Məktəbin
keyfiyyəti aşağı düşəndə şagird
axını azalır”
Layihə çərçivəsində növbəti müsahibimiz Səbail rayon Bayıl qəsəbəsi 49 saylı intellekt-liseyin direktoru Təhminə Əsədovadır:
- Təhsil
elə bir strukturdur ki, burada inkişaf prosesi addım-addım gedir.
Bu strukturu da əhalinin əksər hissəsi təşkil
edir. Təhsillə bağlı həyata keçirilən tədbirlərə
gəldikdə isə 2003-cü ildən bəri 2 min məktəb
yenidən tikilib, bərpa olunub. Heydər Əliyev Fondunun dəstəyilə
300 məktəb, uşaq bağçası, uşaq evi
tikilib, bərpa edilib, eyni zamanda avadanlıqlarla təmin edilib.
Məsələn, bizim məktəbdəki avadanlıqları
- stol, stul, lövhələr, kompyuterlər və s. göstərmək
olar. Eləcə də məktəbimizdə İKT ilə
bağlı beynəlxalq layihələr, “İnter”, “Mədəd”
layihələri həyata keçirilib. “İnter” elə bir
layihədir ki, müəllimlər kompyuterdən istifadəni
öyrənir və nümunəvi elektron dərs verir və
ondan sonra sertifikat alırlar. “Mədəd” layihəsində isə
informatikanı bilməyən şagird onu öyrənir. Sonra
kompyuterlə, internetlə “Mədəd” təşkilatına
bir layihə işləyib verir və bundan sonra həmin təşkilat
tərəfindən ona sertifikat verilir. Bu gün ölkədə
200-dən artıq məktəb birbaşa internetə
bağlıdır. Ölkə başçısının sərəncamı
ilə “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən
yaxşı müəllim” müsabiqəsi keçirilir ki, bu
bizim üçün ilk öncə mənəvi dəstəkdir.
Eyni zamanda “Ən yaxşı müəllim” müsabiqəsinin
qalibi seçilən müəllim birbaşa 5 min manat
alır. Bundan başqa “Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin qalibi olan məktəb isə 10 min manat məbləğində
mükafatlandırılır. Bizim məktəb 2009-2011-ci tədris
ilində “Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin qalibi olub. Həmin məbləğdə
bizə istədiyimiz avadanlığı verdilər. Biz
kondisioner, noutbook, proyektor, surətçıxarma cihazı, əlavə
stollar, şkaflar aldıq. Bundan gözəl nə ola bilər?
Mən bu məktəbə ilk gəldiyim vaxtlar burada stol, stul,
lövhə axtarırdıq. Sinif otaqlarımızın bir
çoxunda lövhə yox idi, hətta biz divara qara rəngli
boya çəkir və ondan lövhə kimi istifadə
edirdik. İndi otaqların hər birində iki lövhə var.
Artıq bir neçə şagird eyni vaxtda lövhədə
işləyə bilir. Bütün bunlar keyfiyyətin yüksəlməsi
deməkdir. Təhsilə olan qayğı bu gün ölkədə
birinci yerdədir. Hazırda 700-dən artıq tələbə
dünyanın tanınmış universitetlərində
dövlət xətti ilə təhsil alır. Qloballaşan
dünyada təhsilin bu formada sürətlə inkişafı
yalnız bir dövlətə mənsubdur. Bu gün ölkədəki
5 min məktəbin bir çoxunda aparılan təmir işləri
hazırda da davam edir. İllərlə məktəbin, tədrisin
qayğısını çəkən olmayıb. Məktəblər,
avadanlıqlar dağılıb. Müəllimin tənzimlənmə
prosesinə nəzarət olmayıb ki, bir yerdə müəllim
çoxdur, başqa yerdə yoxdur. Məsələn,
Bakıda çox olduğu halda elə bölgələrimiz
var ki, ingilis dili, hətta Xaçmaz bölgəsində Azərbaycan
dili müəlliminə ehtiyac var. İndi Təhsil Nazirliyi (TN)
yenidən bunu tənzimləyir. Həmin prosesdə də ucqar
bölgələrdə çalışan müəllimlərə
xüsusi yardımlar verilir.Mən bu il ölkə
başçısının sərəncamı ilə Əməkdar
müəllim adına layiq görülmüşəm. Əməyimə
verilən qiymətə görə həm ölkə
başçısına, həm də TN-nə öz minnətdarlığımı
bildirirəm. Müəllim vəzifəsi ən şərəfli
peşədir. Bizim balalarımız həm fiziki, həm də
mənəvi cəhətdən cəmiyyətin ən təmiz
qüvvəsidir. Biz onları hansı istiqamətdə yönəltsək,
o istiqamətdə də gedirlər. Mən
çalışıram ki, rəhbərlik etdiyim məktəbdə
də uşaqları düzgün istiqamətləndirim.
