Yasla
toyun firqi itir
Yas mərasimlərinin hazırkı formada keçirilməsi ictimaiyyətdə ciddi narazılıqlar doğurmaqdadır. Bir mənəviyyat məsələsi olan hüzn adətləri çağdaş dövrdə xeyli dərəcədə deformasiyaya uğrayıb. İstər keçirilmə tərzi, istərsə də maddiyyat baxımından yas yiyələri xeyli əziyyət çəkməli olurlar. Çünki yaslar kimlərinsə maraqlarına uyğun olaraq o qədər dəbdəbə və böyük xərclə keçirilməkdədir ki, yas sahibi yasın bir gününün yola verilməsi üçün kifayət qədər böyük xərcə, çox vaxt isə külli miqdarda borca düşməli olur. Bu sahədə dəfn və digər yas ayinlərinə görə xidmət haqlarının çox yüksək olmasından tutmuş, ifrat dəbdəbəli, israfçı yas süfrələrinə qədər çox ciddi problemlər var. Bir sıra məscidlərdə dəfn mərasimlərinin keçirilməsi üçün “yüksək” standartlar yaradılıb. Orada ölü yumaq üçün xidmət haqlarından(məsələn, 50 manat-İ.A.) tutmuş, adambaşı stula görə qiymətlər(12-15 manat-İ.A.) müəyyənləşdirilib. Həmçinin yas mərasiminin keçirilməsi üçün dəvət olunan ruhanilər ölü yiyələrindən konkret, yüksək məbləğlər tələb edirlər ki, bu da vəziyyəti xeyli ağırlaşdırır və yas mərasimindən varlanmaq istəyən qrupların biznes manevrlərini xeyli dərəcədə artırmış olur.
“Şər Xeyirlə qardaşdır” deyiminin
bu məqamda özünəməxsus yozumu ola bilər: Həqiqətən
də bu cür dəbdəbə və bütün göstəriciləri
ilə yas mərasimi toy şənliyini xatırladır -
israfçı süfrəsi, yası yola vermək
üçün xeyli pul istəyən mikrofonlu mollası,
adambaşına stula və digər xidmətlərə
görə xeyli pul ödəmə və sair... Bakıdakı qəbiristanlıqlarda
ölü dəfn etmək üçün isə
sözün həqiqi mənasında varlı olmalısan.
Çünki elə qəbir yerləri var ki, bir neçə
min manata başa gəlir. Belə qəbir yerlərini satın
almağa isə təbii ki, hər ölü yiyəsinin
gücü yetməz. Buna baxmayaraq, həmin qəbir yerlərinin
qiyməti ölkədə torpaq və ev qiymətlərindən
də sürətlə artmaqdadır. Bir sözlə, bir
çox insanlara ölmək yaşamaqdan baha başa gəlir...
Təbii
ki, ictimaiyyətdə bu məsələ ilə bağlı
müxtəlif səviyyələrdə mövqelər ifadə
edilib, narazılıqlar bildirilib. Hətta Qafqaz Müsəlmanları
İdarəsinin rəhbəri Hacı Allahşükür
Paşazadə də yasda bahalı süfrə
açılması, süfrəyə banan-ananas qoyulmasına
qarşı etiraz və narazılığını dəfələrlə
ifadə edib. Amma vəziyyət düzəlmir ki, düzəlmir.
Belə getsə, yəqin ki, düzəlməyəcək də.
Məsələ burasındadır ki, yas məclisini yola verməklə
bağlı sözün əsl mənasında şəbəkələşmiş
ruhanilər yas mərasimlərinin tam-təraqla keçirilməsində
birmənalı olaraq maraqlıdırlar. Çünki
ölü yiyəsi yas keçirmək üçün ətək-ətək
pulundan keçməlidir ki, sonda bunun məntiqi davamı olaraq
mollaya pul verəndə də xəsislik etməsin. Yəni
ölü yiyəsi ölüyuyana yaxşı pul verərsə,
dəfn yeri üçün çoxlu pul ödəyərsə,
süfrəni yaxşı bəzəyərsə, sonda mollaya
çatanda da bu cah-cəlala uyğun pul ödəyəcək,
səxavət göstərəcək. Eləcə də digər
əlavə xidmətlərdən, yas “ansambl”ının
köməkçi üzvlərindən də həmin ruhanilərin
cibinə əlavə pullar daxil olur. Ona görə də nahaq
yerə deyil ki, bir çox “bazburutlu”, “etiketli” mollalar
“kasıb” məclisinə getmirlər, ya da əvvəldən
məclisdə kasadlıq, yeməkdə zəiflik
gördükdə buna açıq-aşkar narazılıq
ifadə edirlər...
