Diaspor mediası öz səsini lazımi nöqtələrə çatdıra bilir

Qaraş Tağıyev: “Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəviyə çıxarılmasında mediamızın fəaliyyəti xüsusi yer tutmalıdır”

Etiraf edək ki, xaricdəki həmkar soydaşlarımızın fəaliyyəti bizimkindən daha çətindir. Çünki onlar həm doğma vətənimizin, həm də yaşadıqları ölkələrin məsuliyyətini daşıyırlar. Amma bütün hallarda jurnalist üçün harada yaşamasından asılı olmayaq ən vacib məsuliyyət həqiqəti yazmaqdır. Ukraynada yaşayan həmvətənlimiz Qaraş Tağıyev də məhz bu amala xidmət edən həmkarlarımızdandır. Qeyd edək ki, Q.Tağıyev 1967 -ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olub. Moskvada, Akademik Tsialkovskiy adına Moskva Aviatexnologiya İnstitutunda (MATİ) təhsil alıb. 1999-cu ildən Ukraynada yaşayır. 2000-2005-ci illərdə Azərbaycan diasporunun mətbu orqanı olan “Azərbaycanın səsi” qəzetinin redaktoru vəzifəsində, həmçinin, “Lider TV”nin Ukraynadakı nümayəndəliyində çalışıb. Hazırda, diaspor təşkilatlarımızdan olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin internet saytının baş redaktoru kimi fəaliyyət göstərir.

-Ukraynada jurnalist olaraq Azərbaycan həqiqətlərini necə təbliğ edirsiniz?

- İcazənizlə, öncə diqqətinizə görə sizə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, jurnalistika tərkib baxımından geniş sərhədə xas olan bir sahədir. Bu baxımdan, hər bir jurnalist öz fəaliyyətində geniş yaradıcılıq imkanlarına malikdir. Bu imkanların hansı istiqamətə yönəldilməsi isə onun özündən asılıdır. Bilirsiniz ki, Ukrayna həm coğrafi mövqeyinə, həm milli tərkibinə görə Azərbaycanımız üçün əhəmiyyətli bir ölkədir. Jurnalist olaraq, bu ölkədə fəaliyyətin çoxtərəfli istiqamətlərdə qurulması da əhəmiyyətlidir. Ukraynanın Avropa dövlətləri ilə həmsərhəd olduğunu nəzərə alaraq, Azərbaycan həqiqətlərini, tariximizdə yaşadığımız fəlakətləri, o cümlədən, müasir dövrdə xalqımızın yaşadığı uğurları Ukrayna ictimaiyyətinə çatdırmaqla, həm bu ölkədə yaşayan 120-dən çox digər millətlərin diqqətini Azərbaycan ictimaiyyətinə yönəltmiş oluruq, həm də, Azərbaycan həqiqətlərini Ukraynadan Avropa ölkələrinə dəixrac” etmək şansına malik ola bilirik.

O ki, qaldı, fəaliyyətin çoxsahəliliyinə, mən 4 il bundan öncə Ukrayna azsaylı millətlər Şurasının mətbuat xidməti rəhbəri vəzifəsində çalışarkən, Heydər Əliyevin “Müdrik kəlamları”nı ilk dəfə olaraq, Ukrayna dilinə tərcümə etdim və bu kitabın 20-dən çox millətin nümayəndələrinin iştirakı ilə təqdimatı keçirildi. Sonra da Müslüm MaqomayevinMelodiya - mənim məhəbbətimdir” kitabının tərcüməsini Ukrayna dilinə tərcümə edərək, elektron kitab formatında təqdimatını təşkil edə bildim. O cümlədən, iki il öncə ukraynalı həmkarlarımla birlikdə Azərbaycanımızın ən qədim və mədəni mərkəzi olan Naxçıvan Muxtar Respublikasında olduq, bu bölgə haqqında film çəkildi və Ukrayna Televiziyasında nümayiş olundu. Bu, təbii ki, Ukrayna ictimaiyyətini Naxçıvan haqqında, bu bölgənin tarixi, zəngin mədəniyyəti, təbiəti, müasir inkişafı haqqında müəyyən qədər məlumatlandırdı. Hazırda da xalqımızın müasir dövrdə üzləşdiyi faciələrdən biri haqqındakı film üzərində aparılır.

