Muğamın inkişafına xidmət edən layihə

“Gəncləşən muğam-5” layihəsində 2005-ci ildən başlayaraq keçirilən 4 muğam müsabiqəsinin əsas qalibləri, diplomantları və sənətə yeni qədəm qoyan gənclər-ümumilikdə 51 xanəndə iştirak

edəcək

Layihə çərçivəsində təqdim etdiyimiz yazı muğam sənəti ilə bağlıdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam milli sərvətimiz sayılır. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. 2003-cü ildə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına daxil edilib. Əsrlər boyu formalaşan bu sənət XX əsrin əvvəllərində xalq şənliklərindən, toylardan, bayramlardan ayrılmayaraq, konsert salonlarında səslənməyə başlayıb. Həmin dövrdə mərhum Üzeyir Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü yaradıb.

Azərbaycanın musiqi mədəniyyətində elə bir janr yoxdur ki, orada muğamın təsiri olmasın. Son illər ölkəmizdə muğamın inkişafına, təbliğinə, genişlənməsinə, yayılmasına və qorunmasına dair bir çox işlər həyata keçirilir.

AMEA-da “Muğamşünaslıq” adlı yeni şöbə yaradılır

Bu işlərin nəticəsi olaraq Azərbaycan Elmlər Milli Akademiyasında (AMEA) “Muğamşünaslıq” adlı yeni şöbə yaradılır. Bu barədə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli mətbuata məlumat verib. İ.Həbibbəyli bildirib ki, yeni şöbə AMEA tarixində ilk dəfə olaraq muğam sənətini elmi cəhətdən öyrənəcək. Şöbə akademiyanın Memarlıq və İncəsənət İnstitutunun nəzdində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, ölkədə bu vaxta kimi keçirilən muğam müsabiqələri böyük rezonans doğurmaqla yanaşı, muğamın milli-mədəni inkişafına böyük təkan verib: “Amma muğam haqqında olan elm muğam müsabiqələrinin fonunda yenidən təşkilatlanmağa borcludur. Ona görə akademiyada Azərbaycan muğamlarını, bu sənəti öyrənəcək yeni “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, müxtəlif institutlarda çalışan, əruz vəzni, muğam sənəti, ifaçılığı, tarixi ilə məşğul olan şərqşünas alimləri birləşdirəcək bir şöbə olacaq. Yeni şöbədə ölkənin mədəni həyatında baş verən muğamla bağlı proseslər vahid qaydada elmi cəhətdən öyrəniləcək. Yeni şöbənin yaradılması ilə bağlı ilkin işlər aparılır, bununla bağlı yaxın günlərdə akademiya rəhbərliyi yekun qərar qəbul edəcək”.

İ.Həbibbəyli qeyd edib ki, bu vaxta kimi akademiyada xalq sənəti, musiqisi ilə bağlı ayrı-ayrı elmi-tədqiqat şöbələri olub. İndiyə kimi muğamın xalq musiqisi şöbələrində öyrənildiyini deyən vitse-prezident vurğulayıb ki, muğam özünəməxsus keyfiyyətlərə malik olduğu üçün ayrıca tədqiq olunmağa layiqdir: “Ona görə akademiyada xalq musiqisi şöbəsini qoruyub saxlamaq şərtilə “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, akademiyanın tarixində bir ilk olacaq. Burada muğam sənətinin tarixinin, ənənələrinin, nəzəriyyəsinin bu günü və gələcəyi öyrənilərək sistemli təqdim ediləcək”. Muğamın inkişafına xidmət edən layihələrdən biri Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Gəncləşən muğam” layihəsidir. Xalq artisti, professor Mənsum İbrahimov ilə əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun bu birgə layihəsi çərçivəsində fevralın 2-də Heydər Əliyev Sarayında “Gəncləşən muğam-5” adlı konsert keçiriləcək.