Yuxarıda qeyd edildi ki, yaslar toyları xatırlatmağa başlayıb. Bu, əbəs yerə deyil. Əslində bu problem xeyli dərəcədə həm də ictimai şüurumuzda bu məsələ ilə bağlı nöqsanı ortaya qoyur. Belə ki, oxşar problemi toylarımızın hazırkı keçirilmə tərzi barədə də qeyd etmək olar. Ona görə də yaslarla bağlı problemə sırf birtərəfli yanaşmaq bir qədər doğru olmazdı. Sadəcə, ictimai şüurumuzda şərqli olmağın fərdi ləyaqət hissindən irəli gələn dəbdəbə meyilliliyi mövcuddur. Bu meyillilik çox vaxt maddiyyatla, mülkiyyətçiliklə özünü büruzə verir. Bu meyillilikdən isə istər toy, istərsə də yas “mafiyası” çox məharətlə yararlanır. Haqqında bildirdiyimiz meyilliliklə bağlı isə istənilən qədər misal çəkmək olar: Bizdə biri bahalı maşın alırsa, digəri bəhsə girir, benzin almağa pulu olmasa belə, ağır borca düşüb “X5” alır, biri varlanan kimi dərhal evini söküb hündür villa tikir, bir az da qoluzorlu olandan sonra qonşusunun torpaqlarını da mülkünə qatır və bununla fəxr etməyə başlayır və sair. Eləcə də həmin meyil hətta qəbiristanlıqda da özünü büruzə verir: Biri varlıdırsa, dərhal vəfat etmiş valideyninin qəbrini sökür, qəbiristanlıqda beş-on qəbir yerini zəbt edən yeni sərdabə ucaldır, bahalı mərmər heykəl yondurur. Əstəğfürullah, bəlkə də həmin valideyn digərlərindən heç bir üstünlüyü ilə fərqlənməyibmiş. Amma qəbiristanlıqlara girəndə qeyd edilənlərlə bağlı mənzərəni seyr etmək çətin deyil... Buyurun, elə buna görə də insanlarımızdan yararlanırlar və yaslarda külli miqdarda pul xərcləməyi, dəbdəbə nümayiş etdirməyi qaydalaşdırıblar.
Hazırkı yas
mərasimlərinin İslama nə aidiyyəti var?
Bəs haqqında
danışdığımız “qaydaların” İslamla nə
dərəcədə bağlılığı var? Bununla
bağlı qəzetimizə fikirlərini bildirən
ilahiyyatçı, Bakı Dövlət Universitetinin
İlahiyyat fakültəsinin kafedra müdiri, İslam
hüququ üzrə mütəxəssis Mübariz Camalov belə
qeyd edir: “Yas keçirilməsi ilə bağlı üç
əsas məqam var. Əsas zəruri olanlar bunlardır:
ölünün yuyulub kəfənlənməsi, cənazə
namazının qılınması və dəfn olunması. Yəni
ölən insanın sağlar üzərindəki haqqı
bunlardır, bunları mütləq yerinə yetirmək
lazımdır. Bundan sonra isə bizim yas mərasimi dediyimiz, əslində
isə mənbələrdə başsağlığı
kimi qeyd olunan mərasim gəlir. Bu, əsasən Peyğəmbər(s.)
tərəfindən üç gün içərisində
olan bir proses kimi göstərilib. Üç gün içərisində
ölən insanın yaxınlarına
başsağlığı vermək, səbir tövsiyə
etmək, ölənə rəhmət oxumaq şəklində
mərasim keçirilir. Bu mərasim üçün əslində
yemək va sair olmasına zərurət yoxdur. Əslində islami
qaydaya görə, üç yas günü içərisində
ölənin yaxın qohumları, ətrafı tərəfindən
həmin yas evinə yemək gətirilir. Amma bu iş bizdə
tam tərsinədir - ölənin ailəsi gələnlərə
yemək verir”. Göründüyü kimi, ekspert İslamda
yasda yemək verilməsi zərurəti olmadığını
deyir. O da bəllidir ki, İslamdan əvvəlki yas törənlərində
bu cür dəbdəbə olub, yəni yas süfrəsinə
növbənöv yeməklər yas sahibi tərəfindən
düzülüb, bir növ yas “şölən” törəni
keçirilib. İlahiyyatçı bununla bağlı
bildirir: “Doğrudur. İslamdan qabaqkı yas mərasimlərində
dediyiniz formada yaslar keçirilib. Amma İslamda bu adət
qadağan olunub. İslam alimləri qadağan ediblər ki,
ölənin ailəsi gələn qonaqlara məcburi yemək
versinlər, çünki bu adət cahiliyyə dövrünə
aiddir. Ancaq bir məsələ istisna edilir ki, əgər
başsağlığı üçün uzaq yerdən gələn
olarsa, onların aclığını nəzərə alaraq
onları yedirib-içirmək mümkündür. Alimlər
bununla bağlı olaraq ehsanı müstəhəb hesab edirlər.Yəni
faydalıdır. Amma bunun bir hüdudu var.
