“Təhsil
sistemində çox yeniliklər var”
Adil Məmmədov:“Azərbaycanlı tələbə olaraq bu yenilikləri əldə edib, özümlə birgə Azərbaycana gətirib orada tətbiq etməyi düşünürəm”
Son illər Azərbaycan elm və təhsilində bir sıra yenilik baş verir. Bu baxımdan gənclərin də rolu danılmazdır. Xüsusən xaricdə təhsil alan gənclərin vətənə dönüb elm və təhsil, eləcə də digər sahələrdə gördüyü işlər daha perspektivlidir. Hazırda minlərlə gəncimizın xaricdə təhsil alması gələcək üçün daha böyük uğurlardan xəbər verir. Çünki onlar ölkəmizin xaricdəki elmi potensialıdır və bu gənclərdən dövlətin böyük gözləntiləri var. Elə müsahibimiz Adil Məmmədov da xaricdə təhsil alan perspektivli gənclərimizdəndir. Qeyd edək ki, A.Məmmədov 1993-cü ildə Bərdə səhərində anadan olub. N.Nərmanov adına 3 saylı orta məktəbi bitirib. 2011-ci ildən Ukraynanın Vinniça Texniki Dövlət Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alır. 2014-cü ildən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Vinniça vilayətinin rəhbəri vəzifəsində çalışır.
-Gənclərimizin
xaricdə təhsil almasının ölkəmiz üçün hansı perspektivi
var?
-Təbii ki, perspektivləri var. Mənim düşüncəm belədir ki, ən böyük perspektivlərdən biri Azərbaycanın layiqincə tanıdılmasıdır. Bir universitetdə minlərlə müxtəlif xalqlardan, ölkələrdən tələbələr var və onların hər biri biz tələbələr tərəfindən Azərbaycanla bağlı məlumatlar alır. Digər perspektiv də budur ki, hər ölkənin özünə uyğun təhsil sistemi var. Azərbaycan təhsil sistemində daima yeniliklər müşahidə olunur. Bu yeniliklərin baş verməsində xaricdəki tələbələrin də az rolu yoxdur.
-Təmsil etdiyiniz təşkilat Ukraynada gəncləri bir araya toplaya bilibmi?
-Əlbəttə. Əgər biz bu gün birgə hazırladığımız layihələrlə Ukrayna xalqını təəccübləndirə biliriksə, deməli gəncləri bir araya toplamağa nail olmuşuq. Buna görə kollektivə təşəkkür edirəm.
-Birinci
nəsil diasporumuzun etmədiyi və ya edə bilmədiyi hansı işlər var ki, bu
gün onlar sizin prioritetinizdir?
- İctimai fəaliyyətində yaşlı nəslin təcrübələrindən istifadə etməsən, irəli gedə bilməzsən. Təbii ki, onların təcrübələrindən hər zaman yararlanırıq.
Birinci nəslin etdiyi çox işlər var. Amma mən deməzdim ki, onların etdiyi, bizim edə bilmədiyimiz hansısa bir iş var. Bilirsiz, niyə? Ona görə ki, ildən- ilə fikirlər püxtələşir, aktual mövzular dəyişilir. Məsələn, o illərin aktual mövzuları olub və birinci nəsil o mövzulardan istifadə edib. Hal-hazırda isə tamamilə başqadır. İndi xaricdə təhsil alan gənclərimizin sayı çoxalıb. Bu gənclər dünya elmlərinə yiyələnirlər. Eyni zamanda ictimai fəaliyyətlə də məşğul olurlar. Biz də istər təhsilimizdə, istərsə də ictimai fəaliyyətimizdə aktivlik göstəririk. Yeniliklərimiz çoxdur, uğurlarımız da həmçinin.
-Elm və təhsilin inkişafı üçün əsas nəyə ehtiyac var?
-Ölkənin təbii resursları çox ola bilər, amma bu resursları idarə edəcək bacarıqlı və savadlı kadrlar olmayandan sonra həmin resurslar yalnız ziyana işləyə bilər. Elm və təhsilin inkişafını 2-3 şəxsin savadlı olmağı ilə ölçmək də mümkün deyil. Burada ölkə əhalisinin çoxluğundan söhbət gedir. Fərdi şəxslər ayrılıqda savadlanmalı, cəmiyyətin inkişafına, biliklənməsinə səbəb olur. Elmli və təhsilli cəmiyyət istənilən problemlərdən daha uyğun olan çıxış yollarını tapacaq, özlərinin və ətrafdakıların eyni məqsəd uğrunda mübarizə aparmalarına səbəb olacaqlar. Bir cəmiyyətdə ki, biznes mühiti inkişaf edib, həmin cəmiyyətdə işsizlik də az olur, insanların rifah halları da yüksək olur. Eləcə də digər sahələrdə elmli və təhsilli vətəndaşların reallaşdırdıqları layihələr, işlər dolayısı ilə cəmiyyətimizin, dövlətimizin inkişafına xidmət etmiş olacaq.
