“Gələcəyimizin necə olacağı şagirdlərimizdən asılıdır”

 

Firuzə Səttarova: “Şagirdin dünyagörüşü, birinci növbədə, ailənin savad və düşüncələrindən asılıdır”

 

Layihə çərçivəsində qabaqcıl təhsil işçiləri və müəllimlərlə müsahibələrimizi davam etdiririk. Bu dəfə müsahibimiz Bakı şəhərindəki 49 saylı məktəbin ibtidai sinif müəlliməsi Firuzə Səttarovadır. Firuzə müəllimə zəhmətkeşliyi, məsuliyyəti və keyfiyyətli tədrisetmə qabiliyyəti ilə nümunəvi müəllimlər sırasında qeyd edilə bilər.

-Öncə özünüz barəsində oxucularımıza məlumat verərdiniz...

- Mən - Səttarova Firuzə Eldar qızı Azərbaycan Müəllimlər İnstitutunu bitirmişəm. 2010-cu ildə Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə əlaqədar keçirdiyi imtahanlarda iştirak edərək Səbail rayonunda yerləşən R.Hüseynov adına 49 saylı məktəbdə işə qəbul edilmişəm. Hal-hazırda 4-cü sinifdə dərs deyirəm. Sinfimdə bacarıqlı, ağıllı şagirdlərim var. Onların Azərbaycana layiqli şəxsiyyət kimi yetişəcəklərinə ümidlərim böyükdür . Axı gələcəyimizin necə olacağı onlardan asılıdır. Bütün bu düşüncələr biz müəllimləri şagirdlərimizlə məsuliyyətlə və həvəslə işləməyə vadar edir. Bu isə bir daha onu göstərir ki, müəllimlik peşəsi olduqca qürurvericidir. Çünki müəllim gələcəyin şəxsiyyətlərini, eləcə də mütəxəssislərini formalaşdırır.

-Hazırda təhsil sahəsində yeni təlim metod və proqramları tətbiq edilir. Bu baxımdan bir müəllim kimi hansı fikirləriniz ola bilər?

- Məktəbdə 5 ildir işləyirəm. Müəllim kimi çalışdığım gündən kurikulum proqramı əsasında işlədiyim üçün ənənəvi təlimlə bağlı təcrübəm çox azdır. Lakin onu deyə bilərəm ki, yeni təlim metodları, interaktiv texnologiyalar keçirilən dərsin daha yaxşı mənimsənilməsi üçün geniş imkanlar açır. Xüsusilə kiçikyaşlı şagirdlərin gözlə gördüyünü daha tez qavradığını və mənimsədiyini nəzərə alsaq, bunların əhəmiyyəti əvəzsizdir. Bu cür metod və texnologiyaların tətbiq edilməsi ilə müəllimin işidaha asan olur. Belə proqramların tətbiqi zamanı müəllim lövhədə hər hansı şəkli çəkməyə və bu kimi hallara vaxtını itirmir. Həmçinin şagirdlər də belə halda yorucu, uzun-uzadı mühazirələr dinləmir. Əksinə, onlar materialı oyun şəklində, əməkdaşlıq şəraitində mənimsəyirlər. Müəllim şagirdə obyekt kimi yox, subyekt kimi yanaşır. Onun fikrinə hörmətlə yanaşır. Şagird düşünür, nəticə çıxarır. Ənənəvi tədrisdə şagirdin biliyi sadəcə yaddaşa əsaslanırdısa, indi müəllim-bələdçi şagirdi istiqamətləndirərək imkan yaradır ki, şagird axtarsın, araşdırsın, yeni biliyi son nəticəyə gələrək özü əldə etsin. Deməli, şagird biliyi yadda saxlayaraq yox, qavrayaraq əldə edir.

-Şagirdlərin testlə işləmələri və dərsə hazırlaşmaları məsələləri ilə bağlı nələri bildirmək olar? Bu sahədə hansı məqamları vurğulayardınız? Dərsliklərdə testlərin verilməsinə necə yanaşırsınız?

- Şagirdlər testlə işləməlidirlər, bu, zamanın tələbidir. Hətta deyərdim ki, testi yoxlamaq müəllim üçün rahatdır. Lakin yalnız testlə işləmək şagirdi dar çərçivəyə salır. O, yalnız mümkün variantlardan birini seçir. Açıq suallar qoyularkən şagird düşünür. Öz mövqeyini bildirir. Düşünmə bacarığı yaranır, axtarışda olur. Düşünürəm, dərslik tərtib edərkən bunlar nəzərə alınmalıdır.

-Uşaqların inkişafında yeni kommunikasiya vasitələrinin və internetin rolunu necə görürsünüz? Valideynlərin bu məsələdə uşaqları yönləndirmələri üçün hansı tövsiyələriniz ola bilər?

