Tədrisdə tələbələrin əlavə
bacarıq və qabiliyyətlərinin inkişaf
etdirilməsi önəmlidir
Zəminə Axundova: “Qafqaz Universitetində
teatr dərnəyi, dizayn
kursları, xalq çalğı alətləri
ansamblı, xor kollektivi,
rəqs kollektivi fəaliyyət göstərir
və tələbələrimiz bu dərnəklərə
üzv olub, öz bacarıqlarını inkişaf
etdirə bilirlər”
Bu mənada Qafqaz
Universitetinin mədəni həyatı
özünəməxsusluğu ilə seçilir.
Universitetdə incəsənət ixtisasları olmasa da, özfəaliyyət
dərnəkləri fəaliyyət göstərir.Bu isə təhsil
prosesində mühüm məsələlərdən
biridir. Tələbələrin
hərtərəfli yetişməsinə xüsusi
diqqət yetirən Mədəniyyət və İdman
idarəsinin əməkdaşları incəsənətin məna
və mahiyyətini, onun insanların qəlbinə,
hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi
əhəmiyyətini, ideya-estetik keyfiyyətini
xüsusi dəyərləndirir. Özfəaliyyət dərnəklərində
incəsənətin müxtəlif sahələrində yeni istedadların yetişməsi üçün işgüzar
şərait yaradılıb ki, bu da müasir
dövrümüzdə mənəvi-əxlaqi normaların bütün səviyyələrdə
qorunmasını təbliğ etməyə, gəncləri
kamilliyə çağıran praktik təsir
gücünə malikdir.
Bu fəaliyyət sahələri
haqqında məlumat almaq üçün
Qafqaz Universitetinin Mədəniyyət
və İdman idarəsinin strukturunda olan Mədəniyyət
şöbəsinin müdiri Zəminə
Axundova ilə görüşdük.
“ Mədəniyyət
şöbəsinin tərkibində 30-a yaxın maraq klubu fəaliyyət
göstərir”
Mədəniyyət şöbəsi nəzdində dərnəklər koordinatorluğu və ebru-dizayn kursları əl işləri sənət otağı, rəqs, xor, ansambl və teatr məşq zallarının fəaliyyət göstərdiyini bildirən Zəminə xanım onlar haqqında ətraflı məlumat verdi: “Mədəniyyət şöbəsinin tərkibində 30- a yaxın maraq klubu fəaliyyət göstərir. Qeyd edim ki, bu klublar təbii ki, tələbələrdən təşkil olunub. Əlamətdar tarixi günlər və hadisələr, xalq bayramları, il ərzində respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə bizim özfəaliyyət kollektivlərimiz yaxından iştirak edirlər. Özfəaliyyət dərnəklərində iştirak edən tələbələr tanıtım, əyləncə və bayram proqramları, xatirə və yaradıcılıq gecələri təşkil edir, mədəni-kütləvi tədbirlərin keçirilməsi və təşkili işində yüksək bacarıq və qabiliyyət nümayiş etdirirlər.” Zəminə xanım bu işdə tələbələrin xüsusi canfəşanlıq göstərdiklərini bildirdi: “Qeyd edim ki, bütün bunlar demək olar ki, tələbələrin öz fikir və təşəbbüsləri ilə həyata keçirilir. Çünki, bəzən elə olur ki, klub üzvü olan tələbələrin ora-bura qaçdıqlarını görürəm və nə olduğunu soruşuram. Onda tələbələr deyirlər ki, bu gün filan hadisə haqqında tədbir keçirəcəyik və s. Demək istədiyim odur ki, tələbələr çox istəkli olduqları üçün təklif və yaxud mövzu gözləmirlər, öz üzərlərində işləməyi sevirlər. Bu da təbii ki, sevindirici haldır.”
“İlyas
Əfəndiyevin 100 illik yubileyinə həsr
etdiyimiz teatr
tamaşasının iştirakçıları gənc tələbə
aktyorlarımız oldu”
Zəminə xanım gənc tələbə aktyorlardan da bəhs etdi: “Hər kəs vətənə bir cür xidmət edir. Bizim də əlimizdən gələn silah götürüb sərhəddə dayanmaq deyil, ancaq mənəvi cəhətdən gəncləri bu yöndə hazırlamaqdır. Bəli, yubiley məsələsinə gəlincə isə iştirak edənlər gördülər ki, iki gün boyunca Azərbaycan tamaşaçısı Azərbaycan tarixinə necə hörmətlə yanaşdı. Bunu teatrdakı adam sayına baxanda anlamaq mümkün idi. Ən önəmlisi isə o oldu ki, biz İ.Əfəndiyev dramaturgiyasının yaşamasına töhfə verdik. Tamaşa səhnəyə qoyulduqdan sonra orada iştirak edən tələbələri adi bir tələbə yox, həmin obrazın özü olaraq adlandırırlar. Elə sizə nümunə verim ki, ən son izlədiyiniz “Hökmdar və qızı” pyesində İbrahim xan, Cavad xan və digər rollarda yer alan tələbələri tanışları artıq öz adları ilə deyil, ifa etdikləri obrazlarla adlandırırlar. Hətta ona görə də mən tələbələrlə, daha doğrusu, aktyorlarımla, aktrisalarımla yorulmuram. Əksinə, onlarla işləməkdən zövq alıram. Hətta bizim vaxtımız bol olsa idi, daha çox tamaşalar səhnələşdirə bilərdik”.