- Ukraynada tanınmış simalardan kimlərdən müsahibələriniz olub?

- Burada ilk müsahibəm 2000-ci ildə Ukraynanın keçmiş prezidenti olan Leonid Kuçma ilə olmuşdu. Mən, həmin dövrdə, Prezident Administrasiyasının təsis etdiyiPrezidentskiy vestnik” qəzeti ilə əməkdaşlıq edirdim. Elə o zaman həmin qəzetdə “Azərbaycan-Ukrayna. İkitərəfli əməkdaşlıq” adı altında ulu öndərimiz Heydər Əliyev və Leonid Kuçmanın görüşlərinin nəticələrini, müstəqil dövlətlər olaraq, Azərbaycan və Ukrayna ölkələri arasında yaranmış əlaqələri, o dövrdə Ukraynada yeni yaranmış Azərbaycan diasporunun ilkin fəaliyyətlərini tərənnüm etdirən böyük həcmli materialım da çap olunmuşdu.

Təbii ki, fəaliyyətimin əsas hissəsini təşkil edən müsahibələrin hamısını sadalamaq yerinə düşməzdi. Son günlərdə götürdüyüm müsahibə də, elə Ukraynanın prezidentlərindən biri, daha doğrusu ilk prezidenti, 80 illik yubileyi 10 yanvar günü dövlət səviyyəsində qeyd olunan Leonid Kravçukla olub.

-Maraqlıdır, Ukraynanın eks-prezidenti Kravçukun Azərbaycan və Azərbaycan diasporuna münasibəti necədir?

-Bu sualı cavablandırmaq üçün Leonid Kravçukun müsahibədə söylədiyi sözləri olduğu kimi sitat gətirmək daha məqsədəuyğun olardı: “Mən Heydər Əliyevi daha yaxından tanıyırdım. İlk şəxsi görüşümüz Heydər Əliyev Ali Şuranın sədri vəzifəsində işləyəndə baş tutmuşdu. O, çox cəsarətli, uzaqgörən insan, təcrübəli rəhbər idi. Məhz bu xüsusiyyətlərə malik olması, sovet sistemində böyük zirvələrə nail olmaqda ona imkan verdi.

Azərbaycanın bugünkü Prezidenti İlham Əliyevi isə təbii ki, nisbətən az tanıyıram. Əvvəlcə, onu deyim ki, bu gün qloballaşan dünyadakı durumu dərindən bilmək bacarığı, Şərqlə Qərb mədəniyyətləri arasındakı, Amerika Birləşmiş Ştatlarında, Çin, Koreya, Yaponiya dövlətləri arasındakı mövcud vəziyyəti dərindən bilmək bacarığı İlham Əliyevin müasir dövrün lideri olmasından xəbər verir. O ki, qaldı ölkə daxilində gedən proseslərə, Azərbaycanda ümumi daxili məhsulun qısa zaman kəsiyində sürətlə artımını başqa ölkələrlə müqayisə etmək belə çətindir. Dövlət üçün böyük əhəmiyyət kəsb edən iqtisadi inkişafdan irəli gələn bu fakta etiraz etmək təbii ki, mümkün də deyil. Bu onu göstərir ki, İlham Əliyev milli inkişafın xüsusiyyətlərini dərindən bilir, milli mənafeləri əsas tutur və öz xalqının, dövlətinin inkişafını təmin edən şəraiti yaradır”.

İki dövlət arasındakı münasibətlərdən danışan Kravçuk belə deyir ki, bizim dövlətlərimiz arasındakı münasibətlər daim yaxşı olub: “Vaxtaşırı bu münasibətlər daha böyük, yaxud kiçik həcmlərdə olub. Nəinki mədəni əlaqələr, rəqəmlər nöqteyi-nəzərindən baxsaq, görərik ki, iqtisadi əlaqələrimiz də daim inkişaflı istiqamətdə olub və bu gün də bu münasibətlər sevindiricidir. Ukrayna Prezidentinin İlham Əliyevi dövlət rəhbərləri arasında birincilər sırasında təbrik etməsi də bu faktı təsdiq edir. Bu onu göstərir ki, Ukrayna Azərbaycanı öz tərəfdaşı hesab edir. Azərbaycan Ukrayna üçün bütün tarix boyu böyük əhəmiyyət kəsb edən dövlət olub. Bu gün də belədir”.

