“Cəmiyyət də valideyn-məktəb əlaqələrində
maraqlı olmalı, dəstəyini əsirgəməməlidir”
Psixoloq Esmira Teymurova: “Hər bir valideyn mütəmadi olaraq məktəblə sıx əlaqə qurmalı, şagirdin təlim-tərbiyəsi ilə maraqlanmalı, məktəbin idarə olunmasında iştirak etməlidir”
“Valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibəti, maraqları, müəllimləri haqqında da fikirləri ilə maraqlanmalıdır. Valideyn heç vaxt övladının müəllimi haqqında mənfi fikir söyləməməlidir. Övladınızın danışdığı hadisə, epizodları yadınızda saxlayın. Müəyyən müddətdən sonra o hadisənin necə başa çatdığını soruşun. Övlad bilməlidir ki, valideyn onun məktəb həyatı, yoldaşları ilə maraqlanır, bu yöndə ona kömək etməyə çalışır”. Son illər təhsilimizdə aparılan islahatlar, həyata keçirilən tədbirlər özünün müsbət nəticələrini büruzə verməkdədir. Bu gün təhsilin ən müxtəlif pillələrində bir yeniləşmə, canlanma hiss olunmaqdadır. Xüsusilə orta məktəblərimizdə aparılan dəyişikliklər təhsilimizin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə səbəb olmaqla yanaşı, müəllimlərimizin öz işlərinə daha yaradıcı şəkildə yanaşmasına, yüksək peşəkarlıq nümayiş etdirməsinə imkan yaradıb. Günün aktual məsələlərindən biri də valideyn-məktəb əməkdaşlığıdır. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir. Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə Bakı şəhərinin orta məktəblərində valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək məqsədilə “Ailə, məktəb və cəmiyyət” adlı genişmiqyaslı maarifləndirmə layihəsi keçirilib. Layihə çərçivəsində orta məktəblərdə ekspertlər tərəfindən ailə dəyərlərinin qorunub saxlanılması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği, ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin və ailə zorakılığının uşaqların təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları; valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması, sağlam həyat tərzi və reproduktiv sağlamlıq kimi aktual mövzular müzakirə edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərlə bağlı mövzu müzakirə edilir. Müsahibimiz Bakı şəhər, Qaradağ rayon Ə.Zeynallı adına 302 saylı tam orta məktəbin psixoloqu Esmira Teymurovadır. O, müsahibəsində məktəb-müəllim münasibətlərinin əhəmiyyətini qeyd etdi:
- Hər bir valideyn mütəmadi olaraq məktəblə sıx əlaqə qurmalı, şagirdin təlim-tərbiyəsi ilə maraqlanmalı, məktəbin idarə olunmasında iştirak etməlidir. Valideyn övladının aldığı biliyə və evdə gözünə çarpmayan xarakter və davranışlarına tam əmin olmalıdır. Yaxşı olar ki, vəzifəsindən, maddi imkanlardan asılı olmayaraq valideyn özü şəxsən məktəbə gəlib hər şeyi öz gözləri ilə müşahidə etsin. Bu, mümkün olmadığı halda, heç olmasa, onlayn surətdə müəllimlə sıx əlaqə saxlayaraq övladının məktəb həyatına nəzarət etməlidir. Mövcud problemdən çıxış yollarından da danışarkən bəzi məsələləri qeyd etmək istərdim. Bu sahədə mövcud olan problemin ən birinci həlli yolu valideynlərin maarifləndirilməsidir. Burada isə qəzet, televiziya və.s. bu kimi kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür. Həmçinin valideynlərlə ictimai görüşlər təşkil edilməli, bu sahədə onlarda düzgün fikir formalaşdırılmalıdır. Bununla yanaşı, cəmiyyət özü də valideyn-məktəb əlaqələrində maraqlı olmalı və dəstəyini əsirgəməməlidir. Xüsusən yeniyetməlik çağlarında, adaptasiya dövründə şagirdlərdə baş verən dəyişiklik psixosomatik xarakter daşıyır . Buna görə də adaptasiya dövründə müəllim və valideynlər şagirdə qarşı daha diqqətli, qayğıkeş olmalıdır. Onlar üçün mümkün qədər rahat şərait yaradılmalıdır. Şagirdlər hiss etməlidir ki, böyüklər də onların qayğısına qalır. Bəs, yeni şəraitə uyğunlaşmağa mane olan amillər hansılardır? Zahirən “xırda” hesab olunan amillər kompleks halda şagird üçün böyük problemlər hesab olunur. Lakin digər tərəfdən belə rəngarənglik, fərqli yanaşmalar həm də şagird üçün, onun mətinləşməsi üçün həyatın mürəkkəb hadisələrini hazırlaşdırmaq üçün geniş imkan yaradır. Bunlar isə müəllim - valideyn tərəfindən izah olunduqda, müxtəlif treninq və işgüzar oyunlarla reallaşdırıldıqda yüngül formada qəbul olunur.
