“Gənclərin müraciət etdikləri yeni üslublarda Azərbaycan musiqisi üçün kəşflər var”
Professor Firəngiz Əlizadə: “Mən arzu edirəm ki, gənc bəstəkarlar həm ənənəyə üstünlük versinlər, həm də Azərbaycan musiqisində yeni kəşflər etsinlər”
Müsahibimiz Azərbaycan
Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz
Əlizadədir:
- Firəngiz
xanım, keçən 2013-cü il Bəstəkarlar
İttifaqının fəaliyyəti
tarixində nə ilə
yadda qaldı?
- Həm Azərbaycan, həm də Bəstəkarlar İttifaqı üçün çox uğurlu oldu. Böyük musiqi hadisələri oldu. Bütün sahələrdə uğurlar əldə etdik. Mən musiqi haqqında danışmaq istəyirəm. Bu baxımdan Bəstəkarlar İttifaqı bir neçə beynəlxalq həcmli festivalların təşəbbüskarı və təşkilatçısı olub. Ötən ilin mədəni hadisələrindən biri də ulu öndərin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin həyat keçirilməsi idi. Ənənəvi olaraq öncə “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda elmi konfrans keçirdik. Bu elmi konfransda ulu öndərimizin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında çıxışı anıldı, bugünkü gündə dediyi sözlərin aktuallığı təhlil olundu. Daha sonra bununla əlaqədar bir neçə silsilə konsertlər həyata keçirdik. Ulu öndərə həsr olunan və onun sevdiyi əsərlərdən ibarət olan konsertlər təşkil olundu. Konsertlər janr baxımından müxtəlif səpkidə təşkil olundu. Bunlar mahnı konserti, kamera instrumental konserti və Azərbaycan bəstəkarlarının ulu öndərə həsr etdikləri simfonik əsərlərinin konsertidir.
Bundan başqa ötən il ölkəmizdə prezident seçkiləri keçirildi və bu seçkidə də hörmətli Prezidentimiz cənab İlham Əliyev uğurla yenidən ölkə başçısı seçildi. Bununla əlaqədar sentyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqında ümumi iclasımız keçirildi və bəyanat qəbul olundu ki, biz hamımız yekdilliklə səsimizi cənab Prezidentə veririk. Bu, siyasətlə bağlı olan hadisələrdir.
Ancaq musiqi ilə bağlı isə III Muğam Aləmi festivalı keçirildi. Bu festivalı əvvəlki festivallardan fərqləndirən xüsusiyyət isə konsertin açılış mərasiminin Heydər Əliyev Mərkəzində baş tutması idi. Deyərdim ki, bu konsert yeni ahəngdə, yeni üslubda keçirildi və Muğam Mərkəzində 7 gün ərzində 7 muğamımızın hamısı dəskah olaraq səsləndi. Çox böyük festival həyata keçirildi və 9 gün davam etdi. Bu festivalda 25 ölkədən qonaqlar dəvət olunmuşdu. Onlar həm simpoziumda, həm də müsabiqənin münsiflər heyətində iştirak etdilər. Festival çərçivəsində keçirilən konsertlər, müsabiqə və simpozium tədbirləri ilə geniş xarakter daşıyırdı.
Bundan başqa yay aylarında gənc bəstəkarların yaradıcılığından ibarət plenum keçirdik. Bu proqramda yalnız gənc bəstəkarların əsərləri yer almışdı. Plenumda həm ittifaqın gənc üzvlərinin, həm də ittifaqa hələ üzv olmayan gənc bəstəkarların əsərləri ittifaqın konsert salonunda səsləndi. Bundan əlavə konsertdə Bəstəkarlıq fakültəsində oxuyan tələbələr üçün də şərait yaradıldı ki, yeni bəstələdikləri əsərlərini təqdim edə bilsinlər. Plenumda çox maraqlı bir proqram alındı və burada böyük panorama yarandı ki, bu gün bizim gənclərimiz hansı üslubda çalışır və maraqları hansı yöndədir. Mən keçirilən plenumu yüksək dəyərləndirirəm. Burada təkcə gənc bəstəkarlara diqqət edilmirdi. Çünki plenumda ön söz gənc musiqişünaslara verildi ki, gənc musiqişünasın həmkarı olan bəstəkarın yaradıcılığı haqqında mülahizələrini və fikirlərini bilək.