Hazırda
yas mərasimləri keçirilərkən bizdə israfa yol
verilir. Ümumiyyətlə, yemək vermək zərurəti
olmadığı bir halda, israfçı bir şəkildə
bunun əksini etmək heç də doğru deyil. Ancaq yenə
də İslamda ölən insan üçün xeyir-dua etmə
və ehsan vermə anlayışı da var. Peyğəmbərimiz
buyurur ki, ölən insanlarınızı yaxşı və
gözəl əməlləri ilə xatırlayın,
anın, çünki bu, ölənlər üçün
xeyir-dua olar. Ölən insanın ardından ediləcək
xeyir-duanı Allah dərhal qəbul edər. Ona görə də
ölünün ardınca ediləcək ən yaxşı
iş xeyir-dua verməkdir. Çünki axirətdə insanın
qarşısına çıxacaq ən önəmli işlər
onun bu dünyada etdiyi əməllərdir. Daha sonradan edilən
xeyir-dualar, verilən ehsanların ona təsiri
özünün etdiyi əməllər yanında çox az
önəmlidir. Əsasən insanın
sağlığında etdiyi əməllər nəzərə
alınar. Amma yenə də ehsan verməkdə hər
hansı problem yoxdur. Amma bu ehsanın günümüzdə
bilindiyi şəkildə ölənin üçündə,
yeddisində, cümə axşamları, qırxı, ilinə
əsasən verilməsi, bu günlərə ehsanlar həsr
olunması İslama görə doğru deyil. Çünki
İslamda əslində ölən üçün xeyir-duanın
və ehsanın konkret vaxtları yoxdur. İnsanlar cümə
axşamlarını daha mübarək gördükləri
üçün o günlərdə ehsan verməkdə
özləri üçün fəzilət görürlər.
Bu kimi günlərdə xeyir-dua və ehsan verməyin əslində
İslamda heç bir əsası yoxdur”.
Ekspert
qeyd edir ki, İslama görə, yas mərasimi keçirmənin
hər hansı sistem və normativləri yoxdur: “Yəni yasa
hansısa ruhani gəlməsi, məclisi idarə etməsinin
xüsusi forması yoxdur. Amma insanlar ehsanat
üçün məclisə gəlib boş oturmasınlar
deyə, oraya dini baxımdan bilikli bir insan dəvət etmək
yığışanları yaxşı əməllərə
cəlb edər, onu pis əməllərdən
uzaqlaşdırmağa çalışar. Bununla bağlı
həmin bilikli insanlar məclisi xoş bir məcraya salmağa
çalışarlar. Bunun isə pul
qarşılığında edilməsi hazırda ciddi bir
problem kimi görünür. Çünki bu, dini cəhətdən
lüzumsuzdur, həm də belə bir işi qazanc gətirən
iş kimi görmək də doğru olmazdı. Amma burada bir
peşəkarlıq tələb olunduğuna görə, bu
işi bilən peşəkar insanlar bəlkə dövlət
tərəfindən məvacib alarlarsa, ehsanat məclislərini
idarə edərlər. Ya da ehsanat məclislərini idarə
edənlərə bunun üçün məvacib verilərsə,
zərurət olmadığı təqdirdə onların bunu
almaları qəbahət sayılmaz. Amma onların bu məqsədlə
yas yiyələrindən konkret məbləğ tələb
etmələri qətiyyən doğru deyil. Bu mərasimlərin
keçirilməsində heç bir məcburiyyət yoxdur.
