ABŞ-ın ən yaxşı 8
universitetinə qəbul olmuş azərbaycanlı
Qəhrəman
Rzayev: “ABŞ-a gələndən sonra burada xarici tələbə
olmağın nə qədər çətin olduğunu
anladım”
“Hələlik təmsil
olunduğum təşkilatda vitse-prezident vəzifəsinə qədər
çatmış ilk azərbaycanlı tələbəyəm”
Xaricdə təhsil
alan gənclərlə bağlı rubrikamızın budəfəki
qonağı ABŞ-da təhsilini davam etdirən Qəhrəman
Rzayevdir. 19 yaşlı bu istedadlı və savadlı gənc
haqqında olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz
barədə ətraflı məlumat verərdiniz.
-Mən, Qəhrəman Rzayev Bakı şəhərində
böyümüşəm, orta təhsilimi 6 saylı və 53
saylı orta məktəblərdə almışam. Məktəb
illərində həm dərslərimlə, həm də
idmanla fəal məşğul olmuşam. Basketbol, futbol,
voleybol, üzgüçülük və şahmata
böyük marağım olub. Həmişə fəal, dərslərə
məsuliyyətlə yanaşan tələbə olmağa
çalışmışam. Məktəbdə həm əla,
həm də yaxşı qiymətlərlə oxumuşam, bir
neçə fənn olimpiadasında da iştirak etmişəm.
Bundan əlavə,
“Junior Achievement və “First Lego League” kimi lahiyələrdə
iştirak etmişəm. 2013-cü ildə isə 3 saylı orta məktəbi
fərqlənmə ilə bitirdim.
- Xaricdə təhsil artıq Azərbaycan
gəncləri üçün əlçatmaz deyil. Bəs sizə başqa bir ölkədə təhsilinizi
davam etdirməkdə çətinlikləriniz olmadı ki?
Ümumiyyətlə, bu məsələdə
daha çox haradan dəstək aldınız?
-9-cu sinfi
bitirəndə ali təhsilim barədə
düşünməyə başladım. Həmişə
ABŞ-da ali təhsilimi davam etdirmək
arzusunda olmuşam. Amerikada dünyanın ən
güclü universitetləri yerləşir. Yaxşı karyera üçün yaxşı təhsil
çox vacibdir və mən qarşıma məqsəd qoydum
ki, ABŞ universitetlərinə qəbul olacağam. Ona görə 10-cu sinifdə SAT və TOEFL
imtahanlarına hazırlaşmağa başladım. Yaxınlarım da mənə çox dəstək
oldular. İmtahanları uğurla verdim və
2013-cü ildə Amerikanın ən güclü universitetləri
arasında olan 8 universitetə qəbul oldum. Sonda Texas A&M Universitetini seçdim.
-Texas A&M Universitetinin ABŞ-ın
8 ən yaxşı universitetindən biri olduğunu dediniz. Bu universitetin özəllikləri nədən ibarətdir?
-Hazırda Texas A&M Universitetində bakalavr dərəcəsi
üzrə təhsil alıram. İlk iki il
ərzində mən həm də Blinn Kollecində təhsil
alırdım. Burada olan təhsil çox
güclü, geniş və hərtərəflidir. Qeyd edim ki, Supply chain management fakültəsi üzrə
oxuyuram. İnanıram ki, gələcəkdə öz
sahəm üzrə aparıcı mütəxəssis ola biləcəyəm. Universitetin
ən yaxşı tədris səviyyəsinə malik
olmasını təmin edən məqamlar isə burada yüksək
səviyyəli müəllimlərin çalışması
və təhsilin ən yüksək səviyyədə
olmasıdır.
-Ümumiyyətlə,
dünyanın iki ən güclü dövlətindən olan
ABŞ necə bir ölkədir? Bir qədər
də bu haqda danışardınız.
-ABŞ-ın
necə bir ölkə olması haqda çox danışmaq
olar. Mən Texas ştatında yaşayıram.
Konkret olaraq Texas haqda deyə bilərəm ki,
buranın mədəniyyəti və insanları mentaliteti
şimal ştatlarından fərqlənir. Ümumiyyətlə, Texasda hamı texaslı
olması ilə fəxr edir. İnsanlar
daha konservativdilər. Bir şeyi qeyd edim
ki, Amerikaya gəldikdə ilk ilim çox çətin idi.
Bura böyük ümidlərlə gəlmişdim,
amma bir neçə aydan sonra Texasda xarici tələbə
olmağın nə qədər çətin olduğunu
anladım. Amma artıq ikinci ilimdə
yavaş-yavaş hər şey yoluna düşdü. Təhsil baxımından burada heç bir problemim
olmayıb. Amma belə gənc bir yaşda,
ailəndən bu qədər uzaqda təkbaşına
yaşamaq çox çətin idi.