-Ukraynada
Azərbaycanın təbliğ olunması istiqamətində
hansı layihələr həyata keçirirsiniz?
-Ukraynada Azərbaycanı təbliğ etmək üçün Azərbaycanın milli adət-ənənəsini, bayramlarımız və həmçinin xalqımıza qarşı törədilən soyqırımları da hər il öz növbəsində qeyd edirik. Məsələn, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 20 Yanvar, 2 fevral - Gənclər Günü, və s. əlamətdar günlərlə bağlı tədbirlər keçiririk. Hətta Xocalı soyqırımı, Sumqayıt qırğını, Novruz bayramı və digər mövzularda videoroliklər də hazırlamışıq. Bütün keçirdiyimiz bu tədbirlər Ukrayna ictimaiyyətinin, eləcə də Ukrayna millət vəkillərinin iştirakı ilə keçirilir və layiqincə təbliğ olunur.
-Ukraynada yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisləri, xüsusən, onların vətənə bağlılığı necədir və bu bağlılığın möhkəmləndirilməsi, gənc soydaşlarımız arasında milli özünüdərk hissinin aşılanması istiqamətində hansı işlər görürsünüz?
-Sizə və hər kəsə də məlum olduğu kimi Vətəndən kənarda yaşayan azərbaycanlılarda vətən sevgisi, vətəndə yaşayanlara nisbətən bir az çoxdur. Bunun səbəbi onların vətəndən bir neçə il ayrı qaldıqları, vətən həsrəti yaşamalarıdır. Bu, həqiqətən də, belədir. O ki qaldı onlarda vətənpərvərlik, özünüdərk hissinin aşılanmasına, bizim hər toplantımız ilk olaraq Azərbaycan Respublikasının himni ilə başlayır və bundan sonra Azərbaycanın tarixi ilə bağlı məlumatlar verilir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər hər tədbirdə xatırladılır və bundan sonra gündəmin mövzusunu müzakirəyə başlayırıq. Vinniça vilayətində hər bir gənc ona verilən tapşırığı layiqincə yerinə yetirir. Bizim tədbirlərdə hər bir fəal iştirak edir. Atalar demiş: “Güc birlikdədir”. Elə bizim təşkilatın da gücü birlikdə olmağımızdadır.
-Siz Ukraynanın hansısa gənclər təşkilatları ilə əməkdaşlıq edirsizmi? Onlarla birgə layihələriniz olubmu?
-Təbii ki, əgər biz Ukraynada təhsil alırıqsa və burda Azərbaycanı tanıdırıqsa, mütləq yerli təşkilatlarla hər zaman əlaqədə olmaq lazımdır. Təbii ki, hər layihəmizdə yerli xalqdan qonaqlarımız olur. Bizim birinci məqsədimiz öz tariximizlə Ukrayna xalqının marağını qazanmaq, onları təəccübləndirmək, onlarda azərbaycanlılara qarşı sevgi hissini daha da artırmaqdır. Yerli xalqın hər zaman verdikləri suallardan məlum olur ki, biz buna qismən də olsa nail olmuşuq və bundan sonra da fəaliyyətimizlə nail olmağa çalışacağıq.
-Xaricdə təhsilin hansı özəlliyi var?
-Mən deməzdim ki, xaricdə təhsil Azərbaycandakı
təhsildən daha üstündür. Xeyr, elə
deyil. Azərbaycanda təhsil hal-hazırda
ən yüksək səviyyədədir. Bu da Prezident İlham
Əliyevin Azərbaycan
xalqına və təhsilinə göstərdiyi
diqqət və qayğının nəticəsidir.
Özəlliyi sadəcə yeni,
başqa xalqdan olan insanlarla tanışlıq, dünyagörüşüdür.
-Təhsil müddətində
hansı yeniliklər öyrənirsiz?
-Təbii ki, təhsil sistemində bir çox yeniliklər var. Biz də təhsil aldığımız
müddətdə elmi
praktik biliklər əldə edirik. Elmli olmaqla bərabər bacarıqlı olmaq da əsas şərtlərdəndir.
Bacarıq elmimizi effektiv
idarə etməyimizə
səbəb olacaq.
Mən də azərbaycanlı tələbə olaraq bu yenilikləri əldə edib özümlə birgə Azərbaycana gətirib orada tətbiq etməyi düşünürəm.
-Perspektivdə hansı tədbirləri keçirməyi nəzərdə
tutubsunuz?
-Nəzərdə tutduğumuz
tədbirlər çoxdur.
Bununla bağlı toplantılarımızda
müzakirələr aparırıq.
Bəyənilən layihə seçilir
və bu layihənin həyata keçirilməsi üçün
hər bir gənc əlindən gələni əsirgəmir.
Hal-hazırda müzakirədə
olan layihələrimizdən
biri 10 May - Gül bayramıdır.
Fuad Hüseynzadə
Palitra.-2015.-21 aprel.-S.11.