«Telekanallarda nümayiş olunan
bəzi proqramlar məktəblilərə mənfi təsir
edir»
Layihə
çərçivəsində müsahibimiz Biləsuvar
şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta
məktəbin psixoloqu Azər Kazımlıdır:
-
Ölkəmizdə təhsilin inkişafı ilə
bağlı genişmiqyaslı islahatlar həyata
keçirilir. Müxtəlif dövlət proqramlarının
reallaşdırılması nəticəsində
təhsilimizdə ciddi uğurlar əldə edilməyə
başlanıb. Bu gün respublikamızın hər bir
bölgəsində yeni və müasir məktəblər
inşa edilib və bu proses hələ də davam edir. Ehtiyac duyulan yerlərdə yeni məktəblərin
inşasının həyata keçirilməsi
dövlətimizin bu sahəyə nə qədər ciddi
yanaşdığını göstərir. Üstəlik,
yeni inşa edilən məktəblər bütün müasir
avadanlıqlarla təmin edilir, həmin məktəblərin
birbaşa internetə çıxışının
olması yenilikləri təqib etməyə imkan verir. Dövlətin maddi imkanları artdıqca
büdcədən təhsil sahəsinə ayrılan
vəsaitlər də artır. Ötən illərin
statistikasına diqqət edəndə aydın görürük
ki, bu sahəyə ayrılan vəsaitlər artan templə
davam edir. Dövlətin inkişafının
nəticəsidir ki, bu gün minlərlə gəncimiz
dünyanın nüfuzlu ali məktəblərində
təhsil alır. Bu əslində dövlətin ölkənin
gələcəyinə yatırdığı ciddi
sərmayədir. Həmin gənclər təhsillərini
başa vurduqdan sonra respublikamıza qayıdaraq
ölkəmizin inkişafına öz töhfələrini
verəcəklər. Hazırda təhsil sahəsində
ölkəmizdə görülən işlər onu
deməyə əsas verir ki, yaxın gələcəkdə
respublkamızda təhsillə bağlı bütün problemlər
həllini tapmış olacaq.
- Məktəblərdə psixoloqların işinin
əsasını nə təşkil etməlidir?
- Məktəblərdə
psixoloji xidmətin əsas vəzifəsi şagirdlərin
təlim və tərbiyəsi sahəsindəki
çətinlikləri, onların şəxsi və
intellektual inkişafındakı qüsurları aradan
qaldırmaq, bununla da təlim-tərbiyə sahəsində
məktəbdə aparılan işin səmərəliliyini
yüksəltmək, sosial cəhətdən fəal
yüksək ideya inamına malik şəxsiyyətin
formalaşdırılmasında pedaqoji kollektivə
köməklik göstərməkdən ibarətdir. Məktəbdə psixoloji xidmət
fəaliyyətinin aktual istiqaməti şagirdlərin təlim
və tərbiyəsindəki bu və ya digər
çətinliklər, onların davranışlarında,
ünsiyyətlərində, şəxsiyyətlərinin
formalaşmasındakı qüsurlarla bağlı
bugünkü problemlərin həllinə
yönəldilmiş istiqamətdir. Məktəbin
gündəlik həyatında həmişə bir sıra problemlərə
rast gəlmək olur və müəllim, şagird,
valideynlərə konkret kömək göstərməyə
ehtiyac duyulur ki, bunlar məktəbdə psixoloji xidmətin
bugünkü mühüm vəzifəsi hesab olunur.
Psixoloji tədqiqatlar artıq çoxdan sübut edib ki,
şagirdin psixi inkişafında baş verən bu və ya
digər qüsuru aradan qaldırmaq əvvəlcədən
həmin qüsurun baş verməsinin qarşısını
almaqdan qat-qat çətindir. Buradan isə psixoprofilaktik işlərin
əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir.
Həmin cəhət məktəbdə psixoloji xidmət
zamanı da nəzərə alınmalıdır. Profilaktik işlər başlıca olaraq
məktəb təlimi prosesində uşaqların psixi
inkişafında baş verə biləcək qüsurların
qarşısını almaq məqsədilə həmin
inkişafın gedişi üzərində nəzarətin
təşkilindən ibarətdir. Müəllimlə
birlikdə psixoloq şagirdin əqli inkişafında və
şəxsiyyətinin formalaşmasında müəyyən
qüsurların, yayınma hallarının baş
verməsinə səbəb ola biləcək xüsusiyyətləri
aşkara çıxarmağa cəhd göstərərək
müvafiq tədbirlər həyata keçirməlidir. Bu zaman birinci növbədə uşağın
həyatının keçid mərhələləri,
məsələn, onun əsas fəaliyyət
növünün kəskin şəkildə
dəyişməsi ilə nəticələnən
məktəbə daxil olma dövrü, yaxud yeniyetməlik
dövrünün başlanması və s.
