“Milli-mənəvi dəyərlərimizi xaricdə də təbliğ etmək istəyirik”

Ülvi Kazım: “Milli-mənəvi dəyərlərə üstünlük verən

televiziya proqramlarının sayı daha da artırılmalıdır”

Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlərimiz nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Bu gün milli özünüdərk problemi həm də ona görə aktualdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız öz milli-mənəvi köklərinə qayıtmağa, öz milli mentalitetinə adekvat olan həyat tərzi qurmağa çalışır. Lakin buna nail olmaq üçün ilk növbədə əsrlərdən və nəsillərdən bizə miras qalmış milli sərvətlərimizi qoruyub saxlamağı və onları dəyərləndirməyi bacarmalıyıq. Bu baxımdan gənclərimizin də üzərinə böyük məsuliyyət düşür. Gənclərimizin bu işin öhdəsindən nə dərəcədə gəlməsi ilə bağlı “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədri Ülvi Kazımla söhbətləşdik.

- Gənclər cəmiyyətin gələcəyidir deyirik. Amma bu gənclər milli-mənəvi dəyərlərimizi öz çiyinlərində gələcəyə apara bilirmi?

- İstənilən dövlətdə irəli getmək üçün sosial göstəricilər normal olmalıdır. Hər hansı gənc də özünü sosial baxımdan təmin etməlidir ki, daxilində olan müsbət keyfiyyətləri ətrafdakılara göstərə bilsin. Bu gün bəzi gənclər müsbət keyfiyyətlərdən tamamilə uzaqdırlar. Onlar özlərinə cahil mühit yaradıblar, düşüncə formalaşdırıblar. Fikirləşirlər ki, əgər Avropada belədirsə, onlar da belə olmalıdır. Amma sizi inandırıram ki, Avropada tamamilə belə deyil. Gedib gəzib gəlirik, amma Avropada belə şeylər yoxdur. Əksinə mən buna avropalaşma yox, ifratlaşma deyərdim. Yəni gənclərin düşüncələrində ifratlaşma gedir. Bunun da mənfi nəticəsi, məsələn, bu gün evlənənlərlə boşananların sayına baxanda çox şəffaf özünü göstərir. Ona görə də bəzi Azərbaycan gəncləri düşüncə baxımdan müəyyən dönüş etməlidir. Milli-mənəvi dəyərlərimizə daha da bağlanmalıdırlar. Onlar əgər milli dəyərlərimizə sayğılı yanaşsalar, bir çox mənəvi problemləri aradan qalxacaq.

Amma bir şeyi də deyim ki, Şərqdə, türksoylu dövlətlərin əksəriyyətində o qədər incə mənəvi dəyərlər, gözəl ənənələr var ki, sırf bu mənəvi dəyərlər üzərində insan ömrünü dolğun yaşayıb məntiqi sonluğa çatdıra bilər. Biz bu mənəvi dəyərlərdən örnək götürməliyik.

- Sizcə, bunun səbəbi nədədir?

-Hər hansı bir cəmiyyət parlaq gələcək istəyirsə, öz gəncliyinin qeydinə qalmalıdır. Xüsusən də gənclik özü-özünün qeydinə qalmalıdır. Bu gün gənclər bilməlidir ki, onlar uzun, şərəfli ömür yaşamaq istəyirlərsə, sırf mənəvi dəyərlərə bağlı olmalıdır. Müsəlman ölkəsi olduğumuzu unutmamalıdırlar. Ümumiyyətlə, bəzi gənclər özlərindən, həqiqətdən qaçırlar. Və özlərinin yaratdıqları yalan həqiqətə inanaraq yaşamağı üstün tuturlar. Əslində Azərbaycan gəncliyində heç bir günah yoxdur. Televiziyalarda verilən milliliyə yad olan bəzi verilişlərlə onlara diqtə olunan vasitələri yerinə yetirməyə çalışırlar.

- Bəs, gənclərimizin milli-mənəvi dəyərlərə bağlı olmaları üçün nə edilməlidir?

- Milli-mənəvi dəyərlərə üstünlük verən televerilişlərin sayı daha da artırılmalıdır ki, gəncliyimiz həqiqəti daha aydın görsün. Bundan başqa üzdəniraq, bayağı insanların ictimailəşdirilməsinə son qoyulmalıdır. Bu gün cəmiyyətin vitrininə çıxarılan bəzi insanlar yeniyetmələrin düşüncələrini pozurlar. Mənəviyyatı olmayan insanların KİV-ə çıxarılmasının qarşısı alınmalıdır. Mədəniyyətimizə daha diqqətlə yanaşılmalıdır. Bu gün kim qabağa çəkilirsə, o insanın görkəminə, tutduğu yalançı mövqeyinə, maddi durumuna yox, onun mənəviyyatına xüsusi fikir verməlidir. Azərbaycan gəncliyi həyatı boyu yenilməz gənclikdir. Mən sizi tam əmin edirəm ki, əgər bu qaydalara əməl olunsa, gəncliyimiz daha da çiçəklənər. Bu dəqiqənin özündə, əziyyət çəkən, yerini bilən namuslu gənclərimiz var. Amma onlar özlərini namuslu, ismətli aparmaqla cəmiyyətdə yer tapa bilmirlər. Bu göstəricilər mərdi qova-qova namərd edən amillərdən biridir.

