Beynəlxalq layihə əsasında yeni səhnə əsəri hazırlanır
Layihədə britaniyalı teatr mütəxəssisləri ilə bərabər Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər
Azərbaycan teatr sənətinin qədim
və
zəngin
bir tarixi var. İnsanların əmək fəaliyyəti
ilə
bağlı oyunlar və
rəqslər, mövsüm bayramları,
aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəlli”
tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən edib, milli teatrın
gələcək inkişafı
üçün möhkəm zəmin
yaradıb. Ölkədə teatrın inkişafına
dövlət
səviyyəsində hər
zaman diqqət və qayğı göstərilir ki, 2009-cu ildə dövlət başçısı tərəfindən
təsdiq
edilən
“Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı da bunun bariz nümunəsidir.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən
Dövlət
Proqramı öz fəaliyyəti ilə
milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii
irsinin və yaradıcılıq
ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya
və
maliyyə
resurslarından səmərəli
istifadə
edilməsi
və
günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət
edir. Bu gün
teatrlarımızın bir
çoxu standartlara uyğun yenidən təmir olunaraq tamaşaçıların
ixtiyarına verilib.
Yeni-yeni repertuarlarla tamaşaçıların
görüşünə
gələn teatrlarımız yalnız
ölkəmizdə deyil, xarici ölkələrə
qastrol səfərləri ilə
mədəniyyətimizin təbliğində mühüm rol oynayır. 2014-cü ildə
də
teatrlarımız yeni
tamaşalarla teatrsevərlərin görüşünə gələcək.
Milli Dram Teatrının rəhbərliyi İrana
səfər edəcək
Hər zaman yeni tamaşalarla teatrsevərlərin görüşünə
gələn Azərbaycan
Dövlət
Akademik Milli Dram Teatrı 23 yanvarda Fridrix Dürrenmattın
"Yaşlı xanımın
gəlişi"
əsərinin tamaşasını təqdim edəcək. Quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu
rəssamı
Zöhrab Bəykişiyev olan tamaşanın bəstəkarı Sərdar
Fərəcovdur. Teatrın mətbuat xidmətinin məlumatına
görə,
rollarda Sənubər
İsgəndərli, Ramiz Novruz, Nurəddin Mehdixanlı, Ramiz Məlik,
Hacı İsmayılov,
Rafiq Əzimov, Firuz
Xudaverdiyev və digər aktyorlar çıxış
edəcəklər. Bundan bir
gün sonra yəni,
yanvarın 24-də
Milli Dram Teatrında Elçinin "Teleskop"
əsərinin tamaşası olacaq.
Bu tamaşanın isə quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu
rəssamı
Eduard Koçergin, geyim
rəssamı
Anna Koçergina, musiqi
tərtibatı
isə
Həmid
Kazımzadədir.
Rollarda Füzuli Hüseynov, İlahə Həsənova, Elxan Quliyev, Ramiz Novruz, Sabir
Məmmədov, Əli Nur, Əjdər Həmidov, Sevinc
Əliyeva, Elşən Cəbrayılov, Məsmə Aslanqızı yer alıb.
Milli Dram Teatrında
digər
bir hadisə isə teatrın rəhbəri
İsrafil İsrafilovun
24-26 yanvar tarixlərində İrana işgüzar səfəri ilə
bağlıdır. Direktor Tehranda
keçiriləcək 32-ci “Fəcr”
Beynəlxalq
Teatr Festivalına fəxri
qonaq kimi dəvət olunub. İ.İsrafilovun festivalda iştirakla
yanaşı, İranın
teatr xadimləri ilə
görüşəcək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri haqqında müzakirələr aparacaq.
Xatırladaq ki, İranın
mədəni həyatında
böyük əhəmiyyət kəsb edən “Fəcr”
festivalı hər il Tehranda
və
ölkənin
digər
şəhərlərində
keçirilir. Bu il festival 16 yanvar-1 fevral
tarixlərində gerçəkləşəcək. Tədbirin proqramına İranın
və
xarici ölkə teatrlarının ən uğurlu tamaşaları daxil edilir. 2013-cü
ildə
Akademik Milli Dram Teatrı festivalda Afaq Məsudun
pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatarın altına atılan qadın” tamaşası ilə ölkəmizi
təmsil
etmişdi.
Gənc Tamaşaçılar Teatrı Milli Teatr Gününə yeni əsərlərlə gəlir
Yanvarın ilk günlərində dramaturq və aktyor Məcid
Vahidzadənin
eyniadlı əsəri əsasında hazırlanmış
“Bir səbət
tənhalıq”
tamaşasının premyerası
ilə
tamaşaçıların görüşünə
gələn Azərbaycan
Dövlət
Gənc
Tamaşaçılar Teatrı
səhnə əsərində çox aktual məsələyə
toxunulub ki, burada fiziki qüsurlu
insanların cəmiyyətə adaptasiya
olunması ilə yanaşı, mənəvi tənhalıq öz əksini tapıb. İki nəfər üçün oyun kimi hazırlanan tamaşanın səhnə tərtibatçısı
Zəminə Orucova, musiqi tərtibatçısı
isə
İradə
Muradovadır.
