Ölkəmizdə konqres
turizminin inkişafı üçün
böyük potensial var
Aydan Qəmbərova:
“Azərbaycan
Konqreslər
Bürosunun başlıca fəaliyyəti
Azərbaycanı
beynəlxalq
biznes, konfrans, görüş və mərasimlərin
keçiriləcəyi mərkəz
kimi təbliğ
etməyə
yönəlib”
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra məsələlərə toxunan ölkə başçısı turizmin inkişafı, reallaşan beynəlxalq tədbirlərə də münasibət bildirib. Turizmin inkişafı ilə bağlı böyük addımlar atıldığını deyən ölkə başçısı bildirib ki, xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib, yeni turizm mərkəzləri açılır, turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir: “Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir. Bu bir faktdır ki, ölkəmizdə keçirilən çoxsaylı tədbirlər ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi”.
Bu gün ölkədə turizmin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir və yeni otellərlə yanaşı, turizm şirkətləri fəaliyyətə başlayır, beynəlxalq səviyyəli konfranslar, seminarlar təşkil olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqreslər Bürosu (Azerbaijan Convention Bureau) yaradılıb. Azərbaycanda işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə yaradılan büronun əsas fəaliyyət istiqamətləri də respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edir. Eyni zamanda yeni yaradılan qurum dövlətin və özəl sektorun vahid siyasət yürütməsinə də imkan verir. Müsahibimiz Azərbaycan Konqreslər Bürosunun direktoru Aydan Qəmbərovadır:
- Azərbaycan Konqreslər Bürosunun 2013-cü ilin iyun ayında təqdimatı keçirilsə də, əsas fəaliyyətimiz sentyabr ayından başlayıb, lakin noyabrın 7-də rəsmi açılış olub. Büro dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaranıb, Mədəniyyət və Turizm Nazirliyi ilə milli turizm bazarında fəaliyyət göstərən turizm sektoru nümayəndələrinin birliyidir. Konqreslər Bürosunun beynəlxalq layihələrə daxil olması bizə imkan verəcək ki, dünyada silsilə şəkildə keçirilən şəbəkə konqreslərin, forumların bir qismini Azərbaycana dəvət edək, beləliklə də mehmanxana fəaliyyətini gücləndirək, turizm şirkətləri tərəfindən təqdim olunacaq xidmətlərin çeşidini və keyfiyyətini artıraq. Bu qurumun niyə məhz 5 il əvvəl yox, məhz indi yaranmasının da səbəbi odur ki, artıq Azərbaycanda yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün infrastruktur mövcuddur. Bunun üçün bütün şərait var. Bu istiqamətdə ölkə Prezidenti İlham Əliyevin dəstəyi də böyükdür. Ölkəmizdə nəinki hotellər, hava limanları, restoranlar fəaliyyət göstərir, həmçinin xüsusiləşdirilmiş konqres mərkəzləri formalaşır. Heydər Əliyev Mərkəzi, Ekspo mərkəzi indi böyük forumların keçirilməsinə xüsusi maraq göstərir. Ona görə də Azərbaycan Konqreslər Bürosunun başlıca fəaliyyəti Azərbaycanı beynəlxalq biznes, konfrans, görüş və mərasimlərin keçiriləcəyi mərkəz kimi təbliğ etməyə yönəlib. Artıq bu istiqamətdə işlər görülür. Noyabr ayında Barselonada keçirilən turizm sərgisində iştirak etdik. Sərgi çərçivəsində müxtəlif təqdimatlar etdik. Təqdimatlarımız Azərbaycanı bir brend olaraq dünya turizm bazarında tanıtmağa həsr olunmuşdu. Onu da deyim ki, Azərbaycana çox böyük maraq var. Xüsusilə «Eurovision-2012»nin ölkəmizdə keçirilməsindən sonra bu marağın coğrafiyası daha da genişlənib. Oktyabr ayında ölkəmizdə birinci «fam-trip» keçirildi. Rusiyanın 10 ən böyük MİCE kampaniyası Azərbaycana gəlmişdi. Burada geniş təqdimatlar etdilər. Onların brend hotellərimiz, konqres mərkəzlərimizlə, məşhur restoranlarımızla tanışlığını təşkil etdik. Azərbaycandan çox yüksək təəssüratla ayrıldılar. Bu görüşlərin artıq nəticələri də var. İlk iki böyük tədbirin ölkəmizdə keçirilməsi barədə iki əməkdaşlıq təklifi almışıq. Biz də bu barədə yerli hotellərə məktub göndərmişik ki, öz təkliflərini versinlər. Sonda bu təklifləri müzakirə edəcəyik və yekun qərarımızı verəcəyik.