- Bu işdə məktəb psixoloqunun rolunu necə qiymətləndirirsiniz?
- Məktəb psixoloqu valideynlərə övladlarının böyük olmaq, böyük görünməklə bağlı tələbatın mahiyyətini izah etməlidir. Bu sahədə valideyn də əlindən gələn köməyi əsirgəməməlidir. Məktəb psixoloqu, eyni zamanda valideynlərə övladları ilə davranış prosesində bəzi məsələlərə əməl etməyi tövsiyə etməlidir. Valideynlər vaxtaşırı övladları ilə söhbət edib, məktəbdə işlərinin necə olması ilə maraqlanmalıdır. Mümkün qədər çalışıb onlarla məktəb həyatı barədə söhbət edilməlidir. Valideyn özü söhbətdə maraqlı olmalı, suallar verməlidir. Təcrübə göstərir ki, valideynləri əsasən övladlarının təlimdə müvəffəqqiyyəti maraqlandırır. Hətta onların necə oxumalarına uyğun olaraq davranışlarını, şəxsiyyətlərini qiymətləndirirlər. Valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibəti, maraqları, müəllimləri haqqında da fikirləri ilə maraqlanmalıdır. Valideyn heç vaxt övladının müəllimi haqqında mənfi fikir söyləməməlidir. Övladınızın danışdığı hadisə, epizodları yadınızda saxlayın. Müəyyən müddətdən sonra o hadisənin necə başa çatdığını soruşun. Övlad bilməlidir ki, valideyn onun məktəb həyatı, yoldaşları ilə maraqlanır, bu yöndə ona kömək etməyə çalışır.
-Valideynin üzərinə ikiqat məsuliyyət düşür.
- Bəli, övladının daha yaxşı gələcəyini istəyən valideynlər onlarla yaxından maraqlanmalıdır. Bəzi problemli ailələrdə yaranan xoşagəlməz hallar şagirdlərə mənfi təsir göstərir. Məktəb psixoloqu bu məsələni araşdırıb ara-sıra həmin valideynlərlə həm ayrılıqda, həm də birlikdə söhbət etməlidir. Onları başa salmaq lazımdır ki, mübahisələrini uşaqların gözü önündə etməsinlər. Bu hal uşaqlarda aqressiya yaradır. Belə gərgin vəziyyətlər uşaqlar yanlış mühitdə formalaşmasına, dərsə davamiyyətinin zəifləməsinə səbəb olur. Eyni zamanda neqativ davranışların yaranmasına gətirib çıxarır. Ona görə də, valideynlər bu problemlərin yaranmasına səbəbkar olmamaq üçün daha məsuliyyətli olmalıdır. Valideynlərlə daşıdıqları da bu məsuliyyət barədə söhbətlər aparmaq lazımdır. Valideynləri boşanmış ailələrdə uşaqların arzularına və bacarıqlarına etinasız yanaşmaqla onların gələcəyini təhlükə altında qoymuş oluruq. Odur ki, müəllimlər və psixoloqlar bu məsələyə xüsusi plan və proqramlarla yanaşmalıdır. Ölkəmiz gündən- günə inkişaf edir. Kənd, şəhər, qəsəbə demədən bu gün hər bir yerdə gözlə görünən inkişaf yaşanır. Ölkəmizdə geniş abadlıq-quruculuq işləri həyata keçirilir. İqtisadiyyat, incəsənət, elm, idman sahəsində böyük uğurlar qazanmışıq. Bu inkişafda, əlbəttə yeni təhsil islahatlarının, innovasiyaların, yeni işlənmiş psixoloji proqramların da öz yeri var. Bu sahədə görüləsi işlər çoxdur. Ən əsası dövlətimiz, cəmiyyətimiz üçün normal, xalqını, dövlətini sevən, milli-mənəvi dəyərlərə sadiq vətəndaş yetişdirmək üçün əzmlə çalışmalıyıq. Unutmaq lazım deyil ki, xoşbəxt uşaqların çoxalması təməli güclü olan xoşbəxt ailələrin sayının çoxalması deməkdir.
Anar Miriyev