Yeri gəlmişkən, qeyd edək ki, Xocalı
faciəsi ilə əlaqədar olaraq teatr dərnəyi tərəfindən Hüseynbala Mirələmovun eyniadlı “Xəcalət”
tamaşası da nümayiş
etdirilib.
“Tələbələrin
göz nuru ilə
hazırlanan hədiyyələr...”
Z.Axundova dərnəklərin hansı istiqamətdə fəaliyyət göstərmələri ilə bağlı məlumat verdi: “Universitetin Mədəniyyət şöbəsinin tərkibində fəaliyyət göstərən bədii özfəaliyyət dərnəkləri, maraq kursları və sənət kurslarının tələbələri dərnəyin üzvü olmadan öncə buradakı fəaliyyətlərlə tanış olur və öz marağına uyğun məşğuliyyəti seçdikdən sonra həmin dərnəyin üzvü ola bilirlər.” Fəaliyyət sahələrinə gəldikdə isə müsahibim bunlardan bir neçəsi ilə bizi tanış etdi: “Ən qədim kağız bəzəmə sənətinin yaddaşlardan silinməməsi, nəsildən- nəslə keçməsi və bu sənətin tələbələrə öyrədilməsi üçün şöbəmizin nəzdində ebru sənəti kursları fəaliyyət göstərir ki, biz bunu tələbələrə öyrətmədən öncə ebru sənəti ilə bağlı slaydlar, hekayəli videolar göstərərək bu sənəti tələbə gənclərə aşılayırıq. Geniş dünyagörüşünə və sənət bacarıqlarına yiyələnən tələbələrin daha gözəl əsərlər yaratmağa təşəbbüs göstərmələri üçün, onları ən gözəl şəkildə öyrətməyə çalışırıq. Sonda isə əsərlərin nümunəvi olanları seçilərək çərçivələnir, hər il universitetin təşkil etdiyi Gənclik Bayramında kursun sərgisində yer alır”.
Zəminə xanım qeyd etdi ki, seçilmiş əsərlər universitetə gələn qonaqlara da təqdim edilir: “Çox qürurverici bir haldır ki, tələbələrimizin burada hazırladıqlar əl işlərini universitetimizə gələn dəyərli qonaqlara hədiyyə edirik. Hətta universitetimizin rektoru, professor Ahmet Saniç hədiyyəni təqdim edərkən çox gözəl qeyd edir ki, bu, tələbələrimizin göz nuru ilə hazırlanıb. Rahatlıqla deyə bilərəm ki, əldə fırça tuta bilməyən hər hansı bir tələbə buradan portret müəllifi kimi çıxa bilir”.
Digər fəaliyyət
sahələri...
Zəminə xanım Mədəniyyət şöbəsinin digər fəaliyyətləri haqqında da məlumat verdi: “Bizdə həmçinin dizayn kursları, xalq çalğı alətləri ansamblı, xor kollektivi, rəqs kollektivi də fəaliyyət göstərir ki, tələbələrimiz bu dərnəklərə də üzv olub öz bacarıqlarını inkişaf etdirə bilirlər”.
“İlin
klubu” nominasiyası
Sonda isə müsahibimiz
klublara verilən diqqəti nəzərə
çatdırdı: “Universitet rəhbərliyi
tərəfindən hər il 10 may tarixində ulu öndər
Heydər Əliyevin anım mərasimi keçirilir.
Eyni zamanda bu gün həm də biz Mədəniyyət şöbəsinin
hesabatını təqdim edirik. Həmin gün şöbəmizdə il
boyu ən çox iş görən kluba “İlin klubu”
nominasiyası təqdim edilir. Bir il boyunca
bu ad həmin kluba məxsus olur. Bu da,
düşünürəm ki, tələbələri
həvəsləndirmək üçün
çox gözəl addımdır”.
İlkin AĞAYEV
Palitra.-2015.-14 aprel.-S.11.