“Valideynlər uşaqların təhsilində müəllimlərin tərəfdaşı kimi çıxış etməlidirlər”

 

Psixoloq Esmira Teymurova: “Daha çox aşağı sinif şagirdlərinin valideynləri bu sahədə fəaldır, yuxarı siniflərə doğru isə şagirdlərə qarşı ailə tərəfindən diqqət azalır”

 

Son illər təhsilimizdə aparılan islahatlar, həyata keçirilən tədbirlər özünün müsbət nəticələrini büruzə verməkdədir. Bu gün təhsilin ən müxtəlif pillələrində bir yeniləşmə, canlanma hiss olunmaqdadır. Xüsusilə orta məktəblərimizdə aparılan dəyişikliklər təhsilimizin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə səbəb olmaqla yanaşı, müəllimlərimizin öz işlərinə daha yaradıcı şəkildə yanaşmasına, yüksək peşəkarlıq nümayiş etdirməsinə imkan yaradıb. Günün aktual məsələlərindən biri də valideyn-məktəb əməkdaşlığıdır. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir.

 

Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə Bakı şəhərinin orta məktəblərində valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək məqsədilə “Ailə, məktəb və cəmiyyət” adlı geniş miqyaslı maarifləndirmə layihəsi keçirilib. Layihə çərçivəsində orta məktəblərdə ekspertlər tərəfindən ailə dəyərlərinin qorunub saxlanılması, ailədə sülhdözümlülük (tolerantlıq) mədəniyyətinin təbliği, ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin və ailə zorakılığının uşaqların təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları; valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması, sağlam həyat tərzi və reproduktiv sağlamlıq kimi aktual mövzular müzakirə edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərlə bağlı mövzu müzakirə edilir. Müsahibimiz Bakı şəhər, Qaradağ rayon Ə.Zeynallı adına 302 saylı tam orta məktəbin psixoloqu Esmira Teymurovadır

O, müsahibəsində məktəb-valideyn münasibətlərinin şagirdlərin təhsilində, psixoloji inkişafında oynadığı rola toxundu:

- “Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaq ”. Ulu öndərmiz Heydər Əliyevin bu fikrini rəhbər tutaraq məhz gələcəyimiz olan şagirdlərlə bağlı bir məsələni araşdırmağa çalışdıq. O məsələ ki, daim diqqət mərkəzində olubolacaq. Gələcəyimizin savadlı kadrlarının yetişdirilməsində mühüm faktor rolunu oynayan bu məsələ isə valideyn - məktəb əməkdaşlığıdır. Heç şübhəsiz ki, valideynlər uşaqların təhsilində müəllimlərin birbaşa tərəfdaşı kimi çıxış etməlidirlər. Və təbii haldır ki, ilkin olaraq öz ailəsi tərəfindən üzərində xüsusi diqqət və nəzarət görən şagird , ən azından bu öhdəliyi hiss edər və onu doğrultmaq üçün təhsilində uğur qazanmağa çalışır. Təəssüflər olsun ki, valideynlər bütün məsuliyyəti məktəb üzərinə atmaqla özlərini “sığortalanmış” hiss edirlər. Nəticədə genetikya fərdi istedad kimi istisna halları çıxmaqla, bu cür diqqət və nəzarətdən kənar qalan şagirdlərin təhsilində geriləmə müşahidə olunur. Necə deyərlər, “bağa baxarsan bağ olar, baxmazsan dağ”.

 

Şagirdin təhsilində əldə etdiyi uğur ailəni, təhsilə verdiyi önəmlə əlaqəlidir. Ailənin məktəbə və şagirdə göstərdiyi diqqət gələcək uğura zəmin yaradır. Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir

 

Mən bir psixoloq olaraq məktəblərdə müəllim, şagird və valideynlər arasında araşdırma aparıb, kiminöz bağına necə baxması” ilə maraqlandım. Nəticələrə keçməzdən öncə dünya ölkələri üzrə mövcud valideyn-məktəb münasibətlərinə nəzər salmaq istəyirəm. Amerika Birləşmiş Ştatlarında məktəb-valideyn və cəmiyyət münasibətləri mühüm amillərdən biri hesab olunur. Bu məqsədlə ölkədə valideyn-məktəb dərnəkləri yaradılıb. Həmin dərnəklər isə milli valideyn -müəllim dərnəkləri konfederasiyasına tabedir. Dərnəklərin fəaliyyətinin əsas məqsədi təhsilin keyfiyyətini yüksəldilməsidir. ABŞ-da şagirdlərə pedaqoji rəhbər təyin edilməsi üçün valideynlərə xüsusi təhsil verilir. Bu isə özlüyündə “yalnız savadlı valideynlər bilikli rəhbəri seçə bilərlər” anlamı daşıyır. Həmçinin şagirdlərin sağlam yetişdirilməsi üçün ailə dərnəkləri də fəaliyyət göstərir. Qonşuqardaş ölkə olan Türkiyədə valideyn-müəllim əlaqələrinə xüsusi əhəmiyyət verilir. Bunun üçün ildə iki dəfə valideyn-müəllim görüşü təşkil edilir, bu görüşlərdə isə şagirdlər iştirak edə bilməz. Görüş öncədən müəyyənləşən vaxtda və məktəbdəki sinif otaqlarının birində baş tutur. Hər valideyn övladının müəllimləri ilə 2, yaxud 3 dəqiqə müddətində təkbətək söhbət edir. Digər valideynlər də həmin söhbət zamanı sinifdə ola bilərlər. Görüş zamanı şagirdlə bağlı fikir mübadiləsi aparılır. Bununla yanaşı, ayda bir dəfə də olmaqla müəllim-şagirdin fərdi, ayda 2 dəfə isə şagird -valideyn -müəllim görüşü təşkil edilir.