İnsan ölən üçün hər hansı bir ehsan
verə də, verməyə də bilər. Bunu dini rütbəsi,
mövqeyi olan bir insanın icra etməsi də zərurət
deyil. Yoxsa mütləq filan günlərdə stol açmaq,
buraya peşəkar din xadimlərini dəvət etmək əlavə
xərclərə çevrilməməlidir. Bunların
İslami əsasları yoxdur. Yas mərasimlərindəki
sapmalar həm dini cəhətdən yanlışlıq
yaradır, həm də ölü sahibləri
üçün çox əziyyət və xərc
yükünə çevrilir. Burada çox böyük pullar
xərcləmək tələb olunur. Çox hallarda
qonaqlıqda belə, israfçılıq kimi sayılacaq yas
süfrələrinə rast gəlməli olursan. Bu cür təmtəraq
yas mərasimlərinə qətiyyən yaraşmır”.
Onu da qeyd edək ki, ərəbcə dini dualar oxumaqla bağlı əhalidə kütləvi bilgisizlik olması da mollalığı özünə peşə etmişlərin iddialarını qaldırır. Bu bilgisizlik isə daha çox sovet dönəmində - tədris yerlərinin mədrəsələrdən yığışdırılıb dünyəvi məktəblərə köçürüldüyü vaxtdan dərinləşib. Mollalara bu baxımdan tarixən kütləvi tələbat olduğu üçün bu cür yas keçirmənin “prestiji” də qalxmağa başlayıb.
Hazırkı yas
və toy mərasimləri mədəniyyət və dəyərlərimizlə
nə dərəcədə uyuşur?
Bəs mənəviyyatımıza da mənfi təsir
edən bu məsələ nə dərəcədə Azərbaycan
mədəniyyəti, dəyərləri ilə uyuşur? Bu barədə qəzetimizə
fikirlərini bildirən Azərbaycan Fəlsəfə və
Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin
sədri, mənəviyyat məsələləri ilə
bağlı əlamətdar elmi-fəlsəfi tədqiqatlar
aparan professor Səlahəddin Xəlilov belə dedi:
“Hazırda keçirilən yas mərasimləri, eləcə
də toy şənlikləri bizim böyük mədəniyyətdən
nəinki kənaraçıxmalardır, hətta bu mədəniyyətin
antipodlarıdır. Bunlar mədəniyyətimizə heç
uyğun gəlməyən, ona zidd olan və böyük
inkişafdan bizi geri çəkən məqamlardır. Bunlar
yeni yaranan mərasim formalarıdır.Yeni yaranan formalar isə
heç də həmişə pozitiv olmur. Biz Avropadan
heç də həmişə müsbət hadisələri
götürmürük, həm də xoşagəlməz
hadisələr də bizim məişət və mədəniyyətimizə
təsir göstərir. İnternet, peyk antenaları və sair
texnoloji vasitələrlə bir sıra xoşagəlməz və
yüksək mədəniyyətə uyğun olmayan dəblər,
davranış tərzlərini əks etdirən filmlər
yayılır. O cümlədən telekanallarımızın
səviyyəsiz verilişlər, proqramlar yayımlaması da
öz işini görür. Yüksək, pozitiv mənada Azərbaycan
mədəniyyəti ilə bu məsələlər bir araya
sığmır. Məlumdur ki, biz dövlətin dəstəyilə
öz muğamımızı, aşıq sənətini,
başqa sənət növlərini dünya miqyasına
çıxarırıq, UNESCO-da bunlar təsbit olunur,
dünyanın qorunmalı olan mədəni sərvətləri
sırasına daxil olur və sair. Bunlar böyük hadisələrdir,
bu böyük hadisələrlə yanaşı bizim
hansısa biznes münasibətləri, yaxud yeni iqtisadi
münasibətlərə keçid dövrünün əyər-əskiyi
və ilkin kapital yığımının nümunəsi
kimi ortaya çıxan bu dəbdəbəli toy-yas mərasimləri
çox mənfi tendensiya yaradıb. Toylarda
qulaqbatırıcı səslər, yüksək sənətin
də səsgücləndirici və sair vasitəsilə
cırlaşması, eybəcərləşməsi, eyni
zamanda maksimalizm - böyük məclislərə meyillilik və
toyun mahiyyətinin itməsi, ara yerdə məqsədin arxa
plana keçməsinin təhlilini “Mənəviyyat fəlsəfəsi”
kitabında vermişəm. İndi biz xarici ölkədən
gələn mütəxəssislər qarşısında,
beynəlxalq tədbirlərdə şübhəsiz ki, şah
əsərlərimizi, nailiyyətlərimizi,
uğurlarımızı nümayiş etdiririk. Digər tərəfdən
özümüzə dönüb baxsaq və tənqidi
yanaşsaq, görərik ki, bizdə müəyyən sapmalar
var və kütlə mədəniyyəti deyilən eybəcərliklərin
Azərbaycan sərhədlərini keçib burada qol-budaq
açması müşahidə edilir. Bu mənada
hazırkı Şərq geriliyi ilə Avropa ifrat
işgüzarlığı - yəni yasdan da, toydan da pul
qazanmaq hərisliyi və bunun artıq reklam olunması, ənənəyə
çevrilməsi təsadüfi deyil. Belə olmasaydı, yas və toy məclisləri
çoxdan adi, qənaətbəxş səviyyədə
keçirilərdi və sadə camaat, orta statistik azərbaycanlı
ailəsi bunlara görə maddi sıxıntılarla üzləşməzdi.