-Çətinliklərdən
söz açdınız. Başınıza gələn
ən maraqlı, yaddaqalan hadisələrdən də
danışardınız.
-Bir dəfə
belə bir maraqlı hadisə olmuşdu ki, hələ də
onun təsirindəyəm. “Wallmart” adlı
mağazada idim. Dostum məni ora
maşınla aparmışdı. Maşınım
olmadığına görə mən adətən bir ay əvvəlcədən
ərzaqlar və ləvazimatlar alırdım. Kassada olanda hardasa 150 dollarlıq hesab oldu. Mən ödəmək istəyəndə birdən
mənə bir qadın yaxınlaşdı. 40-50 yaşı olardı. Öz
kredit kartını çıxarıb gözlənilmədən
mənim yerimə hər şeyin pulunu ödədi. Mənə
baxıb dedi: “Mən bilirəm, Amerikada tələbə olmaq
necə çətindir, istəyirdim ki, bu gün kiməsə
yaxşılıq edim, sən də qabağıma
çıxdım. Bir gün imkanın olanda, səndə
kiməsə kömək edərsən. Allah səni
qorusun!”. Mən elə
şokda idim ki yalnız “çox sağol” deyə bildim.
Çox gözlənilməz oldu. Həmişə çətinliyim olanda o qadın və
məndə olan bəxt yadıma düşür.
-İctimai işlərdə
necə, aktivsinizmi?
-Əlbəttə. ABŞ universitetlərində bu
çox vacibdir. Tələbə qurumlarında çox aktivəm
və artıq müəyyən uğurlarım da var.
Hazırda mən iki qurumda fəaliyyət göstərirəm.
Birincisi, Blinn Kollecinin “Tələbə Hökuməti”dir
(Blinn College Student Government Association) və ikincisi Phi Theta Kappa
tələbə şərəf qurumu. “Tələbə
Hökuməti”nə ötən ilin avqust ayında
qoşulmuşam. Əvvəlcə sadəcə
təmsilçi idim, bir neçə həftədən sonra
isə tələbə senatoru seçildim. Yanvar ayında isə bir neçə namizəd
arasında ikinci kurs tələbələrinin hökumət
kabinetinə seçildim. Tələbə
hökumətində ən aktiv üzvlərdən biriyəm.
Biz burada tələbə həyatının və
kampusun inkişafı üçün
çalışırıq, müxtəlif regional və milli
tədbirlərdə, konfranslarda iştirak edirik, liderlik keyfiyyətlərinə
yiyələnir, kampusda tədbirlər keçiririk və
kollecin prezidenti ilə birlikdə layihələr üzərində
də çalışırıq. Bu
yaxınlarda bizim kollecin tələbə hökuməti Texas
ştatının 4-cü regionunda TJCSGA tərəfindən
10 digər namizəd arasında “İlin ən yaxşı tələbə
hökuməti seçilib”. Qısa bir
zamanda vəzifələrimdə və məsuliyyətlərimdə
bir çox artım olub. Açığı,
bu qədər proqres olacağını əvvəlcədən
gözləmirdim. Amma hələlik hər
şey yaxşı gedir.
-İkinci qurum barədə də
danışardınız.
-Üzvü
olduğum ikinci qurum ABŞ-ın prestijli Phi Theta Kappa tələbə
şərəf qurumudur. Bu quruma böyük
potensiala malik olan savadlı və aktiv tələbələr
seçimdən keçərək qəbul olur. Phi Theta Kappada biz bir sıra tədbirlər
keçiririk, könüllü işlər
görürük, liderlik və şəxsi qabiliyyətlərin
inkişafı üçün treyninqlərdən
keçirik. Phi Theta Kappa qurumunun dünya üzrə 2
milyon üzvü və 700 təmsilçiliyi var. Bundan əlavə
ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri
arasında bir çoxları tələbə vaxtı məhz
Phi Theta Kappa-ya üzvü olublar. Belə bir nəhəng
və prestijli qurumun üzvü olmaq mənim üçün
böyük bir şərəfdir. Mən
bu quruma 2014-cü ilin yanvar ayında qoşulmuşam. Bir semestrdən sonra bizim Phi Theta Kappa-nın
kollecimizdə olan təmsilçiliyində “officer” vəzifəsinə
seçildim. Bu tədris ilində çox
aktiv olduğuma görə bu yaxınlarda bizim təmsilçiliyin
vitse-prezidenti vəzifəsinə seçilmişəm. Hələlik bu vəzifəyə qədər
çatmış ilk azərbaycanlı tələbəyəm.
Aprel ayında San Antonio şəhərində
Phi Theta Kappa qurumunun illik beynəlxalq qurultayı keçiriləcək.
Minlərlə üzv orada iştirak edəcək,
mən də ilk dəfə bu qədər ciddi və yüksək
səviyyəli tədbirə qatılacağam.
-ABŞ-da təhsil almaq istəyən
gənclərimizə hansı məsləhətləri verərdiniz?
-İngilis dili üzərində işləmək
çox vacibdir. Bundan əlavə xaricdə təhsil barədə
bütün məlumatları və detalları öyrənmək
lazımdır. Məktəbdə
aldığınız qiymətlər və bunda əlavə
məktəbdənkənar fəaliyyətiniz çox vacib
olacaq. Dərslərə və imtahanlara ciddi
yanaşanlar yaxşı universitetə qəbul ola
bilərlər. Əsas odur ki, vaxtında istədiyiniz
universitetə qəbul üçün lazım olan
bütün sənədləri toplayasınız.
-Bir qədər
də Azərbaycan gəncliyi ilə ABŞ gəncliyi
arasında müqayisələr aparardınız.
-Fərq
çox böyükdür. Həm zahirən, həmdə
daxili düşüncələrində bizim gənclərlə
amerikalı arasında çox böyük fərqlər var.
Mentalitet fərqi çox böyükdür. Amerikada gənclər daha sərbəstdirlər, digərlərinin
onlar barədə nə düşünəcəyi barədə
fikirləşmirlər, valideynlərindən o qədər
asılı deyillər. Məsələn,
bir çox ailələrdə gəncin 18 yaşı olanda o
artıq valideyn evini tərk edir və ya universitetə ya da
işləməyə başlayır. O vaxtdan onlar
artıq öz xərclərini özləri ödəyirlər,
öz problemlərini özləri həll edirlər və
valideynlərindən müstəqil yaşayırlar. Bu kimi fərqlər
lap çoxdur və mən Amerikada bir il
yaşayandan sonra buranın mentalitetinə və həyat tərzinə
uyğunlaşdım.
-Bəs Azərbaycan təhsili
ilə ABŞ təhsili arasında hansı fərqləri
görürsünüz?
-Bu sahədə
də böyük fərqlər var. ABŞ-da təhsil sistemi
tamamilə fərqlidir. Universitetlərdə fakültəsindən
asılı olmayaraq, hər bir tələbə ilk iki il ərzində ümumi kurikulumdan olan müxtəlif
tipli dərsləri keçir. Tarix, təbii elmlər,
riyaziyyat, ingilis dili, siyasi elmlər, sosioloji, bədii və
kompüter dərsləri və sair arasında müəyyən
miqdarda dərs seçməklə biz bu dərsləri öz əsas
dərslərimizdən əlavə keçirik. Ona görə bakalavr dərəcəsini aldıqda
məzunlar hərtərəfli inkişaf etmiş olurlar və
bir çox qabiliyyətlərə malikdirlər. Bundan əlavə tələbələrin dərsdən
əlavə aktiv həyatı olur və bu də tələbə
həyatını maraqlı edir.
-Oxuduğunuz
sahə üzrə Azərbaycandakı durumu dəyərləndirərdiniz...
-Mən təhsilimi
bitirdikdən sonra əməliyyat və təchizat sisteminin
idarəsi və ya loqistika peşəsi üzrə
çalışmaq istərdim. Azərbaycanda
hazırda bir çox nəhəng, beynəlxalq layihələr
həyata keçirilir. Seçdiyim
ixtisasla istənilən sahədə öz peşəm üzrə
karyera qura bilərəm. Deyərdim ki, mənim
təhsil aldığım sahə üzrə Azərbaycanda vəziyyət
çox yaxşıdır.
-Bəs gələcək
planlarınız nələrdən ibarətdir?
-Hazırda təhsilim uğurla davam edir. Bu ilin sonuna qədər üzvü olduğum tələbə qurumları ilə aktiv şəkildə fəaliyyət göstərib inkişaf etmək istəyirəm. Gələcək illərdə çox güman ki, digər tələbə qurumlarına üzv olacağam. Qeyd etdiyim kimi, təhsilimi bitirdikdən sonra təqribi olaraq hansı sahədə çalışacağımı bilirəm. Bir neçə il işlədikdən sonra MBA diplomunu almaq üçün daha 2 il magistr təhsili almaq istəyirəm. Ümid edirəm ki, uğurlu karyera qura biləcəyəm.
Tural
Tağıyev
Palitra.-2015.-1 aprel.-S.6.