Dövlətimiz gənclərimizlə daha da gəncləşir

Hər bir xalqın, millətin, dövlətin gələcəyinin əsası gənclərdir. Bu mənada milli- mənəvi dəyərlərin ən mühüm daşıyıcıları olmaqla, hər bir gənc öz Vətəninin müdafiəsi, dövlətinin təhlükəsizliyi üçün var gücü ilə çalışmalıdır. Gənclik, yeni başlanan ömrün arzulanan gələcəyi, irəliləyən yaşların qürurlu yaşantısı, ahıl çağların isə iftixarlı xatirəsidir. Hər bir insan öz ömrünün, həyatının ən yaddaqalan, enerjili, stimullu dövrlərini məhz gənclik vaxtlarında yaşayır. Bu baxımdan da bütün ölkələrdə gənclərin yaşayışı, təhsil və fəaliyyətləri üçün münbit şəraitin yaradılması ən ümdə bir məsələ kimi saxlanılır.

Ölkəmizdə gənclərə dövlət qayğısının göstərilməsi, onların güclü diqqət mərkəzində saxlanılması da bütün sahələrdə özünü açıqca göstərməkdədir. İstər keçmiş SSRİ dövründə, istərsə də hazırkı müstəqillik illərində bu fakt öz etibarlı təsdiqini tapmışdır. İsbata ehtiyacı olmayan bir həqiqətdir ki, məhz hər iki tarixi dövrdə gənciliyə hərətərfli dövlət qayığısının mükəmməl strategiya əsasında göstərilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Nəzərə alsaq ki, gəncliyə qayğı insan potensialının inkişafı və təkmilləşdirilməsi fonunda təmin edilmişdir və bundan da bütövlükdə cəmiyyət yetərincə bəhrələnməkdədir, onda ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin möhkəm əsaslarla müəyyənləşdirilməsi prosesinin çox uğurla davam etməsi qənaətinə gələ bilərik.

Qeyd edək ki, dahi rəhbərimizin uğurlu milli dövlətçilik siyasətinin əsaslarından birini elə məhz gəncliyə xidmət etməklə, insan potensialının inkişafı, təkmilləşdirilməsi və səmərəli istifadəsi meyarlarının hazırlanmasından ibarət idi. Kadr potensialının gücləndirilməsi ilə müşayiət olunan bu proses hələ 1969-82-ci illərdə də diqqət mərkəzində saxlanılan ən zəruri məsələ, amil idi. Göstərilən dövrlərdə xalq təsərrüfatının ən müxtəlif sahələrində kadr potensialının istifadəsi və təkmilləşdirilməsinə istiqamətlənmiş dövlət tədbirlərinə start verilmiş və dövlət gənclik siyasəti ali məqsədlər içərisində yer almışdı. Bununla bərabər, iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi xeyli genişləndirilmişdir. Heydər Əliyev müdrikliyinin nəticəsində sabiq İttifaq miqyasında Azərbaycan təhsilinə də böyük diqqət yaranmışdı. Sanki, bu dahi şəxsiyyət bir Günəş kimi öz şəfəqlərini bütün xalqımızın və onun hər bir üzvünün olduğu yerlərə salmağı bacarmışdı. Belə ki, Onun ölkəmizdə rəhbərlikdə olduğu bütün dövrlərdə hər birimiz siyasi sabitliyimiz fonunda bu şəfəqlərdən yararlanmışıq. Təkcə bu faktı qeyd edək ki, bəhs olunan dövrdə keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilmişdir. Ümumiyyətlə, hər il təhsil almaq üçün isə Azərbaycandan kənarda 800 tələbənin təhsil almağı təmin olunurdu.

Ulu öndərimizin siyasi fəaliyyətinin ikinci mərhələsində də gənclər çox yüksək zirvələrdə təmsil olunmuş və ölkənin icimai-siyasi həyatında aktiv fəaliyyətə cəlb edilmişdir. Gəncliyin bir qüvvə kimi formalaşdırılması, ona aparıcı kimi yüksək statusun verilməsi və gənclərin bu təminatdan daha da ruhlandırıcı mexanizm kimi stimul almaları dahi rəhbərimizin müasir müstəqilliyimizin ilk illərindəəyyən etdiyi uğurlu siyasətin əsas ünsürlərindən birini təşkil etməkdə idi. Ancaq təbii ki, bütün bunlar hələ başlanğıc idi. Qarşıda isə daha əlamətdar tədbirlərlə müşayiət olunan mərhələlər var idi.

