Maarifləndirici verilişlərə məktəblilərin
marağını artırmaq lazımdır
Layihə çərçivəsində
növbəti yazımızda şagirdlərin və tələbələrin
milli-mənəvi dəyərlərinin formalaşmasında İKT-nin rolu ilə
bağlı məsələyə toxunmuşuq.
Bu gün gənc
nəslin İKT-dən istifadəsi, eləcə də
onların bu gün kitaba nə qədər önəm verməsi
ilə bağlı müxtəlif amillər özünü
göstərir. “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”
İctimai Birliyi
“Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” mövzusunda
təşkil etdiyi dəyirmi masada bu mövzuya
toxunuldu. Tədbir “ELS”-in
Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata
keçirilən eyni adlı layihə
çərçivəsində təşkil edilib.
Layihəyə tərəfdaş qismində Təhsil Nazirliyi və İctimai Televiziya da qoşulub.
İnternetə,
oxuduqları yerlərdə qoşulan məktəblilərin
sayı
2,8 faizdir
Tədbirdə çıxış edən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova çıxışında bildirdi ki, ümumiyyətlə, cəmiyyətdə milli, sosial, iqtisadi və siyasi münasibətlərin formalaşmasında strateji əhəmiyyət daşıyan amillərdən biri olan milli-mənəvi dəyərlərin qorunması və təbliği həmişə zəruri və aktualdır: “Tarixən hər bir xalqın özünəməxsus mədəniyyəti, ənənələri və milli dəyərlərinin yeni nəsillərə ötürülməsi ilk növbədə ailələrdə həyata keçirilirdi. Böyüyən körpənin xalqımız üçün ənənəvi olan düzgünlük, dözüm, mərhəmətlilik, həmrəylik, böyüyə hörmət və digər ulu dəyərlərlə, milli mədəni irsə yiyələnməsi prosesi ailədə başlayır və sonradan isə təhsil müəssisələri və müxtəlif növ kollektivlərdə davam etdirilirdi. Lakin tədricən ailənin bu prosesdə iştirakı geriləməsi, nəsillər arasında bağlılıq isə zəifləməsi müşahidə edilir. Tərbiyəçi rolunu isə bugünkü qloballaşan dünyada gənc nəsil üçün ailə və müəllimlərdən çox, əhatə dairəsi və bu gün ən güclü təsirə malik, öz maraqlarına və qanunlarına müvafiq fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları vasitələri, xüsusilə də televiziya oynayır. Nəticədə, ənənəvi mənəvi dəyərlər əvvəllər olduğu kimi ictimai və şəxsi mənəvi əxlaqi normalara artıq təsir edə bilmir, yeni mənəvi dəyərlər sistemi formalaşması prosesi gedir. Məlumdur ki, ailədə uşağın mənəvi, mədəni, fiziki və dini nöqteyi -nəzərdən inkişaf etmiş, zəhmətkeş bir şəxsiyyət kimi əsası qoyulur. Burada tərbiyə ilə bərabər həyat təcrübəsi ötürülür, cəmiyyətdə davranış və yanaşı yaşamaq qaydaları, milli mentalitetə uyğun mənəvi məhdudiyyətlər aşılanır. Məhz ailədə uşağın gələcəyi ilə bağlı planlar formalaşır və ailənin dəstəyi ilə həyata keçirilir. Beləliklə, keçmişin təcrübəsini və bugünün reallıqlarını nəzərə alaraq gələcəyin əsası qoyulur. Lakin bu gün yeni informasiya məkanında yaşadığımızı və fəaliyyət göstərdiyimizi nəzərə alsaq, bu məkanın həm həyat tərzimizə, həm də mənəvi dəyərlərimizə güclü təsir göstərdiyini, yetişən nəslin mənəvi ideallarının formalaşmasında bu gün televiziya və internetin önəmli rol oynadığını etiraf etməliyik. Bəs bugünkü şagirdlərin və tələbələrin buna münasibəti necədir?” Bildirildi ki, "ELS" Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin cari ilin aprel ayında keçirdiyi sorğu zamanı 740 şagird və tələbələri bu gün İKT-nin onların həyatında tutduğu yerdən bəhs ediblər. Sorğu nəticəsində müəyyən edilib ki, televiziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilib. Belə ki, televiziyaya baxmayan rəyi soruşulan məktəblilərin nisbi sayı 4,1 faiz, tələbələrin isə 13,1 faizini təşkil edib. Dünyada və ölkəmizdə baş verən hadisələr barədə əsas xəbər mənbəyi kimi məktəblilər 74,3 faiz TV-ni, 67,9 faiz interneti, 42,6 faiz sosial şəbəkələri göstəriblər. Tələbələr arasında bu mənbələr sırasında 68,9 faiz internet, 55,6 faiz TV və 45,7 faiz sosial şəbəkələr qeyd olunub.
Rəyi soruşulanların asudə vaxtlarını televizor qarşısında keçirməyi 51,4 faiz məktəblilər, 45,1 faiz tələbələr, kompüterdə oynamağı 48,6 faiz məktəblilər, 47,9 faiz tələbələr, həyətdə oynamağı/dostlarla görüşməyi 42,6 faiz məktəblilər, 14,6 faiz tələbələr, sosial şəbəkələrdə söhbət etməyi 33,7 faiz məktəblilər, 36,8 faiz tələbələr, idman, incəsənət və s. məşğul olmağı 27,3 faiz məktəblilər, 15,9 faiz tələbələr xoşladıqlarını deyiblər.
TV-də baxılan verilişlər sırasında seriallar/kinofilmlər məktəblilərin 67 faizi, tələbələrin 61,3 faiz, xəbərlər buraxılışlarına məktəblilərin 47,5 faizi, tələbələrin 46,4 faizi, musiqili əyləncəli proqramlara isə məktəblilərin 44,3 faizi, tələbələrin 48 faizi maraq göstərir. Cizgi filmlərinə məktəblilərin 35,3, tələbələrin isə 34,6 faizi, maarifləndirici verilişlərə məktəblilərin 21,7, tələbələrin 32,1 faizi, idman verilişlərinə məktəblilərin 27,3, tələbələrin 16,5 faizi və uşaq verilişlərinə məktəblilərin 5,9, tələbələrin isə 4,8 faizi maraq göstərir. Bu verilişlər həm Azərbaycan, həm türk, həm də rus telekanallarında izlənilir. Türk dilində əsasən musiqili əyləncəli proqramlar, seriallar və cizgi filmləri baxılır.
İnternetə gəldikdə rəyi soruşulanların 99,2 faizi bu məkanın istifadəçiləridir. Onlar buradan lazımi məlumat toplamaq- 67,5 faiz məktəblilər, 81 faiz tələbələr, filmlərə baxmaq- 58,6 faiz məktəblilər, 53 faiz tələbələr, həmçinin əylənmək üçün məktəblilərin 47, tələbələrin 30,2 faizi, sosial şəbəkələrə qoşulmaq məqsədilə məktəblilərin 34,5, tələbələrin 42,9 faizi, xəbərləri izləmək üçün məktəblilərin 32,1, tələbələrin 34 faizi, çatlarda, “Skype”da və s. ünsiyyət qurmaq üçün məktəblilərin 29,3, tələbələrin isə 15,9 faizi, kitab oxumaq məqsədilə məktəblilərin 17,7, tələbələrin 25,4 faizi və alış-veriş etmək üçün məktəblilərin 13,3, tələbələrin 9,8 faizi istifadə etdiklərini deyiblər. İnternetə adətən mobil telefonlardan məktəblilərin 77,1, tələbələrin 87,6 faizi, ev kompüterlərindən məktəblilərin 60,6, tələbələrin 48,6 faizi qoşulurlar. Maraq doğuran faktlardan biri də odur ki, internetə ictimai yerlərdə Wi-Fi-la məktəblilərin 39, tələbələrin 34,9 faizi və oxuduqları və ya işlədikləri yerlərdə məktəblilərin 2,8, tələbələrin 1,9 faizi qoşulurlar.
Kitabxana xidmətlərindən tələbələrin
8,2 faizi
yararlanır
Mütaliə haqqında suallara cavab verən respondentlərin yarıdan çoxu bədii ədəbiyyatın çap (məktəblilər-60,7%; tələbələr-57,3%), qalanları isə həm elektron, həm də çap formatdan istifadə etdiklərini deyiblər. Oxuduqları bədii ədəbiyyatın janrı respondentlərin yarısı üçün önəmlidir (məktəblilər-53,8%; tələbələr-68,3%), məktəblilərin 6, tələbələrin isə 12,1 faizi bütün janrlara maraq göstərirlər, digərləri isə yalnız müəllimin tapşırdığı ədəbiyyatı oxuyurlar (məktəblilər-40,2, tələbələr-19,7 faiz). Bədii ədəbiyyatı əldə etmək üçün kitabxanalara üz tutanların çoxu dərsə hazırlıq məqsədini güdürlər ki, burada məktəblilər 67, tələbələr-73,7 faiz təşkil edir. Ümumilikdə isə rəyi soruşulanların bir qismi ümumiyyətlə kitabxana xidmətlərindən istifadə etmirlər ki, onların arasında məktəblilər 27,7, tələbələr 8,2 faiz təşkil edir.
Beləliklə, milli-mənəvi dəyərlərin qorunması və yetişən nəslə ötürülməsində əhəmiyyətli yer tutan İKT-lər bu gün gənclər arasında populyardır. Məhz buna görə "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi İKT-nin imkanlarından istifadə edərək milli-mənəvi dəyərlərin təbliği məqsədilə ictimai müzakirələri televiziya efirində aparmaq qərarına gəlib. İ.Yaqubovanın sözlərinə görə, İctimai Televiziyanın efirində yayımlanan “Açıq dərs” tok-şousunun 6 verilişinin "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi ilə birgə təşkili və milli-mənəvi dəyərlərin qorunmasına həsr edilmiş ictimai müzakirələrin keçirilməsi təklif edilib. Verilişlər cari ilin aprel ayının 29-dan başlayaraq həftədə bir dəfə yayımlanacaq. Müxtəlif mövzulara həsr edilmiş verilişlərə müvafiq ekspertlərin seçimi və təşkilati işlər hazırda aparılır. Verilişlərin mövzularının adlarına gəldikdə isə “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”, “Mənəvi sərvətimizi necə qoruyaq?”, “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması”, “Məktəb-valideyn münasibətləri”, “Kitab dostumuzdur, yoxsa...”, “Uşaqların asudə vaxtının təşkili” adlanır.
Tədbirdə çıxış edən Təhsil
Problemləri İnstitutunun direktor müavini Rafiq Qəndilov, Teleradio
Şurasının nümayəndəsi Nemət Cavadov bu istiqamətdə mövcud problemlər və onların həlli
yolları ilə bağlı fikirlərini bildirdilər.
Nigar Abdullayeva
Palitra.-2015.-24 aprel.-S.11.