“Şagirdlərin dərs yükü ağır olduğundan ekskursiyalara hər zaman ehtiyacı olur

 

Dürdanə Məmmədova: “Muzeylərə ekskursiyalar şagirdlərin tədris olunan fənləri daha yaxşı qavramasına, dünyagörüşünün formalaşmasına imkan verir. Bu baxımdan çalışırıq ki, onlar belə ekskursiyalarda daha çox iştirak etsinlər”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Təhsil Nazirliyinin nəzdində Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin Ədəbi-diyarşünaslıq dərnəyinin rəhbəri Dürdanə Məmmədovadır:

 

- Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əsas məqsədi məktəblərə turizm-diyarşünaslıq və ekskursiya işlərinin təşkili üçün metodiki köməklik göstərmək, məktəblilər arasında kütləvi özfəaliyyət turizmini təbliğ və inkişaf etdirmək, müxtəlif turist tədbirləri keçirmək, məktəblilərin asudə vaxtlarını, istirahətlərini səmərəli təşkil etməkdir. Mərkəz 1933-cü ildə “Uşaq ekskursiya turist stansiyası” adı ilə fəaliyyətə başlayıb. 1991-ci ildən adı dəyişdirilərək Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi adı altında fəaliyyətini davam etdirir. Mərkəz öz işini “Azərbaycanı sev və öyrən” Respublika Turist Diyarşünaslıq ekspedisiyasından irəli gələn tapşırıqları nəzərə alaraq 7 istiqamətə uyğun olaraq fəaliyyətini davam etdirir. Bu istiqamətdə görülən işlər gəncləri Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə hörməti aşılamaq, onları azərbaycançılıq ruhunda tərbiyə etməyə xidmət edir. Doğma diyara yürüş, səyahət, ekskursiya və gəzintilərdə iştirak edən yeniyetmələr xalqımızın qədim, həmçinin zəngin mədəni irsinə bələd olur və öyrənirlər.

Hazırda mərkəzdə fəaliyyət göstərən dərnəklərə Bakı rayonlarının ümumtəhsil məktəblərində təhsil alan gənc və yeniyetmələr cəlb olunublar. Bu dərnəklərdə aparılan məşğələlər müxtəlif profillər üzrə aparılır. “Tarix-diyarşünaslıq”, “Ədəbi-diyarşünaslıq”, “Coğrafiya-diyarşünaslıq”, “Xalçaçılıq”, “Piyada-turizm”, “Gənc-turist”, “Gənc-bələdçi”, “Gənc - ekoloq” dərnəkləri öz fəaliyyətlərini daima genişləndirirlər. Bu dərnəklərə üzv olanların əl işləri, tapıntı, rəsm işlərindən ibarət “Eko-turizm”, “Diyarşünaslıq” guşələri təşkil edilib. “Eko-turizm” guşəsindəki işlər doğma Azərbaycanımızın təbiətini, iqlimini, heyvanatbitki aləmini, qədim yaşayış yerlərini, qiymətli abidələrin rəsmini özündə əks etdirir. Bununla bərabər əl işləri olan tikmələrdə qədim adət-ənənələr təsvir edilib. Qədim tapıntı sayılan mis qablar keçmişimizdən xəbər verir. Həmçinin turizmin əsası sayılan “Turizm avadanlıqları” sərgisində turizm ləvazimatlarından ibarət guşə var. Bu guşədə gəzinti, səyahət, ekskursiya zamanı turistə lazım olan bütün avadanlıqlar nümayiş etdirilir. Hazırda mərkəzdə ulu öndər Heydər Əliyevin adını daşıyan guşə tamamlanmaq üzrədir. Bu guşədə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən materiallar toplanır. Həmçinin H.Əliyevin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə olan görüşləri öz əksini tapıb. Bundan əlavə, Bakı şəhəri və Bakıətrafı memarlıq və tarixi abidələrimiz olan bölgələri ziyarət edirik. Bir çox muzeylərlə mərkəz tərəfindən müqavilə bağlanılıb. Dövlət səviyyəli tədbirlərin təşkili və keçirilməsində iştirak edirik. Həmçinin İstiqlal Muzeyi ilə müqaviləmiz var və hər zaman burada keçirilən tədbirlərdə iştirak edirik. Onlar bizə öz köməkliklərini göstərir və muzeyin rəhbəri Fəridə Şəmsi və işçilərinə öz təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, tədbirlərin keçirilməsi və təşkilində fəal iştirak etdiyimə görə, İstiqlal Muzeyi tərəfindən fəxri fərman, təşəkkürnamə və diplomla təltif olunmuşam.