Deməli, burada məqsədyönlü deformasiya
aparılır, bunun arxasında duran biznes maraqları var”.
Kulturoloq,
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının
prezidenti, professor Fuad Məmmədov isə bu barədə belə
düşünür: “Bu, bir qədər incə məsələdir.
Çünki hər kəsin yaxını vəfat edibsə,
öz ürəyində necə fikirləşirsə, yas mərasimini
elə də keçirir. Amma bunları bir qədər daha
mütəşəkkil etmək lazımdır. Məsələn,
küçədə çadır qurmaq, yolu kəsmək
kimi adətlər bir qədər qaydalara uyğun deyil. Elə
etmək lazımdır ki, digər insanlara, yoldan keçən
maşınlara da narahatçılıq yaranmasın. Digər
tərəfdən yas mərasimlərindəki
israfçılıq yas yiyəsinin özündən də
asılıdır. Ümumiyyətlə, yas mərasimi
çox təvazökar tərzdə keçirilməlidir.
İsrafçılıq olmamalıdır. Çünki bu,
islamiyyətdə yoxdur. Toyların keçirilməsi tərzi
də xoşuma gəlmir. Hər şey formaldır, boyat,
süni yeməklər verilir, stolun üzərinə
lazımsız şeylər düzülür. Musiqi çhəddindən
artıq ucadan səsləndirilir, iştirakçıların
qulağı batır”.
Kulturoloq da bildirir ki, yas mərasimlərinin
indiki kimi keçirilməsi bəlkə kimlərinsə
maraqlarına cavab verir, ya da insanların müəyyən təbəqəsinin
zövqlərinə əsasən formalaşıb: “ Mən bu
yükün yüngülləşdirilməsinin tərəfdarıyam.
Onsuz da yas yiyəsi yaxınını itirməklə
böyük mənəvi zərbə alır. Dübarə
onun yas mərasimi ilə bağlı yüklənməsi
çox ağır durum yaradır. Bu iş olduqca
ağırdır. Hamının maddi imkanı olmur ki, yası
dəbdə olan səviyyədə keçirsin. Doğru
bildirirsiniz ki, burada çoxlu mənəvi, psixoloji, etik
problemlər var. Bu işlərlə məşğul olan
adamlar düşünməlidir. Bu məsələlər
xüsusi tədqiqat obyektinə çevrilməlidir. Onun
tarixi, bu günü, müsbət, mənfi tərəflərinin
hamısı tədqiq və təhlil edilməlidir. Bunun əsasında
müəyyən tövsiyələr olmalıdır ki, cəmiyyətdə
ümumiyyətlə yas və toy mərasimləri kiminsə
maraqlarına yox, məhz insanların, millətin, cəmiyyətin
daha yaxşı, daha rahat olmasına xidmət etsin”.Sosioloq
Əhməd Qəşəmoğlu da hazırkı yas mərasimlərini
daha çox cəhalətlə bağlayır: “Hazırkı
yas mərasimləri İslamla yox, islamətrafı cəhalətlə
və cəmiyyətdəki mənəvi aşınmalarla daha
çox bağlıdır. Bildiyiniz kimi, İslamda
israfçılıq birmənalı olaraq rədd edilir və
günah sayılır. Amma indiki din xadimlərinin əksəriyyətinin
cəhaləti, həqiqi dini dəyərlərə
sayqısızlığı işi bu yerə gətirib
çıxarıb. Əslində həqiqi din xadimi bu sahədə
böyük maarifləndirmə işi aparmalı, İslam
adına kölgə salan belə işlərin görülməsinə
imkan verməməlidir. Amma onların əksəriyyəti bu
yas mərasimlərindən daha çox maddi fayda götürmək
üçün yarışa giriblər. Bu da onların islami
dəyərlərə dərindən yiyələnmədiklərini
göstərir. Ortada çoxlu qondarma din xadimləri var. Yəni
onlar xarici görkəmlərini dəyişib, yas mərasimində
istifadə edilən bəzi duaları əzbərləməklə
özlərini molla, hüzn mərasimlərinin
aparıcısı kimi təqdim edirlər. Təəssüf
ki, biz tez-tez yas mərasimlərində belələrinin mənasız,
dayaz moizələrinə qulaq asmalı oluruq. Cəmiyyətdə
baş verən proseslər də yas mərasimlərinin bu
şəklə düşməsinə səbəb olur. Uzun
müddətdir ki, bütün dünyada, eləcə də
bizim ölkədə maddiyyat yarışması gedir. Maddi dəyərlər
mənəvi dəyərləri üstələməkdədir.