Söhbətimizdə Leonid Makaroviç Ukraynada yaşayan azərbaycanlıların yerli qanunlara böyük hörmətlə yanaşdıqlarını bildirdi və Azərbaycan diasporunun ictimaiyyətdə əhəmiyyətli rolu haqqında danışdı. Əminliklə deyə bilərəm ki, mən hərdəfəki görüşümüzdə, Kravçukun gözlərində və qəlbində Azərbaycana və azərbaycanlılara böyük hörmət, səmimilik duyuram.

-Ukrayna ictimaiyyətində jurnalistikaya və jurnalistlərə inam və münasibət hansı səviyyədədir?

-Müasir dünyada insanların aydın ictimai şüura sahib olması istiqamətində kütləvi informasiya vasitələrinin və jurnalistikanın əhəmiyyətli rolu danılmazdır. Cəmiyyətdə müxtəlif hadisələrin və proseslərin axınına jurnalistlərin təsiri çox böyükdür.

Təbii ki, hər bir cəmiyyət özünəxas amillərlə digər cəmiyyətdən seçilir və “qələm cəngavərləri” öz funksiyalarını yaşadıqları cəmiyyətdə hökmranlıq edən prinsiplər əsasında qurmalıdırlar.

Məsələn, Amerika və Britaniya jurnalistləri əksər hallarda öz reportajlarını saxta video ilə müşayiət etməyi üstün tuturlar. Holland jurnalistləri öz ictimaiyyətlərini tolerant göstərmək üçün, qeyri-avropalılar haqqında salnamələr yazmaqdan belə çəkinmirlər. Fransız jurnalistləri ictimaiyyətdə tanınmış ulduzların "paltaraltı" yaşamlarını əllərində bayraq kimi yelləyərək, qalmaqallara daha zövqlüdürlər.

Ukrayna jurnalistlərinə gəldikdə isə, KİV əməkdaşlarının fəaliyyətlərinin siyasi müstəvidə qurulduğu özünü daha çox büruzə verir. Bu da təbii ki, Ukrayna ictimaiyyətində siyasi proseslərin dominantlıq etməsindən irəli gəlir. Əgər MDB dövlətlərində müstəqillik dövründə cərəyan edən hadisələrə diqqət etsək, digər ölkələrlə nisbətdə, Ukraynada siyasi hadisələrin üstünlük təşkil etdiyi şübhə doğurmur. Əminliklə deyə bilərəm ki, 2004-cü ildən intensiv başlanğıc götürən bu hadisələr bu gün də aktuallığını artırma istiqamətində davam etdirməkdədir. Təbii ki, bu mövcud şərait Ukrayna jurnalistikasının əsas fəaliyyət xəttini təşkil edir. Son zamanlar Ukraynada jurnalist-praktiklərin öz istiqamətlərində mütəxəssis kimi təkmilləşməkdən daha çox PR-a və siyasətə meyilli olmaları buna sübutdur.

O ki, qaldı Ukrayna ictimaiyyətində jurnalistikaya və jurnalistlərə inam və münasibətin hansı səviyyədə olmasına, şəxsi analizimin nəticələrinə söykənmək istəməzdim. Bu sahədə sosioloji xidmət mərkəzlərinin tədqiqatlarını əsas tutaraq, demək olar ki, əhalinin 56% Ukrayna KİV-nə etibar edir. Etibar etməyənlər 34% təşkil edir. Eyni zamanda, 56% əhali Ukraynada söz azadlığının olduğunu hesab edir. 90% əhali üçün televiziyanın əsas KİV olduğu, yaş həddi 30-a qədər olan əhalinin internet-KİV-ə, yaşlı nəslin 45%-nin qəzetə daha böyük üstünlük verməsi müşahidə olunur.