 

İştirakçılar 12 yaşından tutmuş 35-36 yaşadək müxtəlif qrupları əhatə edəcək

Xalq artisti, professor Mənsum İbrahimov müsahibəsində layihə haqqında geniş məlumat verib. Bildirib ki, layihəni ilk dəfə həyata keçirəndə tamaşaçılar və sənətkarlar tərəfindən çox maraq yarandığından onu davam etdirmək və hər il fevralın 2-də ənənəvi olaraq keçirilən Azərbaycan Gəncləri Gününə həsr etmək qərarına gəlinib. Layihənin adı özündə yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir. Əgər ilk dəfə konsert yalnız tələbələrimizin iştirakı ilə təşkil olunubsa, sonrakı illərdə layihənin əhatə dairəsi genişlənib, bu dəfə isə daha böyük miqyas alıb. Yəni “Gəncləşən muğam-5” layihəsində 2005-ci ildən başlayaraq keçirilən 4 muğam müsabiqəsinin əsas qalibləri, diplomantları və sənətə yeni qədəm qoyan gənclər, beləliklə, tanınmamış ifaçılar, ümumilikdə 51 xanəndə iştirak edəcək. İştirakçılar 12 yaşından tutmuş 35-36 yaşadək müxtəlif qrupları əhatə edəcək. Həmçinin təkcə xanəndələr deyil, tar və kamança ifaçıları da onları müşayiət edəcək. Bu həm də mənim sənət dostlarım olan əməkdar artistlər tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun ideyasıdır. Hazırda onlar musiqiçilərlə işləyirlər. Layihə çərçivəsində ərsəyə gələn konsertin hər dəfə fərqli formatda təqdim edildiyini deyən Mənsum İbrahimov bu dəfəki ifaların keçən ilki kimi duet, sırf konsert deyil, teatrlaşdırılmış kompozisiya şəklində təqdim olunacağını diqqətə çatdırıb. Layihəyə Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının dəstəyini vurğulayan görkəmli xanəndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, konsertə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verəcəyini qeyd edib.

Bildirib ki, layihə çərçivəsində biz həm yeni gənclərimizi tamaşaçılara təqdim edirik, həm də tanınmış xanəndələrin kompozisiya şəklində o ifaçılarla birləşib muğamlarımızdan kompozisiyalar qururuq. KonsertdəLeyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarından da kompozisiyalar olacaq. Onları da biz sırf gənc ifaçılara vermişik. Aparıcılar da muğam parçalarına aid maraqlı fikirlər söyləyəcək, səhnə tərtibatı gözəl olacaq. Konsertdə Təbrizdən də xanəndə çıxış edəcək. Hesab edirəm ki, konsert Azərbaycan Gənclər Gününə gözəl bir töhfə olacaq.

Tanınmış xanəndə vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyətimizin və incəsənətimizin, o cümlədən muğam sənətimizin təbliğində və tanıdılmasında müstəsna rolu var. Bu sahədə çalışan sənət adamlarına böyük dəstək və qayğı göstərilir. Azərbaycan beynəlxalq muğam festivallarına uğurla ev sahibliyi edir. Məhz bu çərçivədən, həmin layihənin davamı kimi konsertə beynəlxalq muğam festivalları münsiflər heyətinin üzvləri, ustad sənətkarlarımız, ziyalılarımız, müxtəlif peşə sahiblərini dəvət edəcək və gənclərimizi onlara təqdim edəcəyik. Belə tədbirlərdə hansısa bir gəncin yolu açılır, onun ifası kəşf edilir. Mənsum İbrahimov deyib: “Artıq məşqlər, eləcə də rəqabət başlayıb. Ümid edirəm ki, nəticə yaxşı olacaq. Fürsətdən istifadə edib, tamaşaçıları fevralın 2-də Heydər Əliyev Sarayında reallaşacaq layihəni izləməyə dəvət edirəm”.

Layihənin digər müəllifləri olan Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov bildiriblər ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının, eləcə də onun nəzdindəki musiqi kollecinin tələbələri, böyük sənətkarlarımızın tələbələri də çıxış edəcəklər. Xanəndələri 14 duet, yəni, tar və kamança ifaçıları müşayiət edəcəklər.

Məşqlərdə gənclərin rəqabəti və böyük məsuliyyəti hiss olunur. Rəqabət ondan irəli gəlir ki, hər kəs özünü səhnədə daha yaxşı göstərməyə çalışır. Məsuliyyətdən isə ondan irəli gəlir ki, onlar ulu öndərin adını daşıyan Heydər Əliyev Sarayında çıxış edəcəklər. Bu xoşbəxtlik isə hər sənətçiyə, ifaçıya nəsib olmur. Tamaşaçıların hər il konserti diqqətlə izləmələri bizi dəstəkləmələri isə ifaçılarımıza böyük ruh yüksəkliyi və güc verir.

Anar Miriyev

Palitra.-2014.-18 yanvar.-S.11.