İnsanların mənəvi üstünlüyünə qiymət
azalıb. İnsanlar arasında özünü maddiyyatla
göstərmək istəyənlər çoxalıb”.
Ə.Qəşəmoğluya
görə, hazırkı mərasim formaları ötən əsrin
sonlarına doğru formalaşmağa başlayıb: “Bu tam-təraq
70-80-ci illərdən başlayıb. Bu illərdə
artıq bütün sovet respublikalarında, o cümlədən
də Azərbaycanda sovet ideologiyasının zəifləməsi,
insanların maddi cəhətdən inkişaf etməsi
dövrü idi. Qadağalar ortadan
gotürülmüşdü. Bu isə, bir sıra müsbət
proseslərlə yanaşı, eyni zamanda tamahkar,
maddiyyatçı insanların da fəaliyyətinin genişlənməsinə
səbəb oldu. Əhalinin mənəvi cəhətdən
mövcud olan problemləri, həqiqi maariflənmə
işinin aşağı səviyyədə olması bu
cür yas mərasimləri ənənəsinin
formalaşmasına səbəb oldu. 90-cı illərdən
sonra yaranan xaos isə bu ənənənin geniş
yayılmasına rəvac verdi”.
Qəşəmoğluya görə, bir sıra din xadimlərinin hərislikləri imanlarını üstələyib: “Ortada real firlanan pulların şirinliyi çox olub. Din xadimləri özləri yaxşı bilirlər ki, indiki vaxtda müxtəlif insanların maddi vəziyyətləri arasında böyük fərqlər var. Hər kəs dəbdə olan yas mərasimlərini verə bilmir. Indi hər bir sıravi ziyalı ailəsində baş verən qəfil ölüm hadisəsi həmin ailəni olduqca çətin maddi, bunun nəticəsi olaraq mənəvi çətinliyə salır. Onlar buna göz yumur. Təsəvvür edin ki, indi gündən-günə bu sahədəki VİP xidmətlərin, restoran tipli yas mərasimləri yerlərinin sayı artmaqdadır. Bu gün gorkəmli və kasıb bir ziyalının yas mərasimi övladlarını olduqca çətin vəziyyətə salır. Axı bu adam görkəmli adamdır, yas mərasimində tanınmış adamlar iştirak edir. Ailə pis vəziyyətə düşür. Hər addımda din xadimciklərinin tamahkar baxışları ilə rastlaşırsan”.
Qonşu müsəlman
ölkələri bu işdə nisbətən sivil qaydalar tətbiq
etməyə çalışırlar
Bizdən fərqli olaraq qonşu müsəlman ölkələrində bu məsələdə müəyyən nizam və normal vəziyyət müşahidə edilir. Məsələn, Türkiyədə yas mərasimlərinin keçirilməsini tənzimləyən Dəyanət Vəqfi fəaliyyət göstərir. Bu məqamla bağlı ilahiyyatçı ekspert belə dedi: “Qonşu ölkələrdə bu barədəki praktikaya gəlincə, əslində İslam dünyasının hər yerində bu məsələ ilə bağlı müəyyən dərəcədə problem var. Yəni dünyanın hər yerində bu barədə İslamın əsl prinsiplərindən uzaqlaşma hiss olunur. Bunu doğru bir formaya salmaq üçün yas mərasimlərini ölənin yaxın qohumlarına başsağlığı vermə, onların hüznlərini bölüşmə şəklində keçirmək lazımdır. Türkiyədə bu işi Dəyanət Vəqfinə tabe olan din xadimləri yerinə yetirirlər. Onlar yas sahiblərindən bunun üçün hər hansı pul tələb etmirlər. Bu vaxt yas sahibləri özləri onları maddi baxımdan razı salmaq üçün jest edir.Amma biz yas mərasimlərini də qonşu ölkələrdəkindən çox fərqli bir şəkildə keçiririk. Bu isə ağır bir yükə çevrilmiş olur. Əslində qonşu İslam ölkələrini də tam ideal şəkildə nümunə götürmək olmaz”.
