“Məqsədimiz Vətənimizi danimarkalılara sevdirməkdir”
Kəmalə
Kərimova:
“Bir
çox danimarkalı musiqiçilər
bəzi
sahələrdə
bizdən
çox
geri qaldıqlarını etiraf edirlər”
Azərbaycan-Danimarka
Dostluq Cəmiyyətinin
sədri
Kəmalə
Kərimova
ilə
müsahibəni təqdim edirik:
- Kəmalə
xanım, hazırda Danimarkadakı Azərbaycan diasporu necə fəaliyyət
göstərir?
-Bütün ölkələrdə olduğu kimi, Danimarkada da Azərbaycan diasporu öz fəaliyyətini davam etdirir. Məqsədimiz daha çox qapı açaraq, danimarkalıları ölkəmizin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti və turizmi sahəsindəki yenilik və nailiyyətləri ilə tanış etməkdir.
-Azərbaycan
diasporunun birləşməsi,
ölkəmizin tarixinin və
mədəniyyətinin
təbliği
istiqamətində hansı işlər
görürsünüz?
-Mən, mədəniyyət sahəsində fəaliyyət göstərdiyim üçün, qarşıda olan plan və tədbirlərimdən danışmaq istərdim. Keçən ilin avqustundan işlədiyim məktəbin türk dili müəllimi Enes Fatih Doğan bəylə birlikdə “ASK Center” adlanan Anadolu Dil və Mədəniyyət Mərkəzini (Anatolien Sprog &Kultur Center) qurduq. Açılışda Türkiyənin tanınmış dərnək və təşkilat rəhbərləri, musiqiçilər və orta məktəb müdirləri, çox sayda Danimarkada yaşayan türk və azərbaycanlı həmvətənlərimiz iştirak etdi. Rəsmi hissədən sonra Danimarka, Azərbaycan və türk dillərində mahnılar səsləndi. Həmvətənlimiz Kazım bəy, Rəşid Behbudovun repertuarından olan mahnılardan, danimarkalı müğənni Qudrun Holk isə azərbaycanca “Girdim yarın bağçasına” mahnısını ifa etdi. Bu mahnı ilk dəfə idi ki, bir danimarkalı müğənni tərəfindən ifa olunurdu. Ümumiyyətlə, Qudrun Holk bir neçə albom çıxarmış çox istedadlı, təcrübəli bir musiqiçi və müğənnidir. Özünün bəstələdiyi bir neçə əsəri var. O, Azərbaycan musiqisini çox bəyənir. Bizim məqsədimiz də yerli xalqı mədəniyyətimiz və tariximizlə daha yaxından tanış edib, onlara xalqımızı, Vətənimizi sevdirməkdir. Elə o gündən etibarən bir çox tədbirə imza atdıq. Ümumiyyətlə, Azərbaycanın milli bayramları, tarixi, mədəni irsi ilə bağlı olan bütün tədbirləri yüksək səviyyədə keçirməyə çalışırıq. Bu işdə bizə Danimarkada yaşayan həmvətənlərimiz də köməklik göstərir. Planlarımız arasında Danimarkadakı kitabxanalara Azərbaycana aid kitab və vəsaitlərin yerləşdirməsi də var. Bu məqsədlə Azərbaycandan jurnalistlərin, mədəniyyət işçilərinin, elm xadimlərinin bura gəlməsi üzərində çalışırıq. Fevral-mart aylarında "AzərTAc" dövlət agentliyinin iki nümayəndəsini dəvət etməyi planlaşdırırıq. Mən Danimarkada musiqiçi kimi fəaliyyət göstərdiyim üçün indi daha çox musiqiçilərlə ünsiyyətdə oluram. Onlar bizim musiqiyə çox maraq göstərir. Hal-hazırda yuxarıda adını çəkdiyim bəstəkar Qudrun Holkla bir neçə Azərbaycan mahnısı üzərində çalışırıq. Ümidvaram ki, bir gün gələcək və ilk dəfə əsli skandinaviyalı olan bu müğənni xanımın ifasında Azərbaycan xalq mahnılarını dinləyəcəksiniz. O, Azərbaycanla çox maraqlanır. Mən, onu Vətənimizə gətirməyə söz vermişəm. Biz birlikdə başqa maraqlı layihələr üzərində də işləyirik. Digər yerli musiqiçilər Anna Mariya Vanq və Maybritt musiqi müəllimləridir. Biri gitara, digəri isa fleyta ifaçısıdır. Onlarla birlikdə bir neçə ay öncə yeni bir orkestr qurduq, hətta artıq iki dəfə də məşq etmişik və növbəti tədbirlərdə yeni musiqi nömrələri ilə çıxış edəciyik. Bu orkestr yalnız Azərbaycan və türk mahnılarını ifa edəcək, bu mənim çoxdankı arzum idi. Şadam ki, bunu həyata keçirmək qismət oldu. Belə bir layihə bizim mədəniyyətimizə olan marağı artırar və millətləri yaxınlaşdırar.
