Azərbaycan rokumusiqi üslubunu yaradaq

 

Məsud Barış: “Türkvisionmahnı müsabiqəsinin səhnəsində Avropa roku deyil, Azərbaycan rokunu səsləndirdik

 

Müsahibimiz Tatarıstan Muxtar Respublikasının paytaxtı olan Kazan şəhərində keçirilən “Türkvision-2014” mahnı müsabiqəsində iştirak edən, Təbriz şəhərinin musiqi sənətçisi, “Təbriz Barışqrupunun rəhbəri solisti, vokalist Məsud Barışdır. “Skype” vasitəsilə bizimlə əlaqə yaradan Məsud Barış sənət yolu “Türkvision-2014” mahnı müsabiqəsi barədə fikirlərini bizimlə, “Palitraqəzetinin oxucuları üçün xüsusi olaraq

paylaşdı:

 

-Türkvision-2014 mahnı müsabiqəsindən olan təəssüratlarınızı bizimlə bölüşməyinizi istəyirik.

- Sualınıza tam səmimi olaraq cavab verəcəyəm. Müsabiqədə iştirak etdiyimiz üçün demirəm, həqiqətən müsabiqəyə qatılan bütün türk xalqlarının nümayəndə heyəti, həmçinin Tatarıstan Muxtar Respublikasının vətəndaşları da bizə xoş münasibət bəslədi. Yarışma zamanı Azərbaycandan olan qardaşlarımızın böyük dəstəyini gördük. Bu əlbəttə ki, bizim üçün böyük bir ruh yüksəkliyi idi. Yarışma bitdikdən sonra bizə dəstək olan bütün azərbaycanlılar bizə yaxınlaşıb, “Halal olsun sizə. Böyük şairimiz Məhəmmədhüseyn ŞəhriyarınHeydərbabaya salamşeirini yeni musiqi rok üslubunda eşitdirdiyiniz üçün çox sağ olsun”, dedilər. Bu da əlbəttə ki, bizi qürurlandırdı.

- “Türkvision-2013” mahnı müsabiqəsində Quzey Azərbaycanı Fərid Məmmədov, “Türkvision-2014” mahnı müsabiqəsində isə siz təmsil etdiniz. Buna digər türk xalqlarının nümayəndələrinin münasibəti necə oldu?

- Öncə bir az qəribə yanaşdılar. Çünki bilmirdilər ki, burada musiqi səviyyəsi necədir. Rok müasir dünya musiqisi olduğu üçün bir az təəccüb etdilər. Lakin ifamızı gördükdən sonra bizə qarşı tamamilə başqa fikirlər yarandı. Hətta sual verirdilər ki, “Sizdə rok musiqisi var?” Ancaq düşünürəm ki, biz rok musiqisini oxumaqla, həm Azərbaycan musiqisinin, həm Azərbaycan mədəniyyətinin hansı səviyyədə olduğunu sübut etdik.

- Müsabiqə zamanı sizin ifa etdiyiniz mahnının sözlərinin dahi Məhəmmədhüseyn Şəhriyara məxsus olduğundan digər türk xalqları agah idilərmi?

- Bəli. Sözsüz ki, bundan xəbərləri olmalı idi. Hətta müsabiqənin münsiflər heyəti bizim qrupun ifasını o qədər çox sevmişdilər ki, yarışmadan sonra da bizi görüb, “Halal olsun sizə. Belə bir musiqi ilə gəlmisiniz” - deyirdilər.

Bilirsiniz ki, rok musiqisi etiraz musiqisidir. Daha çox Avropada, Amerikada sənət baxımından inkişaf etmiş ölkələrdə rok musiqisi ifa olunur. Ona görə onlar üçün bizim fərqli ifamız, rok musiqimiz çox maraqlı idi. İnşallah, bundan sonra daha da inkişaf edəcək. Belə qərara gəlmişəm ki, “Azərbaycan rokumusiqi üslubu yaradım. Çünki rok musiqisi Avropada başqa tərzdə ifa olunur.

