Marzuki Alie: “İndoneziya parlamenti
Xocalıya görə Ermənistanın
səfirlik
açmasına qarşıdır”
(Əvvəli ötən
sayımızda)
-Bildiyiniz kimi, artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya kimi dövlətlər və ABŞ-ın bir sıra böyük ştatları Xocalı soyqırımını dövlət səviyyəsində rəsmən tanıyıblar. Hətta Türkiyə Ermənistanla olan sərhədini bağlayıb, Pakistan isə Ermənistanı dövlət kimi tanımaqdan imtina edib və adları çəkilən dövlətlər soyqırımı törədən şəxslərin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməsini və erməni işğalına son qoyulmasını tələb ediblər. Keçən il sizin böyük səyləriniz və dəstəyiniz sayəsində İndoneziya Parlamentinə Xocalı soyqırımının tanıdılması üçün edilən müraciətə ilk olaraq siz imza atdınız. Xocalı soyqırımı tezliklə İndoneziya Parlamentində dövlət səviyyəsində rəsmən tanınacaqmı? Əlbəttə ki, sizin səylərinizin nəticəsi olaraq.
-İndoneziya hökumətinin və parlamentinin müxtəlif beynəlxalq məsələlər üzrə fikirləri və addımları daim eyni olur. Bu hal ona görə baş verir ki, müxtəlif beynəlxalq miqyaslı məsələlərdə İndoneziya Respublikasının hökuməti (icraedici hakimiyyət) və Parlamenti (qanunverici hakimiyyət) arasında hər zaman koordinasiya əlaqəsi mövcuddur.
İndoneziya hökumətinin və parlamentinin mövqeyi Xocalı faciəsi və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı təcavüzü məsələlərində eynidir. Bu, İndoneziya xalqının mövqeyini də əks etdirən xalqın tutduğu yol və milli dəyərlərindən ibarət, 1945-ci il Konstitusiyasının preambulasında qeyd edilən bütün təcavüz və işğal fəaliyyətlərini pisləyən və buna qarşı çıxan - bura Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətinə təcavüzü və işğal faktı kimi məsələlər də daxildir, eləcə də azadlıq, sülh və sosial ədalətə əsaslanan dünya nizamının həyata keçirilməsindən ibarətdir.
Dağlıq Qarabağın işğalı faktının və insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının tanınması məsələsində İndoneziya hökumətinin və parlamentinin rəsmi mövqeyi müxtəlif dövlət səviyyəli və beynəlxalq miqyaslı tədbirlərdə rəsmən bəyan edilib.
Bununla da mən bildirmək istəyirəm ki, İndoneziya xalqı olaraq bu cür fundamental və əsas insan azadlıqlarına, beynəlxalq hüquqa zidd olan Ermənistanın müstəqil Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa təcavüzü ilə bağlı mövqeyimizdən dönməyəcəyik.
Bu mövqeyimiz İndoneziya xalqının əsas milli dəyərlərindən ibarət olan 1945-ci il Konstitusiyasının Preambulasında aydın şəkildə ifadə olunub.
-2012-ci ildə İndoneziyanın Palembanq şəhərində İƏT (İslam Əməkdaşlıq Təşkilatı) üzv dövlətlərinin Parlament İttifaqının Ermənistanın işğalçı siyasətinə son qoyulması və Xocalı soyqırımını tanıması üçün qətnamə qəbul edildi. İndoneziya, ən böyük müsəlman ölkəsi olaraq Xocalı soyqırımını tanıyıb və bu digər üzv dövlətlərin də Xocalı soyqırımını tanımasına təkan verə bilərmi?
-28 fevral 2013-cü il tarixində İndoneziya Universitetində “Xocalı soyqırımının 21-ci İldönümü” çərçivəsində keçirilən tədbirdə mən, Xocalı şəhərində insanlıq əleyhinə törədilmiş cinayət hadisələri haqqında bəyanat vermişdim.
Bundan başqa, Xocalı şəhərində insanlıq əleyhinə törədilmiş cinayət hadisələri və Xocalı soyqırımı məsələsi 24 - 31 yanvar 2012-ci il tarixində İndoneziyanın Palembanq şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının yeddinci sessiyasında da müzakirə edilmişdi.
Bunun nəticəsi olaraq, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Xocalı soyqırımını da özündə ehtiva edən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında 15-PE / 7 - CONF saylı qətnaməsinin 15-ci bəndini göstərmək olar: “Konfrans ... üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir”.
Bu məsələdə, Azərbaycanın bir neçə strateji İƏT Pİ üzv dövlətləri ilə daha da yaxınlaşmağa ehtiyacı var və İƏT Pİ üzv dövlətlərini insanlıq əleyhinə törədilmiş cinayət olan Xocalı soyqırımının tanıdılması və Dağlıq Qarabağ məsələsinin həllində səylərinin artırılması, İƏT Pİ çərçivəsində əldə oluna biləcək konkret nəticələr üçün çağırışlar etməsini təklif edirəm.