- Digər
diaspor təşkilatlarımızla
əməkdaşlıq
edirsizmi?
-Bəli, qeyd etmək istərdim ki, bizim Azərbaycan-Danimarka Dostluq Cəmiyyəti digər milli diaspor təşkilatları ilə əməkdaşlıq edir. Təşkilat Kopenhagenin mərkəzi küçələrindən biri olan Vesterbrogade 14-də yerləşir. Burada tez-tez həmvətənlərimizlə görüşür, gələcəklə bağlı planlar qurur, diasporumuz üçün daha nələr edə biləcəyimizi müzakirə edirik. Başqa dərnək üzvləri ilə də görüş və fikir mübadiləsi aparırıq. Hətta planlarımız arasında yeni bir diaspor təşkilatı qurmaq da yer alır. Çünki sıralarımız çoxalır. İranda yaşamış, ürəyi yaralı, dərdli soydaşlarımız var. Onların da qəlbi Azərbaycanla döyünür, birləşib Vətənimizi layiqincə təmsil etmək arzusundayıq. Ötən il Almaniyada keçirilən diaspor toplantısında digər ölkələrdən olan diaspor üzvləri ilə də yaxından tanış oldum. Onlarla gələcəkdə əməkdaşlıq üçün danışıqlar aparmağı planlaşdırırıq.
- Oradakı türk diaspor təşkilatları
ilə
əlaqələriniz
necədir?
- Anadolu Dil və Mədəniyyət Mərkəzinin (Anatolien Sprog &Kultur Center) açılışında bizə türk diaspor təşkilatı üzvləri, xüsusilə də Murad bəy çox köməklik etdi. Ümumiyyətlə, Mərkəzdə Azərbaycanla bağlı keçirdiyimiz bütün tədbirlərdə onlar heç vaxt köməkliklərini əsirgəmir. Bu ilin fevral ayının sonunda Avropada yaşayan türklərin ana dili tədrisi mövzusundakı problemlərin həlli məqsədi ilə 1-ci Beynəlxalq Avropada yaşayan türklərin ana dili Konfransının (I. Uluslararası Avrupada yaşayan Türklerin Ana Dili Çalıştayı) keçirilməsi nəzərdə tutulub. Türkiyəli həmkarlarım bu tədbirdə Azərbaycandan da dil mütəxəssislərinin iştirak etməsini məqsədəuyğun hesab edir. Bunun üçün də biz konfransa həmvətənlərimizdən nümayəndə dəvət etməyi planlaşdırırıq. Bu faktın özü, türk diaspor və təşkilatlarının bizimlə nə qədər sıx əlaqəli olduğunu göstərir.
- Danimarkadakı
azərbaycanlılar
daha çox hansı
sahələrdə
fəaliyyət
göstərirlər?
