“Gənclərimiz dövlətimizin daha da qüdrətlənməsi üçün təməl rolunu oynamalıdır”

 

Nurxan Babayev: “Əsas vəzifəmiz ölkəmiz üçün yararlı vətəndaş kimi səfərbər olmağımızdır”

 

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Qaz-neft mədən fakültəsinin III kurs tələbəsi Nurxan Babayev 109 aliorta təhsil müəssisəsini özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) sədrinin müşaviri vəzifəsinə təyin olunub. Tələbə Cənubi Qafqazın ən böyük tələbə təşkilatında çalışacaq. Nurxan ona göstərilən belə bir etimadın böyük məsuliyyət olduğunu düşünür. Nurxan Babayevlə müsahibəni sizə təqdim edirik.

 

- Bir tələbə olaraq uğura doğru atdığın ilk addımlar haradan başladı?

- Bu uğurumun ilk addımlarına II kursda oxuyarkən Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatından başladım. ADNA TGT-də isə əvvəl könüllü, daha sonra Biznes işçi qrupunun rəhbəri, sonra sədrin müavini olaraq çalışmışam. 1 il bundan öncə ATGTİ-nin Beynəlxalq Əlaqələr Departamentinə koordinator təyin olunmuşam. Bu gün isə ATGTİ sədri Şahin İsmayılovun müşaviri olaraq calışıram.

- Tələbənin belə bir təşkilatda çalışması onu dərslərdə maneələrlə üzləşdirmir ki?

- Gün ərzində Akademiyada dərslərimə 6 saat vaxt gedir. Qalan saatları isə mən özümü inkişaf etdirməyə, yeni bacarıqlar öyrənməyə həsr edirəm və ictimai fəaliyyətlə məşgul oluram. Bununla da mən asudə vaxtımı səmərəli keçirməyə çalışıram. Dərslərimi isə axşam saatlarında hazırlayıram. İctimai fəaliyyət mənim dərslərimə heç bir maneçilik törətmir. Mən hətta dərs əlaçısı olaraq təqaüd alıram.

-Təhsil aldığın müəssisədə tələbələrin sənin kimi ictimai işlərdə fəallıq göstərmələri üçün hansı imkanlar yaradılır?

- Hesab edirəm ki, əgər Neft Akademiyası rəhbərliyinin dəstəyi olmasaydı, mənim üçün uğur qazanmaq çətin olardı. Bizim təhsil müəssisəmizdə tələbələrin inkişafı, fəal, sağlam şəxsiyyət kimi formalaşması ücün hər bir şərait yaradılıb və bu imkandan istifadə edən mənim kimi bir cox tələbələrimiz də var. Mənim bu sahədə fəaliyyətim Tələbə Gənclər Təşkilatından öncə Azərbaycan Dövlət Neft Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsindən başlamışdır. I kursda oxuyarkən ADNA THİK-də bizim çox hörmətli sədrimiz Zəfər Qurbanov mənə dəstək göstərib və mənə bu yolda inkişaf etməyimdə çox köməklik edib.

-ADNA tələbələrini digər təhsil müəssisələrinin tələbələrindən fərqləndirən nədir? Bu gün gəncləri daha çox hansı amal öz ətrafında birləşdirir?

- ADNA tələbələri, həqiqətən də öz biliklərinə, fəallıqlarına, qazandıqları uğurlarına görə bir çox ali təhsil müəssisələrinin tələbələrindən fərqlənirlər. ADNA-nın texniki ali təhsil müəssisəsi olmasına baxmayaraq, burada ictimai fəaliyyətə də çox böyük maraq var. Bildiyimiz kimi, Bakı - 2015 Avropa Oyunları yaxınlaşır və burada da Neft Akademiyasının tələbələri könüllülər arasında üstünlük təşkil edirlər. Gənclərin amalı əlbəttə ki, gələcək üçün bir şəxsiyyət kimi formalaşmaq, özlərinə artıq tələbəlik vaxtlarından bir karyera qurmaq və cəmiyyət içərisində bir mövqe tutmaqdan ibarətdir.

- Müşavir olaraq qarşında hansı məqsəd və vəzifələr dayanır və bu, ADNA tələbələri üçün hansı üstünlüklər yaradır?

- Müşavir olaraq vəzifəm sədrimiz Şahin İsmayılovun bütün işlərində ona köməklik göstərməklə, gənclərin ümumi inkişafına dəstək olmaqdan ibarətdir. Əlbəttə ki, əsas vəzifəmiz ölkəmiz üçün yararlı vətəndaş kimi səfərbər olmağımızdır. Düşünürən ki, belə bir qurumda təmsil olunmağım ADNA tələbələrinin ictimai fəaliyyətlərinin daha da artırılaraq, daha çox birlik, daha çox güc toplamaq üçün imkanlar verir. Gənclərimiz öz enerjisini, potensialını bir yerə cəmləməklə böyük bir baza rolunda çıxış edib, dövlətimizin daha da qüdrətlənməsi üçün təməl rolunu oynamalı və inkişaf etməlidir.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-9 aprel.-S.7.