“Bir evin qadını nə qədər
oxumuş olsa, o evin gələcəyi bir o qədər
işıqlı olar”
Erciyes Unversitetində magistratura təhsili
alan Ləman Süleymanlı:
“Qız uşaqları doğulanda
valideynlərin cehiz yığmaq
əvəzinə onların təhsilinə yatırım ayırmaları
daha yaxşı olardı”
Yaşadığı tarixi dövrdən, onun sosial -
iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən,
dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin
inkişafının bütün mərhələlərində
aparıcı qüvvə olub. Bu gün qadınlar cəmiyyətin
bütün sferalarında təmsil olunur. Hazırda cəmiyyətdə
qadınların rolu və bu istiqamətdə həlli vacib məsələlərlə
bağlı müsahibimiz Türkiyənin Kayseri şəhərindəki
Erciyes Unversitetinin Hüquq fakültəsində magistratura təhsili
alan Ləman Süleymanlıdır:
- Cəmiyyətdə qadının
rolunu necə qiymətləndirirsiniz?
- Uzaq
keçmişdə qadınlarımız kişilərimizlə
eyni haqlara sahib olublar. Hətta “Dədə
Qorqud” kitabını oxuduqda bunun şahidi oluruq. Sonradan bir çox şeylər, o cümlədən
qadının cəmiyyətdə rolu dəyişib.
Qadınlar iş və oxumaq həyatından çəkilərək
ev həyatına üstünlük veriblər.
İctimai qınaq əsas məsələ olub.
Düzdür, zaman - zaman bəzi qadın
şairlərimiz, rəssamlarımız, hətta
hökmdarlarımız da olub. Amma bu
qadınlar istisnadır. Azərbaycan
qadınının cəmiyyətdə köklü dəyişikliyi
20-ci əsrin başlanğıcından etibarən
başlayıb. İlk dəfə Azərbaycan
qadını səs vermək haqqını Azərbaycan
Demokratik Cümhuriyyəti zamanı əldə edib.
Qızlarımız üçün məktəblər
açılıb və bununla da Azərbaycan qadını bir
dönüşə imza atmağa nail olub. Sovet
hakimiyyətinin qurulması, insanların bərabərhüquqlu
yaşaması qadınlarımızın həyatında da
mühüm dəyişikliklərə səbəb olub.
Bir zamanlar evinin həyətinə çıxa
bilməyən qadın daha sonra hər yerdə görünməyə
başlayıb. Sonradan sovetlərin
dağılması və Dağlıq Qarabağ müharibəsinin
başlanması bir çox şeyi dəyişdi.
Doğrudur, müharibədə savaşan
qadınlarımız az olmayıb.
Hazırda cəmiyyətimizin 50,2 faizini
qadınlar təşkil edir. Müxtəlif sahələrdə,
o cümlədən həkim və müəllim peşəsində
çalışan qadınlarımızın sayı
çoxluq təşkil edir.
- Türkiyədə qadınların
hüquqlarının qorunması istiqamətində hansı
addımlar atılır?
-
Türkiyədə bu istiqamətdə qanunlar çox
yaxşıdır, amma iş yalnız qanunlarla deyil, insanlarla əlaqədardır.
Türkiyədə qadınlar üçün
çox sayda sığınma evləri var. Amma bunlar da
azlıq edir. Onlarla bağlı sosial layihələr
hazırlanır və həyata keçirilir. Lakin bu da azlıq təşkil edir. İnsanlar maariflənməsə heç nəyin
önəmi yoxdur.
- Bu
gün orada çalışan qadın hüquqşünaslar
çoxluq təşkil edir. Eyni zamanda polis vəzifəsində
də qadınlara çox rast gəlinir. Sizcə
bu, qadınların hər bir işdə mükəmməl
çalışmasının göstəricisidirmi?
- Bəli.
Türkiyədə çox sayda
hüquqşünas, hakim, prokuror vəzifəsində
çalışan qadınlar var. Polis sistemində qadınlar
da var. Bu çox gözəl bir şeydir. Qadınlar burada demək olar ki, hər sahədə
çalışırlar. Onlar
varlıqlarını sübut etməyə
çalışırlar. Mükəmməllik
isə insana görə dəyişir. Amma
onu deyə bilərəm ki, qanun hər şeydən önəmlidir.
Hər bir mütəxəssis öz işini
görərsə mükəmməllik olur.
- Hazırda dünyada mövcud
problemlərdən biri də qadınların təhsili ilə
bağlıdır. Bu gün Türkiyədə
bu sahədə problemlər hansı səviyyədədir?
- Son illər
Türkiyədə qadınlar oxumağa daha çox
maraqlıdırlar. Bu istiqamətdə dövlətin
bir çox sosial layihələri var. Məktəblər
tikilir, eləcə də televiziyada tanınmış insanlar
təhsillə bağlı çağırış edirlər.
Məktəb tikilməsində
tanınmış şəxslər öz
yardımlarını əsirgəmirlər. Bu, əslində çox gözəl bir şeydir.
