Şəhidlər ölməzdir
Bu ölməzlik
müstəqilliyimizdə,
birliyimizdə yaşayır
“Azərbaycan xalqı 1990-cı ilin yanvarında hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlıq və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. Bu ölməzlik müstəqilliyimizdə, birliyimizdə yaşayır. 1990-cı ilin 20 yanvarında Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən oğulları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Bu gün xalqımız öz milli mənliyini qorumaq üçün canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.”
Heydər Əliyev
Ümummilli lider
“Azadlıq, müstəqillik uğrunda,Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə
yaşatmalıyıq”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 24 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan o vaxtki rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 131 mülki vətəndaş öldürüldü, 700-dən çox adam yaralandı.
20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da ulu öndərimiz Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, bəyanatla çıxış etdi. Həmin bəyanatda bu hadisənin əsas səbəbkarı Mixail Qorbaçov başda olmaqla, faciədə əli olan bütün vəzifəli şəxsləri kəskin şəkildə tənqid etdi. Bu hadisəni bəşəriyyətə qarşı amansız cinayət adlandırmaqla, faciəni törədənlərin cəzalandırılmasını tələb etdi.
Heydər Əliyevin Qanlı Yanvar faciəsi ilə bağlı kəskin bəyanatı artıq Azərbaycan tarixində siyasi dövrün başlanmasını bildirirdi. 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etdi: «… 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hər bir təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər verilmədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür». Həmin çıxışında Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğuladı.
Ulu öndərin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair ərizəsində bu rejimin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdir. Həmçinin, SSRİ rəhbərlərinin Bakıda 20 Yanvar qırğını törətməklə azərbaycan xalqının azadlıq və müsətəqillik əzmini qırmağa uğursuz cəhd göstərdiyini vurğulamışdır. Ümumiyyətlə, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi ulu öndər Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq, heç bir tədbir görülməmişdir. 1990-cı il yanvar ayının 2-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdir. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamışdır.
Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. «20 yanvar faciəsinin 4-cü il dönümünün keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixlə Fərmanında deyilirdi: «Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir».
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə Parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi.
Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin Qanlı yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Ulu öndər Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində Şəhidlər xiyabanını ziyarət edən ulu öndər şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. O, bu faciəni böyük tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək, Azərbaycan xalqının milli azadlığı, eləcə də Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Ümummilli liderimiz bu məkanı Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir. Ümummilli lider Heydər Əliyev hər zaman 20 Yanvar faciəsini mahiyyət etibarilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir.
Müstəqil Azərbaycan dövləti, onun rəhbərliyi bütün tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə olduğu kimi, 1918-ci ilin mart, 1990-cı ilin 20 Yanvar, 1992-ci ilin Xocalı kimi faciəli tarixlərin anılmasına da xüsusi həssaslıqla yanaşır və bununla bağlı müvafiq tədbirlər görür. Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işlərinin aparılması bunu bir daha təsdiqləyir. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin daimi diqqətindədir. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Bakı şəhəri ilə yanaşı, respublikamızın bütün şəhər və rayonlarında anım mərasimi keçirilir. Çünki şəhidlər ölməzdir, bu ölməzlik müstəqilliyimizdə, birliyimizdə yaşıyır.
Zaur Məmmədov
Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyi
Palitra.-2014.-16 yanvar.-S.12.