Gənc elm adamları öz
tədqiqatları ilə cəmiyyətin inkişafına töhfə verirlər
Azərbaycan elminin və bu sahədə bacarıqlı mütəxəssislərin yetişdirilməsinin əsas tələblərindən biri elm üzrə mütəxəssislərin həqiqi elmlə məşğul olmaları və cəmiyyətin inkişafına öz tədqiqatları ilə töhfələr vermələridir. Gənc elm adamlarının bu yönə istiqamətləndirilməsi və ictimai inkişafa elmi fəaliyyətləri ilə impuls vermələri çox aktual məsələ hesab olunur.
Çünki inkişaf etmiş ölkələrin inkişaf tarixi və yolu da bizə göstərir ki, birinci olaraq elm sahəsində olan kəşflər, elmin iqtisadi həyata uğurlu tətbiqi sayəsində ciddi və sürətli inkişafa nail olmaq mümkündür. Bütün bunlar isə bir daha ona dəlalət edir ki, elm adamlarımız indiki dövrün çağırışlarına cavab verməyə hər an hazır olmalı, elm sahəsində dünya səviyyəsində hazırlıqlı kadr kimi formalaşmalıdır. Azərbaycan aliminin, elm mütəxəssislərinin cəmiyyətin inkişafında birbaşa, öz tədqiqatları ilə töhfə verməsi zamanı çoxdan gəlib çatıb.
Qeyd edək ki, yuxarıda bildirilən mövzu Azərbaycanın tanınmış elm adamlarını və zəka sahiblərini də çoxdan düşündürür. Azərbaycan elminin perspektivləri müasir gəncliyin elmi-tədqiqat işinə necə cəlb olunmasından, onlar üçün müvafiq elmi mühit yaradılmasından asılıdır. Üstün elmi-tədqiqat istiqamətlərinin düzgün seçilməsi, tələbə, aspirant və gənc alimlərin intellektual potensialının ölkəmiz üçün gərəkli olan problemlərə yönəldilməsi elm təşkilatçılarının, elmi-tədqiqat institutları və ali məktəb rəhbərlərinin başlıca vəzifələrindən biridir. Yaxın keçmişdə kommunist ideologiyası cəmiyyətşünaslıq sahəsindəki tədqiqatları məhdudlaşdırdığından, cəmiyyətin obyektiv tədqiqinə yol verilmədiyindən bütün intellektual potensial əsasən təbiət elmləri və riyaziyyata yönəldilirdi. Ona görə də cəmiyyətin, iqtisadiyyatın, təsərrüfatın elmi əsaslarla idarə olunması, menecmentin, tətbiqi sosiologiyanın, tətbiqi kulturologiyanın bir elm kimi təşəkkül tapması ancaq kapitalist ölkələrinə xas olan bir hadisə idi. İndi ictimai elmlərin həqiqi bir elm kimi inkişafı üçün meydan açılıb. Həmçinin milli dövlət quruculuğu bu sahədəki tədqiqatların aktuallığını daha da artırır və intellektual potensialın daha çox bu sahəyə yönəldilməsini tələb edir. Hər hansı bir dövlət beynəlxalq miqyasda yalnız o zaman özünü müstəqil hiss hiss edə bilər, öz mənafeyini müdafiə edə bilər ki, mövcud geopolitik kontekstdə onun yeri dəqiq surətdə araşdırılmış olsun, bu sahədə ciddi fəlsəfi, siyasi, iqtisadi tədqiqatlar aparılmış olsun, bir sözlə, praktik fəaliyyət elmi zəmində aparılsın. Bu gün Azərbaycan beynəlxalq siyasət arenasına inamla çıxa bilirsə, özünəxas siyasi mövqeyi və nüfuzu varsa, bunların hamısı ancaq onun rəhbərinin şəxsi nüfuzu, beynəlxlaq siyasi təcrübəsi və böyük intellektual potensialı sayəsində mümkün olur. Amma cəmiyyətin bütün pillələrdə, ayrı-ayrı müəssisə və təşkilatlardan başlamış, ümumölkə miqyasına qədər elmi əsaslarla təşkili və idarə olunması üçün müasir Azərbaycan cəmiyyətşünaslığının yaradılmasına böyük ehtiyac var və bu işə heç bir şübhəsiz, marksist-leninçi təfəkkürün təsirindən azad olan gənc cəmiyyətşünas alimlərin cəlb edilməsi tələb olunur.
