Rəhilə Quliyeva: “Türk-slavyan əlaqələri gələcək tədqiqatlarda öz davamını tapacaq

 

Müsahibimiz Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, BSU-nunTürk-Slavyan əlaqələri” elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru, professor Quliyeva Rəhilə Hüseyn qızıdır.

- Rəhilə xanım, laboratoriyanın yaranma tarixi haqqında nə deyə bilərsiniz?

- “Türk-Slavyan əlaqələri” elmi-tədqiqat laboratoriyası 23 fevral 2001-ci il tarixdə (23.01.2001-ci il 59 saylı protokol əsasında) Bakı Slavyan Universiteti rektorunun təşəbbüsü ilə yaradılıb. Laboratoriyanın işində dil və ədəbiyyat məsələləri ilə yanaşı, həm də avrasiyaçılığın tarix və mədəniyyətini əhatə edən mədəni fenomen əsas yer tutur.

- Laboratoriyada çalışan elmi işçilərin elmi-tədqiqatları hansı istiqamətdə aparılır?

- Tədqiqatlarımız avrasiyaşünaslıqla əlaqədar mövcud məlumatın sistemləşdirilməsi, xüsusən də Azərbaycanla əlaqədar olan konkret türk-slavyan problemlərinin seçilməsi ilə əlaqədardır. Müasir mərhələdə türk-slavyan tədqiqatları ilə bağlı problemlərin həlli yollarının perspektivi müəyyənləşdirilir. Məsələn, avrasiyaşünaslıq kontekstində əsasını İranTurandan götürən, Avropa dualizminin mənbələri və genezisindən söhbət gedir. L.Qumilyovun əsərləri, daha geniş kontekstdə isə Mirça Eliadenin əsərləri də müzakirə edilir. Burada mədəni məkanın vahidliyi nəzərə çarpdırılır. Avrasiyadünya mədəniyyətinin tərkib hissəsi kimi türk mədəniyyəti problemlərinin tədqiqi də əsas istiqamətlərdən biridir.

- Elmi işçilərin beynəlxalq əlaqələrdə rolu, laboratoriyanın elmi fəaliyyət göstərən kafedralarla əlaqəsi haqqında nə deyə bilərsiniz?

- BSU-nun elmi-tədqiqat işinin koordinasiyası üçünkafedralarla elmi-tədqiqat laboratoriyaları arasında qarşılıqlı əlaqələr yaratmaq məqsədilə, nəzəri seminarlara «Lüğət mərkəzi»nin elmi işçisi f.e.n. Arzu Hüseynova və Azərbaycan ədəbiyyatı kafedrasının professorları - Məmmədov Nizami, Rüstəm Kamal, Novruzova Nuridə və b. cəlb edilib.

- Laboratoriyada çalışan əməkdaşların elmi dissertasiya üzərində işləmə prosesləri necə aparılır?

- Laboratoriyanın fəaliyyəti dövründə əməkdaşlarımızdan Aytən Kazımova (2002-ci il), Yalçın Yunusov (2005), Fərəh Cəlil (2007), Minəxanım Gözəlova (2009) və Vəfa Həsənova (2011) müvəffəqiyyətlə namizədlik dissertasiyalarını müdafiə ediblər. Bundan əlavə, Fərəh Cəlilin doktorluq dissertasiyasının müzakirəsi keçirilib.

- Laboratoriyanın fəaliyyətində elmi-metodik seminarların rolu barədə nə deyərdiniz?

- Elmi-metodik seminarlar laboratoriyanın istiqamətləri ilə bağlı yeni tədqiqat və ixtiralarla əməkdaşları tanış etmək üçün təşkil olunub. Bu seminarların 2001-ci ildən bu dövrə qədər laboratoriyanın formalaşmasında və inkişafında böyük rolu var. Sonradan bu seminarlar universitetin bütün strukturlarında ənənəvi hala çevrildi.

- Türk-slavyan əlaqələri kontekstində aparılan işlər barədə nə deyə bilərsiniz?

- Türk-slavyan əlaqələri ən qədim dövrdən ənənəvi hal alsa da, müasir dünyada gedən qloballaşma şəraitində yeni aspektlər və kontekstlər ortaya çıxır. Bu baxımdan, milli özünəməxsusluq, mədəniyyətlərarası tipoloji və qarşılıqlı əlaqələr şəraitində yeni problemlər, onların öyrənilməsi və həlli elmi-tədqiqatlara təkan verir.

- Laboratoriyanın gələcək fəaliyyəti haqqında nə düşünürsünüz?

- Laboratoriya əməkdaşları müxtəlif kafedralarda fəaliyyət göstərir və tədris prosesində elmi nailiyyətlərini reallaşdırır. Eyni zamanda, magistrlərin təcrübəsi də bilavasitə bizim laboratoriyada keçirilməsini nəzərə alaraq, gələcək fəaliyyətimizin tədris prosesi ilə daha sıx bağlanması səmərəli olardı. Çünki laboratoriya əməkdaşları hər il bir çox beynəlxalq konfranslarda iştirak edərək, elmin yeni zirvələrindən məlumatlanır və bəhrələnir. Bunu da tələbələrə çatdırmaq bizim borcumuzdur. Ümid edirəm ki, türk-slavyan əlaqələri problemləri dissertasiya mövzusu kimi, gələcək tədqiqatlarda öz davamını tapacaq.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-14 aprel.-S.13.