“Universitetimizin yetirmələri “Google” və
“Amazon” kimi şirkətlərdə çalışırlar”
Murad Əlizadə: “Kanadada internet
klubları yoxdur”
Xaricdə təhsil alan
gənclərlə bağlı rubrikamızın budəfəki
qonağı adı birincilər sırasında çəkilən
gənclərimizdən olan Murad Əlizadədir. Murad savadlı və istedadlı gənc olmaqla
yanaşı fəxr ediləsi tələbələrimizdən
biridir. O, “ABŞ Prezidenti mükafatı” alıb və
bundan əlavə Vaşinqtonda inşa müsabiqəsinin
qalibi olub. Hazırda Kanada da təhsilini davam
etdirir. Bu istedadlı gəncimizlə olan müsahibəni
oxuculara təqdim edirik:
-Özünüz barədə ətraflı
məlumat verərdiniz.
-Mən,
Əlizadə Murad Nadir oğlu 1996-cı il
fevral ayının 19-da Bakı şəhərində anadan
olmuşam. 2002-ci ildə Bakı Avropa liseyinə
daxil oldum. 2013-cü ildə liseyin məzunu
oldum. Məktəbdə olarkən müəllimlər
və direktor aktiv olaraq mənə yardım göstəriblər,
müxtəlif layihələr haqqında məlumatlandırıblar.
Belə ki, 2009-cu ildə mən 10 nəfərlik
Azərbaycan nümayəndə heyəti tərkibində
Ukraynanın Krımda yerləşən “Artek” uşaq
düşərgəsinə yollandım. VIII
Beynəlxalq Uşaq Festivalı çərçivəsində
bizim nümayəndə heyəti ilk dəfə olaraq BMT-nin
Uşaq Liqasının yaranmasında iştirak etdi və Azərbaycanımızı
təmsil etdi. 2011-ci ildə ABŞ-ın keçmiş
Sovet ölkələri üçün
hazırladığı FLEKS şagird mübadilə
proqramının qalibi oldum və Kaliforniyada bir il
Tulare Union High School məktəbində təhsil aldım.
Orada 150 saatdan artıq könüllü kimi layihələrdə
iştirak edib “İctimai xidmət və volontyorluq”
üçün “ABŞ Prezidenti mükafatı” aldım və
bundan əlavə Vaşinqtonda inşa müsabiqəsi qalibi
olub, konqresmen və senatorlarla da görüşdüm. 2013-cü ildə “Sabahın Alimləri” beynəlxalq
olimpiadasında sinif yoldaşımla birgə layihə təqdim
edərək fizika sahəsi üzrə qalib oldum. 2013-cü ildə Bakı Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinə daxil oldum və
Yaponiyaşünaslıq ixtisası üzrə təhsil
almağa başladım. Elə bu zaman da Təhsil
Nazirliyi xaricdə təhsil üzrə dövlət
proqramının nəticələrini açıqladı və
mən təhsilimi 2014-cü ildən Kanadanın Vaterloo
Universitetində turizm sahəsi üzrə davam etdirməyi qərara
aldım.
- Gənc olmağınıza
baxmayaraq, kifayət qədər uğurlarınız olub. Bəs sizi Azərbaycandan xeyli uzaqda yerləşən
Kanadanı seçməyə nə sövq etdi?
-Yuxarıda
qeyd etdiyim kimi, artıq çox gənc yaşlarımdan
yarışlara və festivallara görə xarici ölkələrdə
olmuşam. Kaliforniyada qalarkən müstəqil
qərarlar qəbul etməyi öyrəndim. Məktəbdə çox güclü ingilisdilli təhsil
almışam və bunda müəlliməm Əhədova Mətanətin
çox böyük rolu olub. Mən rus,
türk, alman dillərini bilirəm, yapon və fransız dilləri
ilə də məşğul olmuşam, lakin ABŞ-dakı təcrübəm
mənim ingilis dili imkanlarımı bir xeyli genişləndirdi.