Eyni zamanda, elm sahəsində dövrün tələblərinə uyğun insan kapitalının formalaşdırılması ilə bağlı görülən tədbirlər, həyata keçirilməli olan strategiya və bu sahədə reallaşdırılması aktual olan digər məsələlər barədə elmi-nəzəri müzakirələr də vacibdir. Ölkə ictimaiyyəti istər ümumilikdə, istərsə də sırf elm sahəsində insan kapitalının mahiyyəti, zəruriliyi və vacibliyi ilə bağlı hərtərəfli və geniş informasiyaya malik olmalıdır. Formalaşmaqda olan gənc nəslin yeni və ölkənin inkişafı üçün zəruri olan sahələr üzrə ixtisaslaşması, onların lazımi səviyyədə təhsil almalarında, eləcə də valideynlərin təhsil-ixtisas məsələləri ilə bağlı şüurunun dövrün tələbinə uyğun formalaşması günün əsas tələblərindən birinə çevrilib. Bu, istər ictimaiyyət, istərsə də ümumilikdə elm adamları və ekspertlər üçün mühüm önəm kəsb edir. Eləcə də bu sahədə elmi-tədqiqatlar, layihələr və nəşrlərin olması cəmiyyətdə sözügedən məsələdə təkmil anlayış və informasiyaların olmasına zəmin yaradır. Bu baxımdan “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Kulturologiya Mərkəzinin eksperti Tamerlan Dəmirbəylinin “Akkulturasiya” kitabı barədə bildirmək yerinə düşər. Qeyd edək ki, kitab, 2013-cü ilin oktyabr-dekabr aylarında Bakıda həyata keçirilən, Prezident İlham Əliyevin ölkə ziyalıları qarşısında qoyduğu Azərbaycanda insan kapitalının inkişafı strateji vəzifəsinin həyata keçirilməsinə “Simurq” AMA-nın daha bir töhfəsi olan “Akkulturasiya və inkulturasiya” innovativ kulturoloji layihəsinin nəticəsidir.
“Mədəni inkişafla - işıqlı gələcəyə doğru” devizi altında keçirilən layihənin başlıca məqsədlərindən biri - ölkə başçısı İlham Əliyev tərəfindən bəyan edilən müasir şəraitdə Azərbaycanın strateji inkişafının əsas prioriteti kimi, “biliklər cəmiyyəti”nin və insan kapitalı inkişafının əsasını təşkil edən intellektual mədəniyyətin inkişafı üçün zəruri olan universal kulturoloji biliklərin yayılması olmuşdur. Layihənin mühüm vəzifəsi gənc menecerlərə inkişaf etməkdə olan “biliklər iqttisadiyyatı” üçün biliklərin hazırlanmasına, biznesdə, sahibkarlıqda innovasiyaların dinamik inkişafına, ali təhsil müəssisələrində ekspertizaların, “elmi parklar”ın və “biznes inkubasiyaları”nın həyata keçirilməsində kulturoloji tədqiqat elmi metodlarının mənimsənilməsinə vətəndaş yardımı olub. Tələbə gənclər arasında universal kulturoloji biliklərin yayılması məqsədini daşıyan layihə - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, “Simurq” AMA-nın, Kulturologiya Mərkəzinin və Xəzər Universitetinin “Best Frends” təhsil və karyera Mərkəzinin təşkilati dəstəyi ilə keçirilib. Beynəlxalq sosial-mədəni təcrübəni əks etdirən, ideya və formasına görə unikal olan interaktiv kulturoloji seminarlar, iştirakçıların bilik səviyyəsini aşkar etməyə imkan verən video-təqdimatları, işgüzar oyunları, “beyin hücumları”nı, debatlar və diskussiyarı, fokus-qrupları, kulturoloji sorğu vərəqlərini daxil edib. Məşğələlər - “Kulturologiya və milli inkişaf”, “Kulturoloji layihələrin hazırlanması və idarə edilməsi”, “Kulturoloji inkişaf və xidmət mədəniyyəti” , “Biliklər menecmenti”, “İntellektual kapital”, “Sosial-mədəni siyasət”, “Biliklər iqtisadiyyatı”, “Ailə mədəniyyəti”, “Şəxsiyyət mədəniyyəti” və s. kimi mövzuları əhatə edib.
“İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları çərçivəsində yerinə yetirilən layihə dairəsində “”Biliklər cəmiyyəti”nin formalaşmasında gənclər siyasəti və gənclərin rolu" mövzusunda bir sıra interaktiv seminarlar, fokus-qruplar və master-klasslar təşkil edilmişdir. Layihənin həyata keçirilməsi prosesində 100 nəfərə yaxın gənc müxtəlif profilli mütəxəssislərin hazırlanması üçün kulturoloji təhsilin vacibliyini dərk etmək, “İntellektual mədəniyyət”, “idarəetmə mədəniyyəti”, “işgüzar münasibətlər mədəniyyəti”, “liderlik mədəniyyəti”, “sülh mədəniyyəti” kimi mövzular üzrə kulturoloji bilikləri məınimsəmək imkanını əldə etdilər.
Layihə iştirakçılarına Azərbaycan Respublikası yanında Gənclər Fondunun və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının “Mədəni siyasət üzrə vətəndaş ekspertləri” sertifikatları verilib. Bu layihənin nəticələri üzrə Tamerlan Dəmirbəyli tərəfindən, Azərbaycan gəncləri arasında bilikləri idarəetmə sistemlərinin qurulması üçün rəhbər olan “Akkulturasiya” kitabı dərc edilib. Kitabda müəllifin sistemli kulturoloji tədqiqatlarının nəticəsi əks olunur, ilk dəfə onun tərəfindən işlənib hazırlanmış “tərs piramidalı” effekt formulu - tələbatların artım indikatoru təqdim edilir, yeni “Homo culturalis” insan tipinin formalaşması prosesində akkulturasiya və inkulturasiyanın rolu göstərilir, həmçinin layihə iştirakçılarının - tələbə gənclərin kulturoloji məqalələri verilir. Kitabda müəllifin, cəmiyyətin mədəni inkişafının üstünlüyünü və həyat qabliyyətini göstərən, onun siyasi və iqtisadi inkişafa müəyyən edici təsirini və rolunu göstərən orijinal kulturoloji işləmələri və formulları təsvir edilir.
“Akkulturasiya” kitabının nəzəri hissəsində insanın mürəkkəb inkişaf problemlərinin həllində kulturologiyanın əvəzedilməz rolu əsaslandırılır, akkulturasiyanın konseptual modelləri, “biliklər menecmenti” və “biliklər iqtisadiyyatı”nın əsasları, kreativ sinfin və gələcəyin qurulması qabiliyyətlərinin inkişafı üçün generalist metodunun üstünlüyü göstərilir. Burada həmçinin, idarəetmə effektivliyinin yüksəldilməsi məqsədilə kulturoloji tədqiqatlar metodunun qiymətləndirilməsi həyata keçirilir, korporativ mədəniyyət, xidmət mədəniyyəti, orta sinfin mahiyyəti, gələcəyin ssenariləri və strategiyaları, gələcəyin inkişaf indeksi, delfi metodu təsvir edilir. Azərbaycanda insan kapitalının inkişafı üçün bu mövzuda kitabların daha çox yazılması və intensiv elmi-tədiqatların aparılması olduqca böyük önəm kəsb edir.
İlkin AĞAYEV
Palitra.-2014.-16 yanvar.-S.11.