Ərzurumlu qonaqlar Naxçıvan Dövlət Universitetində

 

Türkiyənin Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi 23 nəfərlik nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan və Türkiyə arasındakı dostluqbirliyin təməlindən, bugünkü inkişafından danışıb. Rektor universitetinin tarixi, strukturu haqqında məlumat verərək qeyd edib ki, dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan universitetləri ilə elmi əməkdaşlıq bu günuğurla davam etdirilir. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Tibb fakültəsinin və baytarlıq ixtisası tələbələri müxtəlif vaxtlarda bu ali təhsil müəssisəsində təcrübədə olublar, müştərək konfranslar keçirilib. Təsadüfi deyil ki, 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilib. Rektor vurğulayıb ki, 2011 və 2012-ci illərdə yenilənən universitetlərarası əməkdaşlıq müqaviləsi bundan sonra da elm və təhsilin inkişafı istiqamətində öz bəhrələrini verəcək.

Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin birlik, dostluq və sədaqət ideyalarının əzmlə davam etdirilməsinin zəruriliyindən bəhs edib. Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində olacaq. Ərzurum Atatürk Universitetinin prorektoru Mehmet Takkaç 20 fakültə, 7 institut və 10-a yaxın peşə məktəbinin fəaliyyət göstərdiyi universitetdə on minlərlə tələbənin ali təhsil aldığını diqqətə çatdırıb. Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid, tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, elmi işlər üzrə prorektor, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev universitetin dünya təhsil sisteminə inteqrasiyasından, elmi nailiyyətlərindən danışıblar. Elm və tədris sahəsində, o cümlədən tibb, baytarlıq, incəsənət, memarlıq sahələrində universitetlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub. Türkiyəli qonaqlar İnformasiya-kommunikasiya texnologiyaları Mərkəzinin, rəqəmsal formatda yayımlanan universitet televiziyasının və “Nuhçıxan” radiosunun, mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olublar.

Mehriban SULTAN

Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri

Palitra.-2015.-3 aprel.-S.7.