Teleproqramlarda məlumatlandırma və maarifləndirmə baxımdan ciddi boşluqlar var

Fariz Xəlilli:

“Gənclərimizin elmə marağını artırmaq, onlara milli-mədəni dəyərlərimizi tanıtmaq kompleks yanaşma tələb edir

Layihə çərçivəsində müsahibimiz MİRAS Mədəni İrsə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

-Mədəni irsin tədqiqi istiqamətində olan işlərlə bağlı nə deyərdiniz? Yəni elmi-tədqiqat səviyyəsində bu məsələlərə necə münasibət bildirmək olar?

- Son zamanlar ictimai birliyin təşkil və təbliğ etdiyi yerli və beynəlxalq miqyaslı seminar, konfrans, konqres və simpoziumlarda iştirak arzusu ilə bağlı müraciətlər kifayət qədər artıb. Bu isə mədəni irsin tədqiqinə marağın canlı nümunəsidir. Belə ki, “MİRAS”ın təşkilatçısı olduğu müxtəlif beynəlxalq konfranslarda 100-dən çox yerli və bir o qədər xarici ölkələrdən qatılmış alimlər mədəni irs mövzulu məruzələrlə çıxış ediblər. Azərbaycanda kifayət qədər tədqiq edilməyən irsə marağın yaranması da müsbət meyillərdəndir.

-Gənclərimiz mədəni irsimizlə bağlı yetərincə məlumatlıdırmı?

- Xeyr, yetərincə məlumatlı deyillər. Bu olduqca ciddi bir problemdir. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yaranmasının 4 illiyini qeyd edərkən iştirakçılar arasında aparılan sorğularda da gənclərlə işin genişləndirilməsi tövsiyə olunur. Bilirsiniz, gələcəyimiz olan gənclərimizin elmə marağını artırmaq, onlara milli-mədəni dəyərlərimizi tanıtmaq kompleks yanaşma tələb edir. Bu sahədə gənclərlə işləyən dövlət qurumları ilə QHT-lərin birgə fəaliyyəti vacibdir. MİRAS İctimai Birliyi üzvlərini nəzərdən keçirsək, burada birləşən Azərbaycan ziyalılarının içərisində bütün yaş təbəqələrinin nümayəndələri var və onlar MİRAS-ın yığıncaqlarında, sosial şəbəkələrdəki qruplarımızda paylaşaraq təcrübə mübadiləsi imkanı əldə edirlər. Lakin işimiz Birlikdaxili fəaliyyətlə bitmir. Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinə təşkil olunan infoturlar, Tiflis Dövlət Universiteti tələbələri üçün təşkil etdiyimiz beynəlxalq düşərgə gənclərin mədəni irslə, tarixi abidələrimizlə təmasına şərait yaradır. Mədəni irsə hörmət vətənpərvərlik duyğusunun əsas göstəricilərindən biridir. Hazırda MİRAS Qarabağ abidələrinin tanıtımı, Qarabağda və işğal altında olan digər ərazilərdə cəbhə xəttində yerləşən məktəbliləri Azərbaycanın tarixi və mədəni abidələri ilə yaxından tanış etmək məqsədilə fevral ayından etibarən onlar üçün xüsusi bir gecə-iki günlük turlar təşkil etməyi planlaşdırır. Turlar əsasən Ağsu və Şamaxı ərazisində tarixi, mədəni abidələrə ekskursiyalardan ibarət olacaq, bunlarla yanaşı, uşaqlara Azərbaycanın mədəni irsi haqqında ətraflı məlumat veriləcək.

 

“Gənclərlə işləyən dövlət qurumları və QHT-lər onlara mərkəzləşdirilmiş qaydada, milli mənafeyimizə uyğun kitablar, audio-vizual materiallar, elektron və səyyar kitabxanalar təqdim etməli, mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşlər keçirilməli, onlar üçün tətillərdə mədəni irs düşərgələri, mədəni irslə bağlı mövzuları işıqlandıran vebinarlar, seminarlar, telekörpülər, onlayn forumlar təşkil

olunmalıdır”

