“Bugünkü
gənclik milli tariximizi
yaxşı öyrənməlidir”
“20 Yanvar dövlət səviyyəsində qeyd edilir. Ona görə
ki, burada dövlətçilik
məsələsi
ortaya qoyulmuşdu. Bu, dövlətçiliyin
qorunması və ona
doğru gedən yolda, azadlıq uğrunda şüurlu
bir mübarizə idi”
Layihə çərçivəsində budəfəki yazımız Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan 20 Yanvar faciəsi ilə bağlıdır. 20 Yanvarda öz canından keçərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Dillər Universitetinin İngilis dili fakültəsinin tələbəsi olmuş, vətənpərvər şair Ülvi Bünyadzadə idi. Müsahibimiz filologiya elmləri doktoru, Ülvi Bünyadzadənin bibisi Almaz Ülvi ilə məhz bu tarixdə fədakarlığı ilə ölümsüzləşən Ülvi Bünyadzadə ilə bağlı söhbətləşdik:
- 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə və dövlətçilik tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin dövrdə ölkəmizə qarşı ərazi iddiaları irəli sürənlərə qarşı Bakının küçələrinə və meydanlarına çıxan xalq kütlələrinin üzərinə sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, dövlətçilik tariximizdə önəmli yer tutan 20 Yanvar tarixini xalqımız daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. 20 Yanvarda öz canından keçərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Ülvi Bünyadzadədir. O, mübariz bir vətəndaş, həmin dövrdə bütün baş verən hadisələrin önündə gedən gənclərdən biri idi. Hətta hərbi xidmətdə olarkən Qarabağ problemi ilə bağlı “Xətai” adlı təşkilat yaratmışdı. Məqsədi o idi ki, Qarabağ problemini orada yaşayan xalqlara çatdırsın. Ülvi Azərbaycan həqiqətlərini orada nəşr olunan mətbuatda da dərc etdirdiyini deyirdi.
Şəhid olduqdan sonra onun yazdığı bir “And” var ki, mən onu tapdım, həmçinin hərbi xidmətdə olarkən göndərdiyi şeirləri topladım. O şeirlərdə onun xarakteri, dünyagörüşü, mübarizədəki konkret mövqeyi əks olunurdu. Ümumiyyətlə, şeirlərində həm Vətənə məhəbbət hissi var, həm də özünün intellekti açılır. Eyni zamanda o şəhid olduqdan sonra onun hekayələrini çap etdirdim və çox qəribədir ki, bu hekayələrdə onun taleyi öz əksini tapıb. Hətta onun “Tale” adlı bir hekayəsi var, orada sanki 20 Yanvarda baş verəcək hadisələr göstərilir. Bundan başqa onun pyesləri, dünya ədəbiyyatından ingilis dilindən tərcümələri var idi və bu o dövr üçün çox böyük hadisə idi. Eləcə də o bunları 20 yaşında- çox qısa bir ömürdə edib. Mən gənclərə tövsiyə edərdim ki, onu bir örnək kimi götürsünlər. Biz orta məktəbdə oxuyarkən Zoya Kosmediyanskaya, Ulyanova kimi rus gənclərini bizə örnək kimi təlqin edirdilər. Amma biz tariximizə baxanda görürük ki, bizim örnək olacaq çox sayda oğullarımız olub. İndiki gənclik Ülvinin məhz həmin “And”ını özlərinə həyat amalı seçməlidirlər. Ülvi Azərbaycan torpağının bütövlüyü, azadlığı uğrunda şəhid olub. O, Vətənə öz borcunu verdi, amma burada yazılanların bizə, gəncliyimizə, dövlətimizə aidiyyəti var. Təsadüfi deyil ki, hər il 20 Yanvar dövlət səviyyəsində qeyd edilir. Ona görə ki, burada dövlətçilik məsələsi ortaya qoyulmuşdu. Bu, dövlətçiliyin qorunması və ona doğru gedən yolda, azadlıq uğrunda şüurlu bir mübarizə idi. O gecə uşaqlar, gənclər, yaşlılar da şəhid oldu. Məncə, məhz həmin gecə qurban lazım idi. Mən Ülvinin xarakterini bilirdim və o həmin gecə şəhid olmasaydı özünü bağışlamazdı. Həmin gündən etibarən bizim təskinliyimiz də odur. İstərdik ki, bugünkü gənclik bu milli tariximizi öyrənsin, bilsinlər ki, milli dövlətçiliyimiz kimlərin qanı üstündə qurulub. Mən çox təəssüf edirəm bügünkü gənclik onu o qədər də tanımır. Onun yazdığı “And”ı dəfələrlə qəbrinin üstünə qoysam da götürüb atıblar. Ona görə qoymuşdum ki, oradan keçənlər onu oxusunlar, görsünlər ki, kimlər şəhid olub. O gecə təsadüfi, yoldan keçən adamlarla yanaşı, məqsəd uğrunda o meydana çıxan adamlar da şəhid olublar, şüurlu surətdə həyatlarını qurban verən adamlar olub.