Plenum bitdikdən sonra dəyirmi masa keçirildi. Burada gənc dirijorların, əsərlərin
ifaçılarının, bəstəkarların, həm də
musiqişünasların konsert haqqında rəyləri
öyrənildi,
maraqlı diskussiyalar oldu. Diskussiya nəyi göstərdi? Diskussiya göstərdi
ki, gənc bəstəkarlarımız hər zaman fəaldırlar,
çalışırlar və
hər bir gənc musiqiçinin Azərbaycan musiqisinə öz təəssüratları
və müxtəlif
baxışlarının olduğunu gördük. Mən deyərdim ki, plenumda təqdim olunan əsərlərin
heç biri zəif
deyildi. Bu, çox sevindirici haldır.
Təbii
ki, hər gün
Ü. Hacıbəyli,
Q, Qarayev, F. Əmirov dünyaya gəlmir.
Mən
bu gün gənc bəstəkar haqqında dahi deyə bilmərəm. Hər bir gənc musiqiçinin
xüsusi istedadı var və
onlar zaman-zaman öz sözlərini
sənət dünyasında
deyəcəklər. Bir musiqiçi olaraq Fərid Fətullayev, Türkər Qasımzadə, Tahir İbişov, Ayaz Qəmbərli, Ceyhun Allahverdiyev, Xədicə Zeynalova, Pikə Axundova, Kəmalə Əlizadə, Rüfət Xəlilov kimi istedadlı gənc bəstəkarlarımızın
adını çəkə bilərəm ki, onlar Azərbaycan musiqi mədəniyyətinin gələcək nümayəndələridir.
-Sizcə, bu gün gənc bəstəkarlar əsərlərində klassikaya üstünlük
verirlər, yoxsa müasir üslublara?
- Bu
mövzu ətrafında ötən il keçirdiyimiz dəyirmi masada böyük
diskussiya oldu. Bizim görkəmli musiqişünaslarımız dəyərli mühazirələr
söylədilər. Onlar haqlı olaraq iki üslubu xüsusi qeyd etdilər. Birinci Azərbaycan
musiqisinin tarixinə,
inkişafına xas olan ənənəvi üslubdan söhbət açıldı
ki, gənclər bu yolla
yazıb-yaradırlar. Digər üslub isə modern və avanqard üslubdur ki, bunlara
kəskin surətdə maraq var. Lakin uğurlar daha az qazanılır. Çünki
bu istiqamət
çox çətindir.
Bir var müəllimin
sənə yol göstərir və sən həmin
yolu inkişaf etdirirsən.
Bu seçkin yoldur. Digər üslub çox
çətindir.
Çünki avanqard və modern üslub axtarışı
sevir. Lakin burada kəşflər çox azdır.
Ola bilər
ki, gənclərin müraciət etdikləri yeni üslublarda
Azərbaycan musiqisi
üçün kəşflər var. Ancaq mən dünya musiqisinə yaxından bələd olduğum üçün bu kəşflərin şərti xarakter
daşıdığını görürəm. Bəlkə də,
bu, bəstəkar üçün
bir kəşf sayıla
bilər. Lakin belə
yönlü musiqilər
dünya bəstəkarları
arasında çox yazılıb.
Mən arzu edirəm ki, gənc bəstəkarlar həm ənənəyə üstünlük versinlər, həm də Azərbaycan musiqisində yeni kəşflər etsinlər. İstəməzdim ki, Azərbaycan
musiqisi öz gözəlliyini,
milliliyini, xüsusiliyini, özünəməxsus
intonasiyasını itirsin. Görürəm ki, gənc bəstəkarlarımız bu yolla getməyə can atır. Lakin
bəzi gənclərdə bu alınır, bəziləri isə
axtarışdadır. İstedadsız və zəif bəstəkarlar müşahidə etmədik.
-Bu
yaxınlarda professor Həcər Babayevanın görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Ağabacı
Rzayevanın həyat və yaradıcılığı haqqında kitabı nəşr olunub. Bu
kitab haqqında fikirlərinizi
bilmək istərdik.
- Azərbaycanın ilk qadın bəstəkarı və dahi Üzeyir bəy Hacıbəylinin sevimli tələbələrindən biri olan Ağabacı
Rzayevanın 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin və Azərbaycan Bəstəkarlar İttifaqının
birgə həyata keçirdikləri 100 illik yubileyi R. Behbudov
adına Mahnı Teatrında yüksək səviyyədə qeyd olundu.
