“Eyni vaxtda
Avstriyanın iki universitetində təhsil alıram”
Ramin Şükürov: “Səfirliyimizin təklifi ilə beynəlxalq təşkilatların konfrans və forumlarında azərbaycanlı
hüquqşünas kimi iştirak edirəm”
“Palitra”nın
xaricdə təhsil alan istedadlı və bacarıqlı gənclərlə bağlı
rubrikasının budəfəki qonağı Ramin Şükürovdur. Adı birincilər sırasında çəkilən bu aktiv gəncimizlə bağlı olan müsahibəni oxuculara təqdim edirik
-İlk olaraq
özünüz barədə məlumat verərdiniz.
- Mən 1988-ci ildə Naxçıvan Muxtar
Respublikasının Naxçıvan şəhərində anadan olmuşam. Orta məktəbi 2006-cı ildə əla qiymətlərlə Respublika İncəsənət Gimnaziyasında
başa vurmuşam. 2006-cı ildə yüksək balla Bakı
Dövlət
Universitetinin Beynəlxalq
hüquq fakültəsinə daxil olmuşam.
2010-cu ildə
isə universiteti
bitirib təhsilimi
davam etdirmək məqsədilə
Avropaya üz tutdum və
Avstriyaya gəldim.
Hazırda, Vyana İqtisadiyyat Universitetində iqtisadi hüquq
üzrə ikinci
bakalavr təhsili və Vyana Dövlət Universitetində Beynəlxalq və Avropa iqtisadi
hüququ üzrə
magistratura təhsili
alıram. Əvvəllər aktiv idmanla da məşğul olmuşam. 2001-ci ildən 2010-cu ilə qədər
Daxili İşlər
Nazirliyi İdman cəmiyyətində güləşlə məşğul oldum. Beynəlxalq
və Respublika
turnirlərində iştirak etdim, dəfələrlə
mükafatçılar sırasına da düşmüşəm. Artıq 2009-cu ildə
bu fəaliyyətimi
yarımçıq saxlamaq məcburiyyətində idim.
Çünki respublika birinciliyində yarımfinala qədər yüksəlsəm də, burada çiynim
çıxdı və beləcə peşəkar şəkildə güləşlə məşğul olmağa ara verdim.
- İdmanda uğurları
sıralamaq üçün zədə qarşınızı kəsdi. Təhsil sahəsində isə deyəsən, qarşınızı kəsə biləcək maneələr olmayıb...
- Bəli. Bir
çoxları deyirlər
ki, sən necə oldu, Avstriyaya
oxumağa getdin, belə
qərar verdin?
Mən
buna qərar deməzdim. Bu, bir istək
idi. Yeni cəmiyyətlə, dillə, düşüncə və sistemlə tanış olmaq, öyrənmək və analiz etmək istəyi. Mən hər zaman
arzulamışam ki, fərqli
dildə təhsil alım. Başqa dildə
yazılan kitabın tərcüməsi yox, onun
yazıldığı dildə
oxumaq istəyim daim
güclü olub. Yəni,
həmişə kitabı tərcümə olmadan daha
yaxşı, yazarın bütün düşüncələrini olduğu kimi anlamaq istəyim olub. Bəlkə də bu qeyd etdiyim xırda detallar mənim xaricdə təhsil almağıma səbəb olan başlıca amillərdir.
- Bəs niyə məhz Avstriyada təhsil almağı
seçdiniz?
- Bəzən ümumi cümlə şəklində deyirlər ki, Avstriyanın paytaxtı
Vyana tarixi şəhərdir. Xeyr, bu heç də belə
sadə şəkildə deyib, üstündən keçiləsi bir şəhər deyil. Vyana
özü elə
tarixdir. Hər küçəsində və meydanında keçmişi hiss etdiyin canlı tarix. Mənim
kimi beynəlxalq
hüquq sahəsinə marağı olan
insanlar üçün bəlkə də bura əvəzedilməz şəhərlərdən biridir. Tarixi müqavilələrə və
siyasi proseslərə sahiblik etmiş
Hofburg sarayı, iki dünya müharibəsi
görmüş Avstriya bir beynəlxalq
hüquqşünas üçün kifayət qədər məntiqli seçimdir.
- Təhsil aldığınız
sahə kifayət qədər çətin və maraqlıdır...
-Bəli, haqlısınız. Hüquq dünyanın hər
dilində
oxunulması, öyrənilməsi səbir tələb edən
çox həssas və qəliz bir sahədir.
