Dənizi hədiyyə verirəm sənə...

Xoş bir ifadə, könül ovsunlayan söz, dillər əzbəri olan misralar yaşadır şairi. Və o şair xoşbəxt qələm adamlarındandır ki, dünyasını dəyişəndən sonra da bunu bacarır. “Anamın anasısan, Azərbaycan”-deyən və misrası ilə yurduna çələng hörməyi bacaran şair, pəncərələrə çiçək qonduraraq könüllərə ülvi sevda bəxş edən və ən əsası hansı vəzifədə çalışmasından asılı olmayaraq, ali vətəndaş duyğuları, məsuliyyəti və vətən eşqi ilə yazıb-yaratmış sevilən Xalq şairi Nəbi Xəzri də belələrindən idi.

2007-ci il yanvarın 15-i kəskin insultdan dünyasını dəyişdi. Dəyişməyən isə onun bu illər ərzində yazıb-yaratdığı əsərləri, şeirləri və nəğmələrə çevrilərək sevə-sevə oxunan şeirləri oldu.

Pəncərəmə qondu çiçək”, “Dərələr”, “Külək”, “Nar ağacı, nar çiçəyivə s. Hər nəğmə oxunduqca, hər kitab işıq üzü gördükcə, oxucu yazıçının yaradıcılığı ilə müxtəlif rakurslardan tanış olmağa başladı. Onun şeir, dramaturgiya, nəsr və tərcümə sahəsində fəaliyyəti, dövlət işində çalışması heç zaman şair hissiyyatına, incə misraların yaranmasına mane olmadı. Əksinə, çoxşaxəli fəaliyyət Nəbi Xəzri yaradıcılığını daha da zənginləşdirdi.

Bakıya xas xəzri küləyi əsdikcə, dənizlə söhbətə dalan şair istər-istəməz dünyasının diktə etdiyi fikir və düşüncələri misralara çevirdi.

Dənizi hədiyyə verirəm sənə,

Mən dedim, sən baxdın, sən gülümsədin,

Göylərin şəfəqi düşdü üzümə,

Mən isə göyləri verirəm dedim.

Ayrıldıq qəribə hədiyyələrlə

Göylər eşqim qədər mənə əzizdir

Ayrıldıq dənizlə ləpələrlə

Necə aparasan, dəniz-dənizdir,

Dənizi verdim ki, sənə hədiyyə.

MəktəbdəBöyüyəndə kim olacaqsan?” inşa yazısında uşaqların çoxu sürücü olacağını yazmışdı. Onlardan fərqli olaraq, Nəbimən şair olacağam”-deyə qeyd etmişdi. Bu uşaqlıq arzusu zamanla reallaşdı və Azərbaycan ədəbiyyatında Nəbi Xəzri imzası meydana gəldi.

Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. 1958-65-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Avə Radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrini icra etmişdir. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik etməsi Nəbi Xəzrinin üzərinə daha böyük məsuliyyət qoymuşdur.

"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), " şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitablarındakı əsərlər mövzunun məzmunundan asılı olaraq, yazıçının maraqlı düşüncə və bədii fikri oxucuya təqdim edilir. Məhəmməd Peyğəmbərə həsr etdiyiPeyğəmbər”, böyük Hun sərkərdəsi Atillaya yazdığıAtillanın atlılarıpoemaları da onun yaradıcılığında özəl yer tutur.

1944-cü ildə Azərbaycan Dövlət Radiosuna elan edilmiş diktor müsabiqəsindən keçən Nəbi Xəzri çox keçir ki, öz məlahətli səsi ilə dinləyicilərin sevgisini qazanır. 1965-71-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Dövlət Komitəsinin televiziya işləri üzrə sədr müavini işlədi. Efirdə yayımlanan verilişlərin keyfiyyətinə diqqətlə yanaşırdı. Şairin sevilən bəstəkar Tofiq Quliyevlə, Emin Sabitoğlu ilə uğurlu əməkdaşlığı neçə-neçə populyar nəğmələrin yaranmasına səbəb olub. Nəbi Xəzrinin bir çox sözlərinə mahnılar bəstələnib. Bu mahnılar Şövkət Ələkbərova, Zeynəb Xanlarova vəQayaqrupu, Gülağa Məmmədov, Müslüm Maqomayev, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilib. Onlar arasında Müslüm Maqomayevin bəstələdiyi və oxuduğu məşhurAzərbaycanmahnısı isə indi də ölkəmizə həsr edilmiş ən uğurlu mahnı kimi xarici qastrol səfərlərində, nüfuzlu mədəniyyət günlərində dinləyənləri heyran edir. Bu, bəstəkarla yanaşı, həm də mahnı mətninin əllifi Nəbi Xəzri poeziyasının ruhu və üslubuyla bağlıdır.

Bu gün də o nəğmələr səslənəndə bir çoxlarını o illərə aparır, qəribə duyğular oyadır insanda, neçə-neçə xoş xatirələr yada düşür. Nə qədər ki, bu mahnılar, şeirlər bizlərə nəyisə xatırladacaq, bu misraların əllifi, sevimli Xalq şairi Nəbi Xəzri poeziyası da daim oxunacaq və yaşayacaq

Əfsanə BAYRAMQIZI

Palitra.-2014.-16 yanvar.-S.15.