Euronews “Məşəlin alovlandırıldığı gün Avropa Oyunları həyəcanının başlanğıc günüdür

 

Aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə ilə bağlı videomaterialEuronews” kanalında da yayımlanıb.

Euronews” kanalında Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması ilə bağlı yayımlanan süjetdə aprelin 26-sının ilk Avropa Oyunları həyəcanının başlanğıc günü kimi tarixə düşdüyü xüsusi vurğulanır. Bildirilir ki, Olimpiya ənənəsinə uyğun olaraq, qədim od məbədi olan “Atəşgah”dan başlayan estafet maraqlı bədii proqramla müşayiət edilir. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Süjetdə Prezident İlham Əliyevin, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırması, dövlətimizin başçısının məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verməsi, beləliklə də birinci Avropa Oyunlarının məşəlinin səyahətinin başlaması nümayiş olunur. Süjetdə bildirilir ki, məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

 

Palitra.-2015.-28 aprel.-S.16.