Vəziyyəti dəyişmək
üçün nə etmək lazımdır?
Bəs sözügedən sahədə durumu
normallaşdırmaq üçün hansı islahatlara, dəyişikliklərə
ehtiyac var? S.Xəlilov bildirir: “Bu sahənin də elmi tədqiqata
ehtiyacı var. Bu neqativliklərin aradan qaldırılması
yolları da elmi əsaslarla olmalıdır. Çünki
bunların hamısı özəl sektorda baş verir.
Buradakı mənfilikləri dövlət birbaşa sərəncamla
həll edə bilməz. Ona görə də biz
ziyalıların münasibəti, ictimai qurumların fəaliyyət
və təşəbbüsləri, ictimai şüurun dəyişdirilməsi,
inkişaf etdirilməsi və eyni zamanda biznes maraqlarına
görə ictimai şüurun azdırılmasına
qarşı mübarizə və bu mübarizədə
KİV-dən daha səmərəli istifadə zəruridir.
KİV bu işə qoşulmasa, burada səmərə əldə
etmək olmaz”.Hansı formada yas keçirilməsinin daha məqsədəuyğun
olacağına gəlincə, alim dedi: “Dünyada nə isə
yeni bir şey uydurmaqdansa, həm keçmişdəki adətlərimiz,
həm də qonşu ölkələrdəki müsbət təcrübə
örnək ola bilər. Məsələn, yas mərasimləri
Türkiyədə necə keçirilir. Türkiyədə
istər yas, istərsə də toy mərasimlərində
bizdəki qədər neqativliklər yoxdur. Yəni demirəm
ki, Türkiyəni, yaxud da Avropanı, digər ölkələri
təqlid edək. Amma bu ölkələrin praktikasını
öyrənək, sonra özümüz üçün müsbət
nəticə çıxaraq”.
Bu
sahədə cəmiyyətin müxtəlif təbəqələrinin
kulturoloji maariflənməsinə ehtiyac varmı? Kulturoloq
F.Məmmədov çıxış yolunu belə
görür: “Kulturoloji maariflənməyə çox
böyük ehtiyac var. “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyası kulturoloji maariflənməni 90-cı illərdən
bəri keçirir. Bu maariflənmə millətə, cəmiyyətə
və dövlətə xidmət edir. Dövlətə və
xalqa kömək etmək üçün yaranmış
ictimai təşkilatıq. “Mədəniyyət”
telekanalına kulturoloji maariflənmə ilə bağlı
proqram layihəsi vermişəm, müəyyən
ardıcıllıqla veriliş hazırlayacağıq və
bu qeyd etdiyiniz məsələyə də yəqin ki,
toxunacağıq. Mən yüz faiz tərəfdarıyam ki,
bu problemlər diskussiya mərkəzində olsun. Amma bir tərəfdən
nəzərə almaq lazımdır ki, səriştəsiz
münasibətlər də ola bilər. Yəni kulturoloq və
digər müvafiq ekspertlərin iştirakı ilə
diskussiya olmalıdır və bu problemlər xüsusi qrant əsasında
tədqiqat predmeti olmalıdır. Təhlil
aparılmalıdır ki, alimlər, eksertlər öz
tövsiyələrini versinlər. Bu gün əgər bu sahədə
indiki vəziyyət yaxşı deyilsə, bəs onda
alternativ olaraq nə təklif olunmalıdır? Bu barədə
ciddi müzakirələr aparılmalıdır”.Ə.Qəşəmoğlu
isə vəziyyəti düzəltmək üçün bir
qədər fərqli düşünür: “Təəssüf
ki, bu sahədəki vəziyyəti düzəltmək
üçün ilk növbədə inzibati metodlara daha
çox ehtiyac var. Təbii ki, paralel olaraq ciddi, elmi təminatlı
maarifləndirmə işi də getməlidir. Qəbristanlıqlarda
qiymətlərə ciddi nəzarət edilməlidir. Bəzi məsələlərin
də müzakirəyə ehtiyacı var. Mollaların, yas mərasimini
aparanların əməkhaqları haradan ödənməlidir
və nə qədər olmalıdır? Bəlkə bunu məscidlər
ödəməlidir? Bu əməkhaqqı fondu necə
formalaşmalıdır?” Qəşəmoğlu deyir ki, əslində
bu sahədəki problemləri həll etmək
üçün ciddi bir fəaliyyət proqramı
hazırlanmalıdır.İlahiyyatçı M.Camalov isə
deyir: “Normal yas mərasimləri keçirilməsinə nail
olmaq lazımdır. Buna zəruri ehtiyac var ki, ictimai müzakirələr
nəticəsində bu mərasimlərlə bağlı
normal forma və qaydalar tətbiq edilsin. Bununla bağlı məlumatlandırmalar
olmalıdır, alimlər bir araya toplanmalıdır, ruhanilərlə
birgə bu məsələyə baxılmalıdır.
İctimai nüfuzlu insanlar, din sahəsində tanınan xadimlər,
ziyalıların rolundan bu məsələdə yararlanmaq
olar. Hamı görür ki, bu məsələyə görə
kütləvi narazılıqlar var. Amma insanlar sadəcə olaraq artıq
bu mərasimlərlə bağlı oturuşmuş
israfçı qaydalardan kənara çıxa bilmirlər. Bu
sahədə dəyişiklik və islahatların baş verməsi
üçün mütləq ictimai müzakirələrin
keçirilməsi lazımdır. Eyni zamanda elə bir mexanizm
yaradılmalıdır ki, həqiqətən də bilikli ruhanilər
yas məclislərinə dəvət olunsunlar. Oxşar
praktikanı ölkəmizdə də tətbiq etmək olar”.
Göründüyü
kimi, ekspertlər sözügedən məsələ ilə
bağlı ciddi islahatların və bununla bağlı təşəbbüslərin
tərəfdarıdırlar. Təbii ki, bu məsələdə
onlar haqlıdırlar. Bu məsələdə normal nizam
yaranmasına zərurət var. Eyni zamanda bu iş müvafiq
qurumlar tərəfindən mərkəzləşmiş
qaydada həll edilməlidir. Bu iş kütləvi maarifləndirmə
ilə yanaşı aparılmalıdır. Elə etmək
lazımdır ki, yas mərasimləri insanlar üçün
ağır sosial-iqtisadi yükə çevrilməsin. Həmçinin
mollalar məclislərə görə ölü sahiblərindən
böyük məbləğdə pullar tələb etməsinlər.
Onların məvacibləri mərkəzləşmiş bir
nizamla ödənsə, daha yaxşı olar. Bu gün elə
məscidlərimiz var ki, onlarda dini mərasimlərdə və
dini baxımdan müqəddəs sayılan bütün
günlərdə, eləcə də gündəlik olaraq
böyük miqdarda ianələr toplanır. Onlar öz
ştatlarında olan ruhanilərə maaş ayırmaqla yas mərasimlərini
təmənnasız keçirmək nümunəsi sərgiləyə
bilərlər. Bu gün Avropada kilsə bu işlərdən əlavə,
hətta dünyəvi məktəbi maliyyələşdirən
əsas qurumlardan biri kimi çıxış edir. Bunun
müqabilində məscidlərin öz ruhanilərinə məvacib
təyin etmələri və yas mərasimlərini təmənnasız
yola vermələri yəqin ki, çətin olmaz... Bunun
üçün din xadimlərinin işini yüngülləşdirən
xeyli səbəblər var. Məsələn, bir jurnalist əgər
dövlət mükafatı alırsa, onun müəyyən məbləğini
vergilərə ödəməklə, dövlət büdcəsinin
artırılmasına öz kiçik töhfəsini verir.
Din xadimləri isə gəlirlərinə görə
heç bir vergi mükəlləfiyyəti daşımırlar...
Ümumiyyətlə isə bu məsələ ilə bağlı dərin sosioloji tədiqatlar, sosioloji sorğular keçirilməsinə ehtiyac var. Bu cür empirik tədqiqatlar alimlərdən, müvafiq sahə ekspertlərindən, din xadimlərindən və ziyalılardan tutmuş, müəyyən qurumların nümayəndələrinə və sadə insanlara qədər əhatəli olmalıdır. Bunların əsasında isə sözügedən sahədə ciddi təkliflərlə və təşəbbüslərlə çıxış etmək daha asan olardı.
İlkin
AĞAYEV
Palitra. -2011. -27 aprel. S.6-7.