Mənim əmim oğlu Kanadada təhsil
alırdı. O, məni Kanada təhsil sistemi haqqında
geniş məlumatlandırdı. Bu və ingilisdilli cəmiyyətlərə
artıq yaxşı bələd olmağım məni Kanadada
ali təhsil almağa sövq etdi. Fikrimi valideyn və qohumlarıma bildirdim və
hamı məni dəstəklədi. Məktəb
direktorumuz Zülfiyyə Veysova və ümumiyyətlə,
Avropa liseyi müəllim kollektivi mənə
bacardıqları qədər dəstək oldular. Yalnız bu insanların, valideyn və
qohumlarımın və “American Councils”da çalışan
dostlarımın mənəvi dəstəyi sayəsində mən
xaricdə təhsil üzrə dövlət proqramına
müraciət etdim. Bu gün mən, Murad
Əlizadə Kanadanın ən məşhur universitetlərinin
birində təhsilimin ikinci ilindəyəm.
- Vaterloo Universiteti
haqqında da söz açardınız. Kanada təhsil sistemini də xarakterizə
edərdiniz.
-Vaterloo Universiteti əsas profil baxımından texniki
universitetdir. Bu universitetin yetirmələri olan mühəndis və
proqramçılar “Google” və “Amazon” kimi ən məşhur
şirkətlərdə çalışırlar. Buna baxmayaraq, Vaterlooda çox güclü tətbiqi
səhiyyə və turizm departamentləri var. Kanada turizm sahəsi
üzrə dünyada qabaqcıl ölkələrdəndir və
burada turistik obyektlərin düzgün və sərfəli
üsullarla yerləşdirilməsinə çox böyük
diqqət göstərirlər. Universitetin
müəllim heyəti və qonaq məruzəçilər
arasında məşhur və tanınmış insanlar var,
keçmiş kosmonavt Kris Hedfild belə, Vaterloo Universitetində
müəllim kimi çalışır. “Blackberry”nin yaradıcısı Mayk Lazaridis bu universitetdə
təhsil alıb və Kanadanın hazırkı
general-qubernatoru vaxtilə Vaterloo Universitetinin prezidenti olub.
Kanadanın təhsil sistemi bir çox Qərb ökələrindəki,
xüsusilə ABŞ-dakı təhsil sisteminə bənzəyir. Tələbələrin
əllərində tədqiqat aparmaq üçün çox
geniş imkanlar var. Universitetin kitabxanasında tayı-bərabəri
olmayan bilik mənbələri saxlanılır. Güclü təhsil sistemi də məhz etibarlı
mənbələr və öz işində yüksək səviyyədə
ixtisaslaşmış peşəkarlar tərəfindən
qurulub.
-Ümumiyyətlə, Kanada necə
bir ölkədir?
- Kanada
haqqında bir çox müsbət stereotiplər var və mən
deyərdim ki, bu stereotiplər özlərini doğruldur. Məsələn, kanadalılar həddindən
çox mədəni hesab edilirlər və mən deyərdim
ki, bu doğrudur. Şimalda yerləşən
ölkələrdə adətən insanlar soyuq xarakterli
olurlar, lakin kanadalılar çox gülərüz və
mehriban insanlardırlar. Ölkənin sahəsi
çox böyükdür, ancaq insanlar kompakt şəkildə
sahilboyu ərazilərdə yerləşiblər. Bu, böyük meşə zolaqlarını insan təsirindən
qoruyur və yaradılmış qoruqlar və yaşıl
zonalar ölkəni turistik cəhətdən çox cəlbedici
edir. Azərbaycana “Odlar Yurdu” dedikləri
kimi, Kanadaya da çox vaxt “Böyük Şimal” deyə
müraciət edirlər. Ölkənin
simvolu olan qayın ağacı demək olar ki, hər yerdə
bitir və ondan çox dadlı sirop hazırlanır. Kanadalılar çox sülhsevər
insanlardırlar. Lakin tarix göstərir
ki, onlar müharibə zamanı da çox güclü
addımlar atmağa qadirdirlər. Ölkədə qiymətlər
bir az yüksək olsa da, alınan gəlir
səviyyəsi də yüksəkdir və bu daxili bazarda
stabillik və iqtisadi artım yaradır. Bütün
xalqlara və dinlərə qarşı güclü
tolerantlıq hissi insanlar arasında hökm sürür və
bu, öz növbəsində Kanada cəmiyyətində əmin-amanlığı
təmin edir.