Amma çətini bu sahəyə - onun daxili aləminə girib, hüququ hiss edənə qədərdir. Artıq hüquq həyatımın bir
parçasıdır desəm,
yanılmaram. Avstriyada çox adam
hüquq sahəsi üzrə oxumağa meyil etmir. Çünki hər kəs bilir ki, hüququ
oxumağa başlaya bilər,
amma hər kəs onu bitirə bilməz. Buna görə
də hər kəs öz öhdəsindən gələ biləcəyi sahəyə meyil edir. Onu da
vurğulayım ki, bu ölkədə hüquq sistemini
bitirən və
hüquqşünas kimi çalışan şəxslər Avstriyada çox
hörmət qoyulan
insanlardırlar. Çünki Avstriyada
qanuna, qanunun aliliyinə
və qanunu,
hüququ müdafiə
edənlərə yüksək
dəyər verilir.
- Avstriyanın hüquqa yüksək dəyər verməsi barədə təriflər dediniz. Təhsil aldığınız
universitetlər necə, tərifəlayiqdirmi?
- Əlbəttə. Bildiyiniz kimi, hazırda iki universitetdə təhsil alıram. Eyni vaxtda həm Vyana İqtisadiyyat
Universitetində
İqtisadi hüquq fakültəsində bakalavr kimi alman
dilində və Vyana Universitetində Beynəlxalq və Avropa iqtisadi
hüququ üzrə
alman və ingilis
dillərində magistratura təhsilimi davam etdirirəm. Düşünürəm
ki, universitetlərin
hər ikisində təhsilin səviyyəsi yüksəkdir, bilik və təcrübə
əldə etmək üçün
kifayət qədər imkanlar var.
- Digər azərbaycanlı tələbələr də sizin kimi təhsil sahəsində belə əmin addımlarla irəliləyirlərmi? Ümumiyyətlə, onların Avstriyadakı fəaliyyətlərini qənaətbəxş saymaq olarmı?
-Avstriyada
2002-ci ildən fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi mövcuddur. Bu da azərbaycanlı tələbələrin artıq 12 ildir
ki, Avstriyada aktiv olmaları anlamına gəlir. Konkret olaraq
özümün ictimai diaspor işlərində aktivliyimə gəldikdə isə, mən 2012-ci il
dekabr ayından 2013-cü ilin dekabrına qədər Azərbaycan Akademik
Assosiasiyasının baş katibi olmuşam. Hazırda
təşkilatımızın
sədri Elvin
Süleymanov və
baş katibi Sənan
Əhmədzadədir. Birillik baş katib kimi fəaliyyətimdən sonra hazırda Azərbaycan Akademik
Assosiasiyasının idarə
heyətində yer alıram. Təşkilatımız
Avropadakı ən
qocaman diaspor təşkilatlarındandır
və Azərbaycan həqiqətlərinin tanıdılmasında misilsiz
rol oynayıb. Bu uğurlu inkişaf xətti bu gün də davam etdirilir. 2012-ci ildə
təşkilat
artıq Sloveniya və
Slovakiyada da fəaliyyət göstərməyə
başlamışdı.
Çalışıram ki, bu təşkilata daim öz töhfəmi verim. Düzdür,
özümün işlərim
də çox olur,
bir çox ictimai işlərdə də aktivlik edirəm.
Mən Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyində ATƏT üzrə nümayəndə heyətində olmuşam. Burada
təcrübələr keçmişəm və
ştatdan kənar
beynəlxalq
hüquqşünas kimi fəaliyyət göstərmişəm.
Hazırda
da səfirliyimizin
təklifi ilə beynəlxalq təşkilatlarda keçirilən konfrans və forumlarda ölkəmiz adına
gənc beynəlxalq hüquqşünas kimi
iştirak edirəm.
Düşünürəm ki, xarici ölkələrdəki digər səfirliklərimiz də o ölkədə təhsil alan tələbələrlə sıx işləməlidir.
Çünki gələcək gənclərindir və onlara daha çox dəstək gərəkdir. Gənclərin
doğru istiqamətdə yetişdirilməsində atılan hər bir addım isə gələcəkdə öz bəhrəsini verəcək.
Bu gün
xaricdə təhsil alan və öz sahəsində mütəxəssis kimi yetişən hər bir gənc gələcəkdə Azərbaycanı irəli aparacaq əsas qüvvə olacaq.