Onları anasını, Vətəni, millətini sevən,
torpağına bağlı olan bir vətəndaş kimi tərbiyə
edim. Bizim ölkəmiz uzun illər əsarət altında
qalsa da, öz dinindən, dilindən dönməyib, onları
qoruyub saxlayıb. Azərbaycan xalqı əsrlərdən bəri
adət-ənənələrini, milli-mənəvi dəyərlərini
itirmir. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
şəxsində xalqa, milli-mənəvi dəyərlərə
bağlılığı görürük. Belə ki,
Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizi
dünyaya göstərir, mənfur düşmənlərin əlimizdən
aldığını geri qaytarır və almaq istədiklərinə
də imkan vermir. Xalçamızı, musiqimizi dünyaya
tanıdır. Biz də bu istiqamətdə onun ardınca getməliyik.
-
Şagirdlərin təhsil səviyyəsi sizi qane edirmi?
- Bu
gün şagirdlərin təhsil səviyyəsi ilə
bağlı KİV-də müxtəlif fikirlərlə
rastlaşırıq. Amma 2000-ci illərdə hüquq
fakültəsinə daxil olan abituriyentlər 170-250 bal
toplayırdılar. Bu gün BDU, ATU, PYİA, İU-da 630-dan
aşağı bal toplayan abituriyent varmı? İnkişaf gedir
ki, şagird də belə nəticə əldə edir. Əgər
700 bal toplayırsa, bu o deməkdir ki, sualların
hamısına cavab verir. 650-700 bal hədsiz yüksək
baldır. 350 balın özü yüksək göstəricidir.
- Mərkəzləşmiş
qaydada imtahanların keçirilməsinin təhsilin
inkişafına təsirini necə qiymətləndirirsiniz?
- Son illər
mərkəzləşmiş qaydada imtanlar kecirilir. Əvvəl
yalnız Bakıda, hazırda isə bütün ölkə ərazisində
11-ci sinif buraxılış imtahanı və 9-cu sinfin şəhadətnamə
alması üçün imtahanlar mərkəzləşmiş
qaydada keçirilir. Bu imtahanların təhsilin keyfiyyətinə
təsirinə gəldikdə isə imtahanlar 8 fənn üzrə
aparılır. Adətən şagirdlər yuxarı siniflərə
çatdıqda ali məktəblərə imtahan ərəfəsində
yalnız qəbul imtahanlarına hazırlaşmağa meyil
edirdilər. Mərkəzləşmiş imtahanların
aparılması şagirdin hərtərəfli biliyinə
yüksək təsir edir ki, bu biliklə onun hərtərəfli,
aldığı attestata layiq olduğunu bilirsən. Bundan
başqa mərkəzləşmiş qaydada imtahanlar göstərdi
ki, məhz layiqlilər ali məktəbə daxil olur. Yəni
attestat qiymətləri yüksək olan şagirdlərimiz ali
məktəbə daxil olur. Eyni zamanda bu, çox neqativ
halların qarşısını aldı, ətaləti aradan
götürdü və oxuyana da, oxumayana da məsuliyyət
yaratdı. Valideynlər bilməlidir ki, indi uşağı
oxutmaq lazımdır, sənət vermək yox. Sənət keçmir,
elm keçir. Bu gün diplomluların sayı çox, işə
götürülənlərin sayı isə məhdud dərəcədədir.
İşə götürənlərn hamısı diplomla bərabər
işə götürəcəyi adamın savadını
yoxlayır. Köhnə formadan çıxmaq mütləqdir.
Əgər bu məktəbə yalnız diploma əsasən
müəllim götürəcəyəmsə, sabah məktəbin
keyfiyyəti aşağı düşə bilər. Məktəbin
keyfiyyəti aşağı düşəndə şagird
axını azalır. Şagird axınının azalması
isə məktəbin imicini aşağı salar. Əgər
mən öz müəssisəmə keyfiyyətsiz, biliyi məni
qane etməyən işçini götürməyəcəyəmsə,
sonra heç kəs götürməyəcək. Valideynlər
bunu qəbul etməli, başa düşməlidirlər ki,
sovet dövründəki diplomla işə girmək halları
bu gün yoxdur. Bu gün diplomun üzərində savad da nəzərə
alınır.
- Dərsliklərin
vəziyyəti və proqramlarla bağlı iradları necə
qiymətləndirirsiniz?