- Konqreslər
Bürosuna üzv olmaq üçün
müraciət edən yeni
obyektlər varmı?
- Bəli.
Noyabrın 27-də
sıralarımıza daha bir
hotel qoşuldu. Bu, «Qafqaz Baku City Hotel & Residences» mehmanxanasıdır. Bu mehmanxana
Azərbaycanın
yerli brend mehmanxanalarındandır və Bakı şəhərinə biznes və
kommersiya məqsədilə
səfər edən
qonaqlar üçün
çox əlverişli yerdə yerləşir.
Müştərilərə ən yüksək səviyyədə xidmət göstərən «Qafqaz Baku City Hotel & Residences» mehmanxanası beynəlxalq standartlara cavab verən
316 müasir otaq və
9 rezidensiyadan ibarətdir. Bundan başqa, yeni üzvlərimizdən biri də
«Victory Tour» turizm şirkətidir. Bu şirkət
də
daxili və xarici turizm sahəsində geniş fəaliyyət
göstərir.
Yeni üzvlərimiz də
daxil olmaqla, hazırda Azərbaycan Konqreslər Bürosunun 12 üzvü var: «Fairmont Baku», «Four Seasons Hotel Baku», «Hilton
Baku», «Hyatt Regency Baku», «Jumeirah Bilgah Beach Hotel», «JW Marriott Absheron
Hotel», «Kempinski Hotel Badamdar»,
«Ramada Hotel & Suites Baku», kimi 8 beynəlxalq
brend mehmanxana, «Qafqaz Baku City Hotel & Residences» və
3 turizm şirkəti - «ENC Tours»,
«Millennium Tourism & Congress DMC» və «Victory Tour» turizm şirkəti. Yaxın vaxtlarda
digər
şirkətlər də
büroya üzv olacaqlar. Konqreslər Bürosuna üzvlük
bir neçə mərhələdədir.
Burada qızıl, gümüş
və
qoşulmuş üzvlər var. Bu da üzvlərimizin böyük
və
ya kiçik müəssisə olması ilə bağlıdır.
Böyük hotellər
qızıl, turizm şirkətləri və
nisbətən kiçik hotellər gümüş, restoranlar
və
daha kiçik müəssisələr isə qoşulmuş üzvlər hesab olunur.
Konqreslər Bürosuna təkcə
hotellər
və
turizm şirkətləri deyil, konqres üçün lazım olan bütün şirkətlər daxil ola bilərlər. Bunlar restoranlar, hava limanları, taksi şirkətləri və
s. də
ola bilər. Gələcəkdə sponsorlarımızın olmasını da nəzərdə tuturuq.
Bu nə
üçün lazımdır?
Məqsədimiz yerli brendlərimizin, məsələn,
şirniyyatlar, süd
və
qatıq məhsulları şirkətlərini və
s. dünyada tanıdılmasına
nail olmaqdır.
Türkiyənin hər
bir tanınmış
turizm mərkəzinin
bir konqres bürosu var. Məsələn,
Antalya, İstanbul konqres
büroları və s. Onlar ölkədəki
mövcud konqres obyektlərinin
hamısı haqqında
məlumatların
yer aldığı kitab hazırlayırlar. Bu
kitab 2 il
üçün nəzərdə
tutulur. Biz də belə
bir reklam-çap məhsulu
hazırlayırıq.
- Büroya üzv olmağın şərtləri nədən ibarətdir
və
hər
hansı bir xarici ölkədə
fəaliyyət göstərən şirkət
sizin quruma üzv ola
bilərmi?
- Elə
bir şərtimiz yoxdur.
Sadəcə, üzv olmaq
istəyən obyekt bizimlə niyyət məktubunu
və
əməkdaşlıq müqaviləsini
imzalayır. Bir də üzvlük haqqını
ödəyir.