üzərində nəzarətə xüsusi yer
verilməlidir. Məktəbdə psixoloji xidmət
fəaliyyətində müəllim, şagird və
valideynlərlə aparılan məsləhət işləri
əsas yerlərdən birini tutur. Məktəb
psixoloqlarının apardığı bu cür
məsləhətlər fərdi və qrup halında
keçirilə bilər. Hər ikisində əsas
məqsəd bu və ya digər çətinliklərin
mahiyyətini açmaq və onları aradan qaldırmaq
üçün müvafiq psixoloji yollar
göstərməkdən ibarətdir. Adətən
məktəb psixoloqu ilə
məsləhətləşməyə valideynlər daha
çox ehtiyac hiss edirlər.
- Psixoloqlara tələbatın artması nə ilə
bağlıdır?
-
Yaşadığımız dövr elədir ki, təkcə
məktəblərdə deyil, digər sahələrdə
də psixoloqlara ciddi ehtiyac hiss edilir. Bunun da
müxtəlif səbəbləri var. Amma mən bir
məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Bu da
istəsək də, istəməsək də, hər birimizin
evinə, həyatına daxil olan televiziyalarla
bağlıdır. Televiziyalarda nümayiş olunan filmlər,
müxtəlif proqramların gənc nəslə təsiri
çox böyükdür. Düşünürəm ki,
bizim telekanallar da məktəbli və yeniyetmələrə
çox mənfi təsir göstərir. İlk
növbədə zorakılıqdan bəhs edən
filmlərin nümayiş etdirilməsinə ciddi nəzarət
olunmalıdır. Təbii ki, internetin də burada mənfi rolu
var. Doğrudur, internet və ya televiziyalara qadağa qoymaq
olmur. Amma gərək televiziyalarımız bu məqamı
diqqətdə saxlasınlar. Proqramların
tərtib olunmasına psixoloqların cəlb edilməsi daha
yaxşı ola bilər. İnternet oyunlarının geniş
yayılması və bu oyunların əksəriyyətinin
döyüş, adam öldürmə səhnələri
ilə zəngin olması da uşaqlara mənfi
şəkildə təsir edir. Təəssüf ki, bizim
özümüzün milli internet oyunlarımız yoxdur. Ona
görə də uşaqlarımızı, şagirdlərimizi
zorakılığı təbliğ edən oyunlardan
qorumalıyıq. Bu onların psixoloji durumuna cəddi
şəkildə təsir edir. Məktəbdə psixoloq
həm də ona görə lazımdır ki, şagirdlər
arasında, yaxud da müəllimlə şagird arasında
hər hansı bir anlaşılmazlıq yarandıqda həmin
problemi yoluna qoysun. Bundan əlavə məktəb psixoloqu
şagirdlərə evlərində valideynləri ilə
yaşadıqları problemin həllində də
köməklik göstərməlidir. Psixoloq
məktəbdə hər hansı bir konfliktin
yaranmasını da gözləməli deyil. Belə
halların baş verməməsi üçün psixoloq
məktəblilərlə yaxından iş aparmalıdır.
Onların hər birinin problemi ilə tanış olmalı,
evlərində övlad-valideyn münasibətlərinin
hansı müstəvidə olduğunu öyrənməlidir.
Əgər hər hansı bir problem varsa, dərhal həmin
şagirdə psixoloji yardım göstərməlidir.
-
Çalışdığınız məktəbdə
şagirdlərlə işinizi necə qurmusunuz?