- Mən
8-9-cu sinif “Azərbaycan dili” dərsliklərinin, orta məktəblərdə
“Azərbaycan dili” proqramının müəllifiyəm. Azərbaycan
nadir ölkələrdəndir ki, öz vətəndaşlarına
dərslikləri pulsuz verir. Bu, böyük bir maliyyədir, əhali
üçün yardımdır. Dərsliklərin vəziyyətinə
gəldikdə isə qeyd edim ki, bizim dərsliyimiz yox idi. Dərslik
yazmaq illərin təcrübəsindən əmələ gəlir.
Biz öz dərsliyimizi yazır və hər il də bunu təkmilləşdiririksə,
bu, inkişafa gedən bir yoldur. Doğrudur, burada səhvlər
olacaq, amma hamı qəbul edir ki, bunlar ildən-ilə aradan
götürülməkdədir. Biz heç kəsdən
götürməmişik, bəzi fənlər var ki, məsələn,
riyaziyyatda hansısa keyfiyyət baxımından yenilik
axtarırıq. Amma Azərbaycan tarixi, coğrafiyanı yeni
yazırıq ki, burada da məhz yeni olduğu
üçün çətinliklər var. Proqramların
ağırlığı ilə bağlı fikirlərə
gəldikdə isə mən bunu qəbul etmirəm. Bu gün
məktəbə gələn şagird bizim məktəbə
gəldiyimiz kimi deyil. Onların səviyyəsi,
dünyagörüşü, qavrama səviyyəsi qat-qat
yuxarıdır. Hətta şagird bəzi hallarda
qarşısındakı müəllimi üstələyir.
- Sizcə,
bu gün repetitorluq vacibdirmi?
-
Repetitorluq tarixən olub, bu gün yaranmayıb. Sadəcə o
dövr bir qədər fərqli idi, müəllim yanına
gedib əlavə nəsə soruşanda valideyn maddi tərəfdən
həmin müəllimə kömək etmirdi, bu gün o
kömək olduğuna görə repetitorluq başqa bir dona
girib. Ali məktəbə qəbul üçün 11-ci sinif
proqramı ilə heç vaxt getməyiblər.
Repetitorluğun dəb olması müvəqqəti ola bilər.
Repetitorla hazırlaşmada digər fənlərdən yayınmaya
gəldikdə isə mərkəzləşmiş qaydada
imtahan bunun qarşısını aldı. Bu proses tam olaraq
bir-birini tamamladı.
- Məktəblilərə
vətənpərvərlik hisslərinin aşılanması
ilə bağlı hansı tədbirlər həyata
keçirilir?
- Məktəbimizdə
açıq dərslərlə yanaşı milli-mənəvi
dəyərlərimizi qiymətləndirən tədbirlər
keçiririk. Muğam tədbirləri, pis vərdişlərlə
bağlı tədbirlər reallaşdırmışıq.
Bundan başqa Xocalı, 20 Yanvar faciəsi, 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü, ana dilimizlə bağlı, eləcə
də uşaqların hərbi-vətənpərvərliyi
mövzusunda xüsusi tədbirlər keçirik. Bizim məktəbin
4 nəfər şəhidi var. Səbail Rayon İcra Hakimiyyəti
ilə birgə pis vərdişlər, fövqəladə
hallarla bağlı tədbirlər həyata
keçirmişik. Hətta Rayon İcra Hakimiyyətinin
göstərişi ilə tədbirdə FHN-nin texnikası
nümayiş olundu. Bundan başqa İcra Hakimiyyətilə
birgə idman yarışları təşkil edirik, onların
keçirdiyi bir çox müsabiqələrdə şagirdlərimiz
iştirak edir. Bu il İcra Hakimiyyətinin təşkil etdiyi
Xocalı soyqırımı ilə bağlı müsabiqədə
bizim şagirdimiz yazdığı inşa yazıya görə
I yeri tutub. Həmçinin ulu öndər Heydər Əliyevlə
bağlı müsabiqə təşkil edimişdi ki, bizim
şagirdlərimiz inşa yazıda və bir şagirdimiz
yazdığı şeirə görə I yerə və
diploma layiq görüldülər.
2011-ci il YUNESKO tərəfindən “Beynəlxalq kimya ili”
elan edilib. Biz bugünlərdə Təhsil Problemləri
İnstitutu ilə birgə bu ilə həsr edilən tədbirlər
silsiləsindən akademik Y.Məmmədəliyevin 105 illik
yubileyi mövzusunda elmi-praktik konfrans keçirdik. Y.Məmmədəliyev
yeganə şəxsiyyətdir ki, onun tərəfindən
alınan yüksək oktanlı neftin sayəsində II
Dünya müharibəsində qələbə əldə
edilib. Tədbirdə şagirdlər öz
bacarıqlarını nümayiş etdirdilər. Yəqin ki,
yeni tədbirlər də həyata keçirəcəyik.
Nigar