Hər hansı bir xarici ölkədə
fəaliyyət göstərən şirkət
bizim quruma üzv ola
bilər.
Amma bu prioritetlərimizin sırasında
deyil. Çünki
bizim məqsədimiz
beynəlxalq
tədbirlərin Azərbaycanda
keçirilməsinə nail olmaqdır. Ona görə
də
xüsusilə
xarici hotellərin bizə
üzv olması mümkün deyil. Dünya miqyaslı konqreslərin bizim ölkəmizdə
keçirilməsini
təmin
edə
bilən
şirkətlərin Azərbaycan
Konqreslər
Bürosuna üzv olmasında heç bir problem yoxdur.
- Hazırda hansı xarici ölkənin
konqreslər
bürosu ilə əməkdaşlıq edirsiz?
- Bizim üçün ən vacib bazarlar Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Dubay və Abu-Dabidir. Niyə Rusiya, Türkiyə, Ukrayna və Qazaxıstandır? Çünki bu ölkələrlə viza və dil problemi yoxdur. Bizim işimizdə də bu məqamlar əsasdır. Biz istəyərdik ki, Rusiya və Türkiyədən bura çoxlu axın olsun. Barselona sərgisindən sonra Almaniyanın da bu sırada olmasını istərdik. Çünki bu ölkədə Azərbaycana qarşı maraq böyükdür. İtaliyanı da bu sıraya əlavə etmək olar. Oktyabr ayında İngiltərənin 10 şirkəti Bakıya «fam-trip» keçirməyə gəlmişdi. Onların əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq idi.
- Öz
fəaliyyətinizdə
daha çox hansı
ölkənin müvafiq qurumunun təcrübəsinə
istinad edirsiz?
- Azərbaycan Konqreslər Bürosu yeni yaradılanda tender elan olundu ki, hansı şirkət bu istiqamətdə təcrübəsini bizimlə bölüşə bilər. Tenderi Avstriyanın bir şirkəti uddu. Bu şirkət eyni zamanda Vyana Konqreslər Bürosunun yaradıcısı idi. Yəni bu sahədə böyük təcrübəsi vardı. Həmin şirkətin rəhbəri Azərbaycana gəlib burada treninqlər keçirdi. Onların bizə böyük köməyi oldu. Amma təbii ki, fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə və iqtisadi mühitinə uyğun qurmuşuq.
- Azərbaycan
Konqreslər Bürosu
indiyə
qədər
hər
hansı bir tədbirin
ölkəmizdə keçirilməsinə
nail ola bilibmi və Büronun
tanıdılması istiqamətində
hansı işlər görülür?
- Dünya təcrübəsinin göstərdiyi kimi, yeni yaradılan konqreslər bürosunun effekti 2-3 ildən sonra yaranır. Biz bu istiqamətdə tenderlərdə iştirak edirik. Bu tenderlərdə də bizdən başqa 6-7 ölkə olur. Məsələn, gələn ilin oktyabr ayında Bakının brend hotellərinin birində 250 nəfərlik beynəlxalq konfrans keçiriləcək.
Düşünürəm ki, yaxın vaxtlarda böyük tədbirlərin Azərbaycanda keçirilməsinə nail ola biləcəyik. Gələn il Barselona, Frankfurt, İstanbul, Moskva, Abu-Dabi və Dubayda keçirilən turizm sərgilərində fərdi şəkildə iştirak etmək, burada müxtəlif təqdimatlar etməyi nəzərdə tuturuq. Təbii ki, bütün bunlar eyni zamanda Azərbaycanın tanıtımına xidmət edir. Büromuzun məhz Azərbaycan Konqreslər Bürosu adlanmasının səbəbi odur ki, bütün Azərbaycanı tanıda bilək. Qəbələ, Gəncə, Şəki və s. kimi bölgələrimiz artıq bir turizm mərkəzi kimi formalaşıb. Gələcəkdə ölkəmizə gətirə biləcəyimiz beynəlxalq tədbirlərin regionlarımızda da keçirilməsini təmin etmək istəyirik.
Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti nəticəsində ölkəmizdə konqres turizmi də inkişaf edəcək. Bu məsələdə bizə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəstəyi böyükdür.
Nigar Abdullayeva
Palitra.-2014.-23 yanvar.-S.6.