-Azərbaycan hüquq sistemi Avstriya,
konkret olaraq Avropa hüquq sistemindən daha çox nələri ilə fərqlənir? Avropa
hüququndan nələri öyrənməliyik?
- Öncə onu deyim ki, Azərbaycan Avropa hüququnu dərindən bilən gənclər yetişdirməlidir. Şəxsən mən
Azərbaycanın gələcəkdə beynəlxalq sahədə ciddi şəkildə özünü
formalaşdırmış və
beynəlxalq arenada
tanınan, nüfuzu olan bir hüquqşünası
olmağı hədəfləyirəm.
Bu yolda da durmadan çalışıram. Azərbaycanın
öyrənməli olduğu hüquq
təcrübələrinə
gəldikdə isə, bildiyiniz kimi, Azərbaycan Avropaya
inteqrasiya edən bir
ölkədir.
Bəzən hər kəs bunu ümumi bir adi söz kimi eşidir və qəbul edir. Əslində inteqrasiya özündə müxtəlif sahələri birləşdirir. Düşünürəm ki, Azərbaycanın Avropaya
inteqrasiyasının önəmli
hissəsini
hüquqi sahə əhatə edir. Mütəmadi olaraq Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli danışıqlar,
qarşılıqlı əməkdaşlıq memorandumları, müxtəlif sahələrdə birgə əməkdaşlıq və tərəfdaşlıq müqavilələri və s. hüquqi sənədlərin işlənib hazırlanmasında beynəlxalq hüquqşünaslara
ciddi ehtiyac var. Azərbaycanın qarşısına hədəf qoyduğu əsas inkişaf istiqaməti neft sektorunun qeyri-neft
sektoru ilə əvəzlənməsidir. Bu da iqtisadi sahədə
çoxşaxəli
inkişafı vacib amilə
çevirir. Bu istiqamətdə
də Azərbaycanın beynəlxalq arenada iqtisadi
hüquq sahəsində ciddi əlaqələr qurması təcrübəyə və bacarığa sahib olan
hüquqşünaslarsız qeyri-mümkündür.
Bir daha qeyd edirəm ki, mən hər zaman Azərbaycan-vətənimiz üçün fəaliyyət göstərmək istəmişəm və bu gün də fəaliyyətimi bu istiqamətdə qurmuşam. Mənim xaricə gəlməyimin,
Avstriyada təhsil
almağımın əsas
səbəblərindən
biri də bu idi ki, həqiqətən ölkəmə yararlı bir şəxs, peşəkar kadr kimi
özümü formalaşdırım. Düşünürəm ki, mən hazırda və yaxın gələcəkdə də Azərbaycana
Avropada lazım olacağam. Bütün
bunları ona görə
qeyd etdim ki, Avropadan öyrənməli olduğumuz
hüquq sistemlərini
elə gənc kadrlar vasitəsilə həyata keçirə bilərik.
Gənclərimiz
üçün isə
yüksək şəraitlər yaradılır.
Sadəcə qalır onların vətənpərvər olub ölkəyə can yandırması. Əslində mənim düşüncə tərzim odur ki, ölkənə, Vətəninə, millətinə xidmət etmək üçün vətəndə olmağın şərt deyil. Vətənə
bağlılıq məkanla
ölçülmür, harada olmağından asılı
olmayaraq, qəlbinlə Vətənə
bağlılığın və
onun üçün gördüyün işlərlə ölçülür.
- Fərd olaraq Azərbaycan üçün
gördüyünüz və görə biləcəyiniz işlər barədə söz açdınız. Təşkilat şəklində necə, təbliğat-təşviqat işlərini yüksək səviyyədə qurmaq olurmu?
-
Doğru vurğuladınız. Əsas məsələ fərdi şəkildə uğur qazanmaq deyil, təşkilatlanmaqdır. Bu işdə isə yuxarıda
adını çəkdiyim
Azərbaycan Akademik
Birliyi kifayət qədər işlər
görür. Düşünürəm ki, son 1 il
ərzində ölkəmiz adına Azərbaycan Akademik Birliyində yoldaşlarımla birgə önəmli layihələr həyata keçirmişik. Bu layihələrdən “Vienna Apple Event”i misal çəkə bilərəm. Bundan
başqa ulu öndər Heydər Əliyevin 90 illik xatirəsinə həsr olunmuş “Land of Fire Avropa-Azərbaycan kikboksinq turniri”ni də deyə bilərəm.
Hər iki layihənin ideya müəllifliyi və layihə rəhbərliyi mənə aid idi.