-Bizdə bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

- Valideyn-məktəb əlaqələrini araşdıran əksər tədqiqatçıların fikrincə, şagirdin təhsilində əldə etdiyi uğur ailənin təhsilə verdiyi önəmlə əlaqəlidir. Ailənin məktəbə və şagirdə göstərdiyi diqqət gələcək uğura zəmin yaradır. Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir. Valideynlərin övladlarına qarşı məsuliyyətini dərk etdirmək məqsədi ilə onlara müəllimlər tərəfindən xüsusi dərslər keçirilməsi də vacib hal kimi qiymətləndirilir. Bu məsələni araşdırmaq üçün dəfələrlə “ dəyirmi masa” arxasında müəllimlərlə müzakirələr aparılıb. Müzakirə zamanı belə fikir əldə olunub ki, onlar valideyn-məktəb əlaqələrini möhkəmlənməsinin tərəfdarıdırlar. Müəllimlərin fikrincə, hər bir valideyn övladının təhsili ilə mütəmadi olaraq maraqlanmalıdır. Lakin müəllimlər də çox yaxşı oxuyan şagirdlərin valideynlərinin məktəb və müəllimlərlə sıx əlaqə qurduğunu söyləyirlər.

- Bunun səbəbləri nə ilə bağlıdır,

- Müxtəlif səbəbləri qeyd etmək olar. Daha çox aşağı sinif şagirdlərinin valideynlərinin, bu sahədə fəal olduqları, yuxarı siniflərə doğru isə şagirdlərə qarşı ailə tərəfindən diqqətin azaldığı bildirilir. Bəlli oldu ki, bu daha çox müəllimlər tərəfindən həyata keçirilir. Yəni valideyn maraqlandı-maraqlanmadı, davamiyyət, dərsə hazırlıq və bu kimi məsələlərlə bağlı məlumatları daha çox müəllimlər telefon vasitəsi ilə olsa belə, valideynlərə çatdırmağa çalışır, onları öz övladları ilə maraqlanmağa sövq edirlər. Valideynlərinin məktəblə mütəmadi əlaqə qurduğunu və onların təlim-tədrisi və bütün psixoloji davranışları (bura daxildir, aqressivliyi, əxlaqi davranışları, ictimai işlərdə fəallığı , utancaqlığı, müəllimlə rəftar qaydaları, sinif yoldaşları ilə münasibətləri və.s. ) ilə yaxından maraqlandığını söyləyən şagirdlərə də rast gəldik. Hətta şagirdlərin dediyinə görə, dərs prosesinin izləyən valideynlər də var. Bəzilərinin ailəsində isə, ata-ananın vaxtı olmadığı təqdirdə, bu missiyanı evin böyük qardaşı, yaxud dayı, nənə kimi yaxın qohumlar öz üzərinə götürür. Təbii ki, bu cür diqqət və qayğını hər ailədə müşahidə etmək çətin məsələdir. Valideynlərə gəlincə, onlar əsas səbəb kimi vaxt çatışmazlığını göstərirlər. Onların dili ilə desək: “Biz də övladlarımızın yaxşı təhsil almasını və onlarla daha çox vaxt keçirməyi istərdik. Amma hər gün evdən səhər çıxıb, axşam qayıdırıq. Bunun üçünonlara kifayət qədər vaxt ayıra bilmirik”. Zənnimcə, valideynlərin bu fikri ilə razılaşmaq düzgün olmaz. Ən azından nə qədər məşğul olsalar da, övladlarına qarşı məsuliyyəti dərk edərək onlarla maraqlanmağın bir yolunu tapmalıdır. Bu problemi həll etməyin əsasında isə elə müəllimlərin də dediyi kimi, valideynlərin maarifləndirilməsi durur.

Anar Miriyev

Palitra.-2015.-11 aprel.-S.11.