KİV-də təhsillə, xüsusilə də
qadınların oxuması və maariflənməsi istiqamətində
çox gözəl işlər görülür. Amma burda da hər yerdə olduğu kimi cahil insanlar
var ki, onlarla mübarizə aparmağa
çalışırlar.
- Erkən
nikahların müşahidə edildiyi ölkələrdən
biri də Türkiyədir. Bu problem ölkəmizdə
də özünü göstərir. Siz
bunun aradan qaldırılması istiqamətində hansı
addımların atılmasını vacib hesab edirsiniz?
- Erkən
nikah təkcə Türkiyənin problemi deyil. Bu
həm də Azərbaycanın problemidir ki, bununla bağlı
mübarizə aparırlar. Türkiyədə evlənmə
yaşı 17- dir. Amma istisna hallarda hakimin qərarı ilə
16 yaş da ola bilər. Azərbaycanda
isə 18 yaşdır. Bizdə də istisna hallarda 17
yaş ola bilər. Mənim
fikrimcə, ailələrin maariflənməsi çox önəmlidir.
Erkən nikahın olmasının əsas
faktoru, qız uşaqlarına bir fərd kimi
baxılmamasıdır. Valideynlərin
qızlarından tez xilas olmaq kimi fikirlərə sahib
olmalarıdır. Qız uşaqları
doğulanda valideynlərin onlar üçün cehiz
yığmaq əvəzinə onların təhsilinə
yatırım ayırmaları daha yaxşı olardı.
Amma çox heyiflər olsun ki, bu belə deyil.
- Azərbaycan
Cinayət Məcəlləsinin 176 maddəsi erkən nikahla
bağlıdır. Bu məcəllədə
deyilir ki, erkən nikaha məcburən daxil etmək cinayətdir.
Bunun cəzası azadlıqdan məhrum etmək
və pul cəzasıdır. Bir sözlə,
qanunla da bu tənzimlənib.
- Əslində məktəblərimizin üstünə
də böyük vəzifə düşür. Amma çox təəssüf
ki, məktəblərdə hər 1000 nəfər şagirdə
1 psixoloq düşür və bu psixoloqlar hansı şagirdə
zaman ayırsın? Məncə məktəblərdə
psixoloji dərslər olmalıdır. Bu,
uşaqların həm oxumasına və həm də psixoloji
vəziyyətlərini asanlıqla aşmasına kömək
edər.
“Efirimizdə sosial layihələrlə bağlı
verilişlər azdır. Yaxud bir çox
verilişlərə mütəxəssislər əvəzinə
şou-biznes aləminin insanları dəvət olunur. Mən
hələ də bu tip verilişlərə niyə
psixoloqların, sosioloqların və
hüquqşünasların dəvət olunmamasına
təəccüblənirəm”
Bəlkə də primitiv olacaq, amma ölkəmizin
çox sayda psixoloq və sosioloqa ehtiyacı var. Daha sonra ən
böyük güc mənbəyi KİV-dir, xüsusilə də
televiziyadır. Çox heyif ki, bizim televiziyalarda sosial
çarxlar azdır və olanlar da çox gec saatlarda
yayımlanır. Çox təəssüflə
deyə bilərəm ki, efirimizdə sosial layihələrlə
bağlı verilişlər azdır. Yaxud
bir sıra verilişlərdə isə mütəxəssislər
əvəzinə şou-biznes aləminin insanları dəvət
olunur. Hətta bu insanların bəziləri
xanımlarını necə döydüklərindən
danışırlar. Mən hələ də bu tip
verilişlərə niyə psixoloqların, sosioloqların və
hüquqşünasların dəvət olunmamasına təəccüblənirəm.
Unutmayaq ki, bu cür problemlərin həlli hər
kəsin öz yerini tutmasıdır.
- Bir hüquqşünas kimi gələcəkdə
qadınların hüquqlarının qorunması istiqamətində
hansı addımlar atmaq istərdiniz?
- Mən
diplom işimi qadın və uşaqların iş həyatı
ilə bağlı yazmağa hazırlaşıram. Azərbaycan və Türkiyə
hüquqlarını qarşılaşdırmağı
düşünürəm. İnanıram ki, bu az da olsa bir işə yarar. İkincisi,
yüksək masterimi qadın və uşaq sosiologiyasından
almaq istəyirəm. Mən sizinlə bir
statistikanı da paylaşmaq istəyirəm. Belə ki,
ölkəmizdə 2014-cü il mart ayına
olan məlumata görə, hazırda doğulan 100 qıza 116
oğlan düşür, ancaq norma isə 105-107 arasında
olmalıdır. Bu isə gələcəkdə
ciddi şəkildə demoqrafiya problemini ortaya qoya bilər.
2014-cü ilin ilk ayı ərzində 27,7
min və ya hər gün orta hesabla 469 körpə doğulub
və yeni doğulanların 53,6 faizini oğlanlar, 46,4 fazini
qızlar təşkil edir. Mənim qeyd etdiyim bu
məlumatlar Dövlət Statistika Komitəsinin məlumatlarıdır.