-Başınıza gələn ən
maraqlı, yaddaqalan hadisələr barədə söz
açardınız.
-Mən
piyada gəzməyi çox xoşlayıram. Bu,
insanların kardiovaskulyar sistemləri üçün
xeyirlidir, həm də mənə fikirlərimi toplamağa
kömək edir. Kanada soyuq ölkədir.
Məsələn, bu qış temperatur mənfi
35 dərəcəyə qədər
düşmüşdü. Belə havada
adamlar xüsusilə küçəyə
çıxmamağa çalışırlar. Qar bəzən dizə qədər çatır və
qartəmizləyən maşınlar sadəcə olaraq yolu təmizləyib
qurtara bilmirlər. Bir gün belə bir
havada bayırda gəzməyi qərara aldım. Çox qalın geyindim və Vaterloo şəhərinin
mərkəzi parkına yollandım. Küçədə
demək olar ki, heç kim yox idi. Yollar tamam boş idi. Belə
havada ancaq on qat geyimlə gəzmək olardı.
Şəhərin mərkəzi Kolumbiya prospekti ilə gəzintimə
davam edirdim. Birdən qarşı səkidə hərəkət
edən bir piyada gördüm. Uzaqdan baxanda
maraqlı heç nə demək olmazdı. Lakin yolu keçəndə gördüm ki, piyada
yalnız nazik bir gödəkcə və qısa şortlar
geyinmişdi. Mənfi otuz beş, demək
olar ki, mənfi qırx dərəcə havada, dizəcən
qarda şort geyinmiş və hələ soyuqdan
donmamış, qətiyyən titrəməyən insan
görmək çox sürrealistik bir mənzərədir.
Yaxınlaşıb soruşdum ki, “bəs sizə soyuq deyil?”. Piyada cavab verdi ki, “cavan
yaşlarımdan atam ilə xokkey oynamışam, soyuğa
öyrəncəliyəm”. Mən tam
çaşqınlıq içində qalmışdım.
Heyrətimi görən piyada gülümsündü, dedi:
“Amma düz deyirsiniz, bu ara havalar bir az soyuyub”.
Gülməli
haldır, amma əgər mənfi otuz-qırx dərəcə
bir kanadalı üçün “bir az soyuqdursa”, mən gərək
özümə bir az da qalın gödəkcələr
alım.
-Təkcə təhsilinizlə məşğulsunuz,
ya ictimai işlərə də vaxt ayıra bilirsiniz?
-Mən hələ
məktəb illərindən aktiv olmuşam. Bacardıqca
çox tədbirlərə qatılmışam. Fikrimcə, insan bir sosial varlıq kimi daim cəmiyyətlə
aktiv və qarşılıqlı əlaqədə
olmalıdır. Hesab edirəm ki, aktiv və
həvəsli gənclər həyatda çox nailiyyətlər
əldə edə bilər. Mümkün dərəcədə
bütün tədbirlərə, xüsusən azərbaycanlı
tələbələrin təşkil etdiyi tədbirlərə
qatılıram. Fevral ayında bizim tələbələrlə
paytaxt Ottavaya gedib Kanada parlamenti və Ermənistan səfirliyi
önündə Xocalı faciəsinə aid nümayiş
keçirdik. Bu barədə xarici ictimaiyyətin
məlumatlandırılmasını da həmişə vacib
saymışam.
-Azərbaycan gəncliyi ilə Kanada
gəncliyi arasında müqayisələr aparardınız.
-Kanada gəncləri
boş vaxtlarını çox səmərəli
keçirirlər. Burada internet klublar yoxdur, gənclərin
çoxu ya xokkey oynayır, ya da ictimai işlərlə,
könüllülüklə məşğul olurlar. Kanadada gənclər daha müstəqil həyat tərzi
sürürlər. Bu həmişə
müsbət deyil. Belə ki, vaxt
keçdikcə uşaqların öz ailələri ilə
bağları qopur. Azərbaycanda ailə və
övladlar arasındakı əlaqələr daha
güclüdür. Azərbaycanda gənclər
arasında kollektiv münasibətlər daha sıxdır.