-Bildiyimiz qədər Ermənistan İndoneziyada səfirlik açmaq istəyəndə İndoneziya narazılığını bildirmişdi. Bu, Dağlıq Qarabağ münaqişəsində İndoneziyanın mövqeyi və Azərbaycan-İndoneziya münasibətləri ilə bağlı idimi? Ümumiyyətlə, İndoneziyada erməni diasporu fəaliyyət göstərirmi?
-Cakartada Ermənistan səfirliyinin hələ də olmaması Ermənistan Respublikasının müvəqqəti texniki problemləri ilə bağlıdır. Ermənistanın prezidenti Serj Sərkisyan İndoneziyaya təyin etdiyi namizəd səfirin adını açıqlayıb, bu, xanım Anna Ağacanyandır. Eşitmişəm ki, Ermənistan hökumətinin sorğu qrupu hazırda Cakartada Ermənistan səfirliyi açmaq üçün ərazi axtarır və bu il Ermənistan səfirliyinin Cakartada açılması təxmin edilir.
Lakin, İndoneziya Respublikasının parlamenti, həm İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının 1-ci Komissiyası, həm də İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının rəhbərliyi İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımında mövqeyini əsas gətirərək, artıq İndoneziya hökumətinə Ermənistanın Cakartada səfirlik açmasının təxirə salınması üçün müraciət edib.
Dağlıq Qarabağ və Xocalı soyqırımı məsələsində bizim mövqeyimiz dəyişməzdir və 1945-ci il İndoneziya Respublikası Konstitusiyasının preambulasının 1-ci və 4-cü abzaslarında bütün təcavüz və işğal fəaliyyətlərini pisləyən və buna qarşı çıxan, eləcə də azadlıq, sülh və sosial ədalətə əsaslanan dünya nizamının həyata keçirilməsində iştiraka əsaslanır.
2014-cü ildə Cakartada Ermənistan səfirliyinin açılması planları İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımı məsələsində tutduğu ədalətli mövqeyini və siyasətini dəyişməyəcək. Belə ki, İndoneziya BMT Baş Assambleyasının 2008-ci ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə” dair 62/243 saylı qətnaməsini və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı dörd qətnaməsini, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü adlı 15-PE/7-CONF saylı qətnamələrini dəstəkləyir.
Bildiyimiz kimi, BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsi (2008) Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə davam edən hörmət və dəstəyi bir daha təsdiqləyir. Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir. Azərbaycanın işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına dair ayrılmaz hüquqlarını bir daha təsdiq edir.
Ümid edirik ki, Ermənistanın Cakartada səfirlik açmaq planları İndoneziya - Azərbaycan dostluq münasibətlərinə xələl gətirməyəcək.
Bundan başqa, İndoneziyada erməni diasporunun fəaliyyətinə gəldikdə, bu günə kimi İndoneziyada nə qədər erməninin fəaliyyət göstərməsi barədə hələ ki heç bir rəsmi məlumatımız yoxdur. Amma müasir dövrdə dünyada qloballaşma və azad ticarət üçün açıq olan İndoneziyaya Ermənistan vətəndaşlarının biznes, təhsil və digər məqsədlər üçün gəlməsinin qarşısını ala bilmərik. Çünki İndoneziya Respublikası və Ermənistan arasında diplomatik əlaqələr zəif də olsa, mövcuddur. İndoneziya və Ermənistan arasında diplomatik əlaqələr Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən və Ukrayna, Gürcüstan və Ermənistana təyin olunmuş İndoneziya Respublikasının səfirliyi vasitəsilə həyata keçirilir.
-Dağlıq Qarabağ münaqişəsinin həlli və Xocalı soyqırımının tanınması üçün gözləntiləriniz və müsahibəmiz üçün son sözünüz.
-İndoneziya xalqı Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımı məsələsində Azərbaycan xalqının mübarizəsini və haqlı mövqeyini bütünlüklə dəstəkləyir.
Biz ümid edirik ki, Azərbaycan xalqı bu mübarizədə uğurla qalib gələcək və Azərbaycan Respublikası ərazi bütövlüyünü tam bərpa edəcək, insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımını törədən şəxsləri mühakiməyə cəlb etməyə nail olacaq, həmçinin suveren dövlət olan Azərbaycan Respublikasının hakimiyyəti altında olan bütün ərazilərində xalqı üçün sülhün və inkişafın təmin edilməsi məqsədlərinə çatacaq.
Tural
Palitra.-2014.-23 yanvar.-S.5.