Məni gələcək işlərimin bu
istiqamətdə olacağını planlaşdırıram.
Bilirsinizmi, bir qadın və ya fərd dəyişmək,
oxumaq istəyirsə ona nail olacaq. Unutmayaq
ki, hər bir xalq və ya insan yaşadığını haqq
edir. Bizim ölkədə qadın
haqları mövzusunda bir çox qanunlar var və bu
qanunları cəmiyyətə mənimsətmək
lazımdır. O ki qaldı nə etmək istəməyimə,
onu zamanla özüm də görəcəyəm. Çünki çox şey etmək istəyirəm.
İndidən dəqiq nə isə demək
çətindir.
- Son illər
ölkəmizdə vəzifələrə təyin olunan, eləcə
də millət vəkili seçilən qadınların
sayı artmaqdadır. Bunu necə dəyərləndirirsiniz?
-
Çox gözəl baxıram. Keçmişdə
qadınlar kişilərlə bərabər at çapıb,
ox atıb və düşmənə qarşı
savaşıb. Biz də o qadınların
nəvələri deyilmiyik? Qadın hər
sahədə olmalıdır. Əslinə baxsaq mən
qadın və kişi ayrımı etməyi
sevmirəm. Unutmayaq ki, qadın nə qədər
təhsilli və qadın zərifliyini özündə
daşıyarsa, cəmiyyətimiz o qədər səviyyəli
olar. Bəzi sahələrdə
çalışan qadınlarımızın sayı
kişilərdən azdır. Biz
qadınlar daha çox çalışqan olmalıyıq.
Ümüdvaram ki, bu fərqin yeri zamanla dəyişəcək.
- Bu istiqamətdə qadınların
fəaliyyətlərini daha da artırmaları
üçün hansı təkliflər irəli sürərdiniz?
- Təkliflər
dedikdə, ən böyük təklif o ölkənin
qanunlarıdır. Bir ölkənin qanunları
mükəmməl və boşluqsuz olarsa heç nəyə
gərək qalmaz. Qanunla yanaşı, ən
böyük iş maariflənmədədir. Hər
şeyin yolu, unutmayaq ki, təhsildən keçir. Bir evin qadını nə qədər oxumuş olsa,
o evin gələcəyi bir o qədər işıqlı
olar. Təhsil və maariflənmə ən
önəmli çıxışdır.
-
Hazırda ölkəmizdə qadınlar ən çox müəllim
və həkim peşələrinə üstünlük
verirlər. Başqa peşələrə
marağı artırmaq üçün hansı
addımların atılmasını vacib hesab edirsiniz?
- Məncə,
bu yetərli deyil. Qadın sözünü hər
sahədə deməlidir. Çox təəssüf
ki, bu düşüncə bizlərin beyninə yerləşib.
Xalq arasında hətta bu yöndə bir söz
var: Oğlun olursa -polis, qızın olursa ya həkim, ya da
müəllim olsun”. Məncə, biz bir fərd
olaraq hansı sahəni seçəcəyimizə sərbəst
olaraq qərar verməliyik. Son zamanlar orduya
qadınların alınması qərarı məni sevindirdi.
Bu, qadınlar arasında işsizliyi azaldır və
özlərinə inamı artırır. Birdə kim deyib ki, orduda yalnız kişilər
olması lazımdır. Gender problemi olan ölkələrdə
qadın hüquqları ilə bağlı kifayət qədər
problemlər var. Məsələn, Əfqanıstan 2006-cı
ildə qadına seçmək haqqını tanıyıb.
Bir çox İslam ölkələrində
qadının heç bir haqq və hüquqları yoxdur.
Çox şükür ki, biz demokratik bir
ölkədə yaşayırıq. Azərbaycan
1995- ci ildə qəbul etdiyi ilk Konstitusiyasının 25-ci maddəsində
deyilir ki, “kişi və qadının eyni hüquqları və
azadlıqları vardır”.
-
Türkiyə və Azərbaycan iş qadınlarından ibarət
bir təşkilat yaratmaq niyyətiniz varmı?
- Bu
sualınıza belə cavab verim. Hər iki
ölkədə qadınlarla bağlı çoxlu təşkilat
tanıyıram. Hətta bəzilərinin
üzvüyəm. Amma bunların çoxu
heç bir işə yaramır. Sadəcə
ad olaraq var. Mən isə belə bir şey istəmirəm.
Əgər bir təşkilat olacaqsa o həqiqətən
çalışacaq və doğrudan qadın haqlarını
qoruyacaq. Onlara psixoloji və sosioloji
yardım ediləcək. Əgər bir təşkilat
şəxsi mənafeyimiz üçün
çalışacaqsa və insanlara xeyiri olmayacaqsa,
olmaması daha yaxşıdır.
Nigar Abdullayeva
Palitra.-2015.-22 aprel.-S.6.