Hər iki ölkədə gənclər cəmiyyətdə
böyük rol oynayırlar və hər iki ölkədə
gənclərin etdiyi qərarlar xalqın və zamanın mənəvi
dəyərlərini əks etdirir.
-Bəs Azərbaycan təhsili
ilə Kanada təhsili arasında hansı fərqləri
görürsünüz?
-Azərbaycan
təhsil modeli ümumi cəhətdən insanlarda geniş
dünyagörüşünün formalaşmasına köməklik
göstərir və mən bunu çox bəyənirəm. Kanadada isə Qərb modelindən istifadə edilir
ki, burada daha çox dar ixtisaslaşmaya üstünlük
verirlər. Kanadada ingilis və fransız
dillərində danışırlar və bu, xarici ingilis və
fransızdilli mənbələrə çıxışa
geniş imkan yaradır. Lakin Kanadada
yaşayan insanların çoxu uzağı, iki dildə
danışır. Azərbaycanda beş
dil bilən insan görmək heç də nadir hal deyil və
bu insanların potensial bilik imkanlarının fərqinə
vardıqda nələrin əldə edilə biləcəyini
düşünmək məndə sevinc hissi yaradır. XXI əsr müasirlik və bilik əsridir və mən
əminəm ki, güclü təhsil hər bir xalq
üçün çox vacib rol oynayır.
-Oxuduğunuz sahə üzrə Azərbaycanda
vəziyyət necədir?
-Azərbaycanda
bütün inkişaf etmiş ölkələrdə
olduğu kimi, servis sektoru getdikcə artır. Turizm
ölkə iqtisadiyyatında neft çıxarılmasından
sonra ikinci yeri tutur. Lakin neft sektorundan fərqli olaraq,
turizm təkcə büdcəyə gəlir gətirmir:
güclü turistik bazaya malik ölkələr həm də
öz mədəniyyətlərini, tarixlərini dünyaya
tanıda bilirlər və bu, hər bir sahə
üçün əvəzolunmaz bir haldır. Hər
bir başqa ölkədən fərqli olaraq, Azərbaycanda
ağlasığmaz təbii, mədəni və tarixi potensial
var. Bu özü də bir növ resursdur və turizm sahəsi
üzrə təhsil alanlar bu resursu ən sərfəli şəkildə
emal edə bilərlər.
-Kanadada təhsil almaq istəyən gənclərimizə
hansı məsləhətləri verərdiniz?
- Burada təhsil almaq istəyən
gənclərə öncə məktəb illərində
aktiv olmağı məsləhət bilərdim. Kanadada təhsil almaq asan deyil. Gərək
bütün vaxtınızı fikirləşərək
qurasınız ki, dərslərə və dərsdənxaric
iş layihələrinə vaxtınız çatsın. Cəmiyyətdə olmaq, beynəlxalq olimpiada və
layihədə iştirak etmək vacibdir. Belə
ki, ilkin aktiv həyat insana evdən və ailədən uzaq bir
məkanda fəaliyyət göstərməyə kömək
edir, individualizmin təməlini qoyur. Gənclər
gərək bacardıqca ingilis və başqa xarici dillərə
fikir versin. Öz üzərində
çox çalışmağı sevən hər bir gənc
Kanada təhsil həyatına uyğunlaşa bilər.
-Gələcək planlarınız
barədə də söz açardınız.
-Mən ümumiyyətlə, optimistəm və gələcəyi çox firavan və işıqlı görürəm. Əlimdən gələni edirəm ki, müasir zamanla ayaqlaşa bilim və eyni zamanda tarixi dəyərlərin mənə miras qoyduğunu itirməyim. Ümid edirəm ki, çox bacarıqlı bir mütəxəssisə çevrilib, ölkəmin və ailəmin mənə qoyduğu inamı doğruldacağam. Gələcəkdə öz sahəm üzrə doktorantura oxumağı düşünürəm.
Tural
Tağıyev
Palitra.-2015.-10 aprel.-S.5.