- Məşğələlər zamanı şagirdlər daha çox nəyə maraq göstərirlər?

- Dərnək məşğələləri zamanı şagirdlərdə turizm üzrə bilik, bacarıq və vərdişlər inkişaf etdirilir, doğma diyarı yaxından tanımaq üçünDoğma diyarımızı öyrənirik” devizi altında ekskursiyalar və yürüşlər təşkil olunur. Bacarıqlı dərnək rəhbərlərimiz şagirdlərə doğma diyarı öyrənmək və sevdirmək üçün məşğələləri maraqlı qurmağa çalışır, şagirdlərin yaradıcılıq axtarışlarını üzə çıxarır və inkişaf etdirir. Dərnək rəhbərləri tərəfindən müxtəlif referat yazı, inşa müsabiqələri təşkil edilib. Bu da məktəblilərə müəyyən məlumatların çatdırılması deməkdir. Ekskursiya və gəzinti zamanı ana dilimiz və milli-mənəvi dəyərlərimizin qorunması, qədim mədəniyyətimizin keçdiyi yollar haqqında məlumatlar dərnək üzvlərinə çatdırılaraq milli dəyərlərimizə hörmət aşılanır, abidələrin mühafizəsi yönümündə gənclərin böyük rolu olduğu qeyd edilir. Bədii estetik zövqün inkişaf etdirilməsi əsas götürülərək məktəblilər incəsənətimizin görkəmli xadimlərinin yaradıcılıq nümunələri ilə tanış olurlar.

Şagirdlər əsasən, dərs yükü ağır olduğundan ekskursiyalara hər zaman ehtiyacı olur. Bu ekskursiyalarda, tədbirlərdə iştirak etmək şagirdlər üçün maraqlıdır. Ekskursiyalarda şagirdlər görkəmli şəxsiyyətlərlə tanış olurlar, bu onlara Vətənə məhəbbət hissinin aşılanmasına kömək edir. Ümumiyyətlə, şagirdlərin iştirakı könüllüdür. Məktəbdə 3 qrupum var. Hər qrupa 15 şagird üzv olur. Ümumilikdə 45 dərnək üzvüm var ki, onlar daimidir. Onlar 5-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlərdən ibarətdir.

Şagirdlərin hər birinin müxtəlif fikirləri olur. Bəziləri vətənpərvər mövzulara üstünlük verir. Rəsm, təbiət və s. üzrə mövzuları sevənlər də var. Ümumiyyətlə, ekskursiyalar və tədbirlər şagirdlərə daha maraqlıdır.

- Muzeylərdə olarkən şagirdlərin canlı eksponatlarla tanışlığı onlara necə təsir edir?

- Müxtəlif sahədə çalışan insanlarla, yazıçılarla, incəsənət xadimləri ilə görüşlərimiz olub. Həmçinin görkəmli şəxsiyyətlərin ev muzeylərində oluruq, həmin şəxsiyyətlərlə bağlı geniş məlumat toplayırıq. Məsələn, S. Vurğun, C.Məmmədquluzadə, M. S.Ordubadi, C. Cabbarlı və digər görkəmli şəxsiyyətlərin ev muzeyində olmuşuq və şagirdlər onların həyat və fəaliyyəti ilə daha yaxından tanış olublar. Həqiqətən də canlı olaraq şagirdlər eksponatları gördükdə onlar üçün çox maraqlı olur. Tədbirlər zamanı da qədim tariximiz haqqında şagirdlər fəal olaraq çıxış edirlər, şeiryaxud sərgilərdə öz fəaliyyətlərini, bacarıqlarını nümayiş etdirirlər. Muzey tərəfindən təşəkkürnamə ilə təltif olunurlar.