Ötən ilin sonunda hörmətli musiqişünas, bir neçə monoqrafiyanın müəllifi, professor Həcər xanım bu kitabı ərsəyə gətirdi. Çox çətin proses oldu. Ona görə ki, Ağabacı xanım
haqqında tarixi sənədlər çox az idi. Mən deyərdim ki, bu kitabı
hazırlamaq Həcər xanım tərəfindən
bir fədakarlıq
idi. Çünki o, Ağabacı Rzayeva
haqqında olan sənədlərin hamısını çox
çətinliklə, damla-damla
toplayıb əldə edib. Mən ona
çox minnətdaram
ki, bizim mərhum həmkarımız, Azərbaycanın ilk
qadın bəstəkarlarından olan
Ağabacı Rzayeva haqqında bir kitab hazırlayıb. Təbii
ki, o, daha böyük kitablara layiqdir. Mən inanıram ki, onun
haqqında daha böyük kitablar yazılacaq. Mən
üçün ən
önəmlisi odur
ki, onun musiqisi həmişə səslənir
və biz onun musiqisini
sevirik. Bu konsert də
bunu bir daha sübut etdi.
- Firəngiz xanım, bir az da
yaradıcılığınıza nəzər salmaq istərdik . Azərbaycanın
incəsənətində
sizin xüsusi rolunuz var. Bu gün yaratdığınız əsərlərin
çoxunda nədən ilham
alırsınız?
-
Bilirsiniz, bəstəkarın işi musiqi yazmaqdır. İlham
isə gəlməyə
də bilər. Amma peşəkar
bəstəkar onu gözləməməlidir.
Həmişə fəal və
axtarışda olmalıdır. Bu təbii ki, çətindir və bəhrələri də müxtəlif olur. Amma mən belə hesab edirəm ki, 2013-cü il mənim üçün çox uğurlu oldu. Ona görə
ki, dünyanın ən
gözəl virtuoz
skripka ifaçısı olan amerikalı Hillari bütün
dünyada mənim
“İmpuls” əsərimi ifa edib. İlk dəfə bu əsəri yanvar ayının 3-ü
İstanbulda ifa edib və
daha sonra bütün dünyada bu əsərlə çıxış edib. Artıq mənə skripka və orkestr
üçün yeni konsert sifariş edib. Bundan
başqa mənim “Sənin adın dənizdir” adlı
operamın 2011-ci ildə
Amerikanın Hyuston şəhərində premyerası
keçirildi. İndi bu operanı
Çikaqo şəhərində hazırlayırlar.
Bu çox gözəl
bir faktdır. Bundan başqa bu yaxınlarda
Sankt-Peterburqdan qayıtdım. Orada
keçirilən
böyük mədəniyyət forumunda bir
çox tanınmış bəstəkarların əsərləri
ilə
yanaşı, mənim
də əsərlərim
ifa olundu. Bu yaxınlarda bizim gənc
ifaçılarımız da bu əsərləri bizim zalımızda ifa etdilər. Bəlkə də, onların ifa etdikləri kimi olmadı.
Amma istəyi
və enerjisi məni çox
ruhlandırdı. Yeni planlarım var. Qismət olsa, onları da
işləyəcəyəm.
- Bəstəkarlar İttifaqının
2014-cü il üçün nəzərdə tutduğu layihələri varmı?
- Təbii ki, artıq bizim hər yay keçirdiyimiz ənənəvi Şəki festivalımız var.
Keçən il dördüncüsü
keçirilən bu festival çox uğurlu alındı. Bu il isə, festivalın kiçik yubileyi keçiriləcək. Ona görə də, bu festivala ciddi
hazırlaşırıq. Bu festivalın
çərçivəsi daha da genişlənir və biz çox
böyük kollektivlərin
gəlməsini gözləyirik.
Bundan başqa, 2014-cü ilin ən böyük hadisəsi Bəstəkarlar İttifaqının 80
illik yubileyidir.
Bu çox böyük bir tarixdir. Çünki dahi Üzeyir bəyin
xeyir-duası ilə
yaradılan bir qurumdur. Siz bura gələndə
onun heykəlini
görürsünüz. Çünki
Üzeyir Hacıbəyli
buranın təməlini qoyub. Ona görə
də bizim
bütün tədbirlərimiz onun adı ilə bağlıdır
və 80 illik
yubileyimizi çox yüksək
səviyyədə keçirmək
niyyətimiz var.
Xaricdən
qonaqlarımız gələcək. Özəlliklə bu tədbir
üçün yeni əsərlər yazılır. İstəyirəm ki, simfonik orkestrin
konsertində yeni əsərlər
ifa olunsun. Hamı bilsin ki, Azərbaycan bəstəkarları fəaldır
və daim
axtarışdadır. Bu yubiley konsertləri təkcə klassikanı sərgiləməsin, bizim yeni kəşflərimizi də sərgiləyə bilsin.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-14 yanvar.-S.13.