Akko sakinləri Xocalı soyqırımının dəhşətlərindən sarsılıblar
İsrailin şimalında, çoxlu azərbaycanəsilli insanların yaşadığı qədim Akko şəhər bələdiyyəsinin binasında səyyar "Justice for Khojaly" fotosərgisinin açılışı keçirilib. Qeyd edək ki, fotosərgi ötən ilin fevralında Tel-Əviv Universitetində start götürüb.
Azİz yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbirin açılışında bildirib ki, 1992-ci ilin fevralında Azərbaycan şəhəri Xocalıda baş verən faciəvi qırğını əks etdirən sənədli fotolar, artıq bir ildir ki, İsrail sakinlərinə erməni quldur dəstələrinin və silahlı birləşmələrinin içərisində qadınların, uşaqların və qocaların olduğu yüzlərlə sakini necə qırdıqları barədə informasiya verir: “İsraillilər çətinliklə inana biliblər ki, onlara Xolokost qırğınını xatırladan bu şəkillərdə gördükləri yaxın keçmişə aiddir. Dünya erməni işğalçılarının əzəli Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə apardıqları barədə həqiqətləri tam bilməlidir. Məhz bu məqsədlə də Azİz – Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası "Justice for Khojaly" kampaniyası çərçivəsində müxtəlif şəhərlərdə fotosənədlərin səyyar sərgisini təşkil edir ki, bu da dünyanın gözü qarşısında 20-ci əsrin tarixinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi düşmüş hadisələri canlandırmış olur. AzİZ İsrail xalqını və eləcə də dünyanın bütün xalqlarını erməni işğalçılarının cinayətlərini mühakimə etməyə və bu cür dünyada görünməmiş cinayətlərin təkrar baş verməsinin qarşısını almağa çağırır.
Sərginin açılışında çıxış edən Akko şəhərinin meri Şimon Lankri sözügedən dəhşətli qırğınla bağlı öz dərin kədərini və hiddətini ifadə edib: “Xocalı sakinlərinin qanlı qırğınına həsr edilmiş bu fotosərgi məni dərindən sarsıtdı, mən gördüklərimdən şoka düşdüm”. Mer ümid etdiyini bildirib ki, tezliklə işğal olunmuş Azərbaycan torpaqları geri qayıdacaq. Azərbaycanlı qaçqınlar isə öz ocaqlarına geri dönəcəklər. Şimon Lankri Azərbaycandan çıxan İsrail sakinlərinin cəmiyyətin ictimai və mədəni həyatındakı rolundan danışıb, əlavə edib ki, icmanın inkişaf imkanlarını genişləndirmək məqsədilə şəhərdə Dağ Yəhudiləri İcmasının Mədəniyyət Mərkəzinin binası tikilir. Şəhərin Dağ Yəhudiləri İcmasının başçısı Şirin Nexemiya Mixaeli təşkilatçılara öz minnətdarlığını bildirib, həmçinin qeyd edib ki, Azərbaycan yəhudiləri öz vətənləri haqqında sevgi və ən xoş təəssüratlarını qoruyub saxlayıblar. Çünki onlar əsrlərcə orada sülh və firavanlıqla yaşayıblar. Mixaeli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın proqressiv, sülhsevər siyasət yürütdüyünü bildirib və Azərbaycan xalqına sülh arzulayıb.
Sonra çıxış edən “AZİZ”in idarə heyətinin üzvü Arye Qut qeyd edib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. Bu fotosərgidə nümayiş olunan sənədli şəkillər, dözülməz, dəhşətli səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açıb. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalıya aman verməyiblər. Erməni silahlı birləşmələrinin məlləri nəticəsində 613 nəfər qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz qalıblar.
A.Qut vurğulayıb ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəldilib. Məhz buna görə də biz bu sənədli səyyar fotosərgini il ərzində İsrailin müxtəlif şəhərlərində təşkil edəcəyik. Biz hər şey etməliyik ki, İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı məlumatlansın, İsrail ictimaiyyəti və siyasi elitası “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciə ilə bağlı dəhşətli faktlar barəsində məlumatlı olsun.
Azİz-in baş direktoru Lev Spivak isə Heydər Əliyev Fonduna, "Justice for Khojaly" kampaniyasına və Akko şəhərinə, eyni zamanda AMİ təşkilatına, “Şolumi” Mədəniyyət Mərkəzinə və digərlərinə təşəkkürlərini çatdırıb.
Qeyd edək ki, Akko şəhərində
"Justice for Khojaly" fotosərgisinin
uğurla keçirilməsində
AMİ ümumisrail gənclər
ictimai təşkilatının
sədri, Azİz-in idarə
heyətinin üzvü, Akkoda absorbsiya bölməsinin
rəhbəri Rauf
Ağalarovun və
“Şolumi” Dağ Yəhudilərinin Mədəniyyət
Mərkəzinin direktoru
Simon-Tovun da böyük xidməti
olub. Həmişə olduğu
kimi, bu dəfə də
tədbir
iştirakçılarını beynəlxalq
qənnadı firması
olan “Natali” qonaq edib.
İlkin AĞAYEV
Palitra.-2014.-15 yanvar.-S.7.