-Həmvətənlərimiz arasında yaxşı həkimlər, müəllimlər, müxtəlif xidmət sahələrində fəaliyyət göstərən şəxslər var. Qeyd etmək istərdim ki, Danimarka dilini yüksək səviyyədə öyrənməkdən başqa, onlar işlədikləri sahələrdə də çox məsuliyyətli, təcrübəli kadr kimi yetişir və tanınırlar. Bir çoxları ixtisaslarına uyğun kurslara, universitetlərə gedib, orada bilik və təcrübələrini təkmilləşdirirlər. Məsələn, mən özüm Danimarka Konservatoriyasının təklif etdiyi bütün vacib təkmilləşdirmə kurslarına qatılmağa çalışıram. Mən də öyrənirəm, oradakı yerli musiqiçilərə də bir şeylər aşılayıb öyrədirəm. Qeyd edim ki, bir çoxları Azərbaycanda musiqi sənətinin, ümumiyyətlə, mədəniyyətin nə qədər inkişaf etdiyini və onların bəzi sahələrdə bizdən çox geri qaldıqlarını etiraf edirlər. Buradakı universitetlərdə təhsil alan gənclərimiz də çoxdur.
- Növbəti
hansı tədbirləri
keçirməyi nəzərdə
tutubsunuz?
-Bayaq qeyd etdiyim kimi, "AzərTAc" agentliyinin nümayəndələri martda ana dili festivalında iştirak etmək və baş verənləri mediada əks etdirmək məqsədi ilə dəvət olunacaq. Uşaqlar bayraqlar və milli geyimdə çıxışlar edəcək. Tədbir mart ayının 1-də Danimarka kraliçasının "Den Sorte Diamanten" (Qara inci) adlanan mərkəzi kitabxanasında keçiriləcək. Digər Skandinaviya ölkələrindən Norveç, İsveçdən də iştirakçılarımız olacaq, təbii ki, Azərbaycan dilində də mahnılar səslənəcək. Hal-hazırda bu tədbir üçün tələbəm Səbinə Seyidova ilə “Ağacda alma” xalq mahnısını hazırlayırıq. Bunun üçün Vətəndən milli paltar da sifariş etmişik. Qeyd etdiyim kimi, 1-ci Beynəlxalq Avropada yaşayan türklərin ana dili Konfransında Azərbaycan dili probleminə xüsusi yer verilib. Azərbaycandan türkoloq da dəvət olunacaq, türk dili ilə yanaşı xaricdə yaşayan azərbaycanlıların iki dillilik problemləri haqqında mövzu da gündəmə olacaq. Azərbaycan dili probleminin həlli məsələlərinə toxunulması bizim uğurlardan biridir. Bu ilin aprel ayında Mədəniyyət Festivalı çərçivəsində tədbir keçirməyi planlaşdırırıq. Ötən il 24 ölkənin stendləri sərgilənən bu festivalda Azərbaycan guşəsi xüsusi maraq oyatdı. Həmvətənlərimiz bu işdə çox fəal idilər belə ki, soydaşımız Anaxanım Hüseynova öz cəmiyyəti ilə stendimizin zənginləşdirilməsində böyük rol oynadı. Qarabağ problemini əks etdirən CD, kitab və filmlər nümayiş etdirildi. Azərbaycanın ləziz şirniyyatlarından nümunələr qonaqlara təqdim olundu, milli musiqi alətlərimiz haqqında məlumat verildi və həmvətənlimiz Abbas bəy gözəl saz havaları ilə dinləyicilərin ürəklərini fəth etdi. Bu il, daha zəngin materiallarla danimarkalıların qarşısına çıxmağı planlaşdırırıq. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, bu kimi tədbirlər həqiqətən də Danimarkanın bizi hərtərəfli və düzgün tanımasına və ölkəmizə maraq göstərməsinə yardım edir. Nəzərinizə bir faktı çatdırım: mənim burada tanıdığım pribaltikalı dostlarıma Qarabağ həqiqətlərini danışanda, fotomaterialları göstərəndə onlar çox təəccüblə: “Biz bilmirdik ki, müharibəni siz başlamamısınız”, dedilər, çox qəzəbləndim və anladım ki, insanların çoxunun ermənilərin bizim torpaqlarımızı işğal etməsindən xəbəri yoxdur. Bu sahədə görəcəyimiz işlər çoxdur.
Fuad Hüseynzadə
Palitra.-2014.-31
yanvar.-S.7.