“Azərbaycan musiqisinin təntənəsini görürəm”
Səyavuş Kərimi: “Mən bunu həmişə qürurla demişəm və indi də deyirəm ki, əgər dünyada beş gözəl musiqi mədəniyyəti varsa, onlardan biri mütləq Azərbaycanın musiqi mədəniyyətidir”
Müsahibimiz Azərbaycan
Milli Konservatoriyasının
rektoru, Xalq artisti, professor Səyavuş
Kərimidir:
- Səyavuş müəllim, ötən
il “Arşın
mal alan” operettasının
100 illiyi qeyd olundu. Bu münasibətlə operettamız
bir çox ölkələrdə səhnələşdirildi.
Bu haqda nə deyə
bilərsiniz?
- “Arşın mal alan”
operettasının yenidən səhnəyə qoyulmasında
Fərhad
müəllimin
rolu böyükdür.
Bilirəm
ki, Avstriyanın paytaxtı Vyana şəhərində “Arşın mal alan”
operettasının səhnəyə
qoyulması onların
aktyorları tərəfindən
işlənilmişdir.
Eşitdiyimə
görə
bu çox maraqlı iş olub. Tale elə gətirdi
ki, sentyabr ayında həmin tamaşa
ABŞ-ın Kaliforniya
ştatının Los-Anceles
şəhərində çox nüfuzlu bir salonda səhnəyə
qoyuldu. Bu iş əlbəttə ki, Azərbaycan Dövlət
Neft Şirkətinin dəstəyi ilə
həyata
keçirildi. Mən bu tamaşanı
izləmək üçün dəvət aldım.
Mənimlə bərabər Fərhad
müəllim,
dirijor Azad Əliyev, bəstəkar Sərdar Fərəcov da getdi. Onu da qeyd edim
ki, bu tamaşa
çox möhtəşəm hazırlanmışdı və ictimaiyyətin
böyük marağına
səbəb oldu. Demək olar ki, 2 min
nəfərlik tamaşa salonu tamamilə
dolu idi. Hətta, ayaqüstü dayanan
tamaşaçılar da
var idi. ABŞ kimi bir ölkədə və ermənilərin tüğyan etdiyi bir ştatda Azərbaycan
bəstəkarının ermənilər tərəfindən özlərinin
olduğu iddia edilən
“Arşın mal alan” əsəri səhnəyə qoyuldu. Oradakı baş konsulluq
tərəfindən mühafizə
çox gözəl təşkil
olunmuşdu. Mən bunu nəyə görə deyirəm?
Çünki orada keçirilən bütün Azərbaycan tədbirləri erməni
diasporu tərəfindən hansısa hücumlara məruz
qalır. Amma bu dəfə onlar yaxın durmadılar. Onu da qeyd edim ki,
yəhudi
ictimaiyyətinin
başçıları və nümayəndə heyətləri, səfirlərin, digər
mötəbər insanların bu tamaşaya gəlmələri təmin
olundu. Çingiz Sadıqov kimi
Amerikada yaşayan adlı-sanlı insan da orada tamaşaçı
qismində
iştirak edirdi.
Tamaşa çox maraqlı
alındı və tam ingilis dilində oynanılırdı.
Amma bütün ariyalar, duetlər,
mahnılar Azərbaycan dilində
oxunurdu.
Gülçöhrəni ifa edən
aktrisanın zənci, digər
aktyorların ingilis dilli olmasına baxmayaraq, onlar bu əsəri sevə-sevə
ifa edirdilər. Bu çox
böyük bir mədəni hadisəyə çevrilmişdi. Azərbaycanın dahi bəstəkarı, Azərbaycan
professional musiqisinin banisi
Üzeyir bəyin dünyanı fəth etmiş bir əsəri bu gün Amerika
səhnəsində onların aktyorları tərəfindən ingilis dilində, lakin mahnıları Azərbaycan dilində
ifa olunurdu. Bu, olduqca böyük
bir müvəffəqiyyət
idi. Mən o zaman çox
böyük qürur hissi keçirirdim. Tamaşadan sonra keçirilən qəbulda
Amerika senatorlarından
biri çıxış
etdi. Daha sonra aktyorlar,
bizim səfirimiz və bir çox tanınmış insanlar çıxış etdi.
Azərbaycan musiqisi, Azərbaycan musiqi sənəti böyükdür və ermənilər nə
qədər istəsələr də mənimsəyə bilməyəcəklər. Çünki onu, ancaq azərbaycanlı
ifa edə bilər. Başqa bir tərəfdən baxdıqda
görərik
ki, bunun mahiyyəti
çox böyükdür.
Bunun həm
siyasi, həm də mədəni vacibliyi var. Mən bu barədə fikrimi Neft Şirkətinə bildirdim. Çünki
onlar çox böyük iş görüblər.