- Ümumiyyətlə, belə ekskursiyalar, məsələn, Ədəbiyyat Muzeyində olmaq şagirdlərdə ədəbiyyatla bağlı daha çox məlumat əldə etməyə imkan verirmi?

- Əlbəttə, muzeylərə ekskursiyalar şagirdlərin tədris olunan fənləri daha yaxşı qavramalarına, dünyagörüşünün formalaşmasına imkan verir. Bu baxımdan çalışırıq ki, onlar belə ekskursiyalarda daha çox iştirak etsinlər.

- Bəzən son zamanlar məktəblilər üçün ekskursiyaların az təşkil olunduğu bildirilir. Bununla bağlı nə deyə bilərsiniz?

- Sovet dövründə belə ekskursiyalar daha kütləvi idi. Hazırda bizim mərkəzimiz respublika üzrədir. Belə ki, bizim 10 mərkəz fəaliyyət göstərir ki, bunlar Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Bakıdır. 2 ildən bir bizdə “Azərbaycanı sev və öyrən” adlı ekspedisiyamız olur. Təhsil Nazirliyinin 12 oktyabr 2006-cı il tarixli 744 nömrəli əmrinə əsasən “Azərbaycanı sev və öyrən” turist diyarşünaslıq ekspedisiyasının respublika baxış müsabiqəsi keçirilir. Burada həmçinin rayonlarda fəal, bacarıqlı uşaqlaraolimpiada keçirilirburada uşaqlar bacarıqlarını nümayiş etdirirlər. Qaliblər mükafatdiplomla təltif olunurlar. Mən hazırda Nərimanov rayon 45 saylı orta məktəbdə fəaliyyət göstərirəm.

- Bölgələrə səfərlər təşkil olunurmu?

- Bakıətrafı qoruqlara, Mərdəkan qalası, Qobustan qoruq, Qala arxeolji etnoqrafik muzeyi, İçərişəhər milli qoruğa təşkil olunan ekskursiyalarda iştirak edirik. Şagirdlər üçünbu, çox maraqlı olur.

- Valideynlərin belə ekskursiyalara münasibəti necədir?

- Valideynlər bizi tanımadığı üçün yeni cəlb edəndə bəzi problemlər olur. Lakin məktəbin direktoru və müəllimlər bizə uşaqlarla tanışlıqda şərait yaradırlar. Mən 2004-cü ildən bu mərkəzdə çalışıram.

- Gələcəkdə hansı ekskursiyaların reallaşmasını istərdiniz?

- İl ərzində məktəblərdə müqavilə əsasında işləyirik. Hazırda ekskursiyalar zamanı öz məktəbimizin şagirdləri iştirak etsə də, tədbirlərdə bir neçə məktəbin şagirdləri iştirak edir. Bəzən məktəblər arasında yarış olanda da hər məktəbdən şagirdlər olur. Xocalı soyqırımı, 27 sentyabr Beynəlxalq Turizm günü kimi bir çox tədbirlər keçiririk.

Gələcəkdə yay turizminə qoşulmaq bizim üçün daha maraqlı olardı. Bunun üçün bölgələrə, yaxud Bakıətrafı ərazilərə ekskursiyalar bizim üçün maraqlıdır. Məktəb zamanı belə tədbirlərimiz olur, ancaq yayda tətil zamanı da istərdik ki, belə səfərlərimiz olsun. Ç.Mustafayev adına Şüvəlandakı düşərgədə olmuşuq. Bir həftə, yaxud yay turizmi 1-2 günlük olur. Bu baxımdan davamlı olmasını istərdik.

Nigar Abdullayeva

Palitra.-2015.-4 aprel.-S.11.