- Bildiyiniz kimi,
şagirdlər müəllim məsləhətləri ilə
yanaşı psixoloq məsləhətləri ilə də
maariflənirlər. Mən də bu
işdə psixoloq proqramına əsasən
şagirdlərlə psixoloji problemlərin həlli və
təhlili ilə bağlı profilaktik tədbirlər
həyata keçirir, diskussiyalar aparıram. Əlbəttə
ki, məktəb psixoloqlarının əsas vəzifələrindən
biri də hər bir şagirdə fərdi yanaşmaq,
onların qabiliyyətini, motiv və maraqlarını,
xarakterini aşkara çıxarmaq, inkişaf etdirməkdir. Bu
cəhətdən şagirdlər arasında
müşahidələr aparır, ünsiyyət qurmaqla bir
sıra psixi xüsusiyyətlərini üzə çıxarır,
təhsildə geri qalmanın psixoloji səbəblərini
müəyyənləşdirirəm. Dövrün
tələblərinə uyğun olaraq şagirdlərin intellektual
səviyyələrini inkişaf etdirir, istedadlı
uşaqlarla məşğul oluram. Bundan başqa
şagird-şagird, şagird- müəllim,
müəllim-müəllim, şagird-valideyn
münasibətlərinin də düzgün qurulması
ilə bağlı işlər həyata keçirirəm.
VII-XI siniflər arasında apardığım müxtəlif
anket sorğuları və testlər də bu işdə
səmərə verib. Məktəbdə psixoloji iqlimin
yaradılması, müəllim kollektivinin, eləcə də
valideynlərin psixoloji maarifləndirilməsi psixoloqdan
çox asılıdır. Şagirdlər müxtəlif
ailələrdən gəlir, aldıqları tərbiyə
də təbii ki, eyni deyil. Həm də nəzərə almaq
lazımdır ki, bəzi valideynlərin insan psixologiyası
ilə bağlı bilikləri çox kasaddır.
Məktəbdə psixoloji xidmətin əsas
istiqamətlərindən birini psixoloqun
müəllimlərlə, valideynlərlə və
şagirdlərlə apardığı konsultativ işlər
təşkil edir. Ailə və məktəb iki əsas sosial
institut kimi uşaqların təlim-tərbiyə və
sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına
əsaslı təsir göstərir. Ona görə də
ailə tərbiyəsindən çox şey
asılıdır. Təcrübə göstərir ki,
bəzi ailələrdə uşağın tərbiyəsi
üçün zəruri olan psixoloji şərait
yaradılmadığı, onun psixoloji xüsusiyyətləri
nəzərə alınmadığına görə bir
sıra psixi çətinliklər meydana gəlir. Bu cür
çətinlikləri aradan qaldırmaqda ailəyə
psixoloji xidmətin rolu böyükdür. Təməli düzgün
qurulmayan tərbiyənin nəticəsidir ki, yeniyetmələr
“küçə mühiti”nə alışır, arzuolunmaz
qrupların təsiri altına düşür,
narkomaniyanın geniş vüsət aldığı
dövrdə onun aludəçisinə də çevrilə
bilirlər. Bunu nəzərə alaraq IX-XI sinif
şagirdləri ilə ''Narkomaniya ölümə
açılan qapıdır '' mövzusunda
vaxtaşırı maarifləndirmə işi aparıram.
Onlarla peşə yönümü ilə bağlı, eyni
zamanda ilboyu vətənpərvərlik mövzusunda
söhbətlər aparıb onları düzgün yola
yönəltməyi özümə borc bilirəm. Orduda
xidmətlə bağlı psixoloji hazırlıq
işlərinin aparılması şagirdlərdə hərbi
xidmətə marağı artırır, onlarda
vətənə ləyaqət, torpağa məhəbbət
hislərini artırır. Peşə
yönümünə gəldikdə isə bununla
bağlı işlər aparıram, şagirdlərə
müxtəlif peşələrin xüsusiyyətlərini, bu
peşə sahiblərinin cəmiyyətdə nə kimi yer
tutduğunu, ictimaiyyət tərəfindən necə
qarşılandığını başa salmaq işimin
əsas məğzini təşkil edir. Qeyd
edim ki, şagirdlərin fənn-sınaq imtahanları, fənn
olimpiadaları, eləcə də ali məktəbə
hazırlıqla bağlı özlərində stressi dəf etmək
bacarığını formalaşdırmaq, onları belə
sınaqlara psixoloji cəhətdən hazırlamaqda biz
məktəb psixoloqlarının üzərinə
düşən əsas vəzifələrdən biri
də onlarla aparılan özünəinamla bağlı
söhbətlərdir. Təbii ki, bütün bunların
müvəffəqiyyətlə nəticələnməsində
məktəb rəhbərliyi bizə yaxından kömək
etməlidir və edir. Bu baxımdan Biləsuvar
şəhər Nizami adına 1 saylı orta
məktəbdə psixoloqlara əməli kömək
göstərilməsi nümunəvi formadadır.
Anar Miriyev
Palitra.- 2011.- 20 aprel.- S. 10.