“Bizdəki rəssamlara kuratorlar lazımdır”
Gənc rəssam Faiq Əhməd: “İndi əminliklə demək olar ki, Azərbaycanda müasir incəsənət əsərlərinin kökündə bizim qədim ənənələrimiz dayanır”
Mədəniyyət
tariximizdə özünəməxsus
yer tutan rəssamlıq
sənəti
uzun təkamül yolu keçib. Azərbaycan
xalqının rəssamlıq sənətinə
verdiyi dəyər nəticəsində
bu sənət
yaşadılır, gənclərin
bu sahəyə
marağı gündən-günə
artır. Müsahibimiz gənc
rəssam
Faiq Əhməddir:
- Mən, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq ixtisası üzrə təhsil almışam. 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Bienalesində təmsil etmək üçün seçildim. Əsərlərim İngiltərə, Almaniya, İtaliyada, Rusiyada uğurla nümayiş olunub. Bir neçə il öncə yaradıcılığımda dönüş edərək xalçaçılığa üz tutdum. Azərbaycanın qədim ənənəsi- xalça sənəti mənim əsərlərimdə fərqli formada təzahür edir. Mən əsərlərimi gözəl hesab eləmirəm və tənqidlərə hər zaman açıq olmuşam. İncəsənətə gəlişim isə təsadüfən baş verib. Uşaqlıqda çəkdiyim rəsmlərə baxanlar mənim rəssam olacağımı deyirdilər. Mən isə rəssam olmaq istəmirdim. Peşəkar idmanla məşğul olduğuma görə, gələcəyimi idmançı təsəvvür edirdim. 11-ci sinifdə zədə aldım və idmandan uzaqlaşdım. Artıq nə iləsə məşğul olmaq lazım idim. Bacarıqlarımdan biri incəsənət olduğuna görə gələcəyimi ona həsr etmək qərarına gəldim və gələcək göstərdi ki, bu heç də səhv qərar deyilmiş. İncəsənət insanı konkret bir sahə ilə məşğul olmur. Yəni, incəsənət adamı düşünən, hissiyyatı olan insandır. Təhsilimi heykəltəraşlıq üzrə aldım, amma paralel olaraq rəngkarlıqla, dekor işləri ilə məşğul idim. Rəssamlıq Akademiyasında təhsil aldığım dörd il çox maraqlı keçdi. Akademiya olaraq indiki incəsənətim üçün demək olar ki, heç nə vermədi, amma oradakı ab-hava insanı rəssam edir. Müəllimlərimin hamısını çox istəyirəm, amma bu həqiqətdir ki, onların verdikləri informasiya indi artıq lazım deyil.
-Niyə
məhz
xalçaçılıqla məşğul oldunuz?
-İncəsənətlə məşğul olursansa demək hər zaman axtarışdasan. Dostlarla bərabər tez-tez müzakirələr edir, ideyalarımızı məsləhətləşirdik. Yadımdadır ki, bir sərgiyə hazırlaşırdıq və o zaman ilk xalçanı dəmir üzərində hazırladım. Onun ardınca digər əsərlərim yarandı. Amma niyə məhz xalça? Bunun da maraqlı tarixçəsi var. Mənim rəssamlıqdan başqa da maraqlarım var. Onlardan biri qədim yazıları araşdırmaqdır. Orxon-Yenisey yazılarında rumları öyrənməyə çalışdığım dönəmlərdə öyrəndim ki, bəzi sufilər öz biliklərini xalçalar vasitəsilə gizlədirlərmiş. Rumları bilən sufilər biliklərini xalçada əks etdirərək gələcək nəsillərə ötürürmüşlər. Bu hekayə məni maraqlandırdı və xalçaları araşdırmağa başladım. 2010-cu ilin əvvəllərində birinci beş xalça istədiyim kimi alınmadı, çünki texnologiyasını öyrənmədən işə başlamışdım. Növbəti il dəmir xalçalar layihəmi gerçəkləşdirdim. Ənənəvi xalçalar istilik mənbəyi kimi nəzərə tutulur. Mən isə xalçaya başqa cür yanaşmışdım. Xalçalarım soyuq təəssürat yaradırdı. Elə fikirləşirdilər ki, mən adət-ənənələrimizi ələ salıram. Amma mən əsla belə fikirləşmirdim. Yeni və fərqli üsulla xalçaya yanaşırdım. Mən demirəm ki, mənim xalçalarım gözəldir. Xalça elə bitkin, bütöv kompozisiyadır ki, sonradan onda gözəllik yaratmaq mümkün deyil. Bundan sonra onu ya xarab etmək, ya da mənim təqdim etdiyim formada hazırlamaq mümkündür. Əslində mənim formamda da xalça bir az eybəcərləşir, amma bütün hallarda fərqlidir. Mən ənənələrə, mentalitetə hörmətlə yanaşıram. Amma bununla yanaşı, mentalitetimizdə olan bəzi keyfiyyətlərin dəyişməsini istəyirəm. Bu, bəlkə də mənim özümlə əlaqədar bir şeydir. Təbiətcə çərçivələri sındırıb, başqa formada yaşamağa çalışan adamam. Çox vaxt bu enerji məni pis istiqamətə yönəldirdi, amma görünür həmin enerji incəsənətə yönələndə daha xeyirli olur. 2000-ci ildən mən və dostlarım Leyla Axundzadənin təşkilatı sayəsində müxtəlif ölkələrin sərgilərində iştirak etməyə başladıq və anladıq ki, biz əslində xarici rəssamlardan çox zəifik. Etdiyimiz hər şey artıq onlarda var və daha yaxşı səviyyədədir. Mənim kimi çox gənc öz ənənələrimizə üz tutdu. Məsələn, Rəşad Ələkbərov naxış, Fərid Rəsulov şəbəkə, mən isə xalça ilə işləməyə başladım. İndi əminliklə demək olar ki, Azərbaycanda müasir incəsənət əsərlərinin kökündə bizim qədim ənənələrimiz dayanır. Bu güc hər zaman, hər yerdə hiss olunur. Elə ötən il Venesiya Bienalesində iştirakımız media və tamaşaçılar tərəfindən maraqlar qarşılandı, xoş sözlər yazıldı. İndi Azərbaycanda əsərlərimə qarşı tənqid yox, tərif eşidirəm. Amma həqiqi tənqidlərə hər zaman açığam. Mən paralel olaraq gənc rəssamlarla işləyirəm. Onlar mənə əsər gətirəndə məsləhətlərimi verib, gerçək tənqidlərimi bildirirəm. Özümün də elə bir tənqidçisi olmasını istərdim. Təəssüf ki, tənqidçilər yoxdur.