Bu gün Azərbaycan dövlətinin 2014-cü il inkişaf zirvəsindən 1996-cı ilin müstəqilllik yollarında yenicə addımlamağa başladığı dövrlərinə ekskursiya edərkən böyük Heydər Əliyevin dahiliyinə, uzaqgörənliyinə, müdrikliyinə, Vətənə, xalqa və dövlətinə qırılmaz, sıx tellərlə bağlılığına bir daha şahid oluruq. 1988-1993-cü illər arasındakı zaman boşluğunda hərtərəfli tənəzzüldən xilas etdiyi ölkəmizi elə hərtərəfli tərəqqi yollarına çıxardı. Həm də ölkəmizin inkişafını təmin edəcək bütün sahələrin balanslı, dayanıqlı, müvazinətli və müqavimətli yüksəlişini təmin etməklə bugünkü Azərbaycanın inkişaf etmiş əsaslarını müəyyənləşdirilmiş oldu. Eyni bir vaxtda siyasi-iqtisadi dəyişikliklərin uğurlarla, müvəffəqiyyətlərlə başladılması, tamamilə yeni olan siyasi-iqtisadi sistemin müdrikliklə gətirilməsi, ayrı-ayrı sahələrin davamlı və tarazlı inkişaf istiqamətlərinin əsaslandırılması yalnız ulu Heydər Əliyevə xas olan böyüklük idi. Neft və qeyri-neft sektorlarının, aqrar və sənaye sahələrinin inkişafı, müxtəlif infrastruktur layihələrinin gerçəkləşdirilməsi kimi məsələlər çox böyük mahiyyətli, strateji və dövlət əhəmiyyətli tədbirlər idi. Burada erməni təcavüzünün atəşkəslə əvəzlənməsi kimi taleyüklü nailiyyətlərin qazanılmasını da xatırlamaq yerinə düşər. Belə bir şəraitdə, daha doğrusu, bunlarla bir vaxtda, gənclərə ayrıca diqqət göstərilməsi, onlara yer verilməsi, ölkənin ictimai-siyasi həyatında onlardan səmərəli istifadə edilməsi meyarları ayrıca, xüsusi təcrübə və müdriklik tələb edirdi. Bu mənada milli liderin 1996-cı ildən başlatdığı müasir dövlət gənclər siyasətinin olduqca böyük tarixi əhəmiyyəti vardır.

Həmin tarixdən müasir Azərbaycan dövlətinin müstəqil gənclər siyasəti başlanır. Belə ki, gənclərin hərətərfli olaraq dövlət qayğı və diqqəti ilə əhatələnməsi və onlarla operativ işlərin aparılması məqsədilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılmasından sonra ilk addım olaraq 1996-cı il fevral ayının 2-də Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi dövlət miqyasında təşkil olundu. Orada ulu öndər gənclərin ölkəmizin bütün sahələrində aktiv fəaliyyətinin zəruriliyinə önəm verərək dedi: “Mən çox sevinirəm ki, müstəqil Azərbaycanın çox böyük gələcəyi var. Bu gələcəyin qurucuları, yaradıcıları və təminatçıları sizsiniz, əziz gənclər”.

Bütün şərəfli ömrü boyunca və siyasi fəaliyyəti müddətində gənclərin daima zirvələrdə təmsil olunmağına hərtərəfli imkanlar yaradan milli liderimiz 1997-ci il fevralın 1-də Sərəncam imzalayaraq 2 fevral gününü Azərbaycan gəncləri günü kimi elan etdi. Elə həmin vaxtlardan keçən on səkkiz il müddətində gənclərin ən təkmil səviyyədə təşkilatlandıqlarının şahidləriyik. Müxtəlif gənclər təşkilatlarının yaradılaraq dövlət quruculuğu proseslərində istifadə olunması artıq ardıcıl xarakter almışdır. Məhz 1996-cı ildən başlanan dövlət gənclər siyasəti hər il fevral ayının 2-nin Gənclər Günü kimi qeyd olunması ilə daha da təkmilləşmişdir.

Xüsusilə qeyd edək ki, ölkəmizdə müasir gənclər hərəkatının başlanmasında ən böyük təkan 1998-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti təyin olunması ilə ifadə oluna bilər.

İllər bir birini əvəz etdikcə dövlət miqyasında bütün sahələrdə olduğu kimi gənclər sahəsində əlavə tədbirlərin görülməsi, gəncliyə dövlət qayğısının artırılması, onların təhsil, elmi, intellektual səviyyələrinin, sosial-iqtisadi vəziyyətlərinin daha da yüksəldilməsi və yaxşılaşdırılmasına diqqət olduqca artmışdır. Təkcə 1999-cu il iyul ayının 29-da prezident tərəfindən “Dövlət Gənclər siyasəti haqqında” fərmanın imzalanması dediklərimizə əyani sübutdur. Bu tarixi fəarmandan sonra gənclərlə işlərin uğurlu, daha mütərəqqi əsaslarla qurulması məqsədilə 9 aprel 2002-ci il tarixdə ``Gənclər siyasəti haqqında`` Azərbaycan Respublikasının Qanunu böyük Heydər Əliyev tərəfindən imzalanaraq qəbul edilib. Təbii ki, həmin Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləməkdədir. Bütün bunlar gəncliyə və gənclərə dövlət qayğısının ən mötəbər səviyyəsini göstərməkdədir.