-Xarici ölkələrdə Azərbaycan həqiqətlərini yazan jurnalistlərin sayı sizi qane edirmi? Sizcə, diaspor mediamız öz səsini lazımi nöqtələrə çatdıra bilirmi?

-Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəviyə çıxarılmasında, təbii ki, diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız, o cümlədən, Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət televiziya nümayəndəlikləri, mediamız kifayət qədər işlər görürlər. Jurnalistlərin rolu bu məsələdə xüsusi yer tutmalıdır. Çünki diplomatik nümayəndəliklər dövlət strukturudur. Diaspor təşkilatlarımız ictimai qurumlardır. Jurnalistlər isə dediyimiz kimi, məlumatları beynəlxalq müstəviyə çatdırmaq formatından daha effektli istifadə etmək iqtidarına malikdir. Say məsələsi baxımından, şübhəsiz ki, bu istiqamətdə işləyən jurnalistlərin çoxluğu labüddür. Ancaq sözsüz ki, beynəlxalq məsələlərlə bağlı yazan, ələlxüsus Azərbaycanı xaricdə istər televiziya, istər qəzet, istərsə də mətbu orqan nümayəndələri kimi təmsil edən jurnalistlərin keyfiyyətcə üstünlük təşkil etməsi, onların fəaliyyətdə olduğu ölkənin mədəniyyətini və tarixini, dövlət diliniəyyən qədər də olsa bilməsi, əsas şərtlərdəndir. Əfsus ki, bu istiqamətdəəyyən çatışmazlıqlar mövcuddur və lazımi tədbirlərin görülməsinə ehtiyac duyulur.

Düşünürəm ki, diaspor mediamız öz səsini lazımi nöqtələrə çatdıra bilir. Rusiyada bu işlər kifayət qədər bəhrəsini verməkdədir. Avropa ölkələrində də lazımi qədər işlər görülür. Ukraynadakı vəziyyətə gəldikdə isə, hazırkı durum qənaətbəolsa da, daha səmərəli nəticələr əldə etmək mümkündür.

-Diasporumzun KİV sahəsindəki işini daha da intensivləşdirmək mexanizmini nədə görürsüz?

-Diasporların kütləvi informasiya vasitələri həm xalqımızın müxtəlif mərhələlərdə yaşanmış tarixinin, həm müstəqil Azərbaycanımızın dünəni, bu günü və gələcəyi ilə bağlı milli məsələlərin beynəlxalq KİV müstəvisinə çıxarılmasında böyük əhəmiyyət təşkil edən sahədir.

Bu sahənin inkişafını təmin edə biləcək amillərin xarakterizə olunması, müəyyənləşdirilməsi, qloballaşan dünyanın tələblərinə cavabdehliyinin təmin olunması, diaspor KİV-nin redaksiyalarının fəaliyyətinin sosial inteqrasiyası üçün effektiv formaların, metodların təyin olunması əsas şərtlərdən biridir.

Diasporumuzun KİV sahəsindəki işinin daha effektli olması üçün həm Azərbaycanda diaspor sahəsində çalışan jurnalistlər, həm də müxtəlif ölkələrdəki diaspor təşkilatlarının mətbu orqan əməkdaşlarının birgə işinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümdə məsələlərdəndir. Bu baxımdan, səmimi olaraq deyə bilərəm ki, yeni fəaliyyətə başlamış “Diaspor jurnalistləri birliyikimi təşkilatın yaranmasına ehtiyac duyulurdu. Bu təşkilatın yaranması ilə bağlı atılan addım diasporumuzun KİV sahəsindəki işini daha da intensivləşdirmək istiqamətində son dövrdə diasporun fəaliyyətini işıqlandırmaqla bağlı atılan səmərəli, mühüm əhəmiyyət kəsb edə biləcək addımlardan biridir. Bu halın həqiqətən sevindirici hal olduğunu bir daha vurğulayaraq, gələcəkdəDiaspor jurnalistləri birliyinin Azərbaycan diaspor təşkilatlarının mətbu orqan əməkdaşları ilə sıx əlaqəli işləməsindən şəxsi məmnunluq hissi yaşadığımı etiraf edirəm.

Fuad Hüseynzadə

Palitra.-2014.-23 yanvar.-S.7.