Əslində gəncliyimiz müsbət keyfiyyətləri özündə daşıyan nümunəvi gəclərin, qəhrəmanların ehtiyacındadır. Bu məsələ gündəmə gətirilməlidir. Biz müsəlman ölkəsiyik. Ən sonuncu kamil din İslam dinidir. Əslində İslam dini o qaydaları özündə aşılamır, axı. İslam dini bizə deyir ki, ailədə, cəmiyyətdə təmiz yaşa. Sənə pis olana yaxşı ol. Vicdanlı ol, yıxılana kömək et. Allahını unutma. Lakin biz bəzən bunlardan qaçırıq. Din mövzusu xofu bizi bürüyür. Başqa qeyri-müsbət yollar yadımıza düşür. Bunlar hamısı cahilliyin göstəricisidir.

-Təşkilat olaraq milli-mənəvi dəyərlərin təbliği ilə bağlı hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?

-“Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyi 2014-cü ili Azərbaycan gəncliyinin milli-mənəvi dəyərləri ili hesab edir. Biz bunu layihə şəklində edəcəyik. Unudulmuş mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində bütün bir ili Azərbaycan gəncliyinə milli-mənəvi dəyərlərin aşılanmasına həsr edəcəyik. İlin başlanğıcından yekununa kimi Bakıda və regionlarda milli-mənəvi dəyərlərin Azərbaycan gəncliyində təbliği ilə bağlı silsilə şəklində tədbirlər edəcəyik. Milli-mənəvi dəyərlərimizin əslində nədən ibarət olduğunu biz gənclərə göstərəcəyik. Xalq tərəfindən təsdiqlənmiş, fəaliyyəti ilə daim cəmiyyətə xeyir vermiş, amma yaddan çıxmış qocaman elm adamları, ictimai xadimləri, mədəniyyət ustaları və s. tapacağıq. Onları tədbirlərimizə dəvət edəcəyik. Hər biri öz fəaliyyəti, keçdiyi şərəfli ömür yolu haqda məlumat verəcək. Bu qocaman insanlarla biz ikitərəfli görəcəyik. Biz onlara dolayı yolla çatdıracağıq ki, gənclər sizi unutmurlar. Siz həqiqətən də gənclərin yaddaşındasız. Gənclərə də onu aşılayacağıq ki, əslində cəmiyyətdə inkişaf etmək üçün belə insanları nümunə götürməlidirlər.

-Xarici ölkələrdə də bu tip layihələriniz olacaqmı?

-Bəli, biz milli-mənəvi dəyərlərimizi xaricdə də təbliğ etmək istəyirik. Bütün Qərb ölkələrinin əksəriyyətinin yeni innovativ fikirlərinin kökündə yenə də Şərq ölkələri durur. Tarixdən də bu, açıq-aydın görünür. Yəni mən Qərbdə bir dəyər görmədim. İnanın mənə, Şərqdə və bizdə olan mənəvi dəyərlər çox ölkələrdə yoxdur. Biz o dəyərləri göz bəbəyimiz kimi qorumalıyıq. Həmin o dəyərləri yenidən özümüzə qaytarmaq, onu Qərb ölkələrində təbliğ etməliyik. Çünki bu insani keyfiyyətlər üzərində yaşayan ailə, cəmiyyət həmişə davamlı şəkildə inkişaf edər və heç zaman onlarda problemlər olmaz.

İnsanın ki, mənəviyyatı boş olur, bağlanmağa dəyərləri olmur, onda yaşamaq zorlaşır. Məsələn, mən çöldə işləyirəm. Məni evə bağlayan həyat yoldaşım, övladlarım olmasa, necə ailə sevgim olar?

Xaricilərə adət-ənənələrimizi, ailə dəyərlərimizi izah edəndə onlar bizim xalqla çox yaxından maraqlanırlar. Əslində, savadlı xaricilər dəyərin özünü axtarır. Əksəriyyətinə fikir verin, naturaya üstünlük verirlər. Bakıya gələn əksər əcnəbilər İçərişəhərə gedirlər. Yəni kökə qaçırlar. Onların daxilində bu tələbat var. Mən də xaricdə bununla bağlı layihələr keçirmək istəyirəm, çünki dünya da bunu axtarır.

-Milli-mənəvi dəyərlərin təbliğ olunması yolunda xeyriyyəçilik ənənələrinin də özünəməxsus rolu var. Sizin təşkilatın bu baxımdan hər hansı layihəsi olubmu?

-Xeyriyyəçilik, eyni zamanda dövlətinə, xalqına, cəmiyyətinə sahib çıxmaq, tarixinə, incəsənətinə, mədəniyyətinə dəyər vermək deməkdir. Belə olduğu halda, fikrimizcə, xeyriyyəçiliyin inkişafı, xeyriyyəçiliyin təbliğatı- dövlətimizə aid bütün milli-mənəvi dəyərlərimizin qorunması və təbliğatı üçün çox böyük addımdır. Bizim ötən il “Azərsun”unun dəstəyi ilə xeyriyyə layihəmiz oldu. 8 regiondan müxtəlif imkansız ailələrə yardım aksiyası keçirdik. Hər ay 50 ailəni pulsuz ərzaqla təmin edirdik. Həmçinin təşkilatımız hesabına 40 uşağı pulsuz sünnət etdirmişik. Bu ilə də xeyriyyə işlərimizi davam etdirəcəyik.

Fuad Hüseynzadə

Palitra.-2014.-30 yanvar.-S.11.