- Müasir insan təxəyyülünün, ağlının məhsulu olan elmi-texniki tərəqqi insan bacarığının hüdudlarının olmadığını göstərir. İnsanların kosmosu fəth etdiyi, heç mümkünlüyünü ağlımıza gətirmədiyimiz interneti kəşf etdiyi bir dövrdə uşaqların da əqli inkişafı sürətlə gedir. Sevindirici haldır ki, zamanın tələbləri ilə ayaqlaşmaq üçün valideynlər övladlarının hərtərəfli inkişafına, dünyagörüşünün artmasına önəm verirlər. Şagirdin dünyagörüşü, birinci növbədə, ailənin savad və düşüncələrindən asılıdır. Xüsusilə nəzərə alsaq ki, ailədə uşaqlar günün çox hissəsini ana himayəsi altında olurlar, buna əmin ola bilərik. Buna görə də qadının savadlı olması çox vacibdir.

-Şagirdlərin düşüncə və mühakimə tərzlərinin inkişaf etməsində kütləvi informasiya vasitələrinin rolunu necə görürsünüz?

- Şagirdlərin sürətlə inkişaf etməsində kütləvi informasiya vasitələrinin əvəzolunmaz rolu var. Əlbəttə, bunu dəstəkləmək lazımdır. Şagirdlər vaxt itkisi olmadan istədiyi məlumatı əldə edə bilir. Bəzən valideyn övladının verdiyi suallara cavab tapa bilmədikdə, belə mənbələr köməyinə gəlir. Lakin şagirdlər, xüsusilə kiçikyaşlı məktəblilər internetdən informasiya əldə edərkən xoşagəlməz, yaşına uyğun olmayan məlumatlara da rast gəlirlər. Müəllim şagirdə hər hansı mövzu ilə bağlı məlumat toplamağı tapşırarkən mütləq əvvəlcədən şagird və valideynlərə bu məlumatı hansı saytdan tapa biləcəyini xəbər verməlidir. Kiçikyaşlı məktəbli valideyn nəzarəti altında internetdən istifadə etməlidir.

-İbtidai sinif mərhələsinin şagirdlərin formalaşmasında, şəxsiyyət və mütəxəssis kimi yetişməsində rolunu necə görürsünüz?

- Şagirdlərin əldə etdiyi biliklərin çox hissəsi ibtidai sinfin payına düşür. Şagirdin ibtidai sinifdə öyrəndiklərini binanın özülünə bənzədirəm. Özül möhkəm deyilsə, onu tikib sona çatdırmaq çox çətindir. Valideyn müəllimlə sıx əlaqədə olmalıdır. Şagirdin pis nəticələr göstərməsinə müxtəlif amillər təsir göstərə bilər. Şagirdlər xasiyyətlərinə, qavramalarına görə bir-birindən fərqlənirlər. Hamıya eyni cür yanaşmaq, onlardan dərsdə eyni cür hazırlıqlı olmağı tələb etmək olmaz. Ona gorə müəllim valideynlə əməkdaşlıq etməli, onların fərdi xüsusiyyətlərini öyrənməyə çalışmalıdır. Valideyn övladları ilə çətinliklə dil taparsa, məktəb psixoloquna müraciət etməkdən çəkinməməlidir. Valideynlər övladlarına vaxt ayırmalı, onlarla birlikdə müxtəlif oyunlar oynamalı, birlikdə hansısa işi görməli, imkan olduqca onları teatra, parkasair dünyagörüşlərini inkişaf etdirən məkanlara aparmalıdırlar. Xüsusilə valideynlərə məsləhət görərdim ki, uşaqlarda mütaliə vərdişini yaratmağa çalışsınlar. Hələ çox erkən yaşlarından onlara nağıl kitabları oxusunlar. Daha sonralar olar ki, ailə üzvləri günün müəyyən vaxtlarıda kitab oxusuna vaxt ayırsınlar. Övladları ilə oxuduğu kiçikhəcmli əsərin müzakirəsini etsinlər. Tədricən bu, kiçikyaşlı məktəblidə vərdiş halını alacaq. Şagird zəngin söz ehtiyatına, düzgün cümlə qurmaq bacarığına yiyələnəcək.

-Öz sahənizlə bağlı daha hansı təklifləriniz ola bilər?

- Fikirləşirəm ki, sinifdə şagirdlərin sayının daha az olması dərsin keyfiyyətinə müsbət təsir edə bilər. Şagirdlərin müxtəlif istehsalat müəssisələrinə ekskursiyaları təşkil oluna bilər.

Həmçinin şagirdlərin asudə vaxtlarının düzgün təşkili məqsədilə və maraq dairələrini nəzərə alaraq, məktəblərdə dərnəklərin təşkil olunmasını istərdim.

 

İlkin AĞAYEV

Palitra.-2015.-9 aprel.-S.11.