- “Ülvi Bünyadzadə Xatirə
Muzeyi” yaradılmışdı. Muzeyin hazırkı fəaliyyəti
ilə
bağlı nə deyərdiniz?
- Həmin dövrdə bütün idarə və obyektlərdə hadisələrlə bağlı otaq, guşə düzəltmişdilər. O cümlədən də həmin dövrdə siyasi hadisələrdə iştirak edən bəzi insanlar Dillər Universitetində bir otaqda toplaşırdılar. Onların sırasında tanınmış alim və ziyalılarımız da var idi. Gənclərin içərisində də ən nümunəvisi Ülvi idi. Bu hadisələr olduqdan sonra ziyalılar bizə gəlib bildirdilər ki, bir muzey yaratmaq istəyirik. Biz tərəddüd etdik, çünki hələ özümüzü buna hazır hiss etmirdik. Lakin sonra gəlib muzey üçün onun əlyazmalarını, şəxsi əşyalarından götürdülər. Hələ o vaxtı Azərbaycanın Müstəqillik aktı imzalanmamışdı. Lakin 1918-ci ildə Azərbaycanın müstəqilliyinin elan olunduğu günü əsas götürərək may ayının 28-də muzey açılışı oldu. O muzeyə bütün ali təhsil ocaqlarından ziyalıları, görkəmli alimləri, yazıçıları, şairləri, o cümlədən ailə üzvlərini dəvət etdilər. Onun orada şəxsi əşyaları var idi, ona nəzarət üçün məni təyin etmişdilər. Muzey 2002-ci ilə qədər fəaliyyət göstərdi. Lakin sonralar nədənsə o muzeyin fəaliyyəti dayandırıldı.
- Ülvi
Bünyadzadənin bəzi
kitabları xarici dillərə
tərcümə
olunub. Hazırda onun
kitablarının nəşri nəzərdə
tutulurmu?
- Onun kitablarından biri ingilis, rus, türk, gürcü dilində tərcümə edilib. Bugünlərdə Gürcüstandan mənə zəng etdilər ki, biz onun şeirlərini, poemasını rus dilində təcili olaraq 20 Yanvara qədər çap etmək istəyirik. Mən onlara lazımi materialları göndərdim. Türkiyə mətbuatında onunla bağlı kifayət qədər yazılıb. Bundan başqa onun poemasını qırğız, qazax, özbək dillərinə tərcümə edib, çap edəcəklər. 1985-86-cı illərdə SSRİ-nin tərkibində yaşayan türkdilli xalqları Əfqanıstana göndərmişdilər. Ülvi o hadisələrlə bağlı bir “Qansızlar” povesti və “Ömür yolu” adlı poema yazmışdı. Çox maraqlı poemadır. Həmin poema 10 dilə tərcümə olunub. Azərbaycanda da 1990-cı ildə birinci kitabı çap olundu. 1993-cü ildə onun bütöv poeması, povesti, pyesləri, tərcümələri, hekayələri, şeirləri “Bir ölümün acığına ” adında kitabda çap olundu. 1998-ci ildə digər kitabı çap olundu. 2005-ci ildə isə “Sənin oxşarın bənövşədir” adlı kitabı çap olundu. 2009-cu bir kitab, bir də 5 dildə poeması çap olunub. Bu il onun onun “Dünya ədəbiyyatından tərcümələr” kitabını nəşr üçün hazırlayıram. Bu il Ülvinin 45 illiyidir. Bundan başqa onunla bağlı çoxsaylı məqalələr, poemalar çap olunub, sonra kitablar, dissertasiyalar yazılıb. Amma mən istərdim ki, bugünkü gənclik üçün onun həyat yolu həqiqətən də bir örnək olsun. Onun “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməyə” fikri çox sadə, yaddaqalan bir fikirdir. Bu fikirləri o, 13 yaşında deyib.
Bir fikri də bildirmək istərdim ki, bütün bu kitabları mən öz maliyyə vəsaitim hesabına çap etdidirəm. 20 Yanvar hadisələri dövlət səviyyəsində qeyd edilir, bu hadisələrdə şəhid olan Ülvinin kitablarının da çap olunması vacibdir. Mən onun kitablarını çap etdirməyi özümə borc bilirəm.
Nigar Abdullayeva
Palitra.-2014.-17 yanvar.-S.11.