Məktəblilərin əksəriyyəti Qarabağı, ata-babalarının doğulduğu əraziləri görmədiklərindən, tur zamanı onlara işğal altında qalan mədəni irs nümunələrimiz və onların əhəmiyyəti barədə də ətraflı məlumat veriləcək. May ayında Ağsu şəhərində keçirilməsi nəzərdə tutulan YOCOCU Beynəlxalq Konfransı da gənclər üçün elmi-tədqiqat işlərini nümayiş etdirəcəkləri meydandır. YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) 2008-ci ildə mədəni irsin müxtəlif sahələri üzrə fəaliyyət göstərən gənc tələbələr, tədqiqatçılar və peşəkarlar arasında şəbəkə qurmaq məqsədilə yaradılıb. YOCOCU tezliklə ümumi məqsədə xidmət edən gənc tələbələr, tədqiqatçılar və peşəkarların birlik rəmzinə çevrilib. Gənclər bu konfransda toplaşır, mədəni irsin müxtəlif sahələri -kimya, fizika, biologiya, bərpa, arxeologiya və memarlıq sahələrində tədqiqatlar və mədəni inkişafa töhfə verməklə bağlı təcrübə və bilik mübadiləsi aparırlar. YOCOCU gənc peşəkarlar, tələbə və tədqiqatçılarda hazırkı və gələcək cəmiyyətin əsas qəhrəmanı kimi məsuliyyət hissini artırmağa və gücləndirməyə, yeni biliklərin inkişafı üçün qüvvə əldə etməyə çağırır. YOCOCU-nun təşkil olunmasında məqsəd hamının birlikdə kollektiv maraq dairəsində çalışması, bunu nadir, azad və açıq yolla bütün konfransa nümayiş etdirməsidir. YOCOCU-nun öncədən keçirilmiş 3 tədbiri (Roma, 2008-ci il, Palermo, 2010-cu il və Antverpen, 2012-ci il) YOCOCU-nu müxtəlif şaxəli, beynəlxalq əməkdaşlıq şəbəkəsinə çevirib. YOCOCU bir neçə fəsildən ibarət olan tarixdir ki, hər birinin özününəllifi və xüsusi mövzusu var. Amma təəssüf hissi ilə qeyd etməliyəm ki, İtaliya, Belçika, ABŞ, Türkiyə, İran, Rumıniya, Meksika, Makedoniya və s. ölkələrdən iştirakla bağlı müraciətlərin gəlməsinə baxmayaraq, Azərbaycan gəncliyi bu konfransa ciddi yanaşmır və indiyə qədər hələ də konfransda iştirakla bağlı müraciət etməyib. Gənclərlə sahəsində növbəti fəaliyyətimiz isə payızda II MİRAS Rəssamlıq Simpoziumu olacaq. Burada da peşəkar və həvəskar rəssamlar mədəni irsimizi əks etdirən rəsm əsərləri ilə iştirak edəcəklər.

-Xarici ölkələrə Azərbaycanı təmsil etməyə yollanan və ya xaricdə təhsil alan gənclərimiz Azərbaycan mədəni irsini nə dərəcədə təqdim və təbliğ edə bilirlər?

- Çox aktual bir mövzuya toxunursunuz. Biz bu işlə bağlı Türkiyə, Şimali Kipr və Gürcüstanın bəzi universitetlərində təhsil alan həmvətənlərimizlə əlaqələr qurmuşuq və onlarla müntəzəm surətdə işləyirik. Lakin ümumilikdə, bu qənaətbə deyil. Bu məsələ bizim fəaliyyət istiqamətlərimizə daxildir. Biz böyük məmnuniyyətlə xaricdə təhsil alan tələbələrimizin özlərinin də mədəni irsimizin təbliği və təşviqi ilə bağlı təşəbbüslərini imkanımız daxilində, səlahiyyət çərçivəmizdə dəstəkləməyə hazırıq.

- Azərbaycan gənclərinin bu baxımdan bilgiləndirilməsi və maarifləndirilməsi məsələləri ilə bağlı hansı təklifləriniz ola bilər?

- İlk növbədə Azərbaycan gəncləri qurumlar şəklində təşkilatlanmalı, bilavasitə gənclərlə işləyən dövlət qurumları və QHT-lər onlara mərkəzləşdirilmiş qaydada, milli mənafeyimizə uyğun kitablar, audio-vizual materiallar, elektron və səyyar kitabxanalar təqdim etməli, mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşlər keçirilməli, onlar üçün tətillərdə mədəni irs düşərgələri, mədəni irslə bağlı mövzuları işıqlandıran vebinarlar, seminarlar, telekörpülər, onlayn forumlar təşkil olunmalıdır, bütün bunlarda fokus qrup kimi gənclərin arzu və istəkləri unudulmamalıdır. Mən həttaYoutubevə digər İnternet vasitələrində xüsusi maarifləndirici onlayn kanalların yaradılmasını və mövcud vasitələrin monitorinqinin keçirilməsini təklif edərdim.

-KİV-in, xüsusən də telekanalların bu baxımdan fəaliyyətində hansı islahatlara ehtiyac var?

- Son zamanlar Azərbaycan teleməkanında mühüm keyfiyyət dəyişiklikləri müşahidə edilir. Artıq mədəniyyətimizin təbliği məqsədiləMədəniyyətkanalı da yaradılıb. Lakin ümumilikdə məlumatlandırıcı və maarifləndirici baxımdan yanaşsaq, teleproqramlarda ciddi boşluqlar mövcuddur. Bilirsiniz, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə və gənclərimizin böyük əksəriyyətinin bu sahədə yüksək səviyyədə bilgili olmasını nəzərə alaraq, daha optimal və fəal proqramlara ehtiyac duyulur. Tok-şoulara, mədəni irslə bağlı intellektual oyunlara, olimpiadalara geniş yer verilməli, gəncləri maraqlandıran mövzular geniş işıqlandırılmalıdır.

İlkin AĞAYEV

Palitra.-2014.-25 yanvar.-S.11.