniş kütləni əhatə etmək üçün məhz bununla bağlıdır. “Sinemasport - yeni media vasitəsi” adlı bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir və məqsəd gənclərin mədəni dəyərlərin təbliğatına cəlb etməkdir. Artıq layihə çərçivəsində nəzərdə tutulmuş təlimlər yekunlaşmaq üzrədir. Ümumilikdə, təlimlərdə 50 nəfərdən çox gənc iştirak edib. Təlimlərdə gənclər videoçarxların hazırlanması istiqamətində maarifləndirilib. Layihənin davamı olaraq təlimlərdə iştirak etmiş gənclər komandalar şəklində formalaşdırılacaq və sosial, məət problemlərini əks etdirən mövzularda video çarxlar hazırlayacaqlar. Hazırlanmış 4-8 dəqiqəlik qısametrajlı filmlər 4 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə ideyanın məzmunluğu, aktyorların öz rollarını necə canlandırması, mövzuya yanaşma və ssenaridə ardıcıllıq meyarları üzrə təyin ediləcək.

Geniş ictimaiyyətin maarifləndirilməsi məqsədilə gənclər tərəfindən hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçiriləcək və sosial şəbəkələrdə yerləşdiriləcək.

- Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiniz?

-Son zamanlar gənclər siyasətində baş verən dəyişikliklər və gənclərə dövlət qayğısının artması əhəmiyyətli dərəcədə hiss olunur. Qeyd etmək lazımdır ki, xüsusi ilə müharibə şəraitində olan dövlətin gənclərinin milli-mənəvi dəyərləri vətənpərvərliyə, vətəndaş olaraq dövlətçiliyin qorunmasına əsaslanmalıdır. Azərbaycan gəncləri çox yaradıcı və inkişafa meyillidirlər. Eyni zamanda bu gün gənclərimiz milli-mənəvi dəyərlərimizi xarici ölkələrdə layiqli təmsil və təqdim etməlidirlər. Gənclər cəmiyyətin yanaşmasını və düşüncəsini formalaşdıran əsas gücdürlər və bu, milli-mənəvi dəyərlərin düzgün istiqamətləndirilməsi çərçivəsində olmalıdır.

- Cəmiyyətin mədəni inkişafı üçün əsas nəyə ehtiyac var?

-Təşkilatımızın fəaliyyəti müddətində müşahidə etdiyi mühüm məqamlardan biri, gənclərin hal-hazırda milli-mənəvi dəyərlərlə bağlı biliklərinin artırılmasına ehtiyacın olmasıdır. Həmçinin, Azərbaycanın dövlət rəmzlərinə, mədəni irsinə gənclərin beynəlxalq aləmdə mədəni dəyərlərimizi təmsil etmələri üçün yanaşmanı formalaşdırmağa ehtiyac var. Gənclər milli-mənəvi dəyərlərin araşdırılmasında və dəyərlərin köklərinin axtarılmasında əhəmiyyətli rol oynaya bilərlər. Bu gün məhz gənclərin bu araşdırmalar aparmalarına da ehtiyac vardır.

- Milli kimliyin formalaşmasında milli - mənəvi dəyərlərin nə kimi rolu var?

-Milli-mənəvi dəyərlərin formalaşmasında cəmiyyətin keçdiyi tarixi inkişaf yolu, ölkənin yerləşməsi, dini və millətin formalaşması əsas götürülür. Milli kimliyin formalaşmasında milli dəyərlər əhəmiyyətlidir. Milli kimlik milli dəyərlərdən formalaşır. Əgər milli dəyərlər vətəni sevməyə, fəal vətəndaş olmağa, cəmiyyətə töhfə verməyə xidmət edirsə, milli kimlik də düzgün yanaşma olaraq ortaya çıxacaq.

- Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

-Yuxarıda qeyd etdiyim kimi, milli dəyərləri öncə daha düzgün araşdırmaq və öyrənmək lazımdır. Daha sonra milli dəyərlərin cəmiyyətdə formalaşmasına təkan vermək və onu qorumaq lazımdır. Bu gün gənclərin öhdəsinə düşən əsas dəyər düzgün təhsil almaq, gənc olaraq vətandaşlıq borcunu yerinə yetirməkdir. Hansı sahədə fəaliyyət göstərməsinə baxmayaraq biz bir cəmiyyətdə yaşayırıq və bu cəmiyyət bizim qoruduğumuz milli dəyərlərdən formalaşır.

- Qloballaşma gənclərin milli şüuruna necə təsir edib?

-Qloballaşma sosial, iqtisadi həyata təsir etdiyi qədər milli dəyərlərin istiqamətlənməsinə də təsir edir. Müstəqil Azərbaycanın milli dəyərləri əvvəlki dövrlərdən fərqlənəcək. Hal-hazırda biz informasiya və texnologiya əsrində yaşayırıq və dünya sürətlə inkişaf edir. Biz azərbaycanlı gənclər olaraq qloballaşan dünyada dəyərlərə uyğunlaşmağa çalışsaq da, milli dövlətçilik dəyərlərimizi əsas tutmalıyıq.

Fuad Hüseynzadə

Palitra.-2014.-10 yanvar.-S.11.