Çox şadam ki, bu layihələr
uğurla həyata
keçirildi və
kifayət qədər də
ictimaiyyət tərəfindən
müsbət
qarşılandı. Bundan əlavə, 2013-cü il
mart ayından Vyanada “İron Fist GYM” idman cəmiyyətinin tərkibində “Xocalı idman
komandası”nı yaratdıq. Xocalı idman
komandasının ilk məşqçisi
mən idim.
İdmançılar isə Avstriyada təhsil alan azərbaycanlı tələbələr idi. “Xocalı
idman komandası” günü-gündən
böyüyür. Bura maraq kifayət qədər artır. Təsəvvür edin ki, hazırda
dünyada tanınmış idmançılar- boks
üzrə tanınmış idmançımız Fariz Məmmədov və kikboksinq üzrə dünyaca məşhur olan həmyerlimiz Zabit Səmədov Xocalı
komandasının fəxri məşqçiləridir.
- Bizi Avstriyada təkcə iki universitetdə uğurla təhsil almaqla deyil, idman sahəsi üzrə də təəccübləndirə bildiniz. Bir qədər də “Xocalı idman komandası” barədə danışardınız.
- Düzü, mənimçün bu, o qədər də təəccüblü hal deyil. Bəli, idmanla aktiv məşğul olmuşam və hazırda Xocalı komandasının məşqçisiyəm. Hədəfimiz isə Xocalı komandasını dünyada daha çox tanıtmaqdır. Xocalı komandası qurularkən əsas məqsədimiz şüuraltı təbliğatı həyata keçirtmək idi. Xocalıya aid olan yazıda idman maykaları geyinərək bizimlə eyni zalda məşq edən xeyli sayda insanlarda maraq da yarada bilirdik. Dünyaca tanınmış idmançıları komandamıza cəlb edərək dünyanın diqqətini Xocalı komandasına yönəltmək də əsas istəklərimizdəndir. Çalışırıq ki, hər kəs bu komanda ilə yaxından maraqlansın və nəticədə Xocalıda olan hadisələrlə bağlı da ətraflı məlumatlı olsunlar. Məqsədimiz Xocalını ildə bir dəfə deyil, hər həftə, hər məşqdə, həyatımızın hər anında yaşatmaq, bu faciəni unutmamaq və unutdurmamaqdır. Düşünürəm ki, ən böyük uğurlarımızdan biri 10 mayda keçirilən “Land of Fire” yarışında Xocalı komandasının tanıdılması oldu. Bu turnir Avropanın ən məşhur televiziya kanalı olan “Eurosport” vasitəsi ilə dünyanın 75 ölkəsində nümayiş etdirildi. Eyni zamanda idman “Azərbaycan” kanalı vasitəsi ilə Azərbaycanda da canlı olaraq tamaşaçılar bunu izləyə bildilər.
- Kifayət
qədər
aktiv gəncsiniz. Gələcək
planlarınız nədən ibarətdir?
- Gələcək planlarım hər zaman, harada olmağımdan
asılı olmayaraq Azərbaycanla
bağlı olacaq. Çox istərdim
ki, yaratdığımız Xocalı komandası dünya səviyyəsində tanınsın. Mən də Azərbaycanın
işğal olunmuş torpaqlarının qaytarılmasında əməyi keçən
insanlardan olam. Vətənim üçün
yararlı və
başucaldıcı insan olaraq millətimə və ölkəmə bir az da olsun borcumu
ödəyə biləm. Biz
azərbaycanlıların
məşhur bir
misalında deyildiyi kimi, ömrüm boyu
çalışacağam ki, bir əlimdə qələm,
birində də qılınc olsun.
Çünki bizim mənfur
qonşularımız daim oyaqdır və
həmişə bizə həm fiziki, həm
də digər istiqamətlərdə
hücumlar edə
bilərlər. Bunun
üçün isə
həm hüquq sahəsində hazır
olmalıyıq, həm
də vətəndaş olaraq vətənin
dar gününə
əsgər kimi hazır
olmalıyıq. Şükürlər
olsun ki, mən həm fiziki cəhətdən
sağlam, həm də əqli və
elmi cəhətdən inkişaf etmiş biri kimi
yetişmişəm,
bu gün də buna
çalışıram. Düşünürəm ki, hər bir Azərbaycan gənci də bir əlində qələm,
bir əlində qılınc
yetişməlidir.
Tural
Tağıyev
Palitra.-2014.-25 yanvar.-S.6.