Ulu öndərin başlatdığı dövlət gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrümüzlə səsləşməklə, mükəmməl strategiya əsasında davam etdirilməkdədir. Məhz bu baxımdan da yuxarıdakı hüquqi təminat ardıcıllığına 2005-ci il avqust ayının 30-da ölkə başçısı tərəfindən imzalanan "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da aid etmək lazımdır. Bununla birlikdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli Sərəncamı da gənclərin gələcək üçün hesablanmış uğur və nailiyyətlərinə xidmət etməkdədir. Həmin Dövlət Proqramının əsas məqsədi də elə Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdən ibarət olmaqla, ümidlərlə zəngin bir gələcək ərmağan etməkdədir.

Dahi rəhbərin gənclərə göstərdiyi qayğının himayəçisi olan cənab Prezident keçirilən forumların tarixi ənənəsinə sadiq qalmaqdadır. Belə ki, ölkəmizdə gənclərin indiyə qədər keçirilən 6 forumunun 4-ü məhz son 10 ilin payına düşməkdədir. Və bu müddətdə gənclər hətta beynəlxalq səviyyələrdə Azərbyacan bayrağını ucalarda dalğalandıraraq, himnini səsləndirərək qazandıqları qələbələrdə ölkəmizin möhtəşəm və yüksək mövqeyinə daha da möhkəmlik gətirməkdədirlər.

Hazırda, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təbii sərvət və ehtiyatlardan səmərəli istifadə edilərək sosial yüksəlişə xidmət edəcək amillər üstün tutulmaqdadır. Xüsusən neft kapitalının insan kapitalına çevrilməsi, bu sahədə gənclərin həyat və fəaliyyətlərində böyük stimula səbəb olmaqdadır. Digər tərəfdən, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" kimi hüquqi tənzimləmələr bu sahədə böyük dayağa çevrilmişdir. Elə bütün bunlar da ölkə gənclərinin daha da böyük əzmlə dövlətimizin bundan sonrakı inkişafı istiqamətində ruhlanmasına geniş imkanlar açmışdır. Bu bir aksiomdur ki, dünya miqyasındakı istənilən nailiyyətlərdən bəhs edilərkən, orada Azərbaycan gənclərinin adı ilk sıralarda səslənəcəkdir. Bu ardıcıllıqda Fərid Həsənov (Azərbaycan adını “Türkvizyonda layiqlə uca tutan birinci), Namiq Abdullayev (Azərbaycan güləşçisi), Vüqar Həşimov (Azərbaycan şahmatçısı), Mübariz İbrahimov (Azərbaycan Milli Qəhrəmanı), Ramil Səfərov (Azərbaycanın qəhrəman zabiti), Elnur Cəfərov (Azərbaycan şəhidi) və digər gənclərin adlarını fəxrlə çəkmək olar.

Ölkəmizdə gənclərin fəaliyyətlərinin stimullaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, təhsil səviyyələrinin, dünyagörüşlərinin inkişafı istiqamətində addımların atılması hər keçən gün öz əhatəsini daha da genişləndirməkdədir. Bu sahədə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti vardır. Həmin Dövlət Proqramına əsasən 5000 Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil alacaqdır. Qeyd etmək lazımdır ki, indiyə qədər 1204 gənc zəruri təlabatlar üzrə təhsil almağa göndərilmişdir.

Burada onu göstərək ki, gənclərin fiziki qabiliyyət və keyfiyyətlərinin yüksəldilməsi, sağlamlıqlarının qorunması istiqamətində son illərdə tikilən idman obyektlərinin sayı da durmadan artmaqdadır. Belə ki, "Bədən tərbiyəsi və idman haqqında" qanuna da uyğun olaraq, artıq ölkəmizdə 40-dan artıq Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, 200-ə yaxın gənclər təşkilatının, eləcə də 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının olması buna əyani sübutdur.

Beləliklə, biz gənclər ulu öndərimizin qurduğu, yaratdığı, elə bizlərə ərmağan etdiyi müqəddəs Azərbaycan dövlətini qorumaqla, daha da aydın sabahlara, parlaq gələcəyə onun istədiyi kimi aparmaq vəzifəsini daşıyırıq. İşlədiyimiz, olduğumuz yerdən, ərazidən asılı olmayaraq, milli ruhda yaşamaqla, bundan sonra da bu ideyalara sadiq qalmalıyıq.

Cavadxan Qasimov

AMEA Naxçıvan Bölməsi

Gənc Alimlər və Mütəxəssislər

Şurası Sədrinin müavini

İqtisad üzrə fəlsəfə doktoru

Palitra.-2014.-31 yanvar.-12.