Onu da qeyd edək
ki, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında
yanvarın ilk günlərindən beynəlxalq
layihə
əsasında yeni səhnə əsərinin məşqləri
başlanıb. İngilis dramaturqu, ssenaristi və
kinorejissoru, “Oskar” mükafatçısı
Martin Mak Donaxın “Linenin trilogiyası” əsəri əsasında “Konnemarada bir kəllə”, “Gözəllik
ilahəsi”,
“Yalqız Qərb” tamaşalarının hazırlanmasına
start verilib. Britaniyalı quruluşçu rejissor (Yan Vilyem Van Den Boh), tərtibatçı
rəssam
(Liza Kuk) və işıq üzrə rəssamın
(Maykl Manyon) hazırladığı tamaşalar
teatrsevərlərə yeni hədiyyə olacaq. Mədəniyyət və
Turizm Nazirliyi, “British
Council” və
Dövlət
Gənc
Tamaşaçılar Teatrının
birgə
layihəsi
“Teatr əməkdaşlığı”na dair müqavilə
əsasında reallaşır. Layihədə britaniyalı teatr
mütəxəssisləri ilə
bərabər Gənc
Tamaşaçılar Teatrının
aktyor heyəti, gənc rejissor və
işıq dizaynerləri də
iştirak edirlər. Tamaşaların martın əvvəlində
- Milli Teatr Günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur.
Teatrın mətbuat xidmətindən verilən
digər
məlumata
görə,
bu il sənət ocağının
repertuar planına uşaqlar üçün
“Qırmızıpapaq” (Yevgeni
Şvarts), “Qoğalın
nağılı”, digər yaş kateqoriyasından olan tamaşaçılar
üçün “Linenin
trilogiyası” ilə yanaşı, Uilyam Şekspirin “III Riçard”,
Jorj Feydonun “Qadın dərzisi” tamaşaları
daxil edilib. Bundan əlavə, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin
100 illik yubileyi ilə
əlaqədar teatrda müəllifin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında yeni tamaşa hazırlanacaq.
Opera və Balet teatrının səhnəsində ilk dəfə “İl Tabarro”
Hər zaman olduğu kimi tamaşaçılarına gözəl səhnə əsərləri təqdim
edən
Opera və
Balet Teatrı
2014-cü ildə
də
tamaşaçılarını yeni əsərlərlə sevindirəcək. Belə ki, Teatrda premyera gözlənilir. Teatrın mətbuat
xidmətindən verilən
məlumata
görə,
yanvarın 26-da Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında görkəmli
italyan bəstəkarı
Cakomo Puççininin
ən
maraqlı əsərlərindən olan “İl Tabarro”
(“Plaş”) operasının
premyerası olacaq.
Bu əsərin ilk tamaşası 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın
səhnəsində baş tutub və
böyük uğur qazanıb. Həmin vaxtdan “İl
Tabarro” dünyanın
qabaqcıl opera teatrlarının
repertuarında yer tutur. Əsər gözəl
musiqisi və kəskin dramatik süjet xətti
ilə
seçilir. Puççininin bu operası
Azərbaycanda
ilk dəfə tamaşaya qoyulur.
Opera və
Balet Teatrının rəhbərliyi əsəri səhnələşdirmək
üçün Almaniyanın
tanınmış opera sənəti ustalarını
- quruluşçu rejissor
Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku
dəvət edib. L.Bauman uzun illər Münhen Opera və Balet Teatrında aparıcı solist, sonra quruluşçu rejissor kimi çalışıb.
Hazırda o, Bavariya
opera sənəti festivalının baş direktoru, xanım Korneliya fon
Kerssenbrofk isə festivalın musiqi rəhbəri və
dirijorudur. K.Kerssenbrofk bir neçə ildir ki, Azərbaycan Opera və
Balet Teatrı ilə
fəal
əməkdaşlıq edir. “İl Tabarro” operasında teatrın aparıcı solistlərindən əməkdar artistlər
Fəridə Məmmədova, Gülnaz İsmayılova,
Səbinə Əsədova, gənc
vokalçılar Afaq
Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Əliəhməd İbrahimov, Tural Ağasıyev və
Tələt Hüseynov çıxış
edəcəklər. Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.
Yanvarın 29-da isə
Opera və
Balet Teatrının səhnəsində Xalq artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş etdiriləcək. Operanın təqdimatı
müəllifin
90 illiyinə
həsr
ediləcək. Şərqin qadın bəstəkarları arasında
ilk dəfə olaraq məhz
Şəfiqə Axundova opera janrına müraciət
edib və 1972-ci ildə Xalq yazıçısı
Süleyman Rəhimovun eyniadlı povesti əsasında
bəstələdiyi “Gəlin qayası” operası ilə
yaradıcılığında ən
yüksək
zirvəyə qalxıb. Müəllif bu opera ilə dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı
olduğunu, onun ideyalarına, tövsiyələrinə
sadiq qaldığını
bir daha təsdiq
edib. “Gəlin qayası” operasında qəhrəmanların ariyalarla yanaşı, muğam parçaları ifa etməsi
bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və
ondan düzgün istifadə
etməsindən irəli
gəlir.
Nigar Abdullayeva
Palitra.-2014.-23 yanvar.-S.13.