-Bəs,
sizin fikrinizcə bu gün gənc bəstəkarlardan Azərbaycanın
möhtəşəm operettası olan “Arşın mal alan”
kimi bir operetta gözlənilirmi?
- Bu, artıq başqa bir sualdır. Mən
belə
hesab edirəm ki, bu gün fərdi təhsil
aparan ali
məktəblər sırasında
konservatoriyalar var. Çünki
burada fərdi təhsil üstünlük təşkil edir. Bu ali
məktəblərdə
tətbiq
olunan tədris sistemi
bu gün görkəmli
bəstəkarların yetişməsini
xeyli əngəlləyir. Bu gün biz nə
Qara Qarayev, nə
Fikrət
Əmirov, nə Cövdət Hacıyev, nə də Arif Məlikov
kimi bəstəkarları
ala bilərik.
Amma buna baxmayaraq, istedad istedaddır. Bir də
görürsünüz ki,
o gözəl
bir qönçə kimi birdən
açılır və dediyimiz bütün bu faktların hamısını silib, özünü bəlli edir. Belə bəstəkarları zaman yetişdirir. Biz
çox xoşbəxt xalqıq ki, bəstəkarlıq məktəbinin ağır artilleriyası
olan Üzeyir bəy
Hacıbəyli,
Qara Qarayev, Fikrət
Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Arif Məlikov,
Tofiq Quliyev, Rauf Hacıyev, Səid
Rüstəmov
məktəblərinə
sahib olmuşuq. Amma bu gün tədris
olunan təhsil sistemində belə
adlara rast gəlinmir.
-Ötən
il rəhbərlik etdiyiniz
Tacikistan səfəriniz haqqında
nə
deyə
bilərsiniz?
- Bəli. Keçən il bizim Tacikistana və digər ölkələrə səfərimiz oldu. Amma sırf tədrislə bağlı olan Tacikistan Konservatoriyası ilə ikitərəfli əlaqələrin yaranması məsələsi idi. Tacikistana mənimlə bərabər Konservatoriyanın müəllimləri Aygün Bayramova, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov da getmişdilər. Mən, son illər getdiyim bütün səfərlərimdə öz musiqiçilərimizi də aparıram. Mən hər yerdə Azərbaycan musiqisinin təntənəsini görürəm. Biz Tacikistandan sonra Latviyaya səfər etdik. Biz Latviya Konservatoriyasına Azərbaycan bəstəkarlarının notlarını hədiyyə etdik ki, orada da Azərbaycan musiqisi çalınsın. Bizim muğam konsertimizə Latviyanın prezidenti gəldi.
Bu bir daha bizə sübut edir ki, Azərbaycan musiqi mədəniyyəti olduqca möhtəşəmdir. Bəlkə də bu, bizim özümüzün olduğuna görə biz bunu hiss etmirik. Mən bunu həmişə qürurla demişəm və indi də deyirəm ki, əgər dünyada beş gözəl musiqi mədəniyyəti varsa, onlardan biri mütləq Azərbaycanın musiqi mədəniyyətidir.
- Bu yaxınlarda Akademik Milli Dram Teatrında görkəmli yazıçımız Əli Əmirlinin “Şah Qacar” əsəri Azər Paşa Nemətovun təqdimatında səhnəyə qoyuldu. Hər tamaşa anşlaqla keçir və bu tamaşanın böyük əsəri sizə aiddir. Sizin tamaşa haqqında olan təəssüratlarınızı bilmək istəyirik.
- Bu tamaşa mənim Azər Paşa Nemətovla olan birinci işim deyil. Biz çox böyük risklərlə Şekspirin əsərinə müraciət etdik. Bizim ilk böyük işimiz “Hamlet” əsəri oldu. Bu tamaşanı ümummilli lider Heydər Əliyev də izləyib. Daha sonra Şekspirin “Afinalı Timon” əsərini də birgə işlədik. Nəhayət ki, “Şah Qacar” əsəri üzərində çalışdıq. Əlbəttə, mövzu maraqlıdır və mən çalışıram ki, musiqi, əsərdə baş verən dramaturji hadisələrin arxasında onu saxlaya bilsin.
Hər halda teatrda işləmək mənim üçün çox maraqlı olur. Çünki teatr elə bir sahədir ki, orada aktyorlar hər gün eyni səhnəni, eyni həyatı yaşayırlar.
Keçən il mənim üçün uğurlu il oldu. Eldar Quliyevin “Dərvişin qeydləri” bədii filminin musiqisini tamamladım. O cümlədən “Kimyagər” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində göstərildi. Gənc Tamaşaçılar Teatrında “Hasarın o tayı” və “Şah Qacar” əsərinin musiqisini bəstələdim.
Bu il həmçinin mənim üçün maraqlı yaradıcılıq ili oldu. Bundan başqa, mən Norveçdə yeni bir layihəni tamamladım və bizim bir neçə ölkədə görüşlərimiz oldu.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-30 yanvar.-S.13.