“Gənc yaşımda məsul vəzifələrə
seçilməyimin təsadüfi olmadığını
göstərəcəyəm”
Günay Məhərrəmli:
“Hər kəs gənclər ordusunun Avropa Oyunlarında necə
aktiv olacağının şahidi olacaq”
Son illərdə
ölkəmizdə gənclərimizin ictimai fəaliyyətlə
məşğul olması üçün geniş meydan
açılıb. Artıq aktiv, öz bacarıq və
biliyini sübut etmək üçün imkanlar axtaran gənclər
oxuduqları orta və ali məktəblərdə də bu
imkanlardan yararlanmağa başlayıblar. Belə uğur
formulunun sirrini bilən gənclərdən biri də Günay
Məhərrəmlidir. Bu bacarıqlı gənclə olan
müsahibəni oxuculara təqdim edirik:
- Günay
xanım, bu yaxınlarda Bakı Biznes Universitetinin Yap Gənclər
Birliyinin və Tələbə Həmkarlar Təşkilatının
sədri seçilmisiniz. Bu barədə və ümumilikdə
fəaliyyətiniz haqqında məlumat verərdiniz.
- Bəli, bu yaxınlarda Bakı
Biznes Universitetinin Yap Gənclər Birliyinin və THT–nin sədri
seçilmişəm və üzərimə əlavə məsuliyyət
düşdü. Etibar edib, məni gənc yaşımda belə
məsul vəzifəyə təyin edən hər kəsə
öz təşəkkürümü bildirirəm.
Çalışacağam, mənə göstərilən
bu etimadı doğruldam və gənc yaşımda belə məsul
vəzifələrə təyin olunmağımın təsadüfi
olmadığını da göstərəm. Qeyd edim ki, hazırda Bakı
Biznes Universitetində oxuyuram. İxtisasım
marketinqdir. Amma bundan öncə Bakı Sənaye
Pedaqoji Kollecini fərqlənmə diplomu ilə bitirmişəm.
Kollecdə oxuyanda onu anladım ki,
yaşayacaqlarımdan qaçmaq olmaz, həyatında nə
baş verirsə, deməli, hazırda ən yaxşısı
budur. Elə ilk ictimai fəaliyyətimə
orada başladım. Bu da təsadüfi
oldu. O zaman “Ekologiya” mövzusunda esse müsabiqəsi var
idi. Müsabiqədə iştirak etdim və
qalib oldum. Qeyd edim ki, bu müsabiqə
universitetlər və kolleclərarası keçirilirdi.
Bundan sonra Bakı Sənaye Pedaqoji Kollecinin Tələbə
Gənclər Təşkilatının sədr müavini
oldum. İlk ictimai fəaliyyət,
qazanılan yeni dostlar, yeni uğurlar məhz o gündən
başladı. Eyni zamanda mənim
özümdə, düşüncələrimdə bir fərqlilik
yarandı. Maraqlı bir məqamı da
qeyd edim ki, həmin zamanlarda jurnalistika sahəsində
çalışırdım. Sonra bir
neçə layihənin rəhbəri, koordinatoru olmuşam.
“Gənclərin Töhfəsi” İctimai
Birliyinin icraçı direktoru və Mətbuat və ictimaiyyət
üzrə departament sədri seçildim. Bakı Biznes Universitetinə də qəbul olanda
orada elə ilk gündən özümü tanıtdım,
burada da dərslərimlə yanaşı ictimai fəaliyyətimin
olmasını istədim və bildirdim. Hər
şey gözlədiyimdən də yaxşı oldu.
Yuxarıda qeyd etdiyim kimi ixtisasım marketinqdir. Bu sahəyə
ümumiyyətlə, həmişə böyük
marağım olub. Sevdiyim ixtisasdır.
Hazırda dərslərim də yolunda gedir və
bilirəm ki, dərslərlə yanaşı eyni zamanda təcrübə
də önəmlidir. Tanıdığım və
işi ilə yaxından tanış
olduğum marketoloqlarla yaxın zamanlarda yeni layihələrimiz
də gözlənilir. Məqsəd
ixtisasımda ən yaxşılarından olmaq, daha çox
çalışmaq və daha çox öyrənməkdir.
-Gənclərimizin, eləcə də
özünüzün ictimai aktivliyiniz sizi qane edirmi?
-Bəli.
Gənclərin ictimai aktivliyi cəmiyyətin
inkişafında müsbət amildir. Son illər gənclərin
bu baxımdan fəallığında Prezident yanında Gənclər
Fondunun xüsusi rolu var. Fond gənclərin, eləcə də
gənclər təşkilatlarının nəinki ölkə
daxilində, həmçinin xaricdə də keçirdiyi
layihələrə dəstək verir. Keçən il mən özüm də Prezident yanında Gənclər
Fondunun V qrantının qaliblərindən biri oldum. Layihəm “Azərbaycanda yaşayan xarici tələbələrə,
Azərbaycan tarixini tanıdaq” idi. Layihənin
adından da göründüyü kimi, bu layihədə
xarici tələbələr iştirak etdi. Hardasa 8 ölkədən iştirakçı var
idi. Bura Türkiyə, Gürcüstan, İtaliya, Ukrayna,
Ərəbistan və s. ölkələrdən olan gənclər
daxil idi. Məqsəd Azərbaycanın tarixi, təbiəti
ilə burada yaşayan, oxuyan tələbələri
tanıtmaq, onlarda daha çox bilgi yaratmaq idi. Bu gün də bu aktivliyi qorumağa
çalışıram.
-Dövlətin gənclər siyasəti
öncül gənc olaraq sizi razı salırmı? Bu sahə ilə bağlı hansısa təklifiniz
varmı?
-
Ümumiyyətlə, gənclərimiz Azərbaycan mədəniyyətini
bütün dünyada tanıtmaq üçün çoxlu
konfranslarda, festivallarda, forumlarda fəal iştirak edirlər. Bu da Azərbaycan gənclərinin Vətənə,
millətə sevgisi, öz soykökünə, xalqının
milli adət-ənənələrinə bağlı
olması ruhunda yetişdirilməsinin bariz nümunəsidir.
Düşünürəm ki, özündə
azərbaycançılıq hissini duyan, bununla fəxr edən
hər kəs aktiv olmalı, əlindən gələni etməlidir.
Mən deyərdim ki, məhz gənclərimizin
də əməyi sayəsində “Eurovision” mahnı
müsabiqəsi Azərbaycanda yüksək səviyyədə
keçirildi. Bura təşrif buyuran qonaqları Azərbaycanımızla
tanış etmək, onlara tarixi abidələrimiz,
mədəniyyətimiz və sair sahədə məlumatlandırmaqda
yaxından iştirak etmişdilər. Bu yolda
könüllülərin də rolu böyükdür. Bu danılmaz faktdır ki, gənclərimizin şəxsiyyət,
əsl Azərbaycan vətəndaşı kimi
formalaşmasında ümummilli lider Heydər Əliyevin
danılmaz əməyi, misilsiz xidmətləri var. O bu proseslərin
təməlini qoydu. Bu gün Azərbaycan
gəncləri təkcə dövlətlərarası
dostluqların yaranmasında öz töhfələrini vermirlər,
həmçinin əcnəbilərlə şəxsi dostluq
münasibəti qurur, dövlətimizi layiqincə təmsil
edirlər. Məhz gənclərimizin də
güclü təbliğatının nəticəsi oldu ki,
yaxın vaxtlarda birinci Avropa Oyunları Bakıda uğurla
keçiriləcək. Buna əmin ola
bilərsiniz. Hər kəs gənclər
ordusunun Avropa Oyunlarında necə aktiv olacağının
şahidi olacaq. Bu bir daha müasir Azərbaycan
gəncinin uğurundan xəbər verir. Son
zamanlar Prezidentimizin gənclərlə bağlı
apardığı uğurlu siyasətin nəticəsi olaraq gəncliyimiz
günü-gündən daha çox inkişaf edir. Bu yolda Heydər Əliyev Fondunun, İdman və Gənclər
Nazirliyinin də rolu əvəzsizdir.
Prezident İlham Əliyevin mətin iradəsi və
böyük səyləri nəticəsində Azərbaycan
dünyanın qabaqcıl idman ölkələrindən birinə
çevrilib.
Bölgələrdə Olimpiya komplekslərinin
açılması, ölkəmizin nüfuzlu beynəlxalq
idman yarışlarına ev sahibliyi etməsi,
idmançılarımızın Olimpiya və dünya
çempionatlarında uğurlu çıxışları
buna əyani sübutdur.
-Gələcəyin peşəkar
marketoloqu kimi Azərbaycandakı inkişafı, iqtisadi tərəqqini
və sosial rifahın yüksəlməsini necə dəyərləndirərdiniz?
- Qeyd etmək
yerinə düşər ki, müstəqil dövlətimizin
sürətli və ardıcıl inkişafına təkan verən
bütün bu tədbirlər böyük uzaqgörənliklə
hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin
praktik nəticələridir. Müasir Azərbaycan
dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi strategiyanın Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsi Azərbaycanın qarşısında
böyük imkanlar açır. Bu gün müstəqil
Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi
və siyasi mövqeyini daha da möhkəmləndirməsi,
beynəlxalq qurumların hesabatlarında islahatçı
ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının
Azərbaycanın mövqeyini dəstəkləyən qərar
və qətnamələr qəbul etməsi bir həqiqəti
ortaya qoyur ki, ölkəmizin seçdiyi yol
düzgündür və bu yol bizi daha uğurlu gələcəyə
aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strateji kurs özündə millətin,
dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Ötən səkkiz ilin nəticələri və
yekunları bir daha sübut edir ki, möhtərəm
Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan
ümummilli inkişaf strategiyası hər bir sahənin paralel
inkişafını ən yüksək səviyyədə təmin
edib və bu tendensiya ardıcıl surətdə davam etməkdədir.
Göz önündədir ki, ölkəmizdə
sosial rifah da günü-gündən artır. Bunu aktiv gənc kimi mən də sezə bilirəm.
Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial
siyasətin aktual tələbatlara və müasir
reallıqlara müvafiq surətdə uğurla həyata
keçirilməsi vətəndaşların maddi rifah
halının daha da yaxşılaşdırılması,
sosial müdafiə və təminat sisteminin gücləndirilməsi,
sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi,
məşğulluq səviyyəsinin ardıcıl olaraq
yüksəldilməsi, əhalinin sosial şəraitinin
yaxşılaşdırılması, sosial tələbatlar və
ehtiyacların yüksək səviyyədə ödənilməsi
kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin əsas
komponenti olan iqtisadi inkişafın təmin edilməsi
bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini
şərtləndirən amil olub. Belə
ki, valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim
artırılması, sahibkarlığın və özəl
sektorun inkişafına əlverişli şəraitin yaradılması,
sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin
göstərilməsi kimi amillər iqtisadi inkişafa
xüsusi təkan verib. Məhz bunun
qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi
inkişaf digər sahələrin də paralel surətdə tərəqqisini
təmin edib.
-Bəs Azərbaycanın
dünyadakı mövqeyini, beynəlxalq
uğurlarımızı aktiv gənc kimi necə xarakterizə
edərdiniz?
-Ölkəmizdə
aparılan balanslaşdırılmış siyasət və həyata
keçirilən islahatlar regionların sosial-iqtisadi inkişaf
dinamikasını daha da sürətləndirir. Bu
reallıq həm cəmiyyətimiz, həm də nüfuzlu
beynəlxalq qurumlar tərəfindən də qəbul edilir.
Artıq Azərbaycan özünü dünya
birliyində inkişaf etmiş, suveren və müstəqil
dövlət kimi tanıdıb. Prezident İlham
Əliyev də ölkəmizin inkişaf dinamikası və
beynəlxalq aləmə inteqrasiyası məsələsinə
münasibət bildirərkən demişdi: “Biz artıq
özümüzü çox gözəl sərmayə
mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə
axını hər hansı MDB ölkəsindən daha
yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı
da artmaqdadır. Davos İqtisadi Forumunun
reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına
görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır.
Bu, bizim üçün çox mühüm
nailiyyətdir. Belə ki, bu, bizim
apardığımız şaxələndirmə siyasətinin
artıq bəhrə verdiyini sübut edir”.
- Gənclər
bu gün sosial şəbəkələrdə çox
aktivdirlər, əksəriyyəti vaxtının çoxunu
sosial şəbəkələrdə keçirir. Bəs siz necə, sosial şəbəkələrdə
aktivsinizmi və burada ən çox hansı mövzulara maraq
göstərirsiniz?
-Artıq
bir neçə ildir ki, gənclərimiz arasında
güclü sosiallaşma gedir, burada da sosial şəbəkələrin
rolu böyükdür. Bəli, mən də
sosial şəbəkələrdə çox aktivəm.
Demək olar ki, işlərimin yarıdan
çoxunu “Facebook” vasitəsilə yerinə yetirirəm.
Bir çox təlimlərimin elanını məhz
sosial şəbəkələr vasitəsilə yayıram,
mövzular yazıram, öz ixtisasım barədə əlavə
məlumatları oxuyub tərcümə edirəm və
dünya faktları, tarix haqqında maraqlı məlumatlar əldə
edirəm. Sosial şəbəkələrdən
müxtəlif cür istifadə etmək olar. Bunun müsbət və mənfi tərəfləri
var.
Tural
Tağıyev
Palitra.-2015.-23 aprel.-S.6.