-Bu
sahədə
daha hansı boşluqlar
var?
-Azərbaycandakı rəssamlara kuratorlar (təşkilatçılar) lazımdır. Ondan savayı ciddi narahatçılığımız yoxdur. Çünki son illər müxtəlif layihələr həyata keçirildi. Onlardan biri də “Yarat”dır. Bu layihə rəssamlara çox geniş imkanlar verir. Ondan başqa Neft Fondunun təşkil etdiyi sərgiləri də qeyd etmək istəyirəm. “Bakıya uçuş” sərgisi müxtəlif ölkələrdə təşkil olundu və Azərbaycanın tanıdılmasında mühüm rol oynadı. İndi kolleksionerlər rəssamların işləri ilə maraqlanırlar. Bəlkə də indiyə qədər Azərbaycanda kolleksionerlərin ən az müraciət etdiyi rəssamlar məhz bizlər, yəni müasir incəsənət rəssamları olub. İndi əsərlərimizi alırlar. Bu, inkişafdır.
-Əsərlərinizi
satışa çıxarırsınızmı?
-Mən sifarişlə işləmirəm. Konsepsiya əsasından əsərlərimi yaradıram, sərgidə təqdim edirəm və almaq istəyənlər o zaman alırlar. Maliyyə məsələləri ilə qaleriyalar məşğul olur. Mənim əsərlərimi əsasən “Yay”qalereyası təqdim edir. Qalereya rəssama bir sərginin maliyyəsini verir, əsərlər hazır olandan sonra sərgidə təqdim olunur və onlar alınır. Artıq mənim sərgilərimin çoxu xaricdə baş tutur. Əsər yaradan rəssam onu hansı qiymətə satacağı barədə düşünürsə, bu, artıq biznesdir, incəsənət deyil. Kreativ ideyalar, ən yaxşı incəsənət maliyyənin olmadığı vaxtda yaranır. İndiki nəsil heyif ki, mənim nəslimin çətinliklərini görmədi və görməyəcəklər. Onların ideyaları çox gözəldir, amma texniki cəhətdən zəifdirlər. Əsərlərim qalereyada 7 min manatdan 20 min manata kimi satılır. Alıcılar daha çox bizimkilərdir. Özüm xalça toxumağı sınamışam. Doğrudur, yaxşı alınmayıb, amma prinsipini öyrənməyə çalışmışam. Əsərlərimlə bağlı əvvəllər konkret adamlarla işləyirdim. Onların bəziləri normal qiymətə keyfiyyətli məhsul hazırlasalar da, toxuma prosesi uzun çəkirdi, bəziləri isə əksinə idi. İndi isə sexlərlə işləyirəm və bu, məni qane edir.
-Əsərlərinizə
insanların reaksiyası sizin üçün maraqlıdırmı?
- Mənə elə gəlir ki, bütün mənim həyatım, bu mərhələyə qədər gəlməyim maraqlı bir hekayədir. Maraqlı və eyni zamanda çətindir. Doğrusu, öz incəsənətimdən danışmaq mənim üçün çətindir, çünki bu şüuraltı gedən prosesdir. Mənə insanların reaksiyaları maraqlıdır. Mən əsərlərim vasitəsilə insanlarla danışıram. Onların əsərlərimə reaksiyaları, əslində mənə olan reaksiyalarıdır. Mənim sözlərim mənim əsərlərimdir. Bəlkə də burada bir hekayə var, amma bunu demək çox çətindir.
Ümumiyyətlə, mən fikirləşirəm ki, incəsənət gözəl olmalı deyil. İncəsənət təsir etməyi bacarmalıdır. Mənim bütün əsərlərim ürəklə hazırlanır və inanıram ki, insanlara təsir edə bilir. Yalnız bir əsərimin konkret hekayəsi var. Venesiyada təqdim olunan xalçanın iplərinin süzülməsi təəssüratını yaradan əsərimi nəzərdə tuturam. Vaxtilə mən uşaq olanda Göyçayda bir ənənə var idi: nənələr qızlara toxumağı, kətana müxtəlif cür naxış vurmağı öyrədirdilər. Bu toxumalar göstərim üçün deyildi və adətən onu ərə getməyən qızlar edirdilər. Ailə qurandan sonra qızlar daha bu cür toxumurdular. Aradan illər keçdi, bir gün həmin toxumaları toplamaq üçün kəndə qayıtdım. Kimdən soruşdumsa həmin toxumaların artıq qalmadığını dedilər. Belə çıxır ki, bu ənənə unudulub. Həmin əsər məhz o ənənənin itməsi, yoxa çıxmasına həsr olunmuşdu. Hazırda, yenilik kimi xalçada həcm verməyə çalışıram. Bu, artıq İranda mövcuddur.
Nigar Abdullayeva
Palitra.-2014.-31 yanvar.-S.11.