Biz ilk həmləmizi etdik. Türkvisionmahnı müsabiqəsinin səhnəsində Avropa roku deyil, “Azərbaycan roku”nu səsləndirdik. Burada saz səsilə sintez edilən rok musiqisi idi. Aşıqlarımız hər zaman rəvayət ediblər. Xalqın dastanlarını xalqa çatdırıblar. Yəni qədimlərə dayanan aşıq musiqisi müasir dünya musiqisilə dahi şairimiz Məhəmmədhüseyn ŞəhriyarınHeydərbabaya salamşeiri bütün türk dünyasına səsləndirdik. İstədiyimiz oldu. Biz varıq. Azərbaycan xalqı var. Hər zaman mədəniyyətimizi layiqincə qoruyub, dünyaya bəyan edəcəyik.

- Sənət yolunuzdakı vəzifənizdə başqa hansı istiqamətləri təmsil etməyi düşünürsünüz?

- Allah qoysa, düşünürəm ki, yaxın gələcəkdə Türkiyədə konsert proqramları təşkil edək. Çalışdığım istiqamətlər isə klassik rok, klassik pop, klassik folkrok musiqiləridir. Biz də çalışırıq ki, Azərbaycan musiqisini rok musiqi üslubu ilə sintez edib, “Azərbaycan rokumusiqi üslubunu yaradaq. Yaratdığımız yeni musiqi üslubunu da Azərbaycan mədəniyyətinin incisi kimi dünyada təbliğ edək. Bu mənim öz düşüncəmdir. Bizim çox dərin aşıq musiqimiz, muğamlarımız, xalq mahnılarımız var. Bunların hər biri bir dəryadır və hamısı bizim ürəyimizdədir.

Bu gün yeni nəsil gənclərimiz yeni formada olan musiqini sevirlər. Düşünürəm ki, bütün milli musiqilərimizi müxtəlif janrlarda sintez etsək, gənclərdə milliliyə daha çox həvəs olar.

- Bakıda konsert proqramı və burada yaradıcılıq işləri ilə məşğul olmağı düşünürsünüzmü?

- Əlbəttə ki, bu haqda düşünürük. Bu il ərzində Bakıda Təbriz günləri keçiriləcək. Həmin günlər ərzində konsert proqramlarını mənə həvalə edəcəklər. Mənim, həmçinin Bakıda sənət yoldaşlarımla da əlaqələrim var. Böyük bəstəkar Eldar Mansurovunİlahi” adlı mahnısı repertuarıma daxildir.

- Azərbaycan musiqi mədəniyyəti üçün hansı yüksəlişləri görmək istəyirsiniz?

- Mənim həyat fəlsəfəm budur ki, əgər bir insan varlığını, yaşadığı yerdə olduğu və olmadığının fərqini bildirə bilirsə demək o insan yaşayır. Əgər fərqi bildirə bilmirsə, demək, o yaşamır. Yəni bir insan yaşadığı ölkədə varlığını ətrafına hiss etdirməlidir. Yoxdursa onun boşluğu hiss olunmalıdır. Əgər insanın özündən sonra həyatda olan boşluğu bilinmirsə, demək, o insan yaşamayıb.

Mən də çalışıram ki, gücüm çatdığı qədər Azərbaycan musiqisinə töhfəm olsun. Mən Bakıda olduğum hər an Təbrizdə yaşadığımı düşünürəm. Təbrizdə yaşayıram, Bakıda olduğumu hiss edirəm. Allah qəni-qəni rəhmət eləsin Lütfiyar İmanova, Təbrizdə qonağım olub. Xalq artisti Mənsum İbrahimovu qarşılamışam.

- Başqa ürək sözləriniz...

- Mən Təbrizdə musiqi məktəbi açmışam. 350 nəfərə yaxın tələbəmiz var. Biz tələbələrimizə muğam, aşıq musiqilərimizi və klassik Avropa musiqisini tədris edirik. Bu işimizlə Azərbaycan musiqisinə körpü olmağa çalışırıq. Birlikdə gözəl işlərə imza ataq.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-3 aprel.-S.13.