“Hər bir uğurun arxasında elm və təhsil durur

 

Mədinə Əliyeva: “Dövlətimizin və cəmiyyətimizin inkişafı birbaşa olaraq elm və təhsildən asılıdır”

 

Layihə çərçivəsində “İntellektual İnkişaf Naminə” İctimai Birliyin sədri Mədinə Əliyeva ilə müsahibəni təqdim edirik.

-Rəhbəri olduğunuz QHT-nin fəaliyyət istiqamətləri hansılardır?

-Aprelin 21-də Beynəlxalq Mətbuat Mərkəzində təşkilatımızın təqdimat mərasimini keçirdik. Fəaliyyət istiqamətimizi də seçdiyimiz şüarda açıq-aydın görmək olar: “İntellektual inkişaf yolunda birgə addımlayaq”. Biz tədbirdə də vurğuladıq ki, bəşəriyyət qloballaşdıqca, insanların baxışları və düşüncə tərzləri dəyişdikcə, elmi nailiyyətlər artdıqca, yeni-yeni informasiya-kommunikasiya texnologiya məhsulları ortaya çıxdıqca, dünya iqtisadiyyatının tələbləri də dəyişikliyə məruz qalır. Əgər ötən əsrdə dünya iqtisadiyyatı daha çox neft, qaz, qızıl üzərində qurulurdusa, indi onun İKT üzərində formalaşdığı heç kimə sirr deyil. Doğrudur, bu günneft idxalı və ixracı dünya iqtisadiyyatında çox önəmli yer tutur. Lakin təcrübə göstərir ki, o ölkələrin iqtisadiyyatı daha çox inkişaf edir ki, onlar təbii sərvətlərlə yanaşı, elm tutumlu məhsullar istehsal edir. Bu baxımdan hazırda dünya iqtisadiyyatında İKT-nin rolu danılmazdır. Fəaliyyət dairəmiz cəmiyyətin bütün sferalarını əhatə edir. Əsasən elm, təhsil, mədəniyyət, idmans. Hədəfimiz İKT-nin cəmiyyətdəki rolunu artırmaq, bu sahədə qazanılmış uğurları, perspektivləri cəmiyyətdə təbliğ etməkdir. İKT-nin bu gün bizə açdığı imkanlardan geniş istifadə edib, fəaliyyət proqramlarımızı həyata keçirək. Bir təşkilat olaraq, üzərimizə düşən vəzifənin yerinə yetirilməsində var gücümüzlə çalışıb, az da olsa öz töhfəmizi verə bilək.

-Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?

-Təbii ki, dövlətimizin və cəmiyyətimizin inkişafı birbaşa olaraq elm və təhsildən asılıdır. Hər bir uğurun arxasında elm və təhsil durur. Bu artıq aksioma çevrilib. Dövlətimiz bu sahədə bir çox addımlar atır. 19 yanvar 2015-ci il tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Sərəncamda təhsilin çoxşaxəli inkişaf etdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Başlıca hədəf kimi Azərbaycanda elm və təhsilin modernləşdirilməsi önə çəkilib. Bu da bir daha təhsilin dövlətimiz və cəmiyyətimiz üçün vacib bir sahə olduğuna bariz nümunədir.

-Gənclərimiz İKT sahəsində elmi biliklərə lazımi səviyyədə yiyələnə bilirlərmi?

-Yuxarıda qeyd etdim ki, İKT inkişaf etdikcə, cəmiyyətin bütün təbəqələrini əhatə edir, o cümlədən gəncləri də. Əslində, gənclərsiz bu mümkün deyil. Gənclər bu inkişafın birbaşa tərkib hissəsidir. Gənclər müasir dünya ilə ayaqlaşmaq üçün biliklərini artırmalıdırlar. Düşünürəm ki, kifayət qədər gənclərimiz yeni biliklərə yiyələnə bilirlər. Yaşadığımız müasir dövr dünyada formalaşmaqda olan informasiya cəmiyyətinin prinsip və tələbləri əsasında qurulur. Bu gün elm və təhsil, sosial-iqtisadi, mədəniyyət sahələrində, bir sözlə, istənilən sferada innovativ inkişafa nail olmaq, kreativ kadr hazırlığı siyasətini həyata keçirmək, nəhayət, bu cəmiyyətin tamhüquqlu üzvü kimi beynəlxalq aləmə inteqrasiya olunmaq hər bir ölkənin qarşısında duran başlıca vəzifələrdən biridir. Yeni cəmiyyətin vətəndaşı kimi yetişmək üçün gənc nəsil İKT-biliklərini mənimsəməli, müasir texnologiyalardan istifadə bacarığına malik olmalı, bu sahədə mütəmadi olaraq maariflənməli, əldə etdiyi bilikləri tətbiq etməyi və eyni zamanda da aşılamağı bacarmalıdır. Bu gün dünyada İKT-nin innovativ inkişafı və tətbiqi, yüksəkixtisaslı kadrların hazırlanması məsələləri hər bir ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə beynəlxalq səviyyədə münasibətlər qurulur, İKT-nin müxtəlif problemlərinin araşdırılması, həlli və tətbiqi ilə bağlı alim və mütəxəssislər arasında əməkdaşlıq əlaqələri yaradılır, bilik, təcrübə mübadiləsi aparılır, qlobal layihələr həyata keçirilir. İnformasiya texnologiyalarının yaratdığı mükəmməl imkanlar sayəsində innovativ bilik inteqrasiyası prosesləri sürətlənir, insanlar arasında yeni ünsiyyət, əlaqə formaları (forum, çat,videokonfrans, telekörpü) yaranır, müxtəlif sahələrdə mövcud problemlərin həlli asanlaşır. Əgər yaxın keçmişdə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən hansısa bir problemin həlli yollarının araşdırılmasına uzun illər sərf edilirdisə, hazırda məhz müasir texnologiyaların geniş imkanları sayəsində bu işlər qısa müddət ərzində həllini tapır. Bu isə rəqəmsal texnologiyaların getdikcə daha da intellektuallaşdığını göstərir. Bir sözlə, İKT-nin müxtəlif taleyüklü problemlərin həllində rolu getdikcə artır.

-Bugünkü gənclər yeni informasiyakommunikasiya texnologiyalarını nə dərəcədə tez əxz edə bilirlər?

- Yuxarıda dediyim kimi, kifayət qədər gənclərimiz və tələbələrimiz var ki, İKT-yə yiyələnə bilirlər. Ancaq biz bununla kifayətlənməməliyik. İKT dinamik bir sahədir. Bizi əhatə edən dünyada proseslər o qədər sürətlə gedir ki, zamanında və anında tədbirlər görmək gərəkdir. Bizim təşkilat bütün layihələrində məhz bu amilləri nəzərə alacaq.

-Tələbə və gənclərlə bağlı nə kimi layihələr keçirməyi düşünürsüz?

-Bir təşkilat olaraq, bütün sosial təbəqələri əhatə etsək də, əsas sosial bazamız gənclər və tələbələrdir. Onlarla bağlı tədbirlər planımızda universitetlərdə, kolleclərdə görüşlər keçirmək, seminarlar təşkil etmək, buklet və broşürlər hazırlayaraq İKT-ni missiya olaraq gənclərə və tələbələrə sevdirmək və ən son informasiyaları onlara çatdırmaq var. Sosial çarxların çəkilişlərini də nəzərdə tutmuşuq.

-Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq nəzərdə tutulubmu?

-Vətəndaş cəmiyyətinin inkişafına bir neçə aspektdən yanaşılmalıdır. Birincisi, bütünlükdə cəmiyyətin inkişafı, ikincisi, onun ayrı-ayrı elementlərinin inkişafıdır. Bu gün istər cəmiyyət, istərsə də onun ayrı-ayrı elementlərinin inkişafının növbəti mərhələsidir. Təbii ki, bu prosesdə müəyyən çatışmazlıqlar olacaq və olması da təbiidir. Bir anlıq inkişaf mümkün deyil. Amma artıq bir çox çətin hesab olunan mərhələ də arxada qalıb və vətəndaş cəmiyyətinin yeni inkişaf mərhələsi başlamaqdadır. Əvvəlcə, dediyim kimi, burada ayrı-ayrı elementlərin inkişafına diqqət artırılmalıdır. Bu elementlər sırasına isə istər QHT-lərin, istər özəl sektorun, istərsə icmaların inkişafı daxildir. Bunun üçün isə dövlət və vətəndaş cəmiyyətinin əməkdaşlığı ən önəmli məsələdir. Bu əməkdaşlığın sistemli inkişafının yolları isə birgə layihələrin işlənməsindən, vətəndaş cəmiyyəti sektorunun hökumətin sosial layihələrinə cəlb olunmasından keçir. Prezidentin imzaladığı son sərəncamlar bunu özündə ehtiva edir. İndi qalır vətəndaş cəmiyyətinin təşəbbüsü, hökumət qurumlarının bu təşəbbüslərə dəstəyi. Bildiyiniz kimi, təşkilatımız yenicə yaranıb. Əməkdaşlıq bizim üçün prioritet məsələdir. Həm dövlət strukturları, həm də QHT-lərlə əlaqələrin qurulması yaxın perspektivdə planlaşdırılıb.

-Gənc nəslin elm və təhsilinı artırması üçün marağı necədir?

-Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Hər bir xalqın inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual kadrların yetişdirilməsindən, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib. Maraq günü-gündən artır. QHT olaraq görəcək tədbirlərimizin hamısı maarifləndirmə xarakteri daşıyır. Cəmiyyətdə bu dinamikanı daha dolğun bilmək üçün sosioloji sorğuların keçirilməsini vacib sayırıq.

-Gənclərin intellektual səviyyələrini yüksəltmək üçün nə edilməlidir?

-Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüterinformasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, ölkədə təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaradıb. Dövlət büdcəsində təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərildiyini təsdiqləyir. Nəticədə dövlətimiz və cəmiyyətimiz inkişaf edəcək.

Fuad Hüseynzadə

Palitar.-2015.-28 aprel.-S.11.