“Gənc alimlər yüksək səviyyəli elmi-tədqiqatlar apara bilirlər”

 

Sevil Maşayeva: “İnstitutumuzda fərqlənən gənclər müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıblar”

 

Müsahibimiz, gənc alim, kimya üzrə fəlsəfə doktoru Sevil Maşayeva Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunda 2001-ci ildən çalışır. Öncə 4 saylı “Reaksiyayaqabil oliqomerlər və polimerlər” laboratoriyasında mühəndis, kiçik elmi işçi, elmi işçi, daha sonra isə böyük elmi işçi vəzifələrində işləyib. Hazırda yeni yaradılmış 12 saylı “Biomimetik polimer materiallar” laboratoriyasının müdiri vəzifəsini icra edir. Həmçinin 2013-cü ilin noyabr ayında təsis olunmuş “Gənc Alim və Mütəxəssislər Şurası”nın (GAMŞ) sədridir.

 

- Kimya sahəsində aparılan elmi-tədqiqatların hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Hazırda kimya sahəsində həm fundamental, həm də tətbiqi xarakterli işlər aparılır. Azərbaycan alimləri dünya elminə inteqrasiya etmək məqsədilə kimya elminin müasir problemlərinə toxunan yüksək səviyyəli işlərin aparılmasına çalışır.

-Sizin apardığınız elmi-tədqiqatların Azərbaycan elminin inkişafına hansı töhfələri var?

- “Oliqohidrosinaftilenfenilaminlərin alınması və xassələrinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişəm.Naftolların anilinlə NaOCl iştirakı ilə oksidləşmə polikondensləşmə reaksiyalarının tədqiqindən alınmış nəticələr əsasında elementar manqalarında reaksiyayaqabil hidroksilamin qrupları saxlayan qoşulmuş əlaqələr sistemli oliqomer və birgəoliqomerlərin səmərəli sintez üsulları işlənib hazırlanıb.

Sintez olunmuş OA, ONF və SNA sənayedə istehsal olunan termoplastlara, elastomerlərə və qatranlara antistatikantioksidant xassələri aşılayan əlavələr kimi, yarımkeçirici və çoxlaylı dielektrik materialların hazırlanmasında əlaqələndirici və epoksid qatranlarının bərkidicisi kimi istifadə oluna bilər.

SNA ilə tərkibində N, P, S atomları, OH və CEC qrupları saxlayan bir sıra üzvi maddələrin qarışığı poladın turş mühitdə korroziyasının inhibitoru kimi, onların epoksid qatranları ilə kompozisiyaları antikorrozion örtüklər və laklar hazırlanmasında tətbiq edilə bilər.

Yeni yaradılmış laboratoriyanin elmi istiqaməti - təbii və sintetik xammal əsasında təbiətdə mövcud olan superhidrofob, superhidrofil, oleofob və supermöhkəm polimer materialların analoqlarının yeni alınma üsullarının işlənib hazırlanması və tətbiq üçün tövsiyələrin verilməsidir.

-İnstitutunuzda gənclərin elmə həvəslənməsi üçün hansı tədbirlər həyata keçirirsiniz?

- Polimer Materialları İnstitutunda institutun rəhbərliyi və GAMŞ-ın təşəbbüsü ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bunlardan “Ən yaxşı məruzə”, “35 yaşadək gənclərin illik hesabatı” müsabiqələrini misal göstərmək olar. Qeyd etmək istərdim ki, bu müsabiqələrin nəticələrinə görə instititun fərqlənən gəncləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıb. Belə müsabiqələrin davamlı şəkildə və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, institutda gənclər arasında xarici dil problemini aradan qaldırmaq və əldə etdikləri mühüm nəticələri xarici jurnallarda nəşr etdirmək sahəsindəki maneələri aradan qaldırmaq məqsədilə pulsuz ingilis dili kursu təşkil olunub. İnstitutumuz Azərbaycan Kitabxana İnformasiya Consorsiumuna üzv olub. EBSCO-ya daxil olan jurnallara çıxış imkanı yaradılıb. Bu isə gənclərə imkan verir ki, xaricdə çap olunmuş çoxsaylı nüfuzlu jurnallardan heç bir maliyyə vəsaiti ödəmədən istifadə etsinlər.

- Bu sahədə maneələr hansılardır, hansı əlavə işlərin görülməsini məqsədəuyğun sayırsınız?

- Əlbəttə ki, bu sahədə bəzi məlum maneələr, problemlər vardır. Bu danılmaz bir faktdır. Gəncləri AMEA-ya elmə dəvət etmək üçün onların arasında maarifləndirmə işləri aparmaq mütləqdir. Artıq bununla bağlı GAMŞ bir sıra tədbirlər görüb. Belə ki, GAMŞ-ın üzvləri Azərbaycanın bir sıra regionlarında - Gəncədə, Şəkidə, Lənkəranda magistr və tələbələrə işlədikləri institutlar haqqında məlumatlar veriblər. Belə tədbirlər davam etdiriləcək. Həmçinin gənclərin maddi durumunusosial rifahını yaxşılaşdırmaq məqsədilə də müxtəlif tədbirlər görülməlidir.

- Siz-gənc alimlər üçün müxtəlif fondlar tərəfindən hansı həvəsləndirmə tədbirləri həyata keçirilir?

- Akademiya daxilində gənclər üçün müəyyən stimullaşdırıcı elmi müsabiqə, adlı mükafatların və s. təşkili yeni ənənələrdəndir. Gənclərin ölkədə mövcud müvafiq fondlarla əməkdaşlığı onların tədqiqat işlərinin dəstəklənməsinə bilavasitə xidmət edir. Bu fondlardan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, SOCAR-ın Elm Fondu və Gənclər Fondu xüsusi fərqlənirlər. Təkcə Elmin İnkişaf Fondu tərəfindən dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə maliyyələşdirilən elmi-tədqiqat layihələri və digər elmi tədbirlər birbaşa Azərbaycan elminin dünya elminə inteqrasiyasına, eləcə də ölkə iqtisadiyyatında elmin rolunun artırılmasına xidmət edir. Yarandığından bu günə qədər xeyli sayda layihə reallaşıb, nəticə etibarilə tədqiqat institutlarının maddi-texniki bazası yenilənib, alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb.

Diqqəti cəlb edən məqamlardan biriElmin İnkişafı Fondu tərəfindən məhz biz gənc alimlərin fəaliyyətinin dəstəklənməsinə böyük önəm verilməsidir. Xüsusən hər bir institutda həyata keçirilən layihəyə müəyyən sayda gənc alimlərin cəlb olunmasının tövsiyə olunması, eyni zamanda ildə ayrıca “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi”, ildə 4 dəfə “Mobillik qrant müsabiqəsi”nin yüksək səviyyədə keçirilməsi gənclərin elmə stimullaşdırılması üçün həlledici amildir. Bu müsabiqələrin nəticəsində onlarla gənc alimlər xarici ölkələrin aparıcı elm mərkəzlərində qısa müddətli təcrübə keçmişdir, beynəlxalq konfranselmi simpoziumlarda iştirak etmiş, elmi məqalələri xarici ölkələrin yüksək risenziyalı jurnallarında dərc olunub. SOCAR Elm Fondu da gənclərimizin layihələrinin maliyyələşməsində, ideyalarının reallaşmasında mühüm rol oynayır.

-Akademiyada elmlə təhsilin vəhdətinin yaradılması hansı problemləri həll edəcək?

- Akademiyada elmlə təhsilin vəhdəti bir sıra problemləri aradan qaldıracaq. Akademiyada magistr pilləsində təhsil alacaq hər bir gənc artıq doktoranturaya qəbul zamanı, oxuduğu müddətdə hansı səviyyədə işlər görəcəyi barədə məlumatlı olacaq.

-Azərbaycan gəncliyinə olan dövlətin diqqət və qayğısını necə qiymətləndirirsiniz?

- Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqiiqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Başqa sözlə, həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində böyük tarixi şəxsiyyət sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Onun ən böyük xidmətlərindən birio idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hazırda ölkə rəhbəri, Prezident İlham Əliyev tərəfindən yeni məzmunda bu siyasət davam etdirilir. Biz gənclərə olan diqqət və qayğı hər gün artır. Ümid edirik ki, gənclərlə bağlı bəzi məsələlər də tezliklə öz həllini tapacaq.

- Akademiyanın əvvəlki gəncliyi ilə indiki gəncliyi arasında hansı oxşar və fərqləri görürsünüz?

- Akademiyanın əvvəlki gəncliyi ilə indiki gəncliyinə nəzər salsaq görərik ki, həm əvvəlki nəsil, həm də indiki nəsil gənclər elmi-tədqiqata və elmi axtarışlara maraq göstərib. Ən böyük fərq isə ondan ibarətdir ki, indiki gənclik dünya elmində baş verən yenilikləri, xarici jurnallarda nəşr olunan məqalələri daha asan əldə edə bilir. Beynəlxalq konfranslarda asanlıqla iştirak edir, xarici impakt faktorlu jurnallarda əldə etdikləri məqalələri nəşr etdirə bilirlər, gənclər üçün elan olunmuş müxtəlif qrant müsabiqələrində iştirak edirlər. Ən vacibi isə öz təhsillərini xaricdə davam etdirə bilirlər.

İlkin Ağayev